Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-662/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Tağıyeva Nailə Tağı qızının iştirakı ilə, İddiaçı (VÖEN – **********; Hüquqi ünvanı - AZ1050, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı ştq, Əli Məmmədov (Yeni Suraxanı qəs.), ev 6; Qanuni təmsilçisi – X4; dövlət qeydiyyatına alındığı tarix – 12.12.1995-ci il) cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs “xxxx”ASC) “torpaq sahəsinin hasarlanmasına mane olan hərəkətlərdən çəkinmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 17.03.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı ‘İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, ünvan 3 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində cavabdehin icazəsi və göstərişi ilə çəkilmiş asfalt yolun və cavabdehin icazəsi ilə üçüncü şəxs tərəfindən torpaq sahəsindən çəkilmiş kanalizasiya xətlərinin cavabdehin və üçüncü şəxsin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehə və üçüncü şəxsə həvalə edilməsi və cavabdehin iddiaçı tərəfindən istifadəsində olan qeyd edilən torpaq sahəsinin hasarlanmasına mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 12.12.1995-ci ildə təsis edilmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün vergi orqanı tərəfindən müəssisəyə ********** saylı VÖEN verilmişdir. "İddiaçı” ÇKM 1987-1989-cu illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ona ayrılmış torpaq sahəsini təyinatı üzrə istifadə etmək əvəzinə, 2000-ci ildən başlayaraq bu günə kimi vaxtını dövlət tərəfindən ona verilmiş istifadə hüququnun dövlət qeydiyyatına alınması və torpaq sahəsini zəbt etmiş kənar şəxslərdən boşaldılmasına, hətta vaxtını Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikası ƏMDK DƏDRX 1 Saylı Bakı Ərazi İdarəsi ilə və hazırda İcra Hakimiyyəti ilə boş yazışmalara və məhkəmə mübahisələrinə sərf etmək məcburiyyətində qalmışdır.Uzun məhkəmə çəkişmələrindən sonra qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2017-ci il tarixli 2-1(82)95/2017 saylı qərarı ilə "İddiaçı” ÇKM-nin Bakı şəhəri, ünvan 3 saylı ərazidə yerləşən 1,0 ha. torpaq sahəsi üzərində daimi istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 11.12.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində 882 nömrəli reyestr kitabının 83612 saylı vərəqində qeydiyyata alınaraq, bu barədə iddiaçıya dövlət reyestrindən elektron çıxarış verilmiş, eyni zamanda 11.12.2019-cu ildə həmin torpaq sahəsinə dair A seriyalı 456494 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Göründüyü kimi, iddiaçının daimi istifadə hüququ dövlət səviyyəsində tanınmış və sonra bu barədə müvafiq çıxarış verilmişdir. Müəssisəsiyə məxsus torpaq sahəsini kənar şəxslər tərəfindən təkrar zəbt edilməsinin qarşısını almaq və sahibkarlıq fəaliyyətini nəhayət bərpa edərək kənd təsərrüfatı məhsulların istehsalı ilə sərbəst məşğul olmaq məqsədlə, iddiaçı 13 dekabr 2019-cu və 27.01.2020-ci il tarixlərində Suraxanı rayon İcra Hakimiyyətinə və 6/T-57-076 nömrəli, 27.01.2020 tarixli ərizə ilə cənab Z.Nəğdəliyeva müraciət etmişdir. Cənab Z.Nəğdəliyevin qəbulunda olduqda deyilmişdir ki, kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvəqqəti tikililər, o cümlədən də hasar, torpağın kateqoriyasını nəzərə alaraq quraşdırmağa icazə verilir. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən isə torpaq sahəsinin təyinatı “kənd təsərrüfatlı təyinatlı torpaqlardan" kateqoriyasına aid olmasına istinad edərək hasar tikməyə icazə verilməmişdir. 06.07.2020-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyətlər nəticəsində İddiaçı ÇKM-yə dəymiş 400.000 min (dörd yüz min) manat zərər və əldən çıxmış gəlir, 50.000 (əlli min) manat kompensasiya və 100.000 (yüz min) manat mənəvi zərər cəmi 550.000 (beş yüz əlli min) manat İddiaçı ÇKM-yə ödənilməsini cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı 04.11.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı ‘İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, ünvan 3 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində çəkilmiş asfalt yolun və kanalizasiya xətlərinin cavabdehin və üçüncü şəxsin vəsaiti hesabına sökülüb əvvəlki olan vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehə və üçüncü şəxsə həvalə olunmasını, İddiaçı ÇKM-nin istifadəsində olan torpaq sahəsinin hasarlanmasına mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin cavabdehə həvalə edilməsini, cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində İddiaçı ÇKMyə dəymiş 100 000 manat zərər və əldən çıxmış gəlir, 50 000 manat kompensasiya və 100 000 manat mənəvi zərər, cəmi 250 000 manat İddiaçı ÇKM-yə ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərardadı ilə iddia “iddiaçı ‘İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, ünvan 3 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində cavabdehin icazəsi və göstərişi ilə çəkilmiş asfalt yolun və cavabdehin icazəsi ilə üçüncü şəxs tərəfindən torpaq sahəsindən çəkilmiş kanalizasiya xəttlərinin üçüncü şəxsin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin üçüncü şəxsə həvalə edilməsi” hissəsində və “ cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyətlər nəticəsində İddiaçı ÇKM-yə dəymiş 100.000 min (yüz min) manat zərər və əldən çıxmış gəlir, 50.000 (əlli min) manat kompensasiya və 100.000 (yüz min) manat mənəvi zərər cəmi 250.000 (iki yüz əlli min) manat İddiaçı ÇKM-yə ödənilməsini cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” hissəsində mümkün sayılmamışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia qismən təmin edilmiş, İddiaçı istifadəsində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin səmərəli təşkil edilməsi üçün yüngül konstruksiya ilə çəpərlənməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 07.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə isə iş üzrə qərar qəbul edərkən tələbin təmin olunmayan hissəsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsində kanalizasiya xəttlərinin və asfaltın məhz cavabdeh tərəfindən çəkilməsi iş materialları ilə sübut olunmamışdır. Halbuki bir il ərzində aparılmış araşdırmalarda cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin ardıcıl olaraq bir birini inkar edən ifadələri gah Prezidentin tapşırığına əsasən ərazidə “abadlaşdırma” işlərin aparılmasına, gah "xxxx”ASC tərəfindən özbaşına kanalizasiya xəttin çəkilməsinə, gah da həmin işlərin 2019-cu ilin oktyabr ayında görülməsinə və ərazinin kooperativə məxsus olmasından xəbərləri olmamasına istinad etməsi real vəziyyəti əks etdirmir. Məhkəmənin axırıncı məhkəmə iclasında cavabdehin nümayəndəsi işlərin gedişatının tarixini göstərən fotoşəkillərə zidd olaraq kanalizasiya xəttlərinin və asfalt yolun çəkilməsinə dair tikinti işlərini güya 2019-cu ilin oktyabr ayında, yəni müəssisənin torpaq sahəsinə Çıxarışın alma tarixindən əvvəl görülmüşdür. Reallığı əks etdirməyən tamamilə absurd bir hal. Məhkəmənin anlayışı ilə belə çıxır ki, dövlət qurumları tərəfindən iş adamlarına sahibkarlıq fəaliyyəti göstərməsində maneəçilik törətmək mümkündür, eyni zamanda dövlət qurumlarının qanunsuz hərəkətlərin nəticəsində pozulmuş hüquqların bərpasının onlardan tələb etmək mümkünsüzdür. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Cavabdeh və üçüncü şəxs tərəfindən qərarın iddianın təmin olunan hissəsindən apellyasiya şikayəti verilməmişdir. İş materiallarında olan: - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin dövlət reyestrindən çıxarışa əsasən Vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnaməyə əsasən İddiaçı 12.12.1995-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 torpaq sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2017-ci il tarixli 21(82)-95/2017 saylı qərarı ilə İddiaçı xeyrinə yüklü edilmişdir. - cavabdeh inzibati orqan iddiaçının müraciətinə verilən imtina məktubunda göstərmişdir: “ünvan 2 ünvanında yerləşən 1,0 ha torpaq sahəsinin hasara alınmasına münasibət bildirilməsi haqqında ərizənizə Suraxanı rayon icra Hakimiyyətində baxılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.12.2019-cu il tarixli çıxarışa (reyestr nömrəsi **********59) əsasən ünvan 3 ünvanında yerləşən 1,0 ha torpaq sahəsinin təyinatı (kateqoriyası); “Kənd təsərrüfatı təyinatlı torpaqlar”, mülkiyyət növü: “dövlət” olmaqla “xxxx” X1 istifadəsinə verilmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndində kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırılmasına yol verildiyi nəzərə alınaraq əsaslı tikililərin inşası məqsədəuyğun hesab edilmir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş imtina məktubunun əsasını Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndi - torpaq sahəsində əsaslı tikililərin inşasının məqsədəuyğun hesab edilməməsi təşkil edir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı müraciətində əsaslı tikilinin inşa edilməsini deyil, yalnız torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsinin tələb etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Məhkəmə Kollegiyası iddia tələbinin təmin edilməyən - “İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 8ci döngə, 12C saylı ərazidə yerləşən 1,0 hektar torpaq sahəsində çəkilmiş asfalt yolu və kanalizasiya xətlərini cavabdehin vəsaiti hesabına söküb əvvəlki olan vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı torpaq sahəsində çəkilmiş asfalt yolunun və kanalizasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülməsini tələb etsə də, həmin işlərin cavabdeh tərəfindən görülməsini təsdiq edən hər hansı sənəd-sübutu iş materiallarına əlavə etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin təmin olunmayan hissəsini əsaslandıran sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərarı mübahisələndirilən hissədə (iddia tələbinin rədd olunmuş hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-662/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-662/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver