Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-662/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz filialına qarşı “güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4061/2021 saylı 11.10.2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 25-28 yanvar 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşı tamam olduğu tarixdən, yəni 15.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Laçın rayonunda doğulmuşdur. İddiaçı 22.10.1978-ci ildən 21.10.1980-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı 04.03.1981-ci ildən 01.04.1982-ci ilə qədər Azərbaycan SSR DİN Tikinti İdarəsinin 2№-li tikinti idarəsində 2-ci dərəcəli fəhlə, 01.04.1982-ci ildən 28.06.1985-ci ilə qədər həmin idarədə bənna, 16.12.1985-ci ildən 21.07.1986-cı ilə qədər Bakı şəhəri, keçmiş Oktyabr rayonu, 64 saylı mənzil istismar sahəsində çilingər-qaz qaynaqçısı, 25.03.1987-ci ildən 01.06.1987-ci ilədək Bakı şəhəri, Bünyad Sərdarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, 01.06.1987-ci ildən 23.03.1990-cı ilədək Metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər, 23.03.1990-cı ildən 16.05.1990-cı ilədək 1 saylı sexdə 2ci dərəcəli elektrik-qaz qaynaqçısı,16.05.1991-ci ildən 03.02.1992-ci ilə qədər həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, 03.02.1992-ci ildən 01.02.1993-cü ilədək köçürmə yolu ilə “Ulduz-2” Kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.02.1993-cü ildən 01.01.2003-cü ilə qədər Bünyad Sərdaraov adına maşınqayırma zavodunun 1№-li metal konstruksiya yığma qaynaqlama sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.01.2003cü ildən 01.01.2005-ci ilə qədər "xxxx" TASC-də TASC-nin 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Bir müddət iddiaçı əmək fəaliyyətinə fasilə vermiş və 16.01.2012-ci ildən fərdi sahibkar kimi fəaliyyət göstərməkdədir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı Qarabağ müharibəsi veteranıdır. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Bundan sonra iddiaçı ilk dəfə 03.04.2018-ci il tarixdə keçmiş DSMF-nin Qaradağ rayon şöbəsinə müraciət etmiş lakin ona pensiya təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı 11.12.2020-ci ildə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 22.01.2021-ci il tarixli cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğində aşağı olmayan pensiya təminatına imkan verməməsi qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasından görünür ki, o, şəxsə 60 yaşı tamam olan tarixdən pensiya təyin olunmalı olduğu qənaətinə gəlmiş və hazırda qüvvədə olan qanunvericiliyə istinad edərək şəxsin minimum pensiya kapitalı normasına riayət edilməməsini əsas göstərmişdir. Halbuki cavabdeh inzibati orqan iddiaçıya 60 yaşdan deyil 57 yaşdan və həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməli idi. Şəxsə 57 yaşdan pensiya təyin edilməsi üçün 2 hal mövcud olmalı idi. 1) 01.01.2006-cı ilə qədər şəxsin 25 il ümumi iş stajına malik olması; 2) 01.01.2006-cı ilə qədər şəxsin 12 il 6 ay güzəştli iş stajının olması; İddia ərizəsinə əlavə edilmiş iddiaçının əmək kitabçasının və hərbi biletinin rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, iddiaçının 01.01.2006-cı ilə qədər 26 il 2 ay 10 gün ümumi iş stajı və B.Sərdarov adına maşınqayırma zavodu tərəfindən verilmiş arxiv arayışından görünür ki, iddiaçının 01.01.2006-cı ilə qədər 15 il 09 ay 0 gün güzəştli iş stajı mövcuddur. Belə ki, iddiaçının zavodda işlədiyi “elektrik qaynaqçısı” və “elektrik qaz qaynaqçısı” vəzifələri Azərbaycan Respublikası NK-nin 23.01.2007-ci il tarixli, 12№-li qərarı ilə təsdiq edilmiş siyahının metal emalı adlanan 11-ci bölməsinin 5-ci yarımbölməsinin “qaynaq işlərini yerinə yetirən, əllə qaynaq edən elektrik qaynaqçıları (elektrik-qaz qaynaqçıları) peşəsinə uyğundur. Qeyd olunanlara əsasən 57 yaşı tamam olduğu tarixdən, yəni 15.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni 15.09.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4061/2021 saylı 11.10.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni 15.09.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi vaxtdan (11.12.2020-ci il tarixdən) 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim: F.Mədətli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən, yəni iddianın təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddianı qismən təmin edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri əsasında mübahisəni həll etmişdir. Bununla bağlı məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, mübahisələndirilən məhkəmə qərarına əsasən iddiaçıya pensiya ödənişinin hüququ yarandığı tarixdən yox, müraciət etdiyi tarixdən əvvəlki son üç ilin pensiya məbləğinin ödənilməsi öz əksini tapmışdır. Bildiyimiz kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2021-ci il tarixli Qərardadı mövcuddur. Həmin qərardada əsasən iş üzrə qərarlar qəbul edilərkən pensiya ödənişinin müraciət edildiyi tarixdən əvvəlki 3 ili üçün ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20.11.2020-ci il və 14.10.2020-ci il tarixli qərarlarının Azərbaycan Respubliaksı Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23.09.2021-ci il tarixli Qərarı ilə” bir sıra yeni reallıqlar ortaya çıxmışdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarından belə aydın olur ki, məhkəmələr pensiyanın ödəniş müddətinin təyin edən zaman işə başdan sovdu yanaşmamalı və hər iş üzrə müraciətin hansı səbəbdən gec olunmasının səbəblərini araşdırmalıdır. İş materiallarından görünür ki, iddiaçının pensiya hüququ 2012-ci ildən yaranmışdır. Lakin iddiaçı həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, iddiaçı 16.01.2012-ci ildən fərdi sahibkar kimi fəaliyyət göstərməkdədir. Şəxs həmin dövrdə işlədiyinə görə və gələcəkdə daha yüksək məbləğdə pensiya almaq gözləntisi olduğundan bu hüququndan istifadə etməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, şəxs sadə bir vətəndaş olduğundan, yəni zəruri hüquqi biliklərə malik olmadığından, həmçinin ona 52 yaşının tamam olduğu vaxtdan pensiyaya çıxmaq hüququnun olması barədə heç bir dövlət orqanı tərəfindən məlumatlandırılmadığından (halbuki, DSMF orqanının əməkdaşları ölkə vətəndaşlarının sosial təminat hüququnun həyata keçirilməsi üçün bütün tədbirləri görməlidirlər) onun belə bir qanun normasından xəbəri olmamışdır. Hazırkı işin materiallarından göründüyü kimi iddiaçının 2012-ci ildən 2021-ci ilə qədər güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququndan niyə istifadə etməməsi müəvvən olunur. Bu əsasdan hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun son qərarına müvafiq olaraq iddiaçıya pensiya ödənişi məhz onun hüququ yarandığı 2012-ci ildən həyata keçirilməlidir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40798,41 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20811,27 manat təşkil edir. Həmçinin məhkəmə iddiaçının güzəştli stajının müəyyən edilməsində də səhvə yol vermişdir. Belə ki, barəsində şikayət verilən məhkəmə qərarının yeddinci vərəqinin sonuncu abzasında iddiaçının 04.03.1981-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan dövrdə Bakı şəhəri, Bünyad Sərdarov adına maşınqayırma zavodunda işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahının “Metal emalı” adlanan Xİ bölməsinin "Metal emalı üzrə sair peşələr” adlanan yarımbölməsinin (1110400-19906) məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) vəzifəsinə uyğundur və həmin dövrə güzəştli iş stajı 15 il 9 ay 0 gün təşkil etmişdir. Buna baxmayaraq elektrik qaynaqçıları və elektrik qaz qaynaqçıları vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş siyahıda da öz əksini tapmışdır. İşəgötürən tərəfindən təqdim edilən arayışlarda həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapdığı qeyd edilir. Məhkəmə tərəfindən bu ziddiyyətli məsələyə qiymət verilməmiş, elektrik qaynaqçıları və elektrik qaz qaynaqçıları vəzifələrinin hansı halda 1 №-li siyahı ilə, hansı halda 2 №-li siyahı ilə tənzimləndiyi araşdırılmamış, vəzifə funksiyalarının nədən ibarət olduğu aydınlaşdırılmamışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 52 yaşı tamam olduğu tarixdən, yəni 15.09.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və qeyd etmişdir ki, iddiaçının 04.03.1981-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan dövrdə Bakı şəhəri, Bünyad Sərdarov adına maşınqayırma zavodunda işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahının “Metal emalı” adlanan Xİ Bölməsinin “Metal emalı üzrə sair peşələr” adlanan yarımbölməsinin (1110400-19906) məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) vəzifəsinə uyğundur və həmin dövr üzrə güzəştli iş stajı 23 il 15 il 9 ay 0 gün təşkil etmişdir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 15.09.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan НЗ ******* №-li Hərbi Biletin rus dilindən azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 22.10.1978-ci ildən 21.10.1980-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının rus dilindən azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 04.03.1981-ci ildən 01.04.1982-ci ilə qədər Azərbaycan SSR DİN Tikinti İdarəsinin 2№-li tikinti idarəsində 2-ci dərəcəli fəhlə, 01.04.1982-ci ildən 28.06.1985-ci ilə qədər həmin idarədə bənna, 16.12.1985-ci ildən 27.01.1986-cı ilə qədər Bakı şəhəri, keçmiş Oktyabr rayonu, 64 saylı mənzil istismar sahəsində çilingər-qaz qaynaqçısı, 25.03.1987-ci ildən 01.06.1987-ci ilədək Bakı şəhəri, B.Sərdarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, 01.06.1987-ci ildən 23.03.1990-cı ilədək Metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər, 23.03.1990-cı ildən 16.05.1990-cı ilədək 1 saylı sexdə 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı,16.05.1991-ci ildən 03.02.1992-ci ilə qədər həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, 03.02.1992-ci ildən 01.02.1993-cü ilədək köçürmə yolu ilə “Ulduz-2” Kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.02.1993-cü ildən 01.01.2003-cü ilə qədər Bünyad Sərdaraov adına maşınqayırma zavodunun 1№-li metal konstruksiya yığma qaynaqlama sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.01.2003cü ildən 01.01.2005-ci ilə qədər "xxxx" TASC-də TASC-nin 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" ASC "xxxx" TASC tərəfindən tərtib edilmiş 01/082 saylı, 12.05.2016-cı il tarixli Arxiv arayışından görünür ki, İddiaçı 25.03.1987-ci ildən 01.06.1987ci ilədək Bakı şəhəri, Bünyad Sərdaarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, 01.06.1987-ci ildən 23.03.1990-cı ilədək Metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər, 23.03.1990-cı ildən 16.05.1990-cı ilədək 1 saylı sexdə 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı,16.05.1991-ci ildən 03.02.1992-ci ilə qədər həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, 03.02.1992-ci ildən 01.02.1993-cü ilədək köçürmə yolu ilə “Ulduz-2” Kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.02.1993-cü ildən 01.01.2003-cü ilə qədər Bünyad Sərdaraov adına maşınqayırma zavodunun 1№-li metal konstruksiya yığma qaynaqlama sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.01.2003-cü ildən 01.01.2005ci ilə qədər "xxxx" TASC-də TASC-nin 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarın Siyahısının Xİ “Metal emalı” hissəsinin 11.5 Metal emalı bölməsinə əsasən qaynaq işlərini yerinə yetirən əllə qaynaqedən elektrik qaynaqçıları (elektrik-qaz qaynaqçıları) güzəştli şərtlə pensiya hüququna malikdir. İş materiallarında olan "xxxx" ASC "xxxx" TASC tərəfindən tərtib edilmiş 07 saylı, 05.07.2021-cı il tarixli Arxiv arayışından görünür ki, İddiaçı 25.03.1987-ci ildən 01.06.1987ci ilədək Bakı şəhəri, Bünyad Sərdarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, 01.06.1987-ci ildən 23.03.1990-cı ilədək Metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər, 23.03.1990-cı ildən 16.05.1990-cı ilədək 1 saylı sexdə 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı,16.05.1991-ci ildən 03.02.1992-ci ilə qədər həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, 03.02.1992-ci ildən 01.02.1993-cü ilədək köçürmə yolu ilə “Ulduz-2” Kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.02.1993-cü ildən 01.01.2003-cü ilə qədər Bünyad Sərdaraov adına maşınqayırma zavodunun 1№-li metal konstruksiya yığma qaynaqlama sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.01.2003-cü ildən 01.01.2005ci ilə qədər "xxxx" TASC-də TASC-nin 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə 1 №-li Siyahısının “Metal emalı” adlanan Xİ Bölməsinin “Metal emalı üzrə sair peşələr” adlanan yarımbölməsinin (1110400-19906) məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) güzəştli şərtlə pensiya hüququna malikdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22.01.2021-ci il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40798,41 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20811,27 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı 15.09.2012-ci il tarixdə tamam olmuşdur və o, 22.10.1978-ci il tarixdən 21.10.1980-cı il tarixədək (1 il 11 ay 29 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, əmək kitabçasına əsasən 04.03.1981ci il tarixdən 28.06.1985-ci il tarixədək Azərbaycan SSR DİN Tikinti İdarəsinin 2№-li tikinti idarəsində 2-ci dərəcəli fəhlə, bənna (4 il 3 ay 24 gün), 16.12.1985-ci il tarixdən 27.01.1986cı il tarixədək Bakı şəhəri, keçmiş Oktyabr rayonu, 64 saylı mənzil istismar sahəsində çilingər-qaz qaynaqçısı (1 ay 11 gün), 25.03.1987-ci il tarixdən 01.02.1993-cü il tarixədək Bakı şəhəri, Bünyad Sərdarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, çilingər, 1 saylı sexdə 2ci dərəcəli elektrik-qaz qaynaqçısı, həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, köçürmə yolu ilə “Ulduz-2” Kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı (5 il 10 ay 6 gün), 01.02.1993-cü il tarixdən 01.01.2005-ci il tarixədək Bünyad Sərdaraov adına maşınqayırma zavodunun 1№-li metal konstruksiya yığma qaynaqlama sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, həmin zavodda TASC-də TASC-nin 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir (11 il 11 ay). Göstərilən dövr üzrə 01.01.2006-cı il tarixədək ümumi iş stajı 24 il 02 ay 10 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 24 il 02 ay 10 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən İddiaçı Bakı şəhəri, Bünyad Sərdarov adına maşınqayırma zavodunda 23.03.1990-cı ildən 16.05.1990-cı ilədək 1 saylı sexdə 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı (1 ay 23 gün), 16.05.1991-ci il tarixdən 03.02.1992-ci il tarixə kimi həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı (8 ay 17 gün), 03.02.1992-ci ildən 01.02.1993-cü ilədək köçürmə yolu ilə “Ulduz-2” Kiçik müəssisəsində 3cü dərəcəli elektrik qaz qaynaqçısı (11 ay 28 gün), 01.02.1993-cü ildən 01.01.2003-cü ilə qədər Bünyad Sərdaraov adına maşınqayırma zavodunun 1№-li metal konstruksiya yığma qaynaqlama sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı (9 il 11 ay), 01.01.2003-cü ildən 01.01.2005-ci ilə qədər "xxxx" TASC-də TASC-nin 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir (2 il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə 1 №-li Siyahısının “Metal emalı” adlanan Xİ Bölməsinin “Metal emalı üzrə sair peşələr” adlanan yarımbölməsinin (1110400-19906) məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) güzəştli şərtlə pensiya hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçının 01.01.2006-cı il tarixədək 13 il, 9 ay 9 gün güzəştli iş stajı olmuşdur. İşin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod-1110400-19906) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu imtina əsası əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən 9-cu maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin araşdırılmış hallarından da bəllidir ki, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 15.09.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 11.12.2020-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində pensiya ödənişi məhz onun hüququ yarandığı 2012-ci ildən həyata keçirilməli olmasını bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilmiş, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 15.09.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilrərək, müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni 11.12.2020-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının və cavabdehin apelyasiya şikayətlərinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4061/2021 saylı 11.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-662/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-662/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver