Məhkəmə qərarları › İş №2-1(103)-660/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-660/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-660/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Səbail rayonu Səbail bələdiyyəsi, X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9600/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən eti : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi üzrə vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün lazım olan, torpaq sahəsinə mülkiyyət hüququnun onun mərhum atası Z.S.Məmmədova məxsus olmasına dair müvafiq arayışın verilməsindən cavabdehin imtina etməsinin əsassız və qanunsuz hesab edilməsi və belə bir arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu akt mahiyyətcə texniki əlavə (iştirak xarakterli) sənəddir, çünki torpaq sahəsinin bələdiyyə tərəfindən maraqlı şəxsə satılması üçün hüquqi əsas sayılmır. Burada da cavabdeh “İnzibati icraat haqqında” AR Qanunu 15.1 və 15.2 maddələrinin tələblərinə zidd olaraq aşkar surətdə formal tələblərdən suiistifadə edir. Qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Bələdiyyənin Sərəncamı (torpaq sahəsinin satılması üçün hüquqi əsası olan sənəddir) və bununla əlaqədar qeyd etmək lazımdır ki, bələdiyyə orqanının daşınmaz əmlaka hüququn yaranmasına dair bu aktı qanunvericiliklə müəyyən olunmuş qaydada etibarsız sayılmamışdır (Qanunun 15.1.4 maddəsi) və məhz bu akt torpaq sahəsi üzrə mülkiyyət hüququnun mərhum atasına məxsusluğunun tanınması üçün əsas sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9600/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Səbail bələdiyyəsinin 572 №-li, 30 dekabr 2004-cü il tarixli Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X1 adına sənədləşdirilməsi qərara alınmışdır. 8 iyun 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan pay almalıdır. İddiaçı Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən verilmiş qərar və torpaq sahəsinin yerləşmə cizgisi də təqdim edilməmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddianın təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş üzrə tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İ və İİ hissə). “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Maddə 4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; .... 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “....Səbail Bələdiyyəsi torpaq sahəsinin Bələdiyyə ayrılmış torpaqlara aid olmasına dair hər hansı sübut təqdim etməməklə yanaşı, məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubunda vətəndaş X2 3xx.xx.2004-cü il tarixli 572 saylı Sərəncamı və aidiyyatı sənədlərin Bələdiyyənin hazırda mövcud olan arxiv məlumat bazasında aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi, ayrılması iddia edilən torpaq sahəsinin ümumiyyətlə Səbail Bələdiyyəsinə Bakı şəhər İcra Hakimiyyəti tərərindən ayrılmış torpaqlara aid olması təsdiq olunmur.” Birinci instansiya məhkəməsi tərəfindən Səbail bələdiyyəsinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Dövlət Arxivinin Bakı Filialına, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə müvafiq sorğular verilmiş, həmin sorğulara cavab əsasında bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirməsi, bu barədə qərar qəbul edilməsi, torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməsi müəyyən edilməmişdir. Halbuki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Bələdiyyə torpağının mülkiyyətə verilməsi bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda qəbul edilmiş bələdiyyənin qərarına əsasən həyata keçirilir Yuxarda da qeyd edildiyi kimi, iddiaçıya torpaq ayrılması barədə hər hansı iclas keçirilməyi, bununla bağlı qərar qəbul edilməsi məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. İş materiallarında olan Səbail Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş X2 3xx.xx.2004-cü il tarixli 572 saylı Sərəncamı və aidiyyatı sənədlər Bələdiyyənin hazırda mövcud olan arxiv məlumat bazasında aşkar edilməmişdir. Eyni zamanda, cavabdehin imtina əsaslarından biri də elektron kadastr məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağı və bələdiyyə ərazisi olmasıdır. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq sorğular verilmiş, lakin Səbail Bələdiyyəsi torpaq sahəsinin Bələdiyyə ayrılmış torpaqlara aid olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin Kollegiya bildirir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədin əsli deyil, surəti təqdim edilmişdir. Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasına dair arayış təqdim edilsə də, hüquqmüəyyəedici sənədin arxiv əsaslarının olmaması bu arayışın mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya birinci instansiya məhkəməsinin (iddiaçı torpaq sahəsinə hüququn qeydə alınması üçün hüquqmüəyyənedici sənədə malik olmamaqla yanaşı, ayrılması iddia edilən torpaq sahəsinin Səbail Bələdiyyəsinə verilmiş torpaqlara aid olması da sübuta yetirilmir) mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya şikayətində iddianın əsaslı olmasına dair hər hansı mötəbər dəlil qeyd edilmədiyindən, mübahisələndirilən qərar əsaslı və qanuni olduğundan həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin : 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçının apelyasiya şikayəti isə formal mülahizələrə söykəndiyindən, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9600/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar