Məhkəmə qərarları › İş №2-1(103)-655/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-655/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-655/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhər Nərimanov rayon xidmət nümayəndəliyinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4862/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Həsənova Elvira Oqtay qızı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhər Nərimanov rayon xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 61 il 6 ay yaşının tamam olduğuna görə xx.xx.2020-ci ildən əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılmış pensiya ödənişinin birdəfəlik ödənilməsi üçün zəruri olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-cü il təvəllüdlüdür, ümumi 25 il 2 ay 7 gün əmək stajı vardır.Yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh onun müraciətini qanunsuz olaraq təmin etməkdən imtina etmişdir, əsas kimi o halı göstərmişdir ki, onun təqdim etdiyi sənədlərə əsasən fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermir və tələb olunan iş stajı yoxdur.Halbuki onun iş stajı 25 ildən çoxdur ki, bu da yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4862/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4862/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “BİLLUR” ATCS-də normalaşdırıcı texnik vəsifəsində işləməsini qanunvericiliyə əsasən sığorta stajı kimi nəzərə alınması qeyrimümkündür. Belə ki, həmin müəssisə sığortaedən kimi DSMF orqanlarında uçotda olmamış və arxiv sənədlərində həmin müəssisəyə dair hər hansı sənədlər aşkar olunmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı 1977-ci ildən 1981-ci ilə qədər Bakı Yüngül Sənaye Texnikumunda təhsil almışdır. xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Kirov rayon məişət xidmətində, xx.xx.1977-ci ildən xx.xx.1984-cü ilə qədər Volodarski adına tikiş fabrikində, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperasiyası İdman Cəmiyyətində, xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilə qədər Volodarski adına tikiş fabrikində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər Melitopolski ət kombinatında,xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər Vaqon bələdçiləri ehtiyatında, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər “xxxx” ATSC-də, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalında, xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilə qədər “Abşeron” mehmanxanasında işləmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 3.1, 21.1, 21.2, 32.1-1-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya 61 il 6 ay yaşının tamam olduğuna görə xx.xx.2020-ci ildən əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılmış pensiya ödənişinin birdəfəlik ödənilməsi üçün zəruri olan hərəkətlərin icra edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının əmək kitabçasına əsasən və “Billur” ATCS-nin xx.xx.2020-ci il tarixli, 05 №li arayışına əsasən iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər həmin cəmiyyətdə normal texnik işləmişdir. AR ƏƏSMN-nın Kollegiyasının xx.xx.2017-ci il tarixli,17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.1-ci maddəsinə əsasən, sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. İddiaçının təqdim etdiyi əmək kitabçasından müəyyən olunur ki, iddiaçı həqiqətən də xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər “Billur” ATSC-də normalaşdırıcı texnik vəzifəsində işləmiş və onun həmin illərlə bərabər 25 ildən artıq (2006-ci ilin 01 yanvar tarixinə )iş stajı olması əmək kitabçası ilə təsdiqlənir. Cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsi iddiaçının təqdim etdiyi əmək kitabçası və onda əks olunan qeydlərin mötəbərliyini təkzib edən hər hansı sübut təqdim etmədiyi üçün həmin sənəd və məlumatları məhkəmə mötəbər hesab edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidmətinə əsasən müəyyən edilmişdir ki, “xxxx” ASC xx.xx.2001-ci il tarixində dövlət qeydiyyatına alınmışdır və reyestrdən son dəfə verilmiş çıxarışın tarixi xx.xx.2018-ci il olmuşdur. (VÖEN: **********) Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhər Nərimanov rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4862/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar