Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-661/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “qeydiyyata alınma və şəxsiyyət vəsiqəsinə dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(112)-10245/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında“ Qanunun tələblərini rəhbər tutmaqla İddiaçı ünvan 1i ünvanına (X1 məxsus fərdi yaşayış evinə) qeydiyyata alınması və bu barədə şəxsiyyət vəsiqəsinə dəyişiklik edilməsi öhdəliyinin (vəzifəsi) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə riayət etməklə bütün lazımi sənədlərlə birlikdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə qeydiyyat ünvanını dəyişmək üçün müraciət etmiş, lakin bütün lazımi sənədləri təqdim etməsinə baxmayaraq qanunsuz olaraq İddiaçı ünvan 1i ünvanı üzrə qeydiyyata almasından imtina edilmiş və rəsmi qaydada imtina tələb olunsa da, verilməmişdir. Qeydiyyata almamanın səbəbi ilə bağlı bildirilmişdir ki, hərbi xidmətə getməyən şəxslərin qeydiyyata alınmaması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmri var. Lakin həmin əmrin təqdim olunmasını tələb etdikdə, əmri təqdim edə bilməmişlər. Azərbaycan Republikası Qəbələ Rayon İcra Hakimiyyəti X2 Ərazi Dairəsinin xx.xx.2022-ci il tarixli, 535 saylı təsərrüfat kitabından çıxarışdan görünür ki, İddiaçı təsərrüfatda qeydiyyatda olanlar siyahısına alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya göndərilən xx.xx.2022-ci il tarixli, 018-10282A-3222 saylı məktubda qeyd olunmuşdur ki, “Çağırışçıların və Hərbi vəzifəlilərin qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 213 saylı qərarının tələblərinə əsasən Daxili İşlər Nazirliyinin müvafiq qurumları çağırışçıları və hərbi vəzifəliləri yalnız hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata alınma və hərbi qeydiyyatdan çıxarılma barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdırlar. Odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli ərazi xidməti tərəfindən qeydiyyata alındıqdan sonra yaşayış yeri üzrə qeydiyyatının dəyişdirilməsi ilə bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi məsələsinə baxılacaqdır. Göründüyü kimi, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinə yönləndirilmiş və bildirmişlər ki, “ilkin olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli ərazi xidməti iddiaçını qeydiyyata alsın, sonra şəxs qeydiyyata alınacaqdır.” Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə məktubunda bildirmişdir ki, çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması xidmətinin təmin olunmasına əsas yaradan rəsmi təsdiqedici müraciət formasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketin və ya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin həmin şəxslərin Xidmətin qeydiyyatda olduqları aidiyyəti struktur bölmələrinə (və ya Xidmətin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən səlahiyyətli nümayəndələrinə) təqdim olunması tələb olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqlı olaraq qeyd edir ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi qeydiyyat ünvanını dəyişmədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsi hərbi qeydiyyata ala bilməz. Yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketinin verilməsi artıq ləğv olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(112)-10245/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsini dəyişmək üçün 1 saylı “ ASAN xidmət” mərkəzinə müraciət etmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi vətəndaşı qeydiyyata almaqdan imtina edərək, onun ərizəsini aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərmişdir. Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi rəsmi qaydada iddiaçıya cavab vermişdir ki, onun ərizəsinə baxılmış və qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli ərazi xidməti tərəfindən hərbi qeydiyyata alındıqdan sonra yaşayış yeri üzrə qeydiyyatın dəyişdirilməsi ilə bağlı yeni şəxsiyyət vəsiqəsi verilməsi məsələsinə onlar tərəfindən baxılacaqdır. Qəbələ Rayon Polis Şöbəsi isə iddiaçının müraciətinə rəsmi qaydada cavab verərək bildirmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin QMQ-da şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti olmadığından ərizənizi bir dəfəlik qeydiyyata düşmək üçün müraciət etdiyiniz 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə yönəltməyiniz məqsədəmüvafiqdir. Qəbələ Regional “ASAN xidmət” mərkəzinin 06 sentyabr 2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda isə qeyd olunmuşdur ki, qeydiyyata alınma barədə vətəndaş İddiaçı müraciəti baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir. Beləliklə bir daha sübut olunur ki, hazırki iş üzrə iddiaçı düzgün cavabdehə qarşı iddia irəli sürmüşdür. İş materiallarından görünür ki, iddia ərazi aidiyyatı qaydalarına uyğun olaraq həm inzibati orqanın yerləşdiyi yer üzrə, həm də şəxsin yaşayış yeri üzrə düzgün olaraq Bakı İnzibati Məhkəməsində qaldırılmışdır. İş materiallarından görünür ki, hazırki iş üzrə səlahiyyətli inzibati orqan - Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsidir. İş materiallarından görünür ki, iddiaçının yaşayış yeri Bakı şəhəridir. İş materiallarına əlavə olunan 10 sentyabr 2022-ci il tarixli sorğuya cavabdan görünür ki, Qəbələ Rayon Polis Şöbəsində şəxsiyyət vəsiqəsi vermək və qeydiyyata salmaq fəaliyyəti həyata keçirilmir. Qanunvericilikdən görünür ki, birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. Məhkəmə iclasında sədrlik edən hakimə əgər “yanlışımız varsa, aidiyyəti üzrə göndərməyinizi xahiş edirik” cümləsinə də hakim müsbət yanaşmamış və iddiamızı əsassız olaraq mümkün hesab etməməklə kifayətlənməmiş, hətta aidiyyəti üzrə də göndərməmişdir. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, iddiaçı hazırda Qəbələ rayonunun Vəndam kəndi üzrə qeydiyyata alınması tələbi irəli sürdüyündən, deməli, bu tələbə cavab verməli inzibati orqan həmin yerin səlahiyyətli qurumu olan Qəbələ rayon Polis Şöbəsidir. Lakin iddiaçı hazırkı iddianı həmin inzibati orqana qarşı deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı irəli sürmüşdür. Həm Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin, həm Qəbələ regional ASAN xidmət mərkəzinin, həm Qəbələ Rayon Polis İdarəsinin rəsmi məktublarıdan görünür ki, qeydiyyata alma məsələsi barədə tək səlahiyyətli orqan - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsidir, İddiaçı iddiasını düzgün məhkəmə aidiyyatı üzrə və düzgün cavabdehə qarşı qaldırmışdır. Qaldırdıqları iddia əsaslı olsa belə birinci instansiya məhkəməsi yardım etmək vəzifəsini də yerinə yetirməyərək mübahisənin aidiyyətini müəyyənləşdirməmiş və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərmək əvəzinə iddianı mümkün hesab etməmişdir. Halbuki, iddianın İPM-nin tələblərinə riayət etməklə tam düzgün qaydada Bakı İnzibati Məhkəməsində qaldırmışlar. Hesab edirik ki, hazırki inzibati işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(112)-10245/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, qanunvericiliyə əsasən şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması müvafiq ərizə ilə müraciət edilən ünvanın (yerin) Daxili İşlər Nazirliyinin ərazi polis idarələri tərəfindən həyata keçirilir. İddiaçı hazırda Qəbələ rayonunun Vəndam kəndi üzrə qeydiyyata alınması tələbi irəli sürdüyündən, deməli, bu tələbə cavab verməli inzibati orqan həmin yerin səlahiyyətli qurumu olan Qəbələ rayon Polis Şöbəsidir. Lakin iddiaçı hazırkı iddianı həmin inzibati orqana qarşı deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı irəli sürmüşdür. Bundan başqa, hazırkı iddia qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. Lakin iş materiallarından iddiaçının hazırkı tələblə Qəbələ rayon Polis Şöbəsinə müraciət etməsi müəyyən olunmur. Apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsini dəyişmək üçün 1 saylı “ ASAN xidmət” mərkəzinə müraciət etmiş, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi vətəndaşı qeydiyyata almaqdan imtina edərək, onun ərizəsini aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərmişdir. Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi rəsmi qaydada iddiaçıya cavab vermişdir ki, onun ərizəsinə baxılmış və qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli ərazi xidməti tərəfindən hərbi qeydiyyata alındıqdan sonra yaşayış yeri üzrə qeydiyyatın dəyişdirilməsi ilə bağlı yeni şəxsiyyət vəsiqəsi verilməsi məsələsinə onlar tərəfindən baxılacaqdır. Qəbələ Rayon Polis Şöbəsi iddiaçının müraciətinə rəsmi qaydada cavab verərək bildirmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin QMQ-da şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti olmadığından ərizənizi bir dəfəlik qeydiyyata düşmək üçün müraciət etdiyiniz 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə yönəltməyiniz məqsədəmüvafiqdir. Qəbələ Regional “ASAN xidmət” mərkəzinin 06 sentyabr 2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda isə qeyd olunmuşdur ki, qeydiyyata alınma barədə vətəndaş İddiaçı müraciəti baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir. Göründüyü kimi, iddiaçının “qeydiyyata alınma və şəxsiyyət vəsiqəsinə dəyişiklik edilməsi” ilə bağlı bir sıra orqanalara, o cümlədən Qəbələ Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciətləri olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(112)-10245/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-661/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-661/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver