Məhkəmə qərarları › İş №2-1(103)-655/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-655/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-655/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “qərarın ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2842/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 avqust 2021-ci il tarixli, **********6249 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçının əsas fəaliyyət növünün etil (yeyinti) spirtinin və alkoqollu içkilərin topdan satışıdır. İşin mahiyyəti üzrə bildirilir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********3687 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Anbar № 1" adlı obyektində xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 13.936.419,23 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 001354 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan imtina etmişdir. Həmçinin, iddiaçıya xx.xx.2021-ci il tarixli **********3705 saylı tələbanmə təqdim edilmiş, lakin tələbnamədə qeyd edilən sənədlər vergi orqanına təqdim edilməmişdir. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021 -ci il tarixli, **********6249 nömrəli Qərarı ilə iddiaçı barəsində 1.393.641,92 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə- faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilənlərə dair aşağıdakıları bildirirlər:

1. İddiaçı operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarın əsaslandırılmadığını bildirir. İlk öncə qeyd edirlər ki, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Operativ vergi nəzarəti zamanı tərtib edilən sənədlərin formaları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 May 2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergiorqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydaları” ilə müəyyən edilir. Qeyd olunan qaydalarda əsk edilmiş formal tələblərə vergi orqanı tərəfindən riayət edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsinin əsası ilə bağlı bildirirlər ki, vergi ödəyicisinə təqdim edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışda operativ vergi nəzarətinin keçirilmə əsası qeyd olunmuş və vergi ödəyicisi bundan xəbərdar olmuşdur.

2. İddiaçı məsuliyyətə cəlb etmə barədə qərarın əsaslandırılmadığını iddia edir. Bununla bağlı bildirirlər ki, cavabdeh tərəfindən 31,08.2021-ci il tarixli, **********6249 saylı qərarda Vergi Məcəlləsində göstərilən bütün formal tələblərə riayət edilmişdir. Həmçinin nəzərə çatdırır ki, məsuliyyətə cəlb etmə barədə qərarda operativ vergi nəzarəti zamanı tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 001354 saylı akta istinad edilmiş, həmin aktda hansı hadisənin qərarın qəbul edilməsi üçün əsas olduğu aydın şəkildə göstərilmişdir. Əlavə olaraq bildirirlər ki, iddiaçı tərəfindən vergi orqanına aktda göstərilənləri təkzib etmək üçün hər hansı dəlil təqdim edilməmişdir.

3. Vergi ödəyicisinin irəli sürdüyü üçüncü arqumentə dair bildirirlər ki, Vergi Məcəlləsində operativ vergi nəzarətinin vergi ödəyicisinin hansı dövrə aid olan fəaliyyətinin yoxlanılmasına dair hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Maliyyə sanksiyasının tətbiq edilməsinə səbəb olan hadisənin hansı dövrdə baş verdiyi əhəmiyyətli deyil.

4. İddiaçının dördüncü arqumentinə dair bildirilər ki, operativ vergi nəzarəti zamanı iddiaçı tərəfindən əldə edilmiş və təqdim edilmiş elektron qaimə fakturalarla üzləşmə aparılmış, iddiaçıya məxsus anbarda satış qiyməti ilə 13.936.419,23 manat məbləğində mal qalığı olmalı olduğu halda, mal qalığı aşkar edilməmişdir. Bununla da, 13.936.419,23 manat məbləğində malın elektron qaimə faktura verilmədən təqdim edildiyi müəyyən edlmişdir. Göründüyü kimi, maliyyə sanksiyasının tətbiq edilməsinə səbəb pərakəndə qaydada təqdim edilmiş malların topdan satış kimi qəbul edilməsi deyil, malların əskik gəlməsi olmuşdur. Vergi ödəyicisi 13.936.419,23 manat məbləğində malı elektron qaimə faktura verilmədən təqdim etmiş və bununla da gəlirlərini gizlətmişdir. Vergi Məcəlləsinin 13.2.63-ci maddəsinə əsasən topdansatış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə- faktura tərtib edilməklə həyata keçirilir. Ticarət əlavəsinin müəyyən edilməsinə dair iddiaçının mülahizəsinə cavab olaraq bildirirlər ki, iddiaçı tərəfindən bildirilmiş ticarət əlavəsinin həcmi vergi orqanı tərəfindən yoxlanılmış vergi ödəyicisinin təqdim etdiyi və əldə etdiyi elektron qaımə fakturaların üzləşdirilməsı nəticəsində iddiaçının bildirdiyi ticarət əlavəsinin reallığa uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən, malların satış qiyməti elektron qaimə fakturaların üzləşdirilməsi nəticəsində müəyyən edilmiş ticarət əlavəsi əsasında hesablanmışdır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Daha sonra cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, vergi ödəyicisinin elektron qaimə fakturalarının araşdırılması zamanı 6.259.254 ədəd içkilərin alındığı, elektron qaimə faktura əsasında 915.108 ədəd içkilərin satıldığı müəyyən edilmiş, operativ vergi nəzarəti zamanı isə anbarda mal qalığı aşkar edilməmişdir. Beləliklə, ümumilikdə 5.344.146 ədəd (6.259.254-915.108) malın topdan qaydada elektron qaiməfaktura verilmədən təqdim edilməsi faktı aşkar edilmiş, təqdim edilmiş mallara elektron qaimə-fakturaların araşdırılması zamanı müəyyən edilmiş 29,76 % faiz orta ticarət əlavəsi tətbiq edilərək malların ümumi satış qiymətinin 13.936.419,23 manat olduğu müəyyən edilmişdir. Həmçinin nəzərə çatdırırlar ki, vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı (NKA) üzrə satılmış malların dəyəri əskik gəlmə məbləğində nəzərə alınmamış, NKA üzrə təqdim edilmiş malların satış məbləği də orta ticarət əlavəsi tətbiq edilərək müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. Həmin Məcəllənin 13.2.63-ci maddəsinə əsasən topdansatış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs nəzərdə tutulur. Maddədən göründüyü kimi, mallar istehlakçı tərəfindən (pərakəndə qaydada) alındıqda şəxsi tələbatı ödəmək məqsədi mövcud olur. NKA üzrə hesabata (əlavə edilir) nəzər yetirdikdə iddiaçı tərəfindən pərakəndə qaydada satılmış malların həcminin nə dərəcədə yüksək olduğu aydın görünür. Bu isə öz növbəsində həmin malların satışının (təqdim edilməsinin) məhz alıcının (alıcıların) sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyinin göstəricisidir. Bu həcmdə alkoqollu içkilərin şəxsi tələbatı ödəmək məqsədilə alınması mümkünsüzdür. Əlavə olaraq, NKA üzrə təqdim edilmiş malların vaxtı da sual doğurur. Belə ki, NKA hesabatından xeyli miqdarda malların ayrıayrı əməliyyat üzrə 1-2 dəqiqə fərqlə təqdim edilməsi müəyyən olunur ki, şəxsi tələbatını ödəmək məqsədi ilə külli miqdarda alqkoqollu içkinin alınması üçün eyni anda bir çox şəxsin bir yərə toplanması qeyri-mümkündür. Bu isə onu göstərir ki, iddiaçı tərəfindən nəzarət kassa aparatından malların topdansatış qaydasında təqdim edilməsini pərdələmək məqsədi ilə istifadə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə- faktura tərtib edilməklə həyata keçirilir. Əlavə olaraq nəzərə çatdırır ki, iddiaçının vergi orqanından qeydiyyatda olan və yalnız topdansatış məqsədləri üçün istifadə edilən bir neçə obyekti mövcud olmuş, pərakəndə satış məqsədləri üçün istifadə edilən obyektləri olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” qaydalarının 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Ticarət əlavəsinin müəyyən edilməsinə dair iddiaçının mülahizəsinə cavab olaraq bildirirlər ki, iddiaçı tərəfindən bildirilmiş ticarət əlavəsinin həcmi vergi orqanı tərəfindən yoxlanılmış, vergi ödəyicisinin təqdim etdiyi və əldə etdiyi elektron qaimə fakturaların üzləşdirilməsi nəticəsində iddiaçının bildirdiyi ticarət əlavəsinin reallığa uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən, malların satış qiyməti elektron qaimə fakturaların üzləşdirilməsi nəticəsində müəyyən edilmiş ticarət əlavəsi əsasında hesablanmışdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2842/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Aygün Abdullayeva) ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 avqust 2021-ci il tarixli, **********6249 nömrəli qərarı ləğv edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış, əlavə olaraq iddiaçı tərəfindən nəzarət kassa aparatından malların topdansatış qaydasında təqdim edilməsini pərdələmək məqsədi ilə istifadə edildiyi, həmin əməliyyatların minimum istehlak səbətinə də uyğun olmadığı, faktiki olaraq topdan satılmış həmin məhsulların pərakəndə ticarət kimi rəsmiləşdirilərək “qara bazara” paylanması və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanmasının mümükün olmadığı, birinci instansiya məhkəməsi tərəfindən formal mülahizələrə əsaslanmaqla iddianın təmin edildiyi, işin bütün faktiki halların aydınlaşdırılmadığı qeyd edilmişdir. Bu səbəbdən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Camalov apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İnzibati iş materiallarında olan: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021ci il tarixli, KY211584826 nömrəli çıxarışa əsasən İddiaçı MMC-də xx.xx.2021-xx.xx.2021ci il tarixlərdə, cari fəaliyyəti üzrə Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzərət edilməsi predmeti üzrə növbədənkənar operativ vergi nəzarəti yoxlaması keçirilməsi qeydiyyatdan keçirilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********3687 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən Anbar № 1-də Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsnə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obeyktindən) nəqliyyat vasitəsilə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qiamə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi də, daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********3705 nömrəli tələbnamə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə arayış təqdim edilərək İddiaçı MMC-yə (VÖEN:**********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən obyektdən başqa digər ünvanda təsərrüfat subyekti (obyekti) yoxdur. Anbarda mal qalığı yoxdur. İddiaçı MMC tərəfindən mal alışı və satışı həyata keçirilmir. xx.xx.2021- xx.xx.2021-ci ildə satış dövriyyəsi 11391.59 manat (ƏDV və ticarət əlavəsi daxil) təşkil edir. xx.xx.2021-xx.xx.2021-ci ildə ƏDV-yə cəlb olunan dövriyyə isə 13408.74 manat (ƏDV və ticarət əlavəsi daxil) təşkil edir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək satış dövriyyəsi olmamışdır. Müəssisə həftənin beş iş günü saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixinə MMC-yə məxsus mal qalığı mövcud deyil. Mallar üzərində ticarət əlavəsi 11.73 % təşkil edir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alışları ƏDV-siz 862660.66 manat, satışlar isə e-qaimə üzrə ƏDV-siz 369611,45 manat, NKA üzrə 1553399,38 manat (ƏDV və ticarət əlavəsi daxil) təşkil etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə NKA üzrə nağd satış dövriyyəsi 1553399,38 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə NKA üzrə nağd satış dövriyyəsi 5477757,50 manat təşkil etmişdir. Cavabdeh tərəfindən “Vergi ödəyicisinə məxsus pul vəsiainin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nzəarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX № 001354 nömrəli akt tərtib edilmiş, həmin akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinin əldə etdiyi və təqdim etdiyi eqaimə fakturalarla üzləşmə aparılmış, vergi ödəyicisinə məxsus anbarda satış qiyməti ilə 13936419,23 manat məbləğində mal qalığı olmalı olduğu halda, mal qalığı aşkar edilməmiş, bununla da, 13936419,23 manat məbləğində malların e-qaimə faktura təqdim etmədən satılması müəyyən olunmuş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barədə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 1393641.92 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olmuşdur. Akta malların siyahısı əlavə edilmişdir. Cavabdehin DVX seriyalı, 002151 nömrəli “Xronometraj metodu ilə aparılan müşahidələrin nəticəsi barədə” yekun aktına əsasən, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə iddiaçının satış dövriyyəsi olmamışdır. Cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********6249 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 1393641.92 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inizbati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********650 nömrəli tələbnamə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə şikayət ərizəsi ünvanlanaraq qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Vergi Məcələsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarəini keçirmək hüququna malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə, vergi orqanları vergi nəzarətini vergi ödəyicisilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparılmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmn obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə opearativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şxəslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfidnən vergi qanunvericiliyinin pozlması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericilin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şxəsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsində qeyd olunmuşdur ki, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarətidir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Hazırkı iş üzrə də cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlinmiş və bu barədə xx.xx.2021-ci il tarixli, **********3687 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1 ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanıimasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaiiyyəti subyektlərinə münasibətdə aparılan yoxiamalann əsaslan qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu haliarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Beiə ki, səiahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlai yyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir, inzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı iş üzrə cavabdehin xx.xx.2021-ci il tarixli, **********3687 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır, bu da “İnzibati icraat haqqında” Qanunun 61 -ci maddəsinin tələblərinə ziddir. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim ediiməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib ediiməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1 -50.1.14-CÜ maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı iş üzrə isə, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarda xx.xx.2021xx.xx.2021-ci il tarixləri (xx.xx.2021-ci il tarixi daxil olmaqla) göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan dövr üzrə aparılmış əmliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutumuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Sözügedən halı, cavabdeh orqan tərəfindən tərtib edilmiş “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” yekun aktlar da təsdiq edir. Nəticə: Beləliklə, vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 avqust 2021-ci il tarixli, **********6249 nömrəli qərarın ləğv edilməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası bu vaxt oxşar işlərlə bağlı oturuşmuş məhkəmə praktikasını və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iş materiallarındakı çoxsaylı qərarlarındakı hüquqi mövqeyini də nəzərə alır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2842/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2842/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar