Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-657/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 iştirakı ilə kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3290/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər “xxxx” ASC və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) məhkəməyə müraciət edərək, 958,50 manat hesablanmış kompensasiyanın tutularaq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını хаhiş еtmişdir. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın dəyişdirilib, nəticə hissəsində “958,50 manat” sözlərinin “939,86 manat” olaraq dəyişdirilməsi və “ödənilməsi” qeydlərinin xaric edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla 21.02.2015-ci və 21.12.2015-ci il tarixlərdə baş vermiş devalvasiyalar nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə kompensasiyaların ödənilməsi, habelə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın, habelə ləğv olunmuş X4 Palatasının (bundan sonra - Palata) 27.03.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 3.1.1-ci yarımbəndinə görə, kompensasiyalar fiziki şəxslərin devalvasiya tarixlərində banklardakı xarici valyutada olan kredit borclarının yalnız əsas məbləğinə münasibətdə hesablanmalıdır. Qeyd edilməlidir ki, 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində Palatada yaradılmış məlumat bazasına “xxxx” ASC (rebrendinqdən sonra “xxxx” ASC) tərəfindən 25.08.2014-cü il tarixli kredit müqaviləsi barəsində hər hansı məlumatlar daxil edilmədiyindən, iddiaçıya bu müqavilə üzrə kompensasiya hesablanmamışdır. Məhkəmə araşdırması zamanı sorğular əsasında “xxxx” ASC tərəfindən təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarışdan aydın olmuşdur ki, 21.02.2015-ci il tarixinə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçının əsas kredit borcu 3.759,46 ABŞ dolları təşkil etmişdir. Belə olan halda, Fərmanın 1.1-ci bəndinin tələbi nəzərə alınmaqla həmin məbləğə münasibətdə 939,86 manat (3.759,46 x 0.25) kompensasiya məbləğinin hesablanması müəyyən edilməli idi. Lakin məhkəmə qərarının əsaslandırıcı hissəsindən aydın olur ki, məhkəmə tərəfindən kompensasiyanın hesablanması zamanı iddiaçının 21.02.2015-ci il tarixinə sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcu deyil, cəmi kredit borcu (əsas və faiz borcu) nəzərə alınmış və 3.834 ABŞ dolları təşkil edən bu məbləğə münasibətdə səhvən daha artıq - 958,50 manat kompensasiya hesablanmışdır. Məhkəmə qərarının digər hissəsinə gəlincə isə qeyd edilməlidir ki, Fərmandan irəli gələn məsələlərin icra olunması məqsədilə digər qurumlarla yanaşı Palatanın üzərinə də müəyyən vəzifələr qoyulmuşdur. Belə ki, Fərmanın 3-cü hissəsinə, həmçinin Qaydanın 4.1-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmi və güzəştlər təsdiq edildikdən sonra Palata yalnız ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etməli və bu barədə Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verməlidir. Qaydaların 4.2-ci bəndinə görə, fiziki şəxslərə kompensasiyaların ödənilməsi istiqamətində icra edilməli olan sonrakı hərəkətlər Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməli, Palatadan siyahı barədə məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürülməlidir. Qaydaların 4.5-ci bəndində göstərilmişdir ki, bankın müştərisi olan fiziki şəxslərə son mərhələdə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir. Göründüyü kimi, Palatanın fiziki şəxslərə kompensasiyaların ödənilməsi istiqamətində icra etməli olduğu hərəkətlər Fərmanda və Qaydalarda tam şəkildə göstərilmişdir - bu hərəkətlər yalnız müvafiq siyahının hazırlanması (hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etməklə) və vəsaitin dövlət büdcəsindən ayrılaraq müvafiq kredit təşkilatı (və ya poçt rabitəsinin milli operatoru) vasitəsilə fiziki şəxslərə ödənilməsinin təmini məqsədilə Maliyyə Nazirliyinə göndərilməsindən ibarətdir. Belə ki, hazırki is üzrə iddiaçıya kompensasiya məbləğinin verilməməsinin səbəbi ona “xxxx” ASC (rebrendinqdən sonra “xxxx” ASC) ilə aralarında bağlanmış 25.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kompensasiyanın hesablanmaması və iddiaçının adının kompensasiya alacaq şəxslər siyahısına daxil edilməməsi olmuşdur. Məhkəmə iclasında da bildirildiyi kimi, məhkəmə tərəfindən müvafiq araşdırmanın nəticəsi olaraq qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıya kompensasiyanın ödənilməsi müəyyən edilərsə və Fərmanın müəyyən etdiyi çərçivədə bu məbləğin hesablanması Mərkəzi Bankın üzərinə qoyularsa, ardıcıl olaraq digər prosessual hərəkətlərin də icrası təmin olunacaqdır. Lakin hazırda mübahisələndirilən məhkəmə qərarın nəticə hissəsində iddiaçının adına müvafiq kompensasiyanın hesablanması ilə yanaşı ona kompensasiya məbləğinin ödənilməsi də Mərkəzi Bankın üzərinə qoyulmuşdur. Halbuki, Fərmanın 1-ci hissəsinə əsasən fiziki şəxslərin banklara xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, “xxxx” ASC-nin 2 saylı filialı ilə borc alan iddiaçı və zamin X3 arasında 25.08.2014-cü il tarixdə bağlanmış 2-MZ-2-0-608-14 nömrəli Bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Bank tərəfindən borc alana illik 22 faiz olmaqla, 18 ay müddətinə 5.000 ABŞ dolları kredit verilmişdir. Palatanın Apellyasiya Komissiyası tərəfindən iddiaçının müraciətinə 28.09.2019-cu il tarixdə elektron informasiya sistemi vasitəsilə verilmiş cavab məktubunda sonuncunun kredit tarixcəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilmədiyi, bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yarandığı, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müaciət etməsi tövsiyə olunduğu qeyd olunmuşdur. “Nikoyl” İKB-nin iddiaçıya ünvanlanmış 19.11.2019-cu il tarixli 15/7736 nömrəli məktubunda göstərilmişdir ki, onunla bank arasında bağlanmış 25.08.2014-cü il tarixli 2- MZ-2-0-608-14 nömrəli zaminlik müqaviləsinə əsasən 24 ay müddətinə illik faiz dərəcəsi 22% olmaqla 5.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. “xxxx” ASC tərəfindən təqdim olunmuş iddiaçının hesabından çıxarışdan müəyyən olunur ki, sonuncunun 25.02.2015-ci il tarixdə kredit və fazi ödənişləri 3.834 ABŞ dolları, kreditin bitmə tarixinə (25.02.2015-ci il) əsas borc və faiz borcu üzrə qalıq 0,00 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Fərmanın: 1-ci bəndinə əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır; 2-ci bəndinə görə, edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir; 7.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə X1 tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 8.6-cı bəndinə görə, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir; 8.8-ci bəndinə əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X1 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). Palatanın 27.03.2019-cu il tarixli ********** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın: 4.1. Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir; 4.2. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Azərbaycan Respublikası Prezidentinin 09.02.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” AR Qanununun 15.1-ci maddəsinə görə əsasən, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsaslarına müvafiq qaydada hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iddiaçıya kompensasiya məbləğinin verilməməsinin səbəbi ona əvvəlki “xxxx” ASC, hazırkı “xxxx” ASC ilə aralarında bağlanmış 25.08.2014cü il tarixli kredit müqaviləsinə əsasən kompensasiyanın hesablanmaması və iddiaçının adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməməsi olmuş, bununla da Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanı iddiaçının barəsində tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi işin qeyd olunan mübahisəsiz hallarını düzgün müəyyən etsə də, kompensasiyanın məbləğini yanlış hesablamış, həmin məbləğin cavabdeh tərəfindən ödənilməli olması ilə bağlı gəldiyi nəticə isə maddi hüquq normalarına zidd olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin ilk dəlili ilə razılaşaraq bildirir ki, işin 50-ci vərəqində olan Maliyyə arayışından göründüyü kimi, 21.02.2015-ci il tarixə əsas borc üzrə qalıq məbləği 3.759,46 manat olmuşdur. Belə olan halda isə, Fərmanın 1.1-ci bəndinin tələbinə əsasən kompensasiyanın məbləği 939,86 manat (3.759,46 x 0,25) müəyyən edilməli idi. Şikayətin ikinci dəlili də əsaslıdır. Belə ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmi və güzəştlər təsdiq edildikdən sonra Palata yalnız ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etməli və bu barədə Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verməlidir. Qaydaların 4.2-ci bəndinə görə isə, fiziki şəxslərə kompensasiyaların ödənilməsi istiqamətində icra edilməli olan sonrakı hərəkətlər Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməli, Palatadan siyahı barədə məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürülməlidir. Bu mənada, iddia hesablanmış kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması hissədə deyil, yalnız kompensasiyanın hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi hissədə təmin oluna bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması hissədə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməli və eyni hissədə iddia təmin olunmamalı, qərar kompensasiyanın məbləği hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3290/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qərarı qismən - kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması hissədə - ləğv edilsin, həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin və eyni hissədə iddia təmin olunmasın. Qərar dəyişdirilsin. Qərarın nəticə hissəsində “958 (doqquz yüz əlli səkkiz) manat 50 (əlli) qəpik” sözləri “939,86 manat (doqquz yüz otuz doqquz manat səksən altı qəpik)” sözləri ilə əvəz edilsin. Qərar qalan - kompensasiyanın hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması - hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-657/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-657/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver