Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-656/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2-1(112)-8150/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995ci il tarixli, 757 saylı Sərəncamına əsasən ona ayrılmış Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ilə bağlı torpağın faktiki vəziyyətinə uyğun olaraq torpağın yerləşmə cizgisinin verilməsi vəzifəsinin Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 757 saylı Sərəncamına əsasən ona Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli cavabına əsasən Səbail rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1995-ci il, 757 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə torpaq sahəsinin yerləşmə cizgisinin dəqiqləşdirilməsi barədə müraciət ünvanlanmışdır. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli M-217-091 saylı məktubuna əsasən bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 757 saylı Sərəncamı və onun tərkib hissəsi olan digər sənədlər Səbail Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. Halbuki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1995-ci il tarixli, 757 saylı Sərəncama əsasən iddiaçıya qanuni şəkildə ayrılmış 600 kv.m torpaq sahəsi var. Bunu Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər də təsdiq edir. Daha sonra yenidən iddiaçı tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Səbail Rayon İcra Hakimiyyəti xx.xx.2023cü il tarixli, 5-19/2-10-A-8-091 saylı eyni məzmunlu imtina cavabı göndərmişdir. İddiaçı hesab edir ki, torpaq sahəsi ilə bağlı torpağın faktiki vəziyyətinə uyğun olaraq torpağın yerləşmə cizgisinin verilməsi barəsində müraciəti üzrə imtina qanunsuz və əsassızdır. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 757 saylı Sərəncamına əsasən iddiaçıya ayrılmış Badamdar qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsi ilə bağlı Sərəncama uyğun olaraq torpağın yerləşmə cizgisinin verilməsi vəzifəsinin Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2-1(112)-8150/2023 saylı qərarı ilə (hakim T.Məlikov) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-cü il tarixli, 757 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış Badamdar qəsəbəsinin ərazisində yerləşən sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, maraqlı şəxs nəinki həmin dövrdə qüvvədə olan qanunvericiliyə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin qərarı mübahisələndirməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 757 saylı Sərəncamı 09 mart 1995-ci il tarixdə qəbul edilmişdir. Mübahisələndirilən həmin inzibati aktdan iddiaçının əvvəldən məlumatı olduğu halda, iddiaçı tərəfindən cavabdehin sərəncamını qəbul edildiyi iyirmi səkkiz il ərzində mübahisələndirməmişdir. Qanunla müəyyən olunmuş müddət məhdudiyyəti iştirakçıları məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Qeyd olunanlara əsasən hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirakı etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən müəyyən olunur ki, iddiaçının tələbi Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 757 saylı Sərəncamına əsasən iddiaçıya ayrılmış Badamdar qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsi ilə bağlı Sərəncama uyğun olaraq torpağın yerləşmə cizgisinin verilməsi vəzifəsinin Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasından ibarətdir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 757 saylı Sərəncamı 09 mart 1995-ci il tarixdə qəbul edilmişdir. Mübahisələndirilən həmin inzibati aktdan iddiaçının əvvəldən məlumatı olduğu halda, iddiaçı tərəfindən cavabdehin sərəncamını qəbul edildiyi iyirmi səkkiz il ərzində mübahisələndirməmişdir. Halbuki, işdən və iddiaçının tələbindən də göründüyü kimi iddiaçının irəli sürdüyü iddia tələbi mübahisələndirmə haqqında iddia yox, öhdəliyin icrası haqqında iddiadır. İddiaçının onun xeyrinə qəbul edilmiş inzibati aktın (əlverişli inzibati akt) mübahisələndirilməsi ağlabatan mühakiməyə və sadə məntiqə uyğun deyildir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mümkünlük şərtlərinə düzgün qiymət verməklə iddianın tələb olunan mümkünlük şərtlərinə cavab verməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə cizginin verilməsi ilə bağlı iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, xx.xx.1995-ci il tarixli, 757 saylı Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. -Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 09 mart 1995-ci il tarixli, 757 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Bahadur qızına fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. -Məhkəmənin sorğusu ilə Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının 09 mart 1995-ci il tarixli 757 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Sərəncama onun verilməsi üçün əsas olmuş, iddiaçı tərəfindən verilən müraciət ərizəsinin təsdiq edilmiş surəti əlavə edilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qaldırılan məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin arxivində hər-hansı məlumatın aşkar edilmədiyi bildirilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya Səbail RİHB-nin müvafiq sərəncamı ilə Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinin cizgisinin tərtib edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.1995-ci il tarixli, 757 saylı Səbail Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və onun tərkib hissələri olan digər sənədlərin (sxem və s.,) Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Arxiv məlumatlarına əsasən qeyd olunan sərəncama yerləşmə cizgisi əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Səbail RİHB-nin 1995-ci il tarixli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Eyni zamanda, cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Halbuki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (xx.xx.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Səbail RİH-nin xx.xx.1995-cü il tarixli, 757 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsinin ərazısındə ayrılmış 600 kv.m metr torpaq sahəsinə dair cizginin tərtib olunaraq, verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2-1(112)-8150/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-656/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-656/2024
27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver