Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-661/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11636/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (“öz arzusu ilə” maddəsi ilə) ehiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı artıq 25 ildir Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. 20-ci ildir ki, zabit kimi həqiqi hərbi xidmət keçir. Hazırda N №-li hərbi hissədə “mayor” hərbi rütbəsində zabit qismində xidmət edir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin raportu rəsmi qaydada cavablandırılmamışdır. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinə, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanına etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsi ilə müraciət edərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin bu müraciətindən sonra da ona heç bir rəsmi məlumat verilməmişdir. Nəticədə bu günədək hərbi xidmətdən ehtiyata buraxılmamışdır. Hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş müraciət etmə və hərbi xidmətdən ehtiyata buraxılma hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-11636/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1980-ci ildə anadan olmuşdur. 1997-ci il Ali Hərbi Təyarəçilik Məktəbininə qəbul olmuş və 2003-cü ildən Ali Hərbi Təyarəçilik Məktəbini bitirmişdir. Həmin vaxtdan da Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində X2 xidmətində mühəndis vəzifəsində xidmət edir. Qeyd etmək lazımdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda İddiaçı peşəkar və təcrübəli zabit olmasını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmasını və hal-hazırda Silahlı Qüvvələrdə xidmət etməsini nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar məqsədə uyğun hesab edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən, mayor hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda, mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (geyim formasını daşımaq hüququ ilə) onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinə, Müdafiə nazirinin müavini-Hərbi X1 “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 88 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Ordusunda xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixədək müdavim, xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixədək kursant, xx.xx.2003-cü il tarixdən zabit kimi və xx.xx.2004-cü il tarixdən N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdədir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun: 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular, öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin: 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər. 155-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. 156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. 160-cı bəndinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, ali zabit heyəti - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları vaxtından əvvəl (bu Əsasnamənin 15-ci maddəsi) səhhətlərinə görə - hərbi hissə komandiri, ona bərabər və ondan yuxarı olanlar tərəfindən, ailə vəziyyətlərinə görə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən; gizirlər və miçmanlar - Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən; zabitlər (ali rütbəli zabitlərdən başqa) - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 88 nömrəli arayışa əsasən İddiaçı Azərbaycan Ordusunda xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixədək müdavim, xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixədək kursant, xx.xx.2003-cü il tarixdən zabit kimi və xx.xx.2004-cü il tarixdən N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdədir. İddiaçı hərbi xidmətdə olduğu N nömrəli hərbi hissənin komandirinə xx.xx.2023-cü il tarixli raportla müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin iddiaçının ehtiyata buraxılması üçün yuxarı komandanlığa müvafiq təqdimat göndərilməmiş, göndərilməmə səbəbləri barədə ona məlumat verilməmiş, iddiaçının ehtiyata buraxılması ilə bağlı müvafiq qərar qəbul edilməmiş və cavabdeh inzibati orqan bunun səbəbləri barədə məhkəməyə məlumat və ya müvafiq sənədləri təqdim etməmişdir. Cavabdeh inzibati orqan iddia ərizəsinə etirazda və apellyasiya şikayətində qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir, iddiaçının peşəkar və təcrübəli zabit olmasını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmasını və hal-hazırda Silahlı Qüvvələrdə xidmət etməsini nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar məqsədə uyğun hesab edilməmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 20 ildən çoxdur zabit kimi xidmət edir. Sadalanan qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, iddiaçının zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabit kimi öz arzusu ilə ehtiyata buraxılmaq hüququ vardır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11636/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-661/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-661/2024
17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver