Məhkəmə qərarları › İş №2-1(103)-66/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-66/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-66/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X10, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı plan-ölçünün və çıxarışın verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 2-1(82)-2868/2016 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 2-1(82)- 2868/2016 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-1247 saylı ünvanında yerləşən torpaq sahəsinə plan və ölçunun tərtib edilməsinin və dövlət reyestrindən çıxarışın verilməsi, həmin daşınmaz əmlaka ünvan verilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim H.Babayeva). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli 2-1(103)-522/2017 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün sayılmayaraq, icraata qəbuldan imtina edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli 2-1(102)- 1016/2017 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli 2-1(103)-522/2017 saylı qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli 2-1(103)-1533/2017 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 2-1(82)-2868/2016 saylı qərarı ləğv edilərək, iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli 2-1(102)- 2200/2017 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli 2-1(103)-1533/2017 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2018-ci il tarixli 2-1(103)-717/2018 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 2-1(82)-2868/2016 saylı qərarı ləğv edilərək, iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(102)- 2059/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2018-ci il tarixli 2-1(103)-717/2017 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-1247 saylı ünvanında yerləşən torpaq sahəsinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-1247 saylı ünvanında yerləşən torpaq sahəsinə plan və ölçunun tərtib edilməsinin və dövlət reyestrindən çıxarışın verilməsinin, həmin daşınmaz əmlaka ünvan verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o mübahisəli ünvanda yerləşən torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (Buzovna tərəvəzçili və südçülük sovxozu) xx.xx.2003-cü il tarixli əmrindən çıxarışa əsasən ona 0,10 ha hesabı ilə 2-1247 kodlu torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Qeyd edilənlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 661 saylı xx.xx.2016-cı il tarixli məktubunda öz əksini tapmışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının müraciəti əsasında araşdırma aparılmış və nəticədə məlum olmuşdur ki, müvafiq torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq imtina məktubu ünvanlanmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış etmiş iddiaçının vəkili X12 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instanisya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməsi nəticəsinə gəlir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlarla müəyyən edilmişdir ki, 20 avqust 1999-cu il tarixli, 096 saylı saylı vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamına əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınmış, iddiaçıya 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli, 27/K nömrəli əmri nəzərə alınmış, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. X3 21 may 2003-cü il tarixli, 28 nömrəli vətəndaşlara həyatyanı sahəsi verilməsi haqqında əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən iddiaçıya 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. X3 19 aprel 2016-cı il tarixli, 661 nömrəli arayışının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya X9 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 2- 1247 kodlu torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı torpaq sahəsinə plan ölçünün tərtib edilməsi, onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınması və ünvan verilməsi üçün zəruri olan sənədlərə malik olduğu halda cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində sadalanan halların heç birinə istinad etmədən iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. İşdən görünür ki, iddiaçının tələbi – ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə iddiaçının adına plan və ölçünün tərtib edilməsi və dövlət reyestrdən çıxarışın verilməsi, həmin daşınmaz əmlaka ünvan verilməsinin AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandığı özünün təqdim etdiyi, işdə olan X8 möhürü ilə təsdiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamından çıxarışın və xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamın mətni bir biri ilə uyğunsuzluq təşkil edir. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 096 saylı, xx.xx.1999-cu il tarixli sərəncamından çıxarışın (i.v.35) ikinci bəndində vətəndaş İddiaçı 0,10 hektar həyatyanı torpaq sahəsinin verilməsi haqqında AR Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı ilə və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınması göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən Abşeron İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin məhkəməyə ünvanlandığı xx.xx.2019-cu il tarixli, H-187 saylı məktubunda Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamın Abşeron rayon Dövlət arxivində aşkar edilmədiyi, Abşeron rayon İcra Hakimiyyəti başçısının 096 saylı sərəncamın xx.xx.1999-cu il tarixdə verildiyi barədə bildirilmişdir. Abşeron rayon Dövlət Arxivinin göndərdiyi Abşeron rayon icra Hakimiyyəti başçısının 096 saylı, 15 aprel 1999-cu il tarixli sərəncamın birinci bəndində Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika işlər müdiri A.Muradverdiyevin 5 yanvar 1999-cu il tarixli 22/6 saylı məktubun nəzərə alınması; sərəncamın ikinci bəndində bu məqsəd üçün Maştağa-Buzovna yolunun şimalından BAİB-nə gedən asfaltın qərbindən BAİB-nin yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondunun ayrılması; sərəncamın üçüncü bəndində həmin torpaq Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyini əldə rəhbər tutmaqla, növbəlik əsasında verilməsi; sərəncamın dördüncü bəndində torpaq sahəsi paylanmamışdan əvvəl sifarişçi tərəfində sahənin baş planı tərtib etdirilməsi, torpaqların baş plana uyğun verilməsi nəzərdə tutulmuşdur. Arxivin qeydində göstərilmişdir ki, sərəncama adlı siyahı və cizgi daxil edilməmişdir. Beləliklə, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamın Abşeron rayon Dövlət arxivində aşkar edilmədiyi, Abşeron rayon İcra Hakimiyyəti başçısının 096 saylı sərəncamın xx.xx.1999-cu il tarixdə verildiyi, hər iki sərəncamların məzmunların fərqli olduğu müəyyən edilir, bu isə xx.xx.1999-ci il tarixli sərəncamın həqiqiliyinə əsas vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Qanunun qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyasının sorğusuna əsasən sərəcamla bilikdə 50 ailənin adlı siyahısı arxivdə aşkar edilməsə belə, yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, iki sərəncam arasındakı uyğunsuz məqamların mövcudluğu nəzərə alınmaqla, iddiaçının istinad etdiyi sərəncamdan çıxarışın həqiqiliyi təsdiq oluna bilməz. Bu baxımdan arxiv arayışı üzrə sərəncamda təsbit olunanlar məhkəmə tərəfindən əsas götürülməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsinə iddiaçının Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda tərəvəzçilik-südçülük sovxozunda işləməsi barədə əmək kitabçasının və ya onun işləməsinə dair digər mötəbər sübutun təqdim edilməsi təklif olunmuş, lakin belə bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçıya həyatyanı torpaq sahəsinin ayrılmasına dair həmin sovxozda xx.xx.1999-cu il tarixdə uçota alınması iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası X8 28 saylı, xx.xx.2003-cü il tarixli əmrdən çıxarışa qiymət verərək aşağıdakıları qeyd edir. Həmin əmrdən çıxarışda Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası İşlər İdarəsinin X9) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, adı çəkilən qanunvericiliyinin tələblərinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilə bilər və qanunla müəyyən edilmiş qaydada qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab oluna bilər. Lakin işin faktiki halları ilə iddiaçı tərəfindən təqdim olunan Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamın həqiqətə uyğun olmadığı sübuta yetirilir. Odur ki, həmin sərəncam əsasında verilmiş X14 tərəfindən 28 saylı, 21 may 2003-cü il tarixli əmrdən çıxarış əsaslı sayıla bilməz. “İnzibati icraat haqqında” AR Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Qanunun 45.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübütlardan istifadə olunmasına yol verilmir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi göstərişləri ilə bağlı aşağıdakıları qeyd edir. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamdan çıxarışda, X3 xx.xx.2003-cü il tarixli, 28 saylı əmrindən çıxarışda İddiaçı Məmməd qızına 0,10 ha həyatyanı torpaq sahəsinin verilməsi göstərilsə də, həmin torpağa dair plan və ölçünun tərtib edilməsinə dair qeydlər yoxdur. İş materiallarında olan X8 baş mütəxəssisi tərəfindən tərtib edilmiş İddiaçı aid 2-1247 kodu altında həyatyanı torpaq sahəsinin sxemi qanunvericiliyin tələblərinə uyğun hazırlanmadığı müəyyən edilir. Həmin sxem tərtib olunan zaman qüvvədə olan AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin 10.20-ci bəndinə əsasən Komitə ona həvalə edilmiş vəzifələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparır, habelə müvafiq texniki sənədlərini tərtib edir və onları həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verir. Bundan əlavə, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2018-ci il tarixli,**********48 nömrəli məktubda bildirilmişdir ki, idarə tərəfindən mübahisəli ərazidə aparılan araşdırma və çöl ölçmə işləri zamanı məlum olmuşdur ki, faktiki göstərilən torpaq sahəsi Azərbaycan Respublikasının İşlər İdarəsinin X3 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda: 1. 425472.750, 4483872.400; 2. 425483.820, 4483830.330; 3. 425461.430, 4483825.070; 4. 425450.200, 4483866.420) koordinatlarda yerləşir. İş materiallarında olan Dövlət Kadastrdan ortofoto çıxarışdan görünür ki, İddiaçı mübahisələndirdiyi torpaq sahəsi X3 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdüdlarından kənarda yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamənin 3.0-cü bəndinə əsasən Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir: 3.0.1. daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; 3.0.2. yerquruluşu işlərini təşkil etmək və aparmaq; 3.0.3. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının və torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini təşkil etmək, yerinə yetirmək və bu sahədə dövlət nəzarətini həyata keçirmək; 3.0.6. daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək; 3.0.7. sahəvi kadastrların məlumatlarını daşınmaz əmlakın vahid dövlət kadastrına daxil etmək, daşınmaz əmlakın ayrı-ayrı növləri üzrə sahəvi kadastr aparan dövlət orqanları ilə işləri əlaqələndirmək, dövlət torpaq kadastrı, yerquruluşu, xüsusi (sahəvi) təyinatlı geodeziya işləri nəticəsində əldə olunan məlumatların və sənədlərin saxlanılmasını və istifadəsini təmin edən tədbirləri həyata keçirmək; 3.0.8. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək; 3.0.9. mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq; 3.0.11. torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini təmin etmək; 3.0.12. vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, dövlət mülkiyyətində olmuş və özəlləşdirilmiş yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək məqsədi ilə yerquruluşu işləri aparmaq. Qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, ekspertizanın keçirilməsinə zərurət yoxdur. Eyni zamanda, kassasiya instansiya məhkəməsinin qərarında iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı həmin müəssisədən zəruri sənədlər, o cümlədən torpaq sahəsinin ayrılmasına dair əmrlər kitabının əsli tələb edilərək baxışın keçirilməsi göstərişin verilməsi ilə bağlı apelyasiya instansiya məhkəməsi tərəfindən X2 adı çəkilən sənədlər tələb olunmuşdur. X9 məhkəməyə ünvanlandığı xx.xx.2019-cu il tarixli, 262 saylı məktubunda AR İşlər İdarəsinin X3 xx.xx.2003-cü il tarixli əmrinə əsasən vətəndaş İddiaçı torpaq sahəsinin ayrılması, müəssisə tərəfindən vətəndaşa təqdim edilmiş arayış və plan-cizgidə torpaq sahəsinin ayrılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmrdən çıxarışa və sərəncamından çıxarışa əsaslanması barədə bildirilmişdir. Məhkəmə tərəfindən müəssisədən tələb olunan torpaq sahəsinin ayrılmasına dair əmrlər kitabı baxışın keçirilməsi üçün təqdim edilmədiyindən onun müayinəsi və tədqiq edilməsi mümkün olmamışdır. Müəssisə tərəfindən təqdim edilmiş siyahı məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilmir, çünki həmin siyahı iddiaçının tələblərini müəyyən edən faktlara və hallara aid edilməsi müəyyən olunmur. İddiaçı İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsinin zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, inzibati orqan haqlı olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığından iddiaçının hüquqların dövlət qeydiyyatından alınmasından imtina etmişdir. Həmçinin, iş materiallarında olan əvvəlki icraatlarda məhkəmə araşdırılmasının predmeti olmamış Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-147/2010 saylı, 2010-cu il 19 oktyabr tarixli hökmünə əsasən X5 1999-cu il 10 sentyabr tarixdən 2002-ci il 1 noyabr tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin nəzdində Bakı şəhəri, Buzovna qəsəbəsində fəaliyyət göstərən əvvəlki adı “Tərəvəzçilik və Südçülük” sovxozu olan “X9”nin direktoru vəzifəsində işləyərkən başqa şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs formasında vəzifə səlahiyyətlərindən tamah məqsədi ilə istifadə edib “Tərəvəzçilik və Südçülük” sovxozunda işləmiş əlli nəfər şəxsə fərdi mənzil tikmək üçün torpaq ayırmağa hüquq verən rəsmi sənədləri, o cümlədən də Abşeron rayon İcra hakimiyyəti başçısının «Vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında» 1999-cu il 15 aprel tarixli 096 saylı sərəncamını müəssisəyə aidiyyəti olmayan şəxslərə müəssisənin ərazisindən torpaq sahəsi ayırıb satmaq məqsədi ilə saxtalaşdırıb, «X9»nin direktorunun adından əmrlər verib, müəssisəyə aidiyyəti olmayan şəxslərin müəssisənin işçisi olması barəsində özündə saxta məlumatları əks etdirən müxtəlif tarixli arayışlar hazırlayıb, müəssisənin möhürü ilə təsdiqləyib, müəssisənin Buzovna və Şağan qəsəbələrinin ərazilərində yerləşən 1681,4 hektar torpaq sahəsindən qanunsuz olaraq müxtəlif şəxslərin adına torpaq sahələri ayıraraq, onlardan rüşvət almışdır... 2002-ci ilin noyabr ayının 1-də X6 tutduğu vəzifəsindən azad edilmiş, həmin tarixdə də bu vəzifəyə X7 təyin edilmişdir. O da X3 balansında olan ərazidən başqa şəxslərə qanunsuz olaraq torpaq sahələri ayırmaq məqsədi ilə X2 həmin qaydada icarəyə torpaq götürüb istifadə etmiş, Müəssisənin əməkdaşlarından və digər şəxslərdən ibarət dəstə yaradaraq müxtəlif şəxslərdən rüşvət almaqla həmin şəxslərə qanunsuz torpaq sahələri ayırmışdır. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmənin sorğusuna əsasən həmin hökmün təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Məhkəmə kollegiyası həmin qanuni qüvvəsini almış hökmü hazırki iş üçün hər hansı preyudisial əhəmiyyət kəsb etmədiyindən sübüt kimi qəbul etmir. Belə ki, X3 28 saylı əmri iddiaçıya 21 may 2003-cü il tarixdə verilmiş və müəssisənin direktoru İ.M.Zeynalov tərəfindən imzalanmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 2-1(82)- 2868/2016 saylı qərarı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə plan və ölçunun tərtib edilməsinin və dövlət reyestrindən çıxarışın verilməsinin, həmin daşınmaz əmlaka ünvan verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar