Məhkəmə qərarları › İş №2-1(103)-654/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-654/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-654/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12768/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 24 iyul 2024cü il tarixli İQ-49/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçı X5 30 aprel 2024-cü il tarixli vəsatətini təmin edərək iddiaçı X3çqın statusu verilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi vasitəsilə iddiaçı onun 30 aprel 2024-cü il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə iddiaçı X3çqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin 24 iyul 2024-cü ildə DMX İQ- 49/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini tələb edir. İddiaçı İraq vətəndaşı və Dialli şəhərinin sakinidir. Etnik mənsubiyyətinə görə sünnüdür. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. İddiaçı 33 yaşlı kişi cinsinə aid İraq vətəndaşıdır, etnik mənsubiyyətinə görə sünnidir. İddiaçı subaydır. O, sünni təriqətinin üzvüdür. İddiaçı İraqda şiələr tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. İddiaçı uzun müddətdir şiə qrup üzvləri tərəfindən öz dini etiqadı ilə bağlı dəfələrlə hədələnib və həmin vaxtdan hakimiyyət dairələri tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxub. O, 2024-cü ildən İraqı tərk etmişdir. İddiaçı 8 aprel 2024-cü ildən Azərbaycana gəlib. 30 aprel 2024-cü il iddiaçı sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini qeydiyyata alıb və onunla müsahibə aparıb. İddiaçı bildirib ki, təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Cavabdeh 24 iyul 2024-cü ildə DMX İQ-49/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, ərizəçinin iddiaları əsaslı deyil. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-12768/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X7 cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, 30 aprel 2024-cü il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə ona qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin İQ-49/1 nömrəli 24 iyul 2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının iddiası rədd edilmişdir. İddiaçı İraq vətəndaşı və Dialli şəhər sakinidir. Etnik mənsubiyyətinə görə sünnüdür. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. İddiaçı 33 yaşlı kişi cinsinə aid İraq vətəndaşıdır, etnik mənsubiyyətinə görə sünnüdür. İddiaçının hər iki valideyni hazırda İraqda yaşayır. İddiaçı Şiə təriqəti tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. O, 2020-ci ildən Şiə təriqəti tərəfindən dəfələrlə hədələnib və həmin vaxtdan Şiə təriqəti tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxur. xx.xx.2019-cu ildən İraqı tərk etmişdir. 08 aprel 2024-cü ildə Azərbaycana gəlmişdir. İddiaçı 30 aprel 2024-cü il sığınacaq vəsatəti ilə cavabdehə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini qeydiyyata almış və ərizəçi ilə müsahibə aparmışdır. İddiaçı bildirib ki, təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Cavabdeh İQ-49/1 nömrəli 24 iyul 2024-cü il qərarı ilə sığınacaq vəsatətini rədd etmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, ərizəçinin iddiaları əsaslı deyil. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: birinci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; ikinci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. İddiaçı öz ölkəsinin himayəsindən istifadə edə bilmir, iddiaçının əsaslı təqib qorxusu mövcuddur. İddiaçının mənşə ölkəsinin rəsmi orqanları bu təqibə qarşı iddiaçını mühafizə etmək iqtidarında deyillər. Bundan əlavə, iddiaçının ölkədaxili yerdəyişmə imkanları mövcud deyil. İraqda icma münasibətləri güclüdür və şəxslər öz yaşadıqları yerdən kənarda digər icmalar tərəfindən dəstəklənmirlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-49/1 nömrəli 24 iyul 2024-cü il tarixli qərarından görünür ki, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq İraq Respublikasının vətəndaşı X1çqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, İraq Respublikasının vətəndaşı, 1 iyun 1990-cı il təvəllüdlü X7 Mahmood 30 aprel 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 69-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Ərizəçi qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı İraq Respublikasının Diali şəhərində anadan olduğunu, milliyyətcə ərəb, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Diali şəhərində “ƏsədAllah” adlı məktəbdə 12 illik orta təhsil aldığını, 2014-cü ildə Azərbaycan Respublikasına gəldiyini, Azərbaycan Dövlət Neft Akademiyasına daxil olduğunu, 4 il bakalavr təhsili aldıqdan sonra 2019-cu ildə İraqa qayıtdığını bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verən ərizəçi subay olduğunu, ailə üzvlərinin hazırda İraqda Diali şəhərində yaşadıqlarını qeyd etmişdir. O, heç yerdə işləmədiyini, 2023-cü ilin yanvar ayında İraqın Bağdad şəhərində icarə əsasında restoran işlətdiyini, lakin 3 ay ərzində şiə dini qruplaşması tərəfindən ondan hər ay müəyyən məbləğdə pul verməsi tələb edildiyini, bu halın 3 dəfə təkrar edildiyini, ərizəçi razılaşmadığından sonuncu dəfə həmin qrup tərəfindən restoranın qab-qacaq və digər əşyalarının dağıdıldığını söyləmişdir. O, bu problemlər səbəbindən həmin restoranı bağlamalı olduğunu, ölkədə qalacağı təqdirdə təhdid edildiyi üçün həyatı üçün təhlükə olacağından ehtiyat edərək İraqı tərk etdiyini, 8 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasına daxil olduğunu bildirmişdir. Ərizəanketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçi ilə keçirilən müsahibə zamanı onun təhdid edilməsi ilə bağlı verilən suallara cavablarında bəzi uyğunsuzluqlar və ziddiyyətli məqamlar aşkar edilmişdir. Belə ki, ərizəçi onu təhdid edən şəxslərin sayını dəqiq bildirə bilməmiş, fərqli rəqəmlər bildirmişdir. O, təhdid edilməsi ilə bağlı polisə şikayətlə müraciət etməmiş, müraciət etməməsinin səbəbini əsaslandıra bilməmişdir. X7 Mahmood baş verən hadisədən sonra dediklərinə əsasən Kərkük şəhərinə getmiş, təxminən 1 ilə yaxın müddətdə orada qalmış, orada olduğu müddətdə heç bir təhdid və təzyiqə məruz qalmamışdır. X7 Mahmoodun müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, İraqda heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, miilliyətinə və dini etiqadına görə ciddi şəkildə təqib olunmamışdır. Qeyd edilənlərə əsasən, ərizəçinin əsaslı təqib qorxusunun olması sübut olunmur və ona qaçqın statusunun verilməsinin maddi hüquqi əsasları mövcud deyildir. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra X7 Mahmoodun şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. 7-ci bəndinə əsasən "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. 8-ci bəndinə əsasən müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 9-cu bəndinə əsasən “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibə keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatından aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtması və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. O, dövlət tərəfindən təqib edilməmiş, vətəndaşı olduğu ölkədə yerdəyişmə edərək hər hansı bir təhlükə olmadan yaşamaq imkanına malik olmuşdur. Yəni iddiaçı vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etmək imkanından məhrum olunduğunu, rəsmi qurumların onu qorumaq iqtidarında olmadığını əsaslandıra bilməmişdir. İddiaçı ölkəyə qayıdacağı təqdirdə düşmənlərinin onu öldürəcəyini bildirsə də, ölkəni tərk etməmişdən əvvəl orada uzun müddət yaşamış və yerdəyişmə də etmiş, yerdəyişmə etdiyi şəhərdə də uzun müddət yaşamış, həmin müddətdə təhdid və təqibə məruz qalmamış, təhdid və təqibə məruz qalması barədə əsaslı sübut təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə təqib olunmasının təsdiq edilməsi üçün yetərli sayıla bilməz. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı istinad etdiyi dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmur, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi barədə qənaəti əsaslı olmuşdur. Beləliklə, cavabdehin qəbul etdiyi imtina barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Mübahisələndirilən qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12768/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar