Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-654/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, vəkili Vəkil iştirakı ilə. İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla kompensasiyanın ödənilməsi və mənəvi ziyan tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1248/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1248/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir (hakim N.Abıyev). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ona məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün sökülərək alınmış ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “Mexaniki Təmir Sahəsi”nin 1 kv.m-i 1000 manatdan hesablanmaqla 1.124.400 manat kompensasiya məbləğindən ödənilməyən 891.667 manat pul vəsaitinin, 1.124.400 manat kompensasiya məbləğinin 20 %-i miqdarında əlavənin, 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 04.05.2011-ci il tarixli 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı”nın icrası ilə əlaqədar olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Məmmədov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi işi müvafiq tapşırıq əsasında həyata keçirilmişdir. Qeyd olunan proqram icra olunarkən Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 004776 №-li 07.07.1997-ci il tarixli Şəhadətnamə ilə tam mülkiyyət hüququ ilə ona məxsus ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “Mexaniki Təmir Sahəsi” də sökülmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Ehtiyaclarının ödənilməsi və yerli qurumlarla iş şöbəsinin müdiri Y.Qənbərov tərəfindən imzalanmaqla təsdiqlənmiş “Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Məmmədov küçəsinin kəsişməsinə kimi olan ərazidə yerləşən özəl müəssisə və obyektlərə məxsus əmlakın (torpaq sahəsinin və tikilinin) geri alınması üçün ödəniləcək kompensasiya dair hesablama” cədvəlində 6-cı sırada ona məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən “Mexaniki Təmir Sahəsi” qeyd olunmuş və həmin “Mexaniki Təmir Sahəsi”nin bazar dəyərinə uyğun ilkin qiyməti 1 kv.m-i 1000 manatdan olmaqla 1.124.400 (bir milyon yüz iyirmi dörd min dörd yüz) manat kompensasiya məbləği müəyyən edilmişdir. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Ehtiyaclarının ödənilməsi və yerli qurumlarla iş şöbəsinin dəvət etdiyi müstəqil qiymətləndirici “Finreİndependent Member of X2” şirkəti tərəfindən 2013-cü ilin avqust ayında daşınmaz əmlakın qiymətləndirilməsi üzrə hesabat tərtib edilmiş və həmin hesabatda mənə məxsus “Mexaniki Təmir Sahəsi”nin bazar dəyəri 736.300 (yeddi yüz otuz altı min üç yüz) manat müəyyən edilmişdir. Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən ona məxsus ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “Mexaniki Təmir Sahəsi” sökülməmişdən öncə, Xətai Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri də, daxil olmaqla sökülmə prosesini icra edən məsul vəzifəli şəxslər onları əmin etmişdilər ki, əmlak sahibləri dövlət ehtiyacları üçün alınan əmlakın bazar dəyərinə uyğun ilkin qiyməti 1 kv.m-i 1000 manatdan olmaqla kompensasiya məbləğini tam şəkildə alacaqlar. Sadəcə bildirilmişdir ki, söküntüyə məruz qalan əmlakların sayının çoxluğu ilə əlaqədar dövlət büdcəsindən bu məqsədlə ayrılacaq kompensasiya məbləği böyük olduğundan pulun ödənilməsini bir qədər gözləməli olacaqlar Qeyd olunan ərazidə söküntü işləri 21 avqust 2013-cü il tarixdən 31 avqust 2013-cü il tarixədək icra olunsa da, uzun müddət ərzində kompensasiya məbləğinin ödənilməsi mümkün olmamış, əmlakları sökülən şəxslərin müxtəlif yüksək dövlət orqanlarına şikayət xarakterli müraciətlərindən sonra, nəhayət 08 dekabr 2015-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri onu və ondan başqa bir neçə əmlak sahiblərini rayon icra hakimiyyətinə dəvət edərək kompensasiya məbləğinin Maliyyə Nazirliyi tərəfindən ayrıldığını, lakin ayrılan vəsaitin az olduğunu əsas gətirməklə ilkin mərhələdə sökülən əmlakların əvvəlcədən müəyyən olunmuş bazar dəyərinin bir hissəsini ödəyəcəklərini, qalan kompensasiya məbləğini isə bu məqsədlə dövlət büdcəsindən vəsait ayrıldıqca ödəyəcəklərini bildirmişlər. Bununla bağlı ona 08 dekabr 2015-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətində razılaşma aktı adlı sənədi imza etdirmiş və bu sənəd əsasında 232733 manat ödənəcəyini, qalan kompensasiya məbləğinin də bu qaydada hər dəfə dövlət büdcəsindən vəsait ayrıldıqca ödəyəcəklərini bildirmişlər. Həmin gün imza etdiyi sənədin surətini istəsə də, kompensasiya məbləğini tam aldıqdan sonra sənədlərin hamısını birlikdə təqdim edəcəklərini bildirilmişlər. 08 dekabr 2015-ci il tarixdən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, hər dəfə Xətai Rayon İcra Hakimiyyətinə ödənilməmiş kompensasiya məbləği ilə bağlı müraciət edəndə, hələ dövlət büdcəsindən vəsait ayrılmadığını və yaxın vaxtlarda ayrılacağını bildirməklə gözləməyi tövsiyyə etmişlər. 08 dekabr 2015-ci il tarixli məktubla Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək ona məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “Mexaniki Təmir Sahəsi”nin 1 kv.m-i 1000 manatdan hesablanmaqla ******* manat kompensasiya məbləğindən ödənilməyən 891667 (1124400-232733) manat pul vəsaitinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı əsasında hesablanacaq 20 % əlavə haqqın qısa müddətdə ödənilməsini təmin etməyi xahiş etmiş, 27.10.2018-ci il tarixli məktub Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinə 14.11.2018-ci il tarixdə rəsmi formada daxil olmuş və Eyvazova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin bu günə qədər müraciətinə heç bir cavab verilməmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ərizədə Bakı şəhər Xətai rayon İcra Hakimiyyətini cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyini üçüncü şəxslər qismində göstərməklə, ona məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün sökülərək alınmış ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “Mexaniki Təmir Sahəsi”nin 1 kv.m-i 1000 manatdan hesablanmaqla 1.124.400 manat kompensasiya məbləğindən ödənilməyən 891.667 manat pul vəsaitinin, 1.124.400 manat kompensasiya məbləğinin 20 %-i miqdarında əlavənin, 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili çıxışında göstərmişdir ki, Bakı İnzibati Məhkəməsi qərar çıxararkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır. Belə ki, X1 üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, dövlət əhəmiyyətli yolların və digər komunikasiya xətlərinin çəkilməsi və ya quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Həmçinin göstərilmişdir ki, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Həmin qanunun 4-cü maddəsində göstərilmişdir ki, Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alma bilər. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin qanunun 54-cü maddəsində göstərilmişdir ki, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli, 506-İİİQD nömrəli qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alman daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satılma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.3 və 6.4-cü bəndələrində qeyd edilir ki, Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. Lakin Qətnamədən görünür ki, iddiaçının kifayət qədər ziddiyyətli sübutlar təqdim etməsinə və ziddiyyətli izahatlar verməsinə baxmayaraq məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, qətnamənin əsaslandırım hissəsində sübutları əlaqəli şəkildə şərh etməmiş, həmin sübutlardan hansını qəbul edib-etməməsini və qəbul etməsinin səbəblərini göstərməmiş, həmçinin izah etməmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1248/2020 saylı qərarından görünür ki, məhkəmə 08 dekabr 2015-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətində imzalanmış razılaşma aktı adlı sənədi tərəflərin imza etməsini, dəyərindən çox aşağı olan məbləğdə pulu, yəni 232733 manat ödənilməsini, əsas götürərək iddianı əsaslı hesab etməmişdir. Lakin məhkəmə araşdırma aparılan zaman söküntünün 2013-cü il tarixdə icra edilməsini, 2015-ci ilin sonunadək mülkiyyətçiyə heç bir məbləğdə pul ödənilməməsini, faktiki olaraq mülkiyyətçini təklif edilmiş pulu götürməyə məcbur etməsini, həmçinin ödənilən kompensasiyanın ədalətli olmamasını, bu səbəbdən də qanunvericiliyin bununla bağlı tələblərini pozmasını ümumiyyətlə nəzərə almamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vəkillə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki; İddiaçı 8.08.1954-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır (AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsi). Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadatnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən mexaniki təmir sahəsi İddiaçı 07.07.1997-ci ildə səkkiz milyon səkkiz yüz qırx doqquz min manata satılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Ehtiyaclarının ödənilməsi və yerli qurumlarla iş şöbəsinin dəvət etdiyi müstəqil qiymətləndirici “X3 of X2” şirkəti tərəfindən 2013-cü ilin avqust ayında daşınmaz əmlakın qiymətləndirilməsi üzrə hesabat tərtib edilmiş və həmin hesabatda iddiaçıya məxsus “Mexaniki Təmir Sahəsi”nin bazar dəyəri 736.300 (yeddi yüz otuz altı min üç yüz) manat müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 01.10.2019-cu il tarixli **********77 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin söküntüsü Əmlak Məsələləri Dövlət Komitəsi tərfindən həyata keçirilməmiş və Komitə sökülmüş daşınmaz əmlaka görə mülkiyyətçiyə kompensassiyanın verilməsi öhdəliyini daşımamışdır. Aidiyyatı üzrə Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” 10.06.2013-cü il tarixli 225 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Sərəncamla Xətai rayon İcra hakimiyyətinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin təmin edilməsi tapşırılmışdır. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş dekabr 2015-ci il tarixli “Razılaşma aktı”ndan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10.06.2013-cü il tarixli 225 saylı Sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti başçısının 28.04.2014-cü il tarixli, 126 saylı Sərəncamı ilə tərkibi təsdiq edilmiş komissiya yaradılmışdır. Komissiya tərəfindən müəyyən edilmişdir ki, ərazidə aparılan yenidən qurma və abadlıq işləri ilə əlaqədar Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınmış yeni bulvar və avtomobil yolunun, həmçinin Xəqani Rüstəmov küçəsində yol qovşağının tikintisi layihəsinin altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi zərurəti yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin 1 kv m-i üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin sahəsinin 1 kv m-nin alqı-satqı orta bazar qiyməti müəyyənləşdirilərək əmlak sahiblərinə təklif olunmuşdur. Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınmış yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən və Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 4 ünvanında yerləşən və İddiaçıun mülkiyyətində olan Mexaniki təmir sahəsinin sökülməsi ilə əlaqədar hüquq verən sənədi təqdim edilmiş tikililərin texniki vəziyyətindən və iş həcmindən asılı olaraq sahibkarın obyekti qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticəsində Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyinolnmuş bazar dəyərinə 20,0% əlavə haqq ödənilməklə qiymətləndirmə gününə sahibkara 358,05 kv metr tikili sahəsinin real bazar dəyəri 232.733,00 manat müəyyənləşdirilmiş və qiymətləndirmə gününə sahibkara həmin məbləğdə vəsait müəyyən edilərək təklif olunmuşdur. İddiaçı cəmi ödəniləcək təzminat 232.733,00 manat müəyyən edilmiş, o, komissiyanın işində iştirak edərək ödəniləcək təzminatın məbləği ilə razılaşmış və bunu razılaşma aktında öz imzası ilə təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçı cavabdeh inzibati orqandan hesablanmış və ödənilməmiş kompensassiya məbləğinin və mənəvi zərərin əvəzinin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.9-cu maddəsində təsbit olunduğu kimi, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız “X1 üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246-cı maddəsinin müddəalarına (24.1- 246.5) əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqına qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir (246.1). Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır (246.2). Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir (246.3). Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər (246.4). Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir (246.5) Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçıya məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün sökülərək alınmış ümumi 1.124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “Mexaniki Təmir Sahəsi” dövlət ehtiyacları üçün alınmış, qeyd olunan daşınmaz əmlaka görə iddiaçıya təyin olunmuş kompensassiya məbləği sonuncuya ödənilmişdir. İddiaçı razılaşma aktına imza edərək, kompensassiyanın məbləği ilə razı olduğunu və onu qəbul etdiyini təsdiq etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. İddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1248/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-654/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-654/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver