Məhkəmə qərarları › İş №2-1(103)-657/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-657/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-657/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı 02 noyabr 2019-cu il tarixindən, 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və 20 fevral 2021-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2- 1(112)-7958/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 02 noyabr 2019-cu il tarixindən, 50 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri əsasında 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və 20 fevral 2021-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdda ərizəsi onunla əsaslandırılmışdır ki, güzəştli iş stajı təyyarə bələdçisi vəzifəsində topladığı stajdır ki, bu vəzifə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində bir qrup digər vəzifələrlə birlikdə (həmin maddənin ayrı-ayrı bəndlərində göstərilməklə) xüsusi olaraq güzəştli pensiya hüququ verməsi göstərilmişdir. “Xüsusi olaraq göstərilmə” dedikdə belə başa düşmək lazımdır ki, bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına nə 1 nömrəli, nə də 2 nömrəli Əlavələrində öz əksini tapmadan xüsusi olaraq göstərilmişdir. Başqa sözlə, həmin əlavələrdə nə təyyarə bələdçisi, nə də misal üçün, quşabaxan, donuzabaxan və ya mexanizator vəzifə adlarına rast gəlmək mümkün deyil, halbuki, bu peşələrdə işləyənlərin güzəştli pensiya hüququ həmin 13-cü maddənin müvafiq bəndləri ilə müəyyən edilmişdir. Burada məqsəd, iddiaçının halında 13-cü maddənin d) bəndinin yaş və staj tələblərinin həmin Əlavələrdə nəzərdə tutulan yaş və staj tələblərindən fərqli olmasıdır. Təyyarə bələdçilərinin güzəştli iş stajı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na uyğun hesablanır. Belə ki, həmin qaydaların 3.1-ci maddəsində deyilir; - təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür: Eyni qayda ilə, cavabdehin tabe olduğu yuxarı inzibati orqanın - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın təsdiq edilməsi haqqında məktub”unda (18 dekabr 2006-cı il, № xx/xx-4078) deyilir; 3. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1 təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı -sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; Məhz “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın tələbləri əsasında işə götürənin iddiaçıya uçuş saatları əsasında güzəştli iş stajını təsdiq edəcək arayış təqdim etmişdir ki, həmin arayış tərəfindən ilkin sübutetmə yükü qismində cavabdehə təqdim edilmişdir. Həmin arayışda iddiaçının 43 il 6 ay uçuş stajının olması öz əksini tapıb ki, bu stajın da 22 il 9 aylıq hissəsini 01 yanvar 2006-cı il tarixinədək toplamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərmişdir ki, “Mərkəzi Filiala təqdim edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 20 ildən az (15 il 8 ay 24 gün (xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (9 il 15 gün (xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2-1(112)-7958/2024 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 02 noyabr 2019-cu il tarixindən, 50 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri əsasında 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və 20 fevral 2021-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Birinci instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “ ... Baxılan işdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 76 №-li arayışına əsasən iddiaçının xx.xx.1997-xx.xx.2005-ci illərdə 4931 saat 58 dəqiqə uçuş həyata keçirdiyi müəyyən olunur. Həmin uçuş saatını “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na əsasən 18-yə böldükdə ≈ 273.4 alınır, həmin rəqəmi 12 aya böldükdə isə ≈ 22 il, 8 ay alınır. Göründüyü kimi iddiaçının əmək stajı sözügedən qaydalara əsasən hesablandıqda onun xx.xx.2006-cı ilə qədər 22 il, 8 ay ümumi və bələdçi iş stajına malik olduğu müəyyən olunur. Cavabdeh maddi hüquq normasını səhv tətbiq edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalarının müddəalarını nəzərə almayaraq iddiaçının hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya 50 yaşının tamam olduğu 2.11.2019-cu il tarixdən pensiya təyin edilməlidir”. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2-1(112)- 7958/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d bəndinə əsasən, hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər—55 yaşma çatdıqda və azı 25 il-ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmçinin, 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq, Qanunun 13cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ИT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (15 il 8 ay 24 gün (xx.xx.1987-18.11,1992-ci il, xx.xx.1993-xx/xx.1994-cü il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (9 il 15 gün (xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddia tələbi olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin D bəndinə əsasən iddiaçının 20 il ümumi və 10 il bələdçi kimi sosial sığorta stajı mövcud deyildir. Eyni zamanda iddiaçının 50 yaşı xx.xx/2019-cu il tarixdə tamam olduğundan, 1997-ci il avqustun 1-dən etibarən yaş həddinin qanunvericiliyin tələblərinə əsasən artırıldığını nəzərə alaraq İddiaçı 50 yaşdan pensiya təyinatının aparılması mümkün deyildir. "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli 76 nömrəli arayışında İddiaçı əmək fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12 saylı Qərarının 21.3-cü bəndinə (hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi) əsasən güzəştli şərtlərlə pensiya hüququnun olduğu qeyd olunmuşdur. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən arayışında da qeyd olunduğu kim, bələdçi vəzifəsi 12 saylı siyahı ilə tənzimləndiyindən pensiya təyinatı məsələsinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinin tətbiqi ilə baxılacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixə münasibətdə (xx.xx.2024-cü il) Qanunun 7ci maddəsində qadınlar üçün nəzərdə tutulmuş yaş həddi 63 il 6 ay olmuşdur. İddiaçı Qanununun 9.1-ci maddəsinə əsasən yaşı (58 il 6 ay) tamam olmadığından hüququ yaranmır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-7958/2024 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarına əsaslanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 3.1-ci bəndinə əsasən, təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Lakin "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanmasını tənzimləyir. “Aviasiya haqqında” Qanunun 1.1.76-ci maddəsinə əsasən uçuş heyəti uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Təyyarə bələdçiləri uçuş heyətinə daxil olmadıqları üçün onların sığorta stajının hesablanmasına münasibətdə Qaydalar tətbiq edilmir. Təyyarə bələdçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçı çalışdığı təyyarə bələdçisi, böyük təyyarə bələdçisi, uçuş heyətinin planlaşdırılması qrupunun uçuş heyəti və təyyarə bələdçiləri üzrə dispetçer, böyük dispetçer və aparıcı mütəxəssis vəzifələri Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan “təyyarədə çalışan sıravi ekipaj üzvləri”nə daxil edilmir. İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli 76 nömərli arayışda səhvə yol verilmişdir. Belə ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı sığorta stajı hesablanarkən Qaydalar deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” (həmin siyahının 21.3-cü bəndi) nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri (*iddiaçının nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclaslarında iştirak etmişdir) dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş materiallarında olan sənədlər kifayət qədər araşdırılmamış, nəticə etibarilə güzgün olmayan qənaətə gəlinmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı xx.xx.1969-cu il təvəllüdlür. - ИТ-İ № ******* əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1987-xx.xx.1988-ci illərdə Mərkəzi təhlükəsizlik məntəqəsinin idarəetmə pultuna 0,5 ştatla növbətçi işləmişdir (1 il 8 ay 15 gün); xx.xx.1988-xx.xx.1992-ci illərdə həmin müəssisədə həmin vəzifədə tam ştat işləmişdir (3 il 10 ay 27 gün); xx.xx.1993-xx.xx.1994-cü illərdə “Videomərkəz” Birliyinin 4 №-li icarə məntəqəsində metodist işləmişdir (1 il, 1 ay 1 gün); xx.xx.1996-xx.xx.2012-ci illərdə "xxxx" Bakı Nəqliyyat Avia Şirkətində təyyarə bələdçisi işləmişdir (xx.xx.2006-cı il tarixədək-9 il 17 gün); xx.xx.2012-xx.xx.2020-ci illərdə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətində Uçuşların İstehsalı İdarəsinin X3 Mərkəzinin Uçuş heyətinin Planlaşdırılması şöbəsinin təyyarə bələdçilərinin planlaşdırılması üzrə dispetçeri vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən həmin idarənin Uçuş heyətinin planlaşdırılması qrupunun uçuş heyəti və təyyarə bələdçiləri üzrə aparıcı mütəxəssisi vəzifəsində işləmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 76 №-li arayışına əsasən, iddiaçı “AZAL” Aviasiya şirkətində təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malikdir. xx.xx.1997-xx.xx.1997 720 saat 54 dəqiqə (yeddi yüz iyirmi saat əlli dörd dəqiqə), xx.xx.1998-xx.xx.1998 776 saat 23 dəqiqə (yeddi yüz yetmiş altı saat iyirmi üç dəqiqə), xx.xx.1999-xx.xx.1999 718 saat 9 dəqiqə (yeddi yüz on səkkiz saat doqquz dəqiqə), xx.xx.2000-xx.xx.2000 240 saat 33 dəqiqə (iki yüz qırx saat otuz üç dəqiqə), xx.xx.2001-xx.xx.2001 238 saat 51 dəqiqə (iki yüz otuz səkkiz saat əlli bir dəqiqə), xx.xx.2002-xx.xx.2002 215 saat 54 dəqiqə (iki yüz on beş saat əlli dörd dəqiqə), xx.xx.2003-xx.xx.2003 729 saat 12 dəqiqə (yeddi yüz iyirmi doqquz saat on iki dəqiqə), xx.xx.2004-xx.xx.2004 558 saat 30 dəqiqə (beş yüz əlli səkkiz saat otuz dəqiqə), xx.xx.2005-xx.xx.2005 733 saat 32 dəqiqə (yeddi yüz otuz üç saat otuz iki dəqiqə). ... Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12 saylı Qərarının 21.3-cü maddəsinə əsasən, güzəştli şərtlər üzrə təqaüdün təyin edilməsi üçün RSTŞ-yə verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbindən çıxış edərək qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının işlədiyi vəzifənin həmin dövr qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda (1 və 2 nömrəli) nəzərdə tutulan vəzifələrdən birinə uyğun gəlməsi tələb olunur. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbindən çıxış edərək qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının işlədiyi vəzifənin həmin dövr qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda (1 və 2 nömrəli) nəzərdə tutulan vəzifələrdən birinə uyğun gəlməsi tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndində mülki aviasiya bölməsində hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifəsi güzəştli pensiya təyinatına imkan verən zərərli peşə kimi nəzərdə tutulmuşdur. İşəgötürən tərəfindən iddiaçı barəsində verilən güzəştli arayışda da iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən adıçəkilən 2007-ci il siyahısının 21.3-cü bəndinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyininə imkan verdiyi göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bəndinə əsasən zərərli iş hesab edilir. Lakin hazırkı halda həmin vəzifəyə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə görə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya sahəsində yaş senzi olmadan, yəni müvafiq yaş həddinə çatması tələb olunmadan işləyən kişilərin güzəştli şərtlərlə pensiya təyinatı üçün aşağıdakı şərtlər tələb olunur: - şəxs uçuş və uçuş-sınaq heyətində olmalı. - 25 il ümumi iş stajı olmalı; - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. “Əmək pensiyaları haqqında” Qanunun 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın: -1-ci bədinə görə bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -2-ci bədinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları. -3-cü bədinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən 3.1-ci və 3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası yaş məhdudiyyəti nəzərə alınmadan kişilərə ən azı 25 il, qadınlara isə azı 20 il sığorta stajı, uçuş işindən səhhətinə görə azad olmuş kişilərə isə azı 20 il, qadınlara - azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə tətbiq olunur. Beləliklə, göründüyü kimi, adıçəkilən Qaydalara əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin, təyyarədə çalışan sıravi ekipaj üzvlərinin ümumi sığorta stajı işə qəbul - işdən çıxma dövləri arasında olan fərq əsasında deyil, xüsusi qaydada - uçuş saatlarına uyğun olaraq hesablanır. Həmin Qaydaların 2-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edildiyi kimi 9.3-cü maddəsinin tələbinə müvafıq olaraq yaş məhdudiyyəti olmadan güzəştli şərtlərlə pensiya almaq hüququna malik mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətinə aid vəzifələrin adları sadalanmışdır. Yuxarıda göstərilən məqamların aydınlaşdırılması üçün məhkəmə tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanlanmış və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... əməkdaş İddiaçı təyyarə bələdçisi vəzifəsində işlədiyi zaman əmək funksiyaları aşağıdakılardan ibarət idi: - uçuşda Ekonom sinfində sərnişinlərə xidmət göstərilməsi üzrə texnologiyaya əsasən xidmət göstərilməlidir; - öz işini yaxşı bilməli, vəzifələrini vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüs göstərməli, daim təkmilləşməlidir; - uçuşların təhlükəsizliyinin təmin olunmasına hərtərəfli yardım göstərməlidir; - uçuşdan əvvəl uçuş öncəsi brifinqdə iştirak etməlidir; - sərnişinlərin minik talonlarına müvafiq olaraq hava gəmisində düzgün yerləşdirilməsinə, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etməlidir; - hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün şərait yaratmalıdır; - rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişləri icra etməlidir; hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etməlidir; - uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə vəzifələri yerinə yetirməlidir (QXA-nı və onlardan istifadə qaydasını, qəza cədvəlini, HG heyəti və briqada üzvlərinin sayına uyğun olaraq qəza vəziyyətində fəaliyyət qaydasını bilməlidir), nəzərdə tutulan uçuşdan əvvəl hazırlığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, HG-də sərnişinlərin davranışını tənzimləyən tələbləri bilməlidir. HG heyəti ilə birlikdə uçuşdan əvvəl keçirilən təlimatda iştirak etməlidir; - “Flyco” elektron proqramı vasitəsilə onlayn rejimdə personalın ixtisaslaşdırma kurslarında fənlər üzrə imtahanları vaxtında keçməli; - öz peşəkar bilik səviyyəsini daim təkmilləşdirməlidir; - təyyarə bələdçisinin uçuş sənədlərinin yararlıq müddətinə nəzarət etməli və uçuş yerinə yetirərkən üzərində olmalıdır; - uçuş qabağı istirahət vaxtına riayət etməlidir; - hava gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etməlidir; - sərnişinlərə qarşı mehribanolmalı və onlara qayğı göstərməlidir; - xidməti vəzifəsini yerinə yetirərkən aşkar olunmuş bütün çatışmazlıqlar haqqında böyük təyyarə bələdçisinə məlumat verməlidir; hava gəmisində sərnişinlərin vaxtında düzgün məlumatlandırılması və davranış qaydalarına riayət etməlidir; - uçuş zamanı hava gəmisində sərnişin salonunun, mətbəxin və tualet otaqlarının sanitar vəziyyətini yoxlamalı və daim nəzarət etməlidir; - hava gəmisində uçuşdan əvvəl və uçuşdan sonra kənar əşyaların mövcudluğunu yoxlamalıdır; təsdiq edilmiş sənədlərə əsasən sərnişinlərə xidmət texnologiyasını düzgün yerinə yetirməlidir; - uçuş işinə yararlıq üzrə tibbi yoxlamadan vaxtında keçməlidir; - uçuşdan əvvəl və uçuşdan sonra təlimatçı-təyyarə bələdçisi, supervayzer və böyük təyyarə bələdçiləri tərəfindən keçirilən təlimatda iştirak etməlidir”. Həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanmasını tənzimləyir. “Aviasiya haqqında” Qanunun 1.1.76-ci maddəsinə əsasən, uçuş heyəti uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Təyyarə bələdçiləri uçuş heyətinə daxil olmadıqları üçün onların sığorta stajının hesablanmasına münasibətdə Qaydalar tətbiq edilmir. Təyyarə bələdçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçı çalışdığı təyyarə bələdçisi, böyük təyyarə bələdçisi, uçuş heyətinin planlaşdırılması qrupunun uçuş heyəti və təyyarə bələdçiləri üzrə dispetçer, böyük dispetçer və aparıcı mütəxəssis vəzifələri Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan “təyyarədə çalışan sıravi ekipaj üzvləri”nə daxil edilmir”. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, aviasiya - hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusudur. Həmin Qanunun 1.0.13-cü maddəsinə görə, hava gəmisi - hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparatdır. Həmin Qanunun 1.0.14-cü maddəsinə müvafiq olaraq, hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Göründüyü kimi, aviasiya özü bilavasitə hava gəmisinin idarə edilməsi və hava gəmisinin hərəkəti üçün müvafiq xidmət üzrə fəaliyyətdir. Hava gəmisinin ekipajına uçuş vaxtı hava gəmisinin idarə edilməsi və ya bu idarəetməyə bilavasitə xidmət göstərilməsi üzrə təyin olunan şəxslərdən ibarət olan heyət daxildir. Beləliklə, iddiaçının işlədiyi “təyyarə bələdçisi” vəzifəsi onun yaş məhdudiyyəti olmadan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna əsas vermədiyindən cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. Həmçinin qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi bir-birindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir. Qüvvədən düşmüş “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsində hava gəmisinin ekipajına belə anlayış verilmişdir - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət. Göründüyü kimi sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilmə ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər. Eyni zamanda, qeyd olunmalıdır ki, “Aviasiya haqqında” hazırda qüvvədə olan xx.xx.2023-cü il tarixli yeni Qanun da məsələyə dair oxşar yanaşmanı mənimsəməklə daha aydın tənzimləmələr gətirmişdir. Belə ki, sözügedən Qanunun 1.1.49 və 1.1.76-cı maddələrində kabinə heyəti və uçuş heyəti anlayışları fərqləndirilmişdir. Kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxsdir. Uçuş heyəti isə – uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Qanun uçuş əməliyyatına belə bir anlayış vermişdir – hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar. Beləliklə, sadalanan normalardan da göründüyü kimi, həm iddiaçıya pensiya təyin edilərkən, həm də hazırda qüvvədə olan qanunvericilik normaları uçuş heyət üzvlərini heyət üzvlərindən (kabinə heyəti) açıq şəkildə fərqləndirmiş, onların müxtəlif əmək funksiyası yerinə yetirən şəxslər olduğunu qəbul etmişdir. Uçuş heyət üzvü kimi fəaliyyət göstərən şəxslərə isə stajla bağlı şərtlər ödənildiyi halda “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən əmək pensiyası təyin oluna bilər. Belə olan halda, aydınlaşdırılmalı olan məsələ iddiaçının işlədiyi vəzifənin uçuş heyət üzvü hesab edilib-edilməməsi ilə bağlıdır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli, 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci bəndində həmin şəxslərin dairəsinə daxil olanların bir qismi sadalansa da (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist) bitkin siyahı tərtib edilməmiş, digər uçuş mütəxəssislərinin də uçuş heyətinə aid edilməsinin mümkünlüyü qəbul edilmişdir. Belə olan halda, digər uçuş mütəxəssisləri o halda, uçuş heyətinə daxil olacaqlar ki, onlar hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarını yerinə yetirmiş olsunlar. Hazırkı vəziyyətdə isə göstərilənlər iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 02 noyabr 2019-cu il tarixindən, 50 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri əsasında 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və 20 fevral 2021-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7958/2024 saylı qərarı ləğv edilməli, iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7958/2024 saylı qərarı ləğv edilsin. İddia ərizəsi rədd edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar