Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-656/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməsi, pensiyanın azaldığı tarixdən əvvəlki vəziyyətə bərpa edilməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7705/2022 saylı, 21 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməsi və həmin pensiyanın azaldıldığı tarixdən əvvəlki vəziyyətinə bərpa edilkməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-ci il Ermənistanın Qafan rayonunda doğulmuşdur. O, digər işlərlə yanaşı xx.xx.1980-ci ildən xx.xx.1992-ci ilə qədər Bakı şəhəri, Kirov rayon İcrayyə Komitəsində Kirov qəsəbəsi XDS İK-nın katibi vəzifəsində xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilə qədər isə Binəqədi rayon İcra Hakimiyyətinin M.Ə.Rəsulzadə qəsəbəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsinin müavini vəzifəsində işləmişdir. Ona DSMF-nin Nərimanov rayon Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdən Dövlət Qulluqçusu kimi yaşa görə pensiya təyin edilmişdir. xx.xx.2022-ci ilə qədər iddiaçı tərəfindən ona aparılmış təyinat üzrə cari pensiya məbləğləri təyin olunaraq ödənilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən 2012-ci il və 2013-cü illərdə ayrı-ayrılıqda ona təyin olunmuş pensiyanın yenidən hesablanması ilə əlaqədar yaşadığı yer üzrə yəni DSMF-nun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə tərəfindən həmin iddia tələbləri təmin edilmiş və iddiaçının pensiyasının yenidən hesablanması DSMF-nin Binəqədi rayon şöbəsinin üzərinə qoyulmuşdur. Daha sonra DSMF-nin Daxili nəzarət departamenti tərəfindən iddiaçıya təyin olunmuş pensiya ilə bağlı araşdırılma aparılmağa başlanılmışdır. Həmin aparılmış araşdırma nəticəsində iddiaçının dövlət qulluğunda qulluq stajı 7 il 11 ay 4 gün olması müəyyən edilmişdir. Bu əsasdan cavabdeh inzibati orqan iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunan zaman onun qulluq stajının düzgün hesablanmadığını əsas gətirərək şəxsə təyin olunmuş pensiyanın məbləğini azltmış, bununla yanaşı xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək ona ödənilmiş 32.764 manat 32 qəpik pulun geri ödənilməsini tələb etmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməklə onun pensiyası əvvəlki vəziyyətinə bərpa edilməlidir. Belə ki, yuxarıda da, sadaladıqları hallardan göründüyü kimi, iddiaçının 19 il 06 ay 15 gün dövlət qulluğu stajı mövcud olmuşdur. xx.xx.2017-ci ilə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən iddiaçıya haqlı olaraq onun qulluq stajına əsasən vəzifə maaşının 80% məbləğində pensiya təyin olunmuşdur. DSMF öz fəaliyyətini həyata keçirən zaman qüvvədə olan normativ hüquqi aktlarla yanaşı daxili təlimat və qaydalardan da, istifadə edir. Hazırkı mübahisə iş üzrə departamentinə, şəhər və rayon şöbələrinə “Dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” xx.xx.2005-ci il tarixli xx/xx-1498 №-li izahat məktubu ünvanlanmışdır. Həmin izahat məktubunun 1-ci bölməsinin 1-ci abzasında qeyd olunmuşdur ki, bu izahat “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluqçularına pensiya təyin edilməsi və pensiyalarının yenidən hesablanması məsələlərini nizama salır. Həmin izahatın 5-ci bölməsində olan 1 №-li misalda aşağıdakılar qeyd olunmuşdur: “Şəxs xx.xx.1977-ci ildən xx.xx.1981-ci ilədək kənd sovetinin sədri, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək şəhər partiya komitəsinin katibi, xx.xx.1993-cü ildən xx.xx.2003cü ilədək isə rayon icra hakimiyyəti başçısının müavini vəzfəsində işləmişdir. Bu zaman onun dövlət qulluğu stajı kənd sovetinin sədri - 4 il, şəhər partiya komitəsinin katibi - 5 il və rayon icra hakimiyyəti başçısının müavini – 10 il olmaqla cəmi 19 il təşkil edəcəkdir”. Göründüyü kimi, DSMF orqanı tərəfindən iddiaçıya ilkin təyinat zamanı həmin izahat məktubu əsas götürülməklə pensiyası hesablanmışdır. Hazırda cavabdeh tərəfindən heç bir mötəbər sənədə istinad olunmadan şəxsə təyin olunmuş pensiyanın azaldılması əsaslı hesab edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7705/2022 saylı, 21 iyul 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1117,70 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 759,42 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 358,28 manat əskik pul vəsaiti ödənilib. Həmçinin, xx.xx.2008-xx.xx.2013-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10133,50 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 14733,86 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 4600,36 manat artıq pul vəsaiti ödənilib. Bundan başqa, xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12057,97 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 26810,02 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 14752,09 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4443,66 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 8461,98 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 4018,32 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 358,28 manat əskik pul vəsaiti, xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 33122,60 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 32764,32 manat artıq pul vəsaiti ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçıya məhkəmə qərarları ilə pensiya məbləğləri hesablanmışdır. Lakin artıq ödənilmiş kimi tələb olunan məbləğlər məhkəmə qərarları ilə hesablanmış məbləğlərə aid deyildir. İddiaçının xx.xx.2023-cü il tarixindən əmək pensiyası 390,56 manat məbləğində müəyyən edilmişdir. Əmək pensiyası yenidən hesablanması zamanı qeyd edilən məhkəmə qərarları da nəzərə alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçıya 2 may 2007-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-1183/2012 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya 01 iyul 2008-ci ildən hakimiyyət səlahiyyətinin icrasına görə 15 faiz əlavə haqq nəzərə alınmaqla və ixtisas dərəcəsinə görə verilən əlavə dövlət qulluqçusu kimi pensiya təyin edildiyi tarixdən yenidən hesablanması və yaranmış pensiya fərqinin verilməsi öhdəlyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Daha sonra isə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3845/2013 saylı qərarı ilə iddia tələbi təmin olunmuş və iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinə uyğun olaraq pensiyanın hesablanması üçün götürülmüş dövr üçün ilə üç mükafat hesablanmasına, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 948 nömrəli Fərmanının 1-ci bəndində dövlət qulluqçusuna növbət məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət pensiya təyin edildiyi tarixdən hal-hazıradək yenidən hesablanması və yaranmış pensiya fərqinin birdəfəlik verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. İnzibati orqanın 17 mart 2022-ci il tarixli, **********6 nömrəli “Artıq ödənilmiş pensiya məbləğ haqqında” məktubundan aydın olur ki, iddiaçıya xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 358,28 manat əskik pul vəsaitinin, xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 33122.60 manat artıq pul vəsaitinin ödənilməsi nəticəsində ümumilikdə 32764,32 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Göstərilən işin obyektiv araşdırılması məqsədilə iddiaçıya artıq ödənildiyi iddia olunan pensiya məbləğinin hansı əsaslara görə verilməsi, həmin sözügedən artıq ödənilmiş pensiya məbləğləri hesablanarkən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-1183/2012 saylı və 2-1(81)-3845/2013 saylı qərarlarının nəzərə alınıb-alınmaması, həmçinin pensiyanın azaldılması nəticəsində İddiaçı dövlət qulluqçusu kimi pensiya almağa davam etməsi, yoxsa adi yaşa görə pensiyanın verilməsi barədə məlumat inzibati orqandan tələb edilmiş, Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 07 mart 2023-cü il tarixli məktubla İddiaçı əmək pensiyasının yenidən hesablanması zamanı ona dair 2-1(81)-1183/2012 nömrəli və 2-1(81)-3845/2013 nömrəli məhkəmə qərarların nəzərə alındığı qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə pensiyanın yenidən hesablanması zamanı azaldılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətəbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçıya DSMF-nin Nərimanov rayon Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş pensiya barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi-iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı dəyişdirmiş, bu barədə iddiaçıya yalnız onun müraciətindən sonra məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh iddiaçıya ödənilən pensiya ödənişinin məbləğinin azaldılması məsələsini həll edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7705/2022 saylı, 21 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7705/2022 saylı, 21 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-656/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-656/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver