Məhkəmə qərarları › İş №2-1(103)-656/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-656/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-656/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X4 və X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10458/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ötrü Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinə rəy verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Baş prokurorunun 17 iyun 1991-ci il tarixli, 26 № li əmrinə əsasən Baş Prokuror yanında 5 il müddətinə Prokurorluğun, DİN-nin və DTK-nın X17 X5 Əməliyyat qrupuna xüsusi ilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin olunmuşdur. Həmin tarixdə xidməti vəzifələrini icra etməkdən ötrü Şuşa şəhərinə ezam edilmişdir. Sözügedən qrupun tərkibində çalışdığı müddətdə xidməti vəzifəsini icra etməsi ilə yanaşı, Qarabağın Şuşa şəhərinin, Ağdam şəhərinin, Kərkicahan qəsəbəsinin, Quşçular, Malıbəyli kəndlərinin və digər ərazilərin müdafiəsi uğrunda gedən döyüşlərdə müxtəlif özünümüdafiə batalyonlarının tərkibində erməni qəsbkarlarına qarşı vuruşmuşdur. 26 fevral 1992-ci il tarixli Xocalı faciəsindən sonra, Respublika Prokurorluğunun nəzdində yaradılmış Xocalı İstintaq qrupunun fəal müstəntiqlərindən biri olmuşdur. Şuşa şəhərində və Dağlıq Qarabağın ayrı-ayrı yerlərində xidməti vəzifəsini icra etməklə yanaşı, Şuşa və Ağdam rayonlarında 816 saylı könüllülərin batalyonunda, eləcə də müxtəlif özünümüdafiə silahlı batalyonların tərkibində erməni qəsbkarlarına qarşı vuruşmağına dair, o zaman onunla birlikdə döyüşlərdə iştirak etmiş şəxslərin şahidliyindən başqa hər hansı sübutu yoxdur. İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1991-1993-cü illər ərzində Şuşa rayonunda və Qarabağın başqa ərazilərində Qarabağ uğrunda erməni qəsbkarları ilə döyüşlərdə iştirak etməyi faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina etmişdir. Sadaladığı hüquqi faktları o zaman onunla birlikdə sözügedən qrupun tərkibində birlikdə çalışmış və döyüş əməliyyatlarında iştirak etmiş X13, Şuşa rayon polis Şöbəsində işləmiş X8, Şuşa rayon prokuroru işləmiş X3 və X12 təsdiq edə bilərlər. Birinci Qarabağ müharibəsi veteranı adı və vəsiqəsini almaq üçün ayır-ayrı vaxtlarda dəfələrlə müxtəlif orqanlara, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Suraxanı rayon hərbi komissarlığına, Suraxanı Rayon Məhkəməsinə və sair müraciətlər etmişdir. Lakin bu vaxta kimi həmin orqanlardan müxtəlif bəhanələrlə imtina cavabı almışdır. Cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh qurum tərəfindən müvafiq araşdırmalar aparılmadan ərizənin təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Halbuki, 1991-1993-cü illərdə onunla qeyd etdiyi əməliyyat istintaq qrupunun tərkibində olmuş 35-40 nəfər şəxs müharibə veteranı adı və vəsiqəsini almışlar. Ona görə də hazırda ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi qanunidir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-10458/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Baş prokurorunun 17 iyun 1991-ci il tarixli 26 №li əmrinə əsasən Baş prokuror yanında 5 il müddətinə Prokurorluğun, DİN-nin və MTN-nin Dağlıq Muxtar X5 Əməliyyat Qrupuna xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin olunmuşdur. Həmin tarixdə xidməti vəzifələrini icra etməkdən ötrü Şuşa şəhərinə ezam edilmişdir. Sözügedən qrupun tərkibində çalışdığı müddətdə xidməti vəzifəsini icra etməsi ilə yanaşı, Qarabağın Şuşa və Ağdam şəhərinin, Kərkicahan qəsəbəsinin, Quşçular, Malıbəyli kəndlərinin və digər ərazilərin müdafiəsi uğrunda gedən döyüşlərdə müxtəlif özünümüdafiə batalyonlarının tərkibində erməni qəsbkarlarına qarşı vuruşmuşdur. Ona görə də məhkəməyə müraciət edərək, 1991-1993-cü illər ərzində Şuşa və Ağdam rayonunda və Qarabağın başqa ərazilərində Qarabağ uğrunda erməni qəsbkarları ilə döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Halbuki sözügedən istintaq əməliyyat qrupunun o vaxt tərkibində olan müstəntiq və əməliyyatçıların hər birinə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Ancaq iddiaçı iki ilə yaxın Qarabağ uğrunda müxtəlif döyüş əməliyyatlarında iştirak etsə də, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı həmin müharibədə şəkər xəstəliyinə tutulmuşdur. Hazırda gözdən birinci qrup əlildir. Sadaladığı hüquqi faktları o zaman onunla birlikdə sözügedən qrup tərkibində birlikdə çalışan və döyüş əməliyyatlarında iştirak etmiş X14, Şuşa rayon Polis şöbəsində işləmiş X8, Şuşa rayon prokuroru işləmiş X3, X12 təsdiq edə bilərlər. Birinci Qarabağ müharibəsi veteranı adı və vəsiqəsini almaq üçün ayrı-ayrı vaxtlarda dəfələrlə müxtəlif orqanlara, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Suraxanı Rayon Hərbi Komissarlığına, Suraxanı Rayon Məhkəməsinə müraciətlər etmişdir. Lakin bu vaxta kimi həmin orqanlardan müxtəlif bəhanələrlə imtina cavabı almışdır. Cavabdehin imtinası qanunsuz və ədalətsizdir. Belə ki, cavabdeh tərəfindən şahidlərin izahatları alınmadan işin faktiki halları araşdırılmadan ərizəsinin təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh orqan öz etirazının əsasını kimi bildirmişdir ki, döyüş əməliyyatlarının aparıldığı ərazidə yerləşmə həmin əməliyyatlarda iştirakla eyniləşdirilə bilməz. Beləliklə, onun iddia tələbində göstərdiyi Şuşa və Ağdam rayonlarında 816 saylı könüllülərin batalyonunda, eləcə də müxtəlif özünümüdafiə dəstələrinin tərkibində erməni qəsbkarlarına qarşı vuruşmağı zəruri sənədlərlə təsdiq olunmamışdır. İddia tələbində Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edə biləcək bir neçə şahid adları qeyd olunsa da, məhkəmə bu sübutları araşdırmadan cavabdehin etirazını əsas götürərək iddia tələbini əsassız olaraq rədd etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X9 və X15 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamədə qeyd olunur ki, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da digər qoşun növlərində xidmət etmiş şəxslərin sənədlərinə baxılması nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, iddiaçı xx.xx.1991ci il tarixdə DQMV üzrə yaradılmış Respublika Prokurorluğu, DİN və DTK-nın vahid istintaq-əməliyyat qrupunda 5 il müddətinə müqavilə əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1993-cü il tarixədək müqavilə əsasında həmin vəzifədə işləmişdir. İş materiallarında olan Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, İddiaçı Şuşa rayon sakini deyil. İddiaçı 1991-1993-cü illərdə Şuşa rayonunun və keçmiş X17 Vilayətinin ərazisində döyüş bölgəsində xidmət aparması barədə məlumat yoxdur. O cümlədən, xx.xx.2006-cı il tarixdə, Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən verilən 260 nömrəli arayışın verilməsini təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi yalnız 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı müəyyən edilmiş ərazilərdə aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya organların tərkibində hərbi xidmət keçmiş, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Belə ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak bilavasitə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı xidməti nəzərdə tutur. Həmçinin qanunvericiliyin tələbinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi döyüşlərdə iştirakı sübut edən müvafiq sənədlər əsasında verilir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müraciətinizin təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı Baş Prokurorluq üzrə xx.xx.1991-ci il tarixli əmrlə 5 il müddətinə Respublikanın DİN, MTN və Prokurorluğun vahid istintaq-əməliyyat qrupunda Azərbaycan Respublikası Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq kimi işə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə Yuxarı Qarabağ üzrə Respublika DİN, MTN və Prokurorluğun vahid istintaqəməliyyat qrupu ləğv olunduqdan sonra xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarına daimi işə qəbul olunaraq Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə xidməti intizamı pozaraq, cinayət işlərinin istintaqı zamanı kobud qanun pozuntuları və ciddi nöqsanlara yol verildiyinə görə tutduğu vəzifədən azad edilmiş, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2001-ci il tarixli əmri ilə prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan vəzifə saxtakarlığı törədilməsində ifadə olunan hərəkətlərə yol verdiyinə görə xüsusi rütbədən məhrum edilməklə, prokurorluq orqanlarından xaric edilmişdir. Baş Prokurorluq tərəfindən qrup üzvü olan şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “müharibə veteranı” adı və ya vəsiqəsinin verilməsi üçün müvafiq rəy verilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 9cu abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»də göstərilən ərazilərdə aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Eyni zamanda müharibə veteranı adı həmin qərarda qeyd olunmuş orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Lakin iddiaçının aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması iş materialları ilə öz təsdiqini tapmamışdır, öz növbəsində iddiaçı da bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10458/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar