Məhkəmə qərarları › İş №2-1(103)-657/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-657/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-657/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: çıxarışın verilməsi) (İş № 2-1(103)-657/2023) Bakı şəhəri 30 may 2023-cü il Giriş hissə: Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2315/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddia verərək, məhkəmədən Azərbaycan Respublikası Aqrar X5 təmizləmə sənayesi müdriyyəti ilə həmkarlar komitəsinin 04 avqust 1988-ci il tarixli, 4 nömrəli qərarınə əsasən “Ulduz” Bağçılıq-Yoldaşlıq təsərüfatı birliyinə aid sahədə, yəni Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi, 14-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m olan 40 saylı bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Aqrar X5 təmizləmə sənayesi müdriyyəti ilə həmkarlar komitəsinin 04 avqust 1988-ci il tarixli 4 №-li qərarı ilə «Ulduz» bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinə aid sahədə, yəni Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi, 14-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m olan 40 saylı bağ sahəsi daimi olaraq onun istifadəsinə verilmiş, həmin tarixdə adına üzvlük kitabçası verilmişdir. Həmin vaxtdan adı çəkilən torpaq (bağ) sahəsi istifadəsində olmuş, ərazi hasara alınmış, müxtəlif növlü meyvə ağacları əkilmiş, darvaza qoyulmuşdur. Adı çəkilən torpaq sahəsi barədə ona kimsə tərəfindən etiraz və maneçiliklər törədilməmişdir. Həmin torpaq (bağ) sahəsinin adına hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə yazılı müraciət etmiş, lakin sonuncu 17 avqust 2021-ci il tarixli məktubu ilə bundan imtina etmiş, imtinanın səbəbi siyahıda adının olmaması, bağ sahəsinə dair digər şəxslərin müraciətinin olması, həmçinin əraziyə baxış keçirilməsinə şəraitin yaradılmaması olmuşdur. Adı çəkilən bağ sahəsi ona siyahı tərtib olunandan sonra müdriyyətin və həmkarlar komitəsinin birgə qərarı ilə verilmiş, əraziyə digər fiziki şəxslərin müraciət etməsi barədə məlumatı yoxdur, əgər belə bir müraciət olmuşdursa, ən azından birinci olaraq onun xəbəri olardı, ona görə ki, torpaq sahəsi uzun müddətdir ki, onun istifadə və faktiki sahibliyindədir, ora hər hansı bir mütəxəssisin gəlməsindən onun xəbəri olmamışdır. Ona görə də, cavabdehin imtinası əsassızdır və hesab edir ki, iddiası təmin olunmalıdır. Cavabdehə iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş “Ulduz” Bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında iddiaçının adı yoxdur. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinə digər fiziki şəxsin (X11) müraciəti olmuşdur. Həmçinin bağ sahəsinə texniki baxış keçirmək üçün mütəxəssilərinə tam şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(112)-2315/2022 qərarı ilə (sədrlik edən hakim Aygün Abdullayeva) iddia təmin olunaraq, “Ulduz” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 4 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi, 14-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m olan 40 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikaytinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubunda göstərilənlərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qərarının əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, imtianının əsaslı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinə digər fiziki şəxs, X7 da müraciəti daxil olmuş, təqdim edilmiş sənədlər araşdırılodıqdan sonra həmin şəxsə 26 aprel 2019-cu il tarixdə imtina bildirişi göndərilmişdir. Çünki, həmin şəxsin sənədlərində uyğunsuzluq olmaqla, başqa bağçılıq-yoldaşlıq təsərrüfatına aid olmuşdur. İddiaçının iddia etdiyi torpaq sahəsinə dair hər hansı digər şəxsin adına çıxarış verilməmişdir. Qeyd edilənlərə əsasəqn məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. İcraat materialları Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə - daşınmaz əmlakla bağlı hüquq müəyyənedici sənədlər, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 81.1ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibatiiqtisadi kollegiyaları tərəfindən baxılır. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş, formal baxımından lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci və 85.3-cü maddələri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İlkin olaraq qeyd edilməlidir ki, İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Mahiyyət baxımından apellyasiya şikayəti uğursuzdur. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia tələbi əsaslıdır. Çünki, cavabdehin müvafiq torpaq sahəsini iddiaçının adına qeydə almaq öhdəliyi müəyyən olunur. Belə ki, işdə olan Azərbaycan Respublikası Aqrar Sənaye Birliyi “Azərpambıq təmizləmə sənayesi” “Ulduz” Bağçılıq-Yoldaşlığı Cəmiyyətinin müdiriyyəti və həmkarlar təşkilatının birgə qərarından çıxarışdan görünür ki, “Azərpambıq təmizləmə sənayesi” birliyinin müdriyyət və həmkarlar təşkilatının 04 nömrəli, 04 avqust 1988-ci il tarixli birgə qərarına əsasən 14-cü cərgə, 40 nömrəli, sahəi 600 kv.m olan bağ sahəsi İddiaçı ayrılmışdır. İşdə olan torpaq sahəsinin planı və sxemindən görünür ki, İddiaçı ayrılmış bağ sahəsinə dair torpaq sahəsinin planı və yerləşmə sxemi Ulduz” bağçılıq-yoldaşlığı cəmiyyəti tərəfindən təsdiq edilmişdir. İşdə olan “Ulduz” Bağçılıq-Yoldaşlığı Cəmiyyəti tərəfindən İddiaçı verilmiş 014 nömrəli bağçının üzvlük kitabından görünür ki, İddiaçı “Ulduz” Bağçılıq Cəmiyyətinin Əzizbəyov rayonu dübəndi bağ massivində bağçılıq cəmiyyətinə 1988-ci ildə üzv qəbul edilmişdir. İşdə olan “Ulduz” Bağçılıq-Yoldaşlığı Cəmiyyətinə təqdim edilmiş xx.xx.1988-ci il tarixli ərizədən görünür ki, X10 Cəmiyyətə müraciət edərək, ona “Ulduz” Bağçılıq- Yoldaşlığı tərəfindən verilmiş 14-cü Cənub küçəsi, 40 nömrəli, sahəsi 600 kv.m olan bağ sahəsinin yolunun uzaq olması və xəstəliyi ilə əlaqədar olaraq iş yoldaşı İddiaçı verilməsinə etiraz etmədiyini və gələcəkdə etirazı olmayacağını bildirmişdir. İşdə olan “Ulduz” Bağçılıq-Yoldaşlığı Cəmiyyətinin Müdiriyyətinin və Həmkarlar Təşkilatının 4 nömrəli, 04 avqust 1988-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən “Ulduz” Bağçılıq-Yoldaşlığının üzvü X8 ayrılmış 14-cü Cənub küçəsi 40 saylı sahəsi 600 kv.m olan bağ sahəsinə aid bütün sənədlərin ləğv olunması, “Ulduz” Bağçılıq- Yoldaşlıq Cəmiyyətinin siyahısında dəyişiklik edilərək, 14-cü Cənub küçəsi, 40 saylı, sahəsi 600 kv.m olan bağ sahəsinin müəssisənin işçisi İddiaçı bağçılığın üzvlüyünə qəbul edərək, onun daimi istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdeh imtinanın əsası kimi göstərmişdir ki, İddiaçı “Ulduz” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur, həmçinin bağ sahəsinə texniki baxış keçirmək üçün mütəxəssilərinə tam şərait yaradılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər: 1.11.Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar göstərilmişdir. Həmin Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)... Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, sözügedən bağ sahəsi əvvəllər Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci iltarixli, 20/396 saylı qərarına əsasən “Ulduz” Bağçılıq- Yoldaşlığının üzvü X8 ayrılmış, həmin şəxsin adı Cəmiyyətin üzvlərinin siyahısında 55-ci sırada qeyd olunmuşdur. Sonradan M.İmanovun ərizəsi əsasında “Ulduz” BağçılıqYoldaşlıq Cəmiyyətinin Müdiriyyəti və HəmkarlarTəşkilatının 4 nömrəli, 04 avqust 1988-ci il tarixli protokolundan çıxarışına əsasən bağ sahəsinə dair M.İmanovun adına olan sənədlərin ləğv olunması, İddiaçı bağçılığın üzvlüyünə qəbul edilməsi və sözügedən bağ sahəsinin onun daimi istifadəsinə ayrılması qərara alınmışdır. Bununla bağlı, İddiaçı müvafiq olaraq protokoldan çıxarış və üzvlük kitabçası verilmişdir. Eləcə də, imtina məktubunun ikinci hissəsində həmin bağ sahəsinə dair digər fiziki şəxsin müraciətinin olması və bağ sahəsinə texniki baxış keçirmək üçün İdarənin mütəxəssislərinə tam şərait yaradılmamasına istinad edilsə də, məhkəmə araşdırması zamanı sözügedən bağ sahəsinin hər-hansı digər fiziki şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olması müəyyən edilməmiş, İdarənin mütəxəssislərinə şərait yaradılmaması isə ümumiyyətlə imtina üçün formal əsas olmuşdur. İddiaçıya 43 saylı bağ sahəsinin aryılması barədə “Xəzri” Bağçılıq Yoldaşlığının xx.xx.1997-ci il tarixli, 1 saylı protokoldan çıxarışı və onun əsasında verilmiş üzvlük kitabçası mövcuddur ki, həmin sənədlərlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüquqları yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan bağ sahəsinə digər fiziki şəxs X7 da müraciətinin daxil olmasını imtianın əsası kimi göstərsə də, həmin şəxsə verilmiş imtina bildirişindən və cavabdehin nümayəndəsinin izahatından görünür ki, X1 uyğunsuzluqlar olmaqla, bölgü sxemi digər bağçılıq-yoldaşlıq təsərrüfatına aid olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması məsələsinin müzakirəsi üçün sonuncu apellyasiya baxışına dəvət olunmuş (bir neçə dəfə məhkəmə bildirişi göndərilmiş, məhkəmə iclası təxirə salınmış, istifadəsində olan mobil nömrə vasitəsilə də müvafiq məlumat verilmişdir) məhkəmə iclasına dəvət etmiş, eyni zamanda müvafiq sənədlərin təqdim olunmasını tələb olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə hər hansı etiraz və ya sübut təqdim etməmişdir. Beləliklə, işdə olan sənədlərdən imtinanın əsası kimi göstərilmiş qeyd edilən əsasın qanunvericiliyin tələblərinə uyğun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Beləliklə, mülkiyyət hüququnun mahiyyətindən aydın olur ki, səlahiyyətli inzibati orqanın bu hüququn dövlət qeydiyyatına alınması sahəsində fəaliyyəti xüsusi əhəmiyyət kəsb etməklə, qanunverijiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilməlidir. Eyni zamanda, hüquqların dövlət qeydiyyatının aparılmasını tənzimləyən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbayjan Respublikası Qanununun müvafiq normalarından görünür ki, inzibati orqan bu sahədə diskresion səlahiyyətlərə malik deyildir. Yəni, səlahiyyətverici normanın dispozitiv şərtləri mövcud olduğu halda inzibati orqan hüquqların dövlət qeydiyyatını aparmağa məcburdur. Hüquqların dövlət qeydiyyatından imtina isə yalnız qanunda nəzərdə tutulmuş hallarda edilə bilər. «X13rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, hesab edir ki, cavabdeh inzibati orqanın hərəkəti iddiaçının hüquqlarına qanunsuz müdaxilə təşkil etmişdir. Cavabdeh imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəsiyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2315/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Apellyasiya icraatı ilə bağlı prosessual xərclər cavabdehə aid edilir. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar