Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-66/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2- 1(112)-6829/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx xxxxxxx 1965-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxxx 1965-ci ildə anadan olmuşdur. Hal-hazırda güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna malikdir. Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasına 1-ci dərəcəli yol montyoru kimi daxil olaraq xx.xx.1982-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1993-cü il tarixdən öz xahişi ilə həmin işdən azad olunmuşdur. xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək Azərbaycan Dəmir Yolu Körpü Təmiri Dəstəsində xadimə vəzifəsində çalışmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Lakin oradan ona xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Əmək kitabçasının 44-45-ci səhifələrinin qeydində həmin tarixdə mövcud olmayan SSRİ-yə aid etibarsız möhürlər vardır. Əgər o möhürlər etibarsızdırlarsa, o möhürlərin etibarsızlığını sübut etmək yükü Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə düşür. Cavabdehin etirazında göstərilmişdir ki, İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılar diqqətinizə çatdırılır. İddiaçı xx.xx.2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 44-45-ci səhifələri həmin tarixdə mövcud olmayan SSRİ-yə aid etibarsız möhürlə təsdiqlənmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16453,76 manat təşkil edir. Bununla əlaqədar olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına, məsələn Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda, ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin etmək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi və güzəştli stajını müəyyənləşdirmək mümkün olmadığına görə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-6829/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-6829/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İddiaçıya məxsus ИT-İ № ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1982-ci il tarixdə Az. Dəmir yolu 9 saylı Mincivan distansiyasına 1-ci dərəcəli yol montyoru vəzifəsinə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdə İdarə rəisinin 27 saylı protokolu əsasında 2-ci dərəcəli yol montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə 3-cü dərəcəli yol montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü il tarixdə ərizəsi əsasında Az.Respublikası Əmək Qanunçuluğunun 37-ci maddəsi əsasında işdən azad edilmişdir. İdiaçıya məxsus ******* nömrəli, xx.xx.1998-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1994-cü il tarixdə Az. X14 MRK Körpü təmiri bərpa dəstəsinə xadimə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə Az.Respublikası Əmək qanunçuluğunun 69-cu maddəsi əsasında işdən azad edilmişdir. Az Respublikası Azərbaycan Dəmir Yolu QSC MRK körpü təmiri bərpa dəstəsinin xx.xx.2014-cü il tarixli, 164 nömrəli arayışında qeyd edilmişdir ki, verilir, İddiaçı ondan ötəri ki, o həqiqiətən xx.xx.1994- cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər MRK körpü təmiri bərpa dəstəsində xadimə vəzifəsində işləmişdir. İşlədiyi müddət 10 illik orta əmək haqqı yeni azərbaycan manatı ilə cədvəl əsasında göstərilir. İşlədiyi müddət ərzində məzuniyyətdə olmamış, hər ay əmək haqqı almışdır. Ümumi cəmi: 23793 (iyirmi üç yeddi yüz doxsan üç) manat. Arayış MRK körpü təmiri bərpa dəstəsi Kadrlar şöbəsinin və Baş mühasibin imzası və Kadrlar şöbəsinin möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC Arxiv Bölməsinin İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, NÜA 1/N nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 9 saylı Mincivan yol distansiyasının 1993-cü ilə qədər olan idarəçilik sənədləri torpaqların işğal altında qaldığına görə Cəmiyyətin arxiv bölməsinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 Sevda Musa qızına ünvanladığı xx.xx.2021-ci il tarixli, **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filial tərəfindən təqdim etdiyiniz xx.xx.1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanız araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızın 44-45-ci səhifələrinin qeydində həmin tarixdə mövcud olmayan SSRİ-yə aid etibarsız möhürlə təsdiqlənmişdir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16453,76 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibatı orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlərdən iş stajı ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İddiaçının birinci əmək kitabçası ИT-İ № ******* nömrəli olmaqla xx.xx.1985-ci ildə doldurulmuşdur. Əmək kitabçasındakı əmək qeydlərindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdə Az. Dəmir yolu 9 saylı Mincivan distansiyasına 1-ci dərəcəli yol montyoru vəzifəsinə qəbul edilmişdir. Əmr N 126, kadrlar üzrə inspektor T.Mənmədov. xx.xx.1985-ci il tarixdə İdarə rəisinin 27 saylı protokolu əsasında 2-ci dərəcəli yol montyoru vəzifəsinə keçirilmişdir. Əmr N 64, kadrlar üzrə inspektor K.Hüseynov. xx.xx.1989-cu il tarixdə 3-cü dərəcəli yol montyoru vəzifəsinə keçirilmişdir. Əmr N 110, kadrlar üzrə inspektor K.Hüseynov. xx.xx.1993-cü il tarixdə ərizəsi əsasında Az. Respublikası Əmək Qanunçuluğunun 37-ci maddəsi əsasında işdən azad edilmişdir. Əmr N 47, 9 saylı distansiyanın rəisi S.Hacıyev. Əmək kitabçası qeydləri SSRİ-yə aid möhürlə təsdiqlənmişdir. İkinci əmək kitabçası ******* nömrəli olmaqla xx.xx.1998-ci il tarixdə doldurulmuşdur. Əmək kitabçasındakı əmək qeydlərindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Az. X14 MRK Körpü təmiri bərpa dəstəsinə xadimə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə Az.Respublikası Əmək qanunçuluğunun 69-cu maddəsi əsasında işdən azad edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əmək kitabçalarındakı əmək fəaliyyəti qeydləri ilə bağlı "xxxx" QSC-yə müvafiq sorğular verilmişdir. "xxxx" QSC-yə ünvanlanmış sorğuda 1982-1993-cü illərə aid dövrlərdə Azərbaycan X14 9 saylı Mincivan yol distansiyasının rəhbər vəzifəli şəxslərin siyahısında vətəndaş İddiaçı məxsus ******* saylı əmək kitabçasındakı qeydləri imza edən kadrlar üzrə inspektor T.Məmmədov, K.Hüseynov və 9 saylı yol distansiyasının rəisi C.Hacıyev adlı şəxslərin olub-olmaması barədə məlumatın, eləcə də Azərbaycan X14 İdarəsinin idarələrində, distansiyalarında hansı dövrdən etibarən keçmiş SSR-yə məxsus möhürlərin istifadə edilmədiyi və ya hansı dövrdən başlayaraq Azərbaycan X14na məxsus möhürdən istifadə edilməyə başlanıldığı barədə məlumatın 10 gün müddətində məhkəməyə təqdim edilməsi xahiş edilmiş, sorğuya İddiaçı məxsus ИT-İ № ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasının surəti əlavə edilərək göndərilmişdir. "xxxx" QSC-yə ünvanlanmış sorğuda İddiaçı Azərbaycan X14 İdarəsində əmək fəaliyyəti barədə məlumatın, həmçinin işə qəbul və işdən çıxma barədə əmrlərinin qeyd olunduğu əmrlər kitabından çıxarışın, əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətlərinin, eləcə də iş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Dəmir Yolu QSC-nin blankında tərtib olunmuş, Azərbaycan Dəmir Yolu İdarəsi Kadrlar Şöbəsinin möhürü ilə təsdiqlənmiş və MRK körpü təmiri bərpa dəstəsi kadrlar şöbəsinin rəhbəri və baş mühasib tərəfindən imzalanmış xx.xx.2014-cü il tarixli, 164 nömrəli arayışın mötəbərliliyi barədə məlumatın təqdim edilməsi xahiş olunmuş, sorğuya ******* nömrəli, xx.xx.1998-ci il tarixli əmək kitabçasının və xx.xx.2014-cü il tarixli, 164 nömrəli arayışın surəti əlavə edilərək göndərilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 109823 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığınız xx.xx.2021-ci il tarixli 2-1(112)-6829/2021 nömrəli sorğunuza cavab olaraq bildirilir ki, 1982-1993-cü illərə aid dövrlərdə Azərbaycan X14 9 saylı Mincivan yol distansiyasının rəhbər vəzifəli şəxslərinin siyahısında distansiyanın rəisi vəzifəsində C.Hacıyev, kadrlar üzrə inspektor vəzifəsində isə T.Məmmədov və K.Hüseynov adlı şəxslərin işləməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin qeyd edilir ki, ADY-də keçmiş SSRİ-yə məxsus möhürlərin hansı tarixdən etibarən istifadə edilmədiyi və ya hansı dövrdən Azərbaycan X14na məxsus möhürdən istifadə edilməyə başlanılması barədə məlumatın ADY-nin arxiv sənədlərindən müəyyən edilməsi mümkün olmamışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 110012 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma nəticəsində ADY-də “MRK Körpü təmir bərpa dəstəsi” adında təsisatın mövcud olmadığı, lakin İnfrastruktur departamentinin struktur tərkibində “Körpü Təmir Dəstəsi” adlı struktur vahidinin fəaliyyət göstərdiyi və ADY-nin xx.xx.2013-cü il tarixli 56/S nömrəli əmri ilə ləğv edildiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, “MRK” hərf birləşməsi kiril əlifbası ilə “MPK” abreviaturasında istifadə edilir və “Мосто Ремонтная Коллона” (Körpü Təmir Dəstəsi) mənasını nəzərdə tutur. Bu baxımdan xx.xx.2014-cü il tarixli 164 nömrəli arayışın rəsmiləşdirilməsi, o cümlədən onun yenidən təşkili nəticəsində ləğv edilmiş Azərbaycan X14nun struktur bölməsinin möhürü ilə təsdiq olunması qeyrimümkün hesab edilir və hər hansı hüquqi nəticələrə səbəb ola bilməz. Eyni zamanda, sözügedən arayışda əməyin ödənilməsinə dair göstərilən məlumatların yoxlanılması ilə əlaqədar arxiv sənədlərinə yenidən baxılmış və 1996-2005ci illər üzrə müəyyən dövrə münasibətdə İddiaçı dair hər hansı məlumat və qeyd aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin xx.xx.2013cü il tarixli 56/S nömrəli əmrinə əsasən Körpü Təmir Dəstəsinin 1 avqust 2013-cü il tarixindən ləğv edilməsi, Ləğvetmə ilə əlaqədar KTD-nin cari hesabının bağlanması qərara alınmışdır. Birinci instansiya məhkəməsi aparılmış məhkəmə araşdırması nəticəsində belə qənaətə gəlmişdir ki, iddiaçının əmək kitabçası və arayışa əsasən işlədiyi qeyd edilən “MRK Körpü təmir bərpa dəstəsi” adında təsisat mövcud olmamışdır. İddiaçının işlədiyi müəssisənin İnfrastruktur departamentinin struktur tərkibində “Körpü Təmir Dəstəsi” adlı struktur vahidi olduğu qəbul edilsə belə 2013-cü ildə ləğv edilmiş həmin müəssisə tərəfindən 2014-cü il tarixdə arayış verilməsi, üstəlik bu arayışın müəssisənin özü tərəfindən deyil, Azərbaycan Dəmir Yolu İdarəsinin Kadrlar şöbəsinin möhürü ilə təsdiq edilməsi mümkün hesab edilmir. "xxxx" QSC özü təqdim olunmuş xx.xx.2014-cü il tarixli, 164 nömrəli həmin arayışın hər hansı hüquqi nəticələrə səbəb ola bilmədiyini bilavasitə məhkəməyə bildirmişdir. Belə olan halda iddiaçının xx.xx.1994- xx.xx.2005-ci il tarixədək işləməsi barədə təqdim olunmuş arayış və buna müvafiq əmək kitabçası qeydləri də mötəbər sübut qismində qəbul olunmur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçalarında qeydlərin mötəbərliliyi sübut olunmadığından, iddiaçının əmək fəaliyyəti müvafiq əmrlər, əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərlə öz təsdiqini tapmadığından iddiaçının ümumi iş stajına, eyni zamanda güzəştli iş stajına daxil etmir. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı 1982-1993-cü illərə aid dövrlərdə Azərbaycan X14 9 saylı Mincivan yol dinstansiyasının rəhbər vəzifəli şəxslərinin siyahısında 9 saylı yol dinstansiyasının rəhbər vəzifəli şəxslərinin siyahısında 9 saylı yol distansiyasının rəisi S.Hacıyev adlı şəxsin olub-olmaması barədə məlumatın təqdim edilməsi məqsədi ilə "xxxx" QSC-yə sorğu ünvanlanmış, sorğuya cavab olaraq xx.xx.1986-xx.xx.1995-ci il tarixlərdə Azərbaycan X14 9 saylı Mincivan yol dinstansiyasının rəhbər vəzifəli şəxslərinin siyahısında adı mövcud olan X2 dair aidiyyəti sənədlərin surəti təqdim edilmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, hər məntəqədə 3 qadın, 3 kişi var idi, yol montyoru işləyirdilər, yolu təmizləyirdilər. Süleyman Hacıyev rəis idi. Süleyman Hacıyevdən sonra Güləli rəis oldu. 1994-cü ilin may ayında möhürü dəyişdilər. İddiaçı da orada işləyib, qohumları da orada idi. İddiaçı işğaldan əvvəl işdən çıxmışdı. 1993-cü ilə qədər olan sənədlərin hamısı orada qalıb. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, iddiaçının iş yerindən güzəştli arayış təqdim edilməmişdir. Həmçinin iş yerindən təqdim edilmiş belə arayış heç də həmişə birmənalı sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçıya pensiyanın təyin edilməsi üçün güzəştli iş stajı tələbinin ödənilibödənilməməsinin müəyyən edilməsi məqsədilə apellyasiya baxışı zamanı "xxxx" QSC-yə ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Dəmir Yolları QSC xx.xx.2022-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısında 28-ci bölmənin 20-ci abzasında nəzərdə tutulmuş yol montyoru peşəsi üzrə işlərin xüsusiyyətlərinin əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X3”nda təsbit edildiyini, ADY-nin 9 saylı Mincivan yol distansiyasının magistral dəmir yolları üzrə xidmət göstərdiyini qeyd etsə də, iddiaçının yol montyoru vəzifəsində işləyib-işləməməsi, işlədiyi təqdirdə vəzifənin güzəştli iş stajına aid edilib-edilnməməsi göstərilməmiş, beləliklə iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının XXVİİİ bölməsində (Nəqliyyat, Dəmiryol nəqliyyatı) nəzərdə tutulmuş istehsalat sahəsinə aidiyyəti, həmçinin iddiaçının həmin istehsalat sahəsində gördüyü (icra etdiyi) işlərin/vəzifələrin zərərli işlərə/peşələrə aidiyyəti özüözlüyündə, digər sübutlar olmadan, qeyd-şərtsiz təsdiq edilmir. Məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, ümumi iş stajı 20 ildən az, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı olmadığından, iddiaçıya həmin yaşdan pensiya təyin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, pensiyanın 52 yaşdan təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-6829/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-66/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-66/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver