Məhkəmə qərarları › İş №2-1(103)-654/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-654/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-654/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq təkrar texniki pasportun verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(112)-2009/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək həyat yoldaşı X2 miras qalmış, Bakı şəhəri, X9 küçəsi, ev 30 ünvanda yerləşən, ümumi sahəsi 120,4 kv.m, yaşayış sahəsi 38 kv.m, köməkçi sahə 80,4 kv.m təşkil edən 2 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və təkrar texniki pasport verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin “ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı dövlət reyestrində müvafiq dəyişiklik edilməsi, mənzilin ümumi sahəsinin 121,5 kv.m, yaşayış sahəsinin 38 kv.m, köməkçi sahəsinin 80,4 kv.m göstərilməsi və dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ********** saylı 21 may 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək mərhum həyat yoldaşı X3 adına qeydiyyata alınmış və ondan miras qalmış, ünvan 2 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, İnqilab (hazırda X9) küçəsi, ev 30 ünvanda yerləşən 2 saylı mənzil üzərində hüquqlarının qeydiyyata alınmasını və təkrar texniki pasport verilməsini xahiş etmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 10-cu maddəsinə uyğun olaraq həmin ərizəyə notariusun şəhadətnaməsini və köhnə texniki pasportu əlavə etmişdir. Lakin cavabdeh həmin ərizəni tam təmin etməyib, mülkiyyət hüququnu qeydiyyata alarkən ünvan 4 ünvanda yerləşən 2 saylı mənzilin sahəsini cəmi 38 kv.m. göstərib, texniki pasport isə verməyib. 1 saylı Bakı Ərazi idarəsi mənzilin sahəsini az göstərməsini və texniki pasport verməməsini onunla izah edib ki, yaşayış otaqlarından həyətə 2 ədəd qapı oyuğu açılıb, otaqlar arasındakı arakəsmələr götürülərək mənzil qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Mənzildən həyətə qapı açılması və mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunması ona həyat yoldaşından miras qalan mənzilin sahəsinin az göstərilməsinə və texniki pasport verməkdən imtinaya əsas ola bilməz. Köhnə texniki pasportda mənzilin ümumi sahəsi 120,4 kv.m., o cümlədən yaşayış sahəsi 38 kv.m., köməkçi sahə isə 80,4 kv.m. göstərilib. Köməkçi sahəyə 6 kv.m, mətbəx, 35,6 kv.m və 21 kv.m ön giriş, 4 kv.m vanna, 16,9 kv.m anbar daxildir. Mənzilin faktik sahəsi də hazırda 120,4 kv.m təşkil edir. Cavabdehin məntiqindən belə çıxır ki, mənzil yalnız 2 otaqdan ibarətdir, köməkçi sahə (mətbəx, ayaqyolu, giriş, anbar) isə mövcud deyil. Mənzil ayaqyolusuz və mətbəxsizdir. İddiaçı həyat yoldaşından miras qalan 120,4 kv.m. ikiotaqlı mənzili qanuni vərəsə olaraq qəbul etmişdir. Buna görə də 06 iyul 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək həyat yoldaşı X2 miras qalmış, Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi, ev 30 ünvanda yerləşən, ümumi sahəsi 120,4 kv.m, yaşayış sahəsi 38 kv.m, köməkçi sahə 80,4 kv.m təşkil edən 2 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və təkrar texniki pasport verilməsini xahiş etmişdir. Cavabdeh 09 iyul 2021-ci il tarixdə həmin ərizəni alsa da, ərizəyə heç bir cavab verməyib. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mənzilin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, mənzilə texniki baxış keçirilən zaman yaşayış otaqlarından həyətə 2 ədəd qapı oyuğunun açıldığı və mənzilin daxilində arakəsmələr götürülərək qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu aşkar olunmuşdur. Bu səbəbdən texniki pasportun tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. Həmçinin, təqdim edilmiş texniki pasport idarənin arxivində aşkar edilməmişdir. Bu barədə vətəndaşa **********80 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(112)-2009/2022 saylı qərarı ilə (hakim G.Sevdimalıyeva) iddianın təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi unudub ki, cavabdeh iddiaçınin mülkiyyət hüququnu artıq tanıyıb, lakin mənzilin sahəsini az göstərib və yeni texniki pasport verməyib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən belə çıxır ki, mənzilin sahəsi həqiqətən 121,5 kv. m-dir, həmin mənzilə iddiaçının mərhum ərinin mülkiyyət hüququ tanınıb, lakin arakəsmələr söküldüyündən iddiaçının miras əmlak kimi həmin mənzilə mülkiyyət hüququ tanına bilməz. Lakin məhkəmə nəzərə almayıb ki, iddiaçı həyat yoldaşından miras qalan 121,5 kv.m ikiotaqlı mənzili qanun üzrə vərəsə olaraq qəbul edib. Cavabdehin özbaşına miras əmlakın sahəsini azaltması və texniki pasport verməkdən imtinası qanunsuz və əsassızdır. Məhkəmə nəzərə almayıb ki, iddiaçının öz yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirmək niyyəti yoxdur. İddiaçının mərhum həyat yoldaşının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müvəqqəti olaraq yaşayış sahəsindən qeyri-yaşayış sahəsi kimi istifadə etməsi də iddiaçının miras əmlakı qəbul etməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022ci il tarixli, 2-1(112)-2009/2022 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi Bakı şəhəri, X9 küçəsi, ev 30 ünvanda yerləşən, ümumi sahəsi 120,4 kv.m, yaşayış sahəsi 38 kv.m, köməkçi sahə 80,4 kv.m təşkil edən 2 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və təkrar texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən mənzilin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq mövcud olması, mənzilə texniki baxış keçirilən zaman yaşayış otaqlarından həyətə 2 ədəd qapı oyuğunun açıldığı və mənzilin daxilində arakəsmələrin götürülərək qeyri-yaşayış sahəsi kimi istifadə olunduğunun aşkar olunması, bu səbəbdən texniki pasportun tərtib edilməsinin tərəflərindən mümkün olmaması, həmçinin təqdim edilmiş texniki pasportun idarənin arxivində aşkar edilmədiyi üçün imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 2 saylı mənzilə dair texniki pasportda göstərilmiş 121,5 kv.metrdən başqa, ünvanda hər hansı əlavə tikili yoxdur və həmin ünvanda yerləşən mənzil hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Odur ki, qeyd edilən daşınmaz əmlakın yaşayış və köməkçi sahələri hazırda mövcud olmadığından mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılmasına dair iddiaçının qanuni gözləntisi yoxdur. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən X3 adına ünvan 4, 2 nömrəli mənzilə dair texniki pasport verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən X3 adına ünvan 4, 2 nömrəli mənzilə dair xx.xx.1994-cü il tarixli Qeydiyyat vəsiqəsi verilmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə ölmüşdür. -Qanun üzrə vərəsəlik hüququ haqqında 21 may 2021-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı X3 vərəsəsidir və ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunan 215377 nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi, ev 30, 2 saylı mənzilə dair mülkiyyət hüquqları İddiaçı məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən: - ünvan 6 ünvanında yerləşən 2 saylı mənzilin iş materiallarında olan texniki pasportu ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, 3 və 4 saylı tikililər ilə 2 və 5 saylı tikililər arasında olan arakəsmələr faktiki vəziyyətdə yerində yoxdur. Bundan əlavə, texniki pasportda göstərilən 6 və 7 saylı tikililər arasındakı arakəsmə divarlar yerində mövcud deyil. - ünvan 6 ünvanında yerləşən 2 saylı mənzilə dair texniki pasportda göstərilmiş 121.5 kv.metr-dən başqa, ünvanda hər hansı əlavə tikili yoxdur. - ünvan 6 ünvanında yerləşən 2 saylı mənzil hal-hazırda qeyriyaşayış sahəsi kimi istifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili iddiaçının öz yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirmək niyyətinin olmaması, mərhum həyat yoldaşının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müvəqqəti olaraq yaşayış sahəsindən qeyriyaşayış sahəsi kimi istifadə etməsindən ibarətdir. Halbukı, iş üzrə keçirilən ekspertiza rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 2 saylı mənzilin iş materiallarında olan texniki pasportu ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, 3 və 4 saylı tikililər ilə 2 və 5 saylı tikililər arasında olan arakəsmələr faktiki vəziyyətdə yerində yoxdur. Bundan əlavə, texniki pasportda göstərilən 6 və 7 saylı tikililər arasındakı arakəsmə divarlar yerində mövcud deyil. Mənzilə dair texniki pasportda göstərilmiş 121.5 kv.metr-dən başqa, ünvanda hər hansı əlavə tikili yoxdur. Mənzil hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Mənzil Məcəlləsinə əsasən: -20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. -21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin qanunvericiliyin tələblərinə və işin hallarına əsasən yoxlayıb qiymət verərək hesab edir ki, yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmədən hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu üçün iddiaçının qeyd edilən əmlaka yaşayış və köməkçi sahələri göstərilməklə (həmin sahələr mövcud olmadığından) mənzil kimi mülkiyyət hüququn tanınması barədə tələbi, o cümlədən apellyasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı dövlət reyestrində müvafiq dəyişiklik edilməsi, mənzilin ümumi sahəsinin 121,5 kv.m, yaşayış sahəsinin 38 kv.m, köməkçi sahəsinin 80,4 kv.m göstərilməsi və dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan və bununla əlaqədar birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla iddia tələbini rədd edərkən haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(112)-2009/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar