Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-656/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı (xx.xx.1957-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2- 1(112)-2910/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 26.11.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qarabağ müharibəsi iştirakçısı vəsiqəsinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə bir vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Daxili Qoşunlarının N (sonradan həmin hərbi hissəyə N nömrə verilmişdir) nömrəli hərbi hissənin, daha sonra isə həmin hərbi hissənin tərkibində yaradılmış N nömrəli hərbi hissədə X7 anbarının rəisi vəzifəsində işləyərkən 12 mart 1992-ci ildə xidməti vəzifələrinin icrası zamanı Daxili Qoşunların Baş İdarəsində olan zaman həyacan siqnalı ilə toplanaraq Baş İdarənin tərkibində erməni silahlı birləşmələri ilə aparılan döyüş bölgəsinə getmişdir. 12 mart 1992-ci il tarixdən 29 mart 1992-ci il tarixə kimi Daxili Qoşunların tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Şelli və Paprəvənd kəndləri ərazisində aparılan döyüşlərdə iştirak etmişdir. 10.08.1997-ci il tarixdə ona 008342 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. 1998-ci ildə xidmətdə aparılan yoxlama zamanı onun döyüş bölgəsinə aparılan şəxslərin əmri siyahısında tapılmaması əsas gətirilərək 16.10.1998-ci il tarixdə vəsiqəsi Daxili Qoşunlar Baş İdarəsinin hüquq təminatı xidmətinin rəisi N.C.Hüseynov tərəfindən alınmışdır. Lakin o həqiqətən yuxarıda göstərdiyi şəraitdə və zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Şelli və Paprəvənd kəndləri ərazisində aparılan döyüşlərdə iştirak etmişdir. O, zaman Daxili Qoşunların komandanın əmri ilə döyüşə getmişdir və onun təqsiri olmadan həmin siyahıya salınmamışdır. DQ-nın zabitlərinin yuxarıda göstərdiyi döyüşlərdə iştirakını təsdiq edən tərtib olunmuş aktı təqdim etməyinə baxmayaraq ona vəsiqə verilməmişdir. Odur ki, o məcbur olaraq Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. Daxili İşlər Nazirliyinin X10 İdarəsinin 09.11.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, arxiv sənədlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə konkret məlumat olmadığından müharibə veteranı adı və vəsiqənin verilməsi mümkün hesab edilməmişdir. Odur ki, o məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Erməni qəsbkarlara qarşı Ağdam rayonunun Papravənd və Şelli kəndlərində gedən döyüşlərdə iştirakını iş yoldaşları təsdiq edə bilər. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2910/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin xahiş hissəsində yalnız iş üzrə yeni qərar qəbul edilməsini göstərsə də, apellyasiya şikayətinin məzmunundan iddia tələbinin təmin edilməsini xahiş etdiyi müəyyən edilir. Eyni zamanda iddiaçı tərəfindən apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nin maddələrinə istinad edilməsi məhkəmə tərəfindən yazı xətası kimi qəbul edilir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2910/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmasını işdə olan sənədlərə və qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. - Daxili Qoşunların N saylı hərbi hissənin komandiri tərəfindən təsdiq edilmiş 25.06.1997-ci il tarixli aktdan görünür ki, X4 Şöbəsinin baş zabiti polkovnik-leytenant A.Adıgözəlov, N saylı hərbi hissənin rabitə rəisi kapitan İ.Abıyev, Milli qvardiyanın rabitə rəisi İ.İskayev, Milli qvardiyanın atəş məntəqəsinin rəisi gizir İ.Babayev bu aktı tərtib etmişlər ki, həqiqətən N saylı hərbi hissənin rabitə ambarının rəisi baş gizir İddiaçı 1992-ci ilin 12 mart tarixindən 29 mart tarixinə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdam rayonunun Şelli və Paprəvənd kəndlərində keçən döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 13-14/1508 №-li, 21.06.2021-ci il tarixli məktuba əlavə edilmiş 202 №-li, 17.06.2021-ci il tarixli arxiv arayışından və əmrlərdən çıxarışlardan görünür ki, arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də baş gizir İddiaçı 328N () və N saylı hərbi hissələrin tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar bunlardır: 1) N saylı hərbi hissə komandirinin 14.10.1992-ci il tarixli, 4N №-li əmrilə N saylı hərbi hissədən gəlmiş hesab edilməklə 30 sentyabr 1992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, rabitə anbarının rəisi vəzifəsinə təyin edilmişdir (N saylı hərbi hissənin sənədləri ƏN-nin Penitensiar Xidmətində saxlanıldığı üçün sayı qeyd olunan hərbi hissənin tərkibində xidmət keçməsini təsdiq etmək mümkün deyil); 2) Daxili qoşunların komandanının 30.09.1994-cü il tarixli, N №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 19.11.1994-cü il tarixli, N №-li əmrilə hərbi hissənin yeni ştat strukturuna keçməsilə əlaqədar olaraq dayaq rabitə qovşağında uzaq və daxili rabitə mərkəzində rabitə anbarının rəisi vəzifəsindən azad edilib, DQBİ-nin dayaq rabitə qovşağında uzaq və daxili rabitə mərkəzində rabitə anbarının rəisi vəzifəsinə təyin edilmişdir; 3) Daxili qoşunların komandanının 28.04.1995-ci il tarixli, 41 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 27.05.1995-ci il tarixli, 123 №-li əmrilə dayaq rabitə qovşağında anbar rəisi vəzifəsindən azad edilib, 27 may 1995-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir; 4) Daxili qoşunların komandanının 23.11.1995-ci il tarixli, 15N №-li əmrilə növbəti “baş gizir” hərbi rütbəsi verilmişdir; 5) Daxili qoşunların komandanının 29.02.2000-ci il tarixli, 21 №-li əmrilə rabitə anbarının rəisi vəzifəsindən azad edilib, rabitə və AİS anbarının rəisi vəzifəsinə təyin edilmişdir; 6) Daxili qoşunların komandanının 13.06.2000-ci il tarixli, 47 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq 156-cı maddənin “a” bəndi ilə (xidmət müddəti başa çatdığına görə) mərkəzləşmiş anbarlarda rabitə və AİS anbarının rəisi vəzifəsindən azad edilib, hərbi qeydiyyata durmaq üçün Əzizbəyov RHK-ya göndərilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 13-2/1568 №-li, 22.07.2021-ci il tarixli və 13-2/2131 №-li, 07.10.2021-ci il tarixli məktublardan görünür ki, 328N () hərbi hissənin daimi dislokasiya yeri Bakı şəhəri (hal-hazırda Hacıqabul rayonu) olmaqla şəxsi heyəti Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. N saylı hərbi hissənin daimi dislokasiya yeri Bakı şəhəri olmuşdur. Hərbi hissələrin döyüş əməliyyatlarına cəlb olunmuş şəxsi heyətinin adlı siyahısı mövcud deyil. Döyüş əməliyyatlarına cəlb olunmuş şəxsi heyətin adları hərbi hissə komandirlərinin sutkalıq nizami hissə üzrə əmrlərində təsdiq olunmuşdur. İddiaçı Daxili Qoşunların tərkibində xidməti barədə 216 nömrəli 15.07.2021-ci il tarixli arxiv arayışı məhkəməyə təqdim olunmuşdur. Təkrar yoxlama zamanı İddiaçı döyüş əməliyyatlarına cəlb olunması barədə əlavə məlumat aşkar olunmadı. Məlumat üçün bildirilir ki, Daxili Qoşunların hərbi qulluqçularına “Müharibə veteranı” adı və vəsiqəsi Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən verilir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 024-30963/2C-3220 №-li, 09.11.2020- ci il tarixli məktubdan görünür ki, Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlandığı təkrar müraciətinə X10 İdarəsində baxılmışdır. Bir daha bildirilir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə heç bir məlumat olmadığından qaldırdığı məsələnin müsbət həlli qüvvədə olan qanunvericiliyə əsasən mümkün olmamışdır. Eyni zamanda işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına sorğu ünvanlanaraq işin obyektiv həlli məqsədilə iş materiallarında olan 25 iyun 1997-ci il tarixli akta əsasən İddiaçı 12.03.1992-ci il tarixdən 29.03.1992-ci il tarixədək Ağdam rayonunun Şelli və Paprəvənd kəndlərində gedən döyüşlərdə həqiqətən iştirak edib-etməməsi, ona və aktda qeyd edilmiş şəxslərə həqiqətən veteran vəsiqəsinin verilib-verilməməsi barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, eyni zamanda aktın surəti göndərilməklə akta dair münasibət bildirilmələri xahiş olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 23.04.2022-ci il tarixli, 376-1491-1222 №-li məktubunda qeyd edilmişdir ki, “25.07.1997-ci il tarixli aktın üzərində qeydiyyat nömrəsi və əsli mövcud olmadığından ona dair münasibət bildirilməsi mümkün olmamışdır. Aktda adları göstərilən şəxslər X1 09.08.1997-ci il tarixli, 009009 nömrəli “Müharibə veteranı” vəsiqəsi ilə, X3 09.08.1997-ci il tarixli, 008139 nömrəli “Müharibə veteranı” vəsiqəsi ilə, İddiaçı 09.08.1997-ci il tarixli, 008342 nömrəli “Müharibə veteranı” vəsiqəsi ilə təmin olunmuşdurlar. Daxili Qoşunların arxivindən verilmiş 148 nömrəli 07.04.2022-ci il tarixli arayışa əsasən məlum olur ki, sabiq hərbi qulluqçu E.X6 N və N saylı hərbi hissələrində xidmət etmiş, 14.10.1992-ci il tarixdən 13,06.2000-ci il tarixədək olan dövrlərdə döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. “Müharibə veteranı” adı və vəsiqəsi şahid ifadələri ilə tərtib olunmuş akta əsasən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməsi qeyd olunmuşdur.” Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı faktı müəyyən edilmədiyindən ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu Qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübüta yetirilmiş sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilmir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsindən MPM-in 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2910/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2910/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-656/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-656/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver