Məhkəmə qərarları › İş №2-1(103)-661/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-661/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-661/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, nümayəndəsi X3 və 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs “xxxx” Kompani MMC) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1139/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “xxxx” Kompani MMC-nin üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 13 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1139/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “xxxx” Kompani MMC-nin üçüncü şəxs qismində göstərilməklə sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə prosesi barədə məhkəmə bildirişi iddiaçının ünvanına göndərilsə də, məktub geri qayıtmışdır. Qanunvericiliklə məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifə lazımınca icra edilməmiş, iddiaçının məhkəmə proseslərində iştirakı təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı ilə 3-cü şəxs arasında bağlanmış müqavilə ilə razılıq əldə olunduğuna əsaslanmışdır. İş materiallarında İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlanan notarial qaydada ərizəsi var. Həmin ərizəyə əsasən iddiaçı ilə üçüncü şəxs arasında müqavilə bağlanıb razılıq əldə olunması qeyd olunmuşdur. Lakin üçüncü şəxs əldə olunan razılaşmaya tam əməl etməmişdir. Odur ki, iddiaçı notariat qaydasında verdiyi ərizələrdən imtina etmişdir. Yəni, iddiaçı birinci instansiya məhkəməsində öz iradə ifadəsini bildirməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığını qeyd etmişdir. Halbuki, iddiaçı keçirilən iclaslar barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bakı İnzibati Məhkəməsi ona ünvanlanmayan ərizəyə əsaslanaraq və iddiaçının məhkəmə iclasında iştirakını lazımi qaydada təmin etmədən maddi və prosessual hüquq normalarını pozmaqla qərardad qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmiş, ona istinad olunmuşdur ki, iddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti, maraqlı şəxs “xxxx” Kompani MMC-yə qarşı verilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 13 saylı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. İddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» xx xxxxx 2014-cüil tarixli qərarında göstərilmişdir ki, «İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur.» Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün tətbiqinin şərtlərini müəyyən etmişdir. İstinad olunan normanın tələbinə görə iddianın geri götürülmüş sayılması üçün əsas şərt şəxsin 30 gündən artıq müddətə məhkəmə icraatından yayınmasıdır. İşin materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə eyni zamanda məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək cavabdehin xx xxxxxx 2015-ci il tarixli, 13 saylı sərəncamının icrasının dayandırılması və iddia tələbi üzrə yekun qərar qəbul edilib qanuni qüvvəsini alanadək Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 945-ci məhəllədə Xan Şuşinski küçəsi və S.Rəhman küçəsinin kəsişməsində üçüncü şəxs tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(82)- 2635/2017 saylı qərardadı ilə ərizə təmin edilmiş, Həmin qərardaddan üçüncü şəxs şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-2092/2017 saylı qərardadı ilə şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(82)-18/2019 saylı qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, bundan sonra, üçüncü şəxs “X5” MMC məhkəməyə vəsatət təqdim edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” xx xxx 2017-ci il tarixli, 2-1(82)-2635/2017 saylı qərardadının ləğv edilməsinə dair yeni qərardad qəbul olunmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 18/2019 saylı qərardadı ilə üçüncü şəxs tərəfindən verilmiş vəsatət təmin edilmiş, birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadı ləğv olunmuşdur. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2- 1(103)-2315/2019 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla üçüncü şəxsin vəsatəti təmin edilməmişdir. Sonuncu qərardaddan üçüncü şəxs kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, daha sonra üçüncü şəxs ərizə təqdim edərək bildirmişdir ki, zərurət aradan qalxdığından Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2315/2019 saylı qərardadından verdiyi kassasiya şikayətindən imtina edir. Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2-1(102)-872/2020 saylı üçüncü şəxs “X5” MMC-nin direktoru Əli Əliyev tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-872/2019 saylı qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri gaytarılmış və kassasiya icraaatına xitam verilmişdir. İş müvvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2315/2019 saylı qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında olarkən iddiaçı tərəfindən Ali Məhkəməyə xx xxxxxx 2020-ci il tarixli ərizə ünvanlanaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması xahiş olunmuşdur. Hazırkı iş birinci instansiya məhkəməsinə daxil olduqdan sonra ilk məhkəmə iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş, mövcud pandemiya vəziyyəti ilə əlaqədar məhkəmə iclası keçirilməmiş və işin baxılması xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə bildirişinin göndərildiyi zərf ünvana çatdırılmadan geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Buna görə də belə qarardadın çıxarılmasından öncə məhkəmə mütləq iddiaçı tərəfə ünvanlanmış və onun qaldırdığı iddianın taleyi baxımından ciddi prosessual nəticələrlə üzləşə biləcəyini özündə aydın əks etdirən tələb irəli sürməlidir. Məhkəmənin həmin tələbi isə iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır. Yalnız məhkəmənin tələbinin iddiaçı tərəfə çatdırıldığının sübut olunduğu və digər şərtlərin ödənildiyi hallarda iddia məhkəmə tərəfindən geri götürülmüş sayıla bilər. Hazırki halda, iddiaçının 30 gündən artıq müddətə məhkəmə icraatından yayınması halı öz təsdiqini tapmır. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasında iştirakını təmin etmədən iddiaçı tərəfindən Ali Məhkəməyə ünvanlanmış ərizəni iddianın geri götürülmüş sayılması barədə ərizə kimi qəbul edərək Azərbaycan Respublikası İPM-nin 55-ci maddəsinə əsasən işin icraatına xitam vermişdir. 12 fevral vəxx xxxxxx 2020 ci il tarixli iddiaçı tərəfindən verilmiş ərizələrdə iddiaçı üçüncü şəxs ilə arasında razılıq əldə olunduğunu qeyd edərək, müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməsi barədə qərardadların ləğv edilməsini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etsə də, apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı notariat qaydasında verdiyi həmin ərizələrdən sonradan imtina etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə iddianın geri götürülməsi barədə hər hansı ərizə ünvanlanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə icraatından yayınması işin materiallarından müəyyən edilmədiyindən, hazırki iddianın geri götürülmüş sayılması üçün Azərbaycan Respublikası İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmamışdır. Odur ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin iş üzrə qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 87, 89-90, 94-cü maddələrini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1139/2020 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar