Məhkəmə qərarları › İş №2-1(103)-655/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-655/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-655/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi və xəstəlik vərəqinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi və xəstəlik vərəqinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10327/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəxanada üzləşdiyi qanunazidd hərəkətlərin pis rəftar kimi qiymətləndirilməsi və ona iş yerinə təqdim etmək üçün xəstəlik vərəqi təqdim edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29.12.2020-ci il tarixində səhhəti ilə bağlı BŞT və TTYS-ə müraciət etmişdir (xəbərdarlıq vərəqəsinin surəti təqdim olunur). 30.12.2020-ci il tarixində 19 saylı BŞX-nin poliklinikasına yaxınlaşıb və onda olan sənədlərin surətini təqdim etmişdir. Ona iş yerinə xəstəlik vərəqəsi lazım olacağını demişdir. Həkim Günay xanım xəstəlik vərəqinin verilməyəcəyini bildirmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq bu müddət ərzində onunla maraqlanan olmamış və heç bir dərman verilməmişdir. Səhhətinin ağırlığını nəzərə alaraq təcili yardımla FHN-nin hospitalına aparmışdırlar. Burada o, qeyri-insani rəftarla qarşılaşmışdır. 04 yanvar tarixindən 17 yanvara kimi burada saxlanılmışdır. Vəziyyətinin düzəlmədiyini görüb evə yazılmağını tələb etmiş və buna nail olmuşdur. Evdə müalicə almağa başlamışdır. Çox ağır günlər keçirmiş, nəfəs ala bilmir və səhərə kimi soyuq havada pəncərələri açıb nəfəs alırdı. O, səhhəti ilə bağlı 25.01.2021-ci il tarixində Bakı Sağlamlıq Mərkəzinə müraciət etmişdir. Səhhəti kritik olduğundan onu Qarabağ qaziləri oraya çatdırmışlar. 2-ci qrup Qarabağ qazisidir. Eyni zamanda H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun fəhləsidir. Sığortaya yaxınlaşıb qeydiyyata düşmüş və həkim müayinəsindən keçmişdir. Hərtərəfli özünü alçaldılmış hiss edir. Əlil arabasında koridorda 2 saat gözləmişdir. Həkim təcili stasionar müalicə məsləhət görsə də, onu müalicə etməkdən imtina etdilər. Beləliklə, səhər saat 10dan axşam 17:00-a kimi o, ac, susuz (nəfəs almağa oksigen də vermədilər) bu xəstəxananın koridorunda gözləməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10327/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, məhkəməsinin qərardadı əsassızdır və ləğv edilməlidir. Tərəflərin izahatları 12.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddia ərizəsinin, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı tələbi “vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi və ona xəstəlik vərəqəsinin verilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin cavabdehlik daşımamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Belə ki, “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimatı”n 2-ci maddəsinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Həmin Təlimatın 4-cü maddəsinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Qanunvericilikdə aşkar şəkildə təsbit edilmişdir ki, sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələrinin verilməsi onları vermək hüququna malik olan tibbi müəssisələrinin həkimlərinin səlahiyyətindədir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamış, həmçinin iddiaçının irəli sürdüyü tələb üzrə cavabdeh inzibati orqanlar cavabdehlik daşımır. Məhkəmə kollegiyası iddianın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı qeyri-mümkün sayılması ilə bağlı birinci instansiya məhkəməsinin gətirdiyi əsaslarla razılaşır və qeyd edir ki, iddiaçının hazırki işdə cavabdehlərin üzərinə qoyulmasını tələb etdiyi öhdəlik onların səlahiyyətinə aid deyil və qanunla onların belə vəzifələrinin nəzərdə tutulduğu müəyyən olunmur. Bununla bağlı məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddiaçı hazırki işdə subyektiv hüququnun məhz cavabdehlərin qanunsuz hərəkəti nəticəsində pozulduğunu sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10327/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10327/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar