Məhkəmə qərarları › İş №2-1(103)-660/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-660/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-660/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin nümayəndəsi X3 iştirakı ilə sosial müavinətin ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3975/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona xx.xx.1992-ci il tarixdən 28.06.2010-cu il tarixədək ödənilməli olan müavinətin hesablanaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.09.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, “... iddiaçının tələb etdiyi dövrdə yəni, xx.xx.1992-ci ildən 28.06.2010-cu il tarixə qədər olan müddətdə ona əlillik dərəcəsi təyin olunmadığından, əlilliyə görə sosial müavinətin ödənilməsi üçün tərəfindən DSMF-nun şöbələrinə müraciət edilmədiyindən, bununla da, iddiaçıya həmin illər üçün sosial müavinətin ödənilməməsi qanunvericiliyə uyğun olduğundan, iddia əsassızdır. Odur ki, iddia təmin edilməməlidir.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının doğulduğu andan 18 yaşınadək sağlamlıq imkanı məhdud uşaq olması Ali Məhkəmənin 2-1(102)-3260/2019 nömrəli 17.12.2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir. İddiaçının doğulduğu andan bu xəstəlikdən əziyyət çəkməsinə, mütəmadi səhiyyə müəssisələrində müalicə almasına baxmayaraq 18 yaşınadək ona heç bir müavinət verilməmiş, yalnız 18 yaşı tamam olduqdan sonra ona əlillik dərəcəsi təyin olunmuş və pensiya alması təmin olunmuşdur. Cavabdeh orqan isə **********2 saylı 24.02.2020-ci il tarixli məktubu ilə xx.xx.1992- 28.06.2010-cu illərdə TSEK-də müayinədən keçmədiyini və ona bu dövrdə sağlamlıq imkanı məhdud uşaq əlillik dərəcəsi təyin olunmadığını əsas göstərərək, qeyd olunan dövr üçün sosial müavinətin ödənilməsindən imtina etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 03.12.2010-cu il tarixli SER TSE- 01 117344 nömrəli arayışına görə iddiaçıya ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmişdir. Bakı Şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 17.12.2018-ci il tarixli 131 nömrəli “Vətəndaş Qanuni nümayəndə övladı xx xxxx 1992-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilməsi haqqında” sərəncamı ilə Qanuni nümayəndə fəaliyyət qabiliyyəti olmayan iddiaçı üzərində qəyyum təyin edilmişdir. 18.02.2019-cu il tarixli 46 nömrəli tibbi arayışa görə, iddiaçı həqiqətən 9 nömrəli BUX-un poliklinika şöbəsində 10.07.1992-ci il tarixdən 28.06.2010-cu il tarixədək dispanser qeydiyyatında olmuşdur. Diaqnozu - orta dərəcəli kəmağıllıq olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 3260/2019 nömrəli iş üzrə 17.12.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 21(81)-1487/2019 saylı iş) 12 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 30.05.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu, 18 yaşından yuxarı olduğu dövrdə isə əlil olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Məmmədov Vidadi Məmməd oğlu-məruzəçi, X9 və X6, 2-1(103)-22/2019 saylı iş) 22 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik 18 yaşından sonra təyin olunmuş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinin tələbi qaydasında tibbi-sosial ekspert komissiyaları tərəfindən onun sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən olunmamış, halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsi bu halın 18 yaşınadək müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Dadaşov İlqar Ağababaş oğlu-məruzəçi, X2 və Hüseynov Azər Soltanhəmid oğlu, 2- 1(102)-1485/2019 saylı iş) 29 may 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən, iddiaçıya 18 yaşı tamam olduqdan sonra təyin edilmiş əlillik dərəcəsi sonradan yaranmış xəstəlik nəticəsində təyin olunmamış, uşaqlıqdan müəyyən edilmiş orta dərəcəli kəmağıllıq diaqnozu əsasında təyin edilmiş, işə əlavə edilmiş çoxsaylı tibbi sənədlərdən, xəstəlik tarixindən çıxarışlardan iddiaçının məhz 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduğuna görə onun vəfat etmiş ailə başçısını itirməyə görə əmək pensiyası hüququ müəyyən edilsə də, apellyasiya məhkəməsi işin qeyd edilən faktiki hallarını və mövcud sübutları düzgün qiymətləndirməmiş, işin yalnız formal tərəflərinə əsaslanmaqla iddia tələbini təmin etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8məruzəçi, X12 və X10, 2-1(103)-1932/2019 saylı iş) 8 avqust 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. ... İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olduğundan, anası vəfat edərkən əmək pensiyaçısı olduğundan onun vəfat etmiş ailə başçısının öhdəsində olan şəxs kimi pensiya almaq hüququ olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçı xx.xx.1992-ci ildə doğulduğu andan 28.06.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkmiş, tibb müəssisələrində müayinədən keçmiş, müalicə olunmuş, xəstəliyi xronoloji xarakter daşımış, mütəmadi sağlamlıq imkanları məhdud olmuş, lakin həmin dövrdə ona əlillik dərəcəsi verilməmiş, 18 yaş həddinə çatdıqdan az sonra ona (1 saylı Zona TSEK tərəfindən) 11.11.2010-cu il tarixdən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Hər bir halda, iddiaçının doğulduğu vaxtdan 18 yaşınadək olan yaş dövrü üzrə xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim edilən sənədlərdə açıq-aşkar onun sağlamlıq imkanlarının məhdudluğunun öz təsdiqini tapması, bununla yanaşı Qanunun qeyd olunan 14.1.1.2-ci maddəsində də məhz sağlamlıq imkanları məhdud olan şəxsin 18 yaşadək əlillik dərəcəsinin alınmalı olduğunun imperativliyinin də müəyyən edilmədiyini və ona 1 saylı Zona TSEK tərəfindən 18 yaşı bitdiyində dərhal sonra, 11.11.2010-cu il tarixdə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin verildiyi - bütün bunlar “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsində qeyd olunan hər iki şərtin mövcudluğunu sübuta yetirir. İddiaçının atası 30.05.2018-ci il tarixdə vəfat etdiyindən və iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olduğundan, onun atasının vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə pensiya hüququ yaranmışdır.” “Sosial müavinətlər haqqında” AR Qanununun: 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmır və məhz bu mənada apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Belə ki, AR Ali Məhkəməsi İK-nın 2-1(102)-3260/2019 nömrəli iş üzrə 17.12.2020-ci il tarixli qərarı ilə iddiaçının doğulduğu vaxtdan 18 yaşınadək olan yaş dövrü üzrə xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim edilən sənədlərdə açıq-aşkar onun sağlamlıq imkanlarının məhdudluğunun öz təsdiqini tapması, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olduğu müəyyən edilmiş, habelə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsində də məhz sağlamlıq imkanları məhdud olan şəxsin 18 yaşadək əlillik dərəcəsinin alınmalı olduğunun imperativliyinin müəyyən edilmədiyi bildirilmişdir. Bu mənada, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.4-cü maddəsi də iddia tələbinin təmin edilməsinə maneə deyil. Belə ki, sosial müavinət tələb olunan illərdə iddiaçı pensiyaçı deyildi və həmin müddətdə ona pensiya ödənilməmişdir. İddia isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona sosial müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiqini tapmır (İPM-in 14.3-cü maddəsi), “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.4-cü maddəsinin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, iddiaçının əlilliyinin 18 yaşdan sonra müəyyən edilməsinə əsaslanan cavabdehin 24.02.2020-ci il tarixli **********2 nömrəli imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia müzakirə olunan qaydada qismən təmin olunmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-3975/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. 28 iyun 2007-ci il tarixdən 28 iyun 2010-cu il tarixədək ödənilməli olan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar