Məhkəmə qərarları › İş №2-1(103)-660/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-660/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-660/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3566/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının olmadığını qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və arayışlar mövcuddur. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, SOCAR-ın 4 saylı Texnoloji Nəqliyyat Departamentinin arayışında xx.xx.1983-xx.xx.1985-ci il tarixləri arasındaki dövr ərzində “Xəzərdənizneftqaztikinti” trestinin Tikintinin Mexanikləşdirilməsi İdarəsində ekskavator kran maşınçısının köməkçisi, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındaki dövr ərzində tırtıllı kran maşınçısı, xx.xx.1996-xx.xx.1999-cu il tarixləri arasındaki dövr ərzində boru düzənin maşınçısı vəzifələrində işlədiyi qeyd edilib. İddiaçının işlədiyi qeyd etdiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3566/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından əsassız imtina etmişdir. Məhkəmə də cavabdehin əsassız yanaşmasını əsas götürərək, işi tam, obyektiv, hərtərəfli araşdırmamış, qanunun tələblərinə uyğun olmayan qərar çıxarmışdır. Belə ki, məhkəmənin mövqeyinə əsasən, onun güzəştli şərtlərlə iş stajının müddəti 12 il 06 aydan az olduğu qərarda öz əksini tapmışdır. Halbuki, o, 12 il 06 aydan çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə, yəni xx.xx.1983-xx.xx.1985-ci illərdə, xx.xx.1985-xx.xx.1992-ci illərdə, xx.xx.1996- xx.xx.1999-cu illər ərzində müxtəlif növlü kran maşınçısı vəzifələrində çalışmışdır. Sözügedən vəzifə isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təmin edilməsinə əsas verən ağır iş rejimli vəzifələr siyahısındadır. Belə olduğu halda, bütün dəlillər onun iddiasının əsaslı olmasına dəlalət etməsinə baxmayaraq, məhkəmə hüquqlarının pozulması ilə müşayiət olunan iddia tələbinin təmin edilməməsini məqbul hesab etmişdir. Bununla da onun qanunla qorunan hüquqları kobud surətdə pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.1983-xx.xx.1985, xx.xx.1985-xx.xx.1992 və xx.xx.1996-xx.xx.1999-cu il tarixləri arasındaki dövrlərdə işlədiyi ekskavator kran maşınçısının köməkçisi, tırtıllı kran maşınçısı və boru düzənin maşınçısı vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamasına, bu səbəbdən iddiaçının güzəştli iş stajının olmamasına istinad etməklə müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 12 oktyabr 2022-ci il tarixli, **********6 nömrəli imtina məktubu almışdır. İddia mümkün idda olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) iddiaçının 60 yaşına çatmalıdır; 2)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olmalıdır; 3)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının 25 ildən çox olması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan: - AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 60 yaşını xx.xx.2022-ci il tarixdə tamamlamışdır. - Hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ-i Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1992- ci il tarixədək “Xəzərdənizneftqaztikinti” Trestinin Tikinti mexanikləşdirmə İdarəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994- cü il tarixədək Xüsusi texnika vasitələri ilə X3 Dəniz İdarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı ilə tarixədək X8 “İlqar”, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Xəzərdənizneftqaztikinti” Trestinin Tikinti mexanikləşdirmə İdarəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək AY Crone LTD Şirkətinin nümayəndəliyində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək kran operatoru, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də kran operatoru, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də kran operatoru, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Kenan İnşaat və Ticarət” BM-də kran operatoru, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Codest İnternational S.r.l. Şirkətinin Azərbaycan filialında kran operatoru, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu ilədək "xxxx" MMC-də maşinist operator, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də kran operatoru, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək kran operatoru, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək AGT Menecment Məsləhət və Tikinti Xidmətləri MMC-də avtokran operatoru, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək X4 kran operatoru, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" X9 Cəmiyyətində kran operatoru, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək X4 kran operatoru vəzifələrində işləmişdir. İşin mübahisəli halı iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. İş materiallarında olan SOCAR Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı işlədiyi ekskavator kran maşınçısının köməkçisi, tırtıllı kran maşınçısı, borudüzənin maşınçısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahə bölməsinin a) fəhlələr alt bölməsində öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1928/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında mövqeyi ondan ibarət olmuşdur ki, 26.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Hazırda iddiaçı güzəştli iş stajına malik olduğunu iddia etsə də, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamış, ümumiyyətlə həmin vəzifələr həmin Siyahıda nəzərdə tutulmuş digər vəzifələr ilə funksional baxımından eynilik təşkil etməmişdir. Belə ki, iddiaçı məhkəmə araşdırmaları zamanı onun “Xəzərdənizneftqaztikinti” trestində işlədiyi vəzifələrinin güzəştli olmasını iddia etsə də iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun güzəştli iş stajının hansı tarixlər arasında mövcudluğu ilə bağlı aparmış olduğu araşdırma nəticəsində məhkəməyə təqdim edilmiş məktubda (arayış) iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulmadığı bildirilmişdir ki, həmin məktubun mötəbərliyini şübhə altına alacaq hər hansı sübut hazırki işdə mövcud deyildir. Göründüyü kimi əmək funksiyalarının nədən ibarət olması, işçilərin hansı sahə üzrə işləməli olması və ya işləmiş olması barədə məlumata müstəsna səlahiyyətə malik olan müəssisə tərəfindən iddiaçının güzəştli iş stajına malik və ya malik olmayan dövrlərin mövcudluğuna qiymət verilmişdir ki, həmin qiymətləndirmə məhkəmə üçün şəxsə güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə tələbin təminini istisna edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda (2.4.1-ci yarımbənd) güzəştli şərtlərlə şəxsə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair məhz iş yerinin arayışının təqdim edilməsi zərurəti müəyyən edilmişdir. Həmin zərurətin yaranma səbəbi onunla bağlıdır ki, şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair düzgün məlumat, hər hansı qurum və ya şəxs tərəfindən yox, məhz iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən verilə bilər. Həmin arayışın tədqiqi və güzəştli pensiya təyinində nəzərə alınıb-alınmaması inzibati məhkəmə icraatında məhkəmənin müstəsna səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən müvafiq sorğular verilərək, eyni zamanda yuxarıda adıçəkilən siyahılar tətqiq edilərək aparılmış araşdırma nəticəsində mötəbərliyinə şübhə yarada biləcək hər hansı məqam aşkar edilməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının qanunvericiliklə tələb olunan güzəştli iş stajının olmaması əsası ilə iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3566/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar