Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-656/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-4888/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 42 000 (qırx iki min) manat pulun müştərək qaydada və mənəvi zərərə görə isə 5000 (beş min) manat pulun ödənilməsi öhdəliklərinin hər bir cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-4888/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim E.Əliyev). Həmin qərardaddan iddaçı apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, guya məhkəmə tərəfindən ona cavabdehin əvəz olunması təklif edilib. Əksinə məhkəmə ona iddianı geri götürməyi, Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia qaldırmağı təklif etmişdir. Qətnamənin icra edilməsində məhz cavabdehlər günahkardırlar. Ona görə də qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmamasını, qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və digər cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsini və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətini göstərmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı inzibati məhkəmə icraatında iddia tələbi yalnız Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş halda birgə cavabdehlərə qarşı yönəldilə bilərdi. İddiaçı birgə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsini və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətini göstərsə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsalandıra bilməmişdir. Belə ki, İPM-nin 30.1-ci maddəsində deyilir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi, prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. Həmçinin iş materiallarından görünür ki, iddiaçı öz tələbini Suraxanı Rayon Məhkəməsinin 2-(010)-560/10 saylı 26.04.2010-cu il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən qətnamənin vaxtında icra edilməməsi ilə əsaslandırmışdır. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2-(010)- 560/10 saylı 26.04.2010-cu il qətnaməsi ilə İddiaçı cavabdehlər X6, X4, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilərək, cavabdehlər X5, X3 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən 2 saylı evin 49 nömrəli mənzildən çıxarılmaları, İddiaçı həmin mənzilə köçürülməsi və cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə cavabdehlər X5, X3 yaşayış sahəsi ilə təmin edilməsinin həvalə edilməsi qət edilmişdir. Göründüyü kimi, Suraxanı Rayon Məhkəməsinin 2-(010)-560/10 saylı 26.04.2010-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərlərinə müvafiq cavabdehlərin çıxarılması ilə bağlı öhdəlik qoyulmamışdır. Suraxanı Rayon Məhkəməsinin 2-(010)-560/10 saylı 26.04.2010-cu il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi və icraya yönəldilməsi işin mübahisələndirilməyən halıdır. Mülki Prosessual Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İş materiallarından görünür ki, iddiaçı cavabdehin əvəz edilməsinə hər hansı münasibət bildirməmişdir. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq ərizə ilə, yəni inzibati orqanın hərəkətsizliyi nəticəsində dəymiş maddi ziyana görə 42 000 (qırx iki min) manat pulun və mənəvi zərərə görə isə 5000 (beş min) manat pulun ödənilməsi ərizəsi ilə əvvəlcə iddiaya cavab verməli olan cavabdehə (əsl cavabdehə) müraciətinin olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Beləliklə, birinci instansiya məhkəməsinin qənaətinə görə, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı yönəldiyindən və iddiaçı cavabdehin əvəz edilməsinə hər hansı münasibət bildirmədiyindən, həmçinin müvafiq ərizə ilə əvvəlcə iddiaya cavab verməli olan cavabdehə (əsl cavabdehə) müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün sayılmayaraq düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-4888/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-656/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-656/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver