Məhkəmə qərarları › İş №2-1(103)-662/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-662/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-662/2024 26.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9715/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2018-ci il tarixdən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 42 il təşkil edir. X1 əldə edilmiş bir sıra arxiv sənədlərindən də görünür ki, o, zərərli peşə sahəsində çöl işlərində fəaliyyət göstərmişdir. Keçmiş SSRİ Nazirlər Sovetinin nəzdində olan Baş Geodeziya və Kartoqrafıya İdarəsinin “Azərbaycanaerogeodeziya" İstehsalat Birliyinin 321 nömrəli X2 mart 1989-cu il tarixli, 28-K nömrəli, iyul 1989-cu il tarixli 69-K nömrəli, aprel 1990-cı il tarixli 24-K nömrəli, mart 1991-ci il tarixli 18-K nömrəli, istehsalat əmrində çöl işlərində işləyən işçi heyətinin siyahısında onun da adı qeyd olunmuşdur. xx.xx.1992- ci il tarixli 3-K nömrəli əmrlə X5 Büro rəhbəri təyin olunmuşdur. xx.xx.2001-ci il tarixədək həmin vəzifədə işləmişdir. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə ümumi iş stajı 15 il 04 ay təşkil edir ki, bunun da 13 il 02 ayı geodeziyatopoqrafiya mühəndisi ixtisasına aiddir. İşlədiyi dövr ərzində Azərbaycan Respublikasının Salyan, Biləsuvar, Cəlilabad, Göytəpə, Masallı, Yardımlı, Lənkəran, Liman, Lerik, Astara və digər rayonları ilə bərabər, Dağıstan MR-da “Sulak Hidro" Elektrik Stansiyasının, Astarxan-İlinkada, Kalmıkiya, Astarxan- Stavropol-Qamışburun 355 kilometrlik qaz kəmərinin çəkilişi ilə əlaqədar topoqrafiya və geodeziya mühəndisi kimi işləmişdir. Eyni zamanda Astarxan, Volqoqrad, Qurev vilayətlərində və Qazaxıstan SSR ərazisində topoqrafıya və geodeziya işlərinin aparılması ilə əlaqədar müxtəlif vaxtlarda işləmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci il tarixli 460 saylı Fərmanına əsasən Dövlət Geodeziya və Kartoqrafıya Komitəsi və Dövlət Torpaq Komitəsi ləğv edilərək onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2001-ci il tarixli 52 nömrəli əmri ilə Lənkəran Geodeziya Bürosu da ləğv edilmiş və Lənkəran Geodeziya Bürosuna aid maliyyə sənədləri, əməkdaşların şəxsi işləri və digər sənədlər saxlanılması üçün həmin dövrdə yaradılmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsinə təhvil verilmişdir. X3 və Bakı Kartoqrafiya Fabrikinin birləşmə yolu ilə yenidən təşkili ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 yanvar 2019-cu il tarixli 4/214-01-09 nömrəli müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 12 fevral 2019-cu il tarixli 29 nömrəli sərəncamı ilə “Geodeziya və Kartoqrafıya" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsini təsdiq etmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 1.3-cü bəndinin tələbinə görə, geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıya-geodeziya, geofizika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçiləri güzəştli yaşa görə pensiyaya çıxa bilərlər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasına çıxmağı ilə əlaqədar “Geodeziya və Kartoqrafıya" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək 1988-2001-ci illərə dair (çöl işlərinə görə) müvafiq arayış verilməsini xahiş etmişdir. Lakin həmin idarə tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 281İ-029 nömrəli arayışda çöl iş stajı düzgün göstərilməmişdir. Bu səbəbdən də cavabdeh Filial tərəfindən 16 mart 2022-ci il tarixli **********9 saylı və 22 dekabr 2022-ci il tarixli **********0 saylı məktubları ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9715/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 10 gün (xx.xx.1984-xx.xx.1987-ci il tarixləri arasındakı dövr və 1988-2001 -ci illər ərzində 877 gün (3 il 5 ay 25 gün) çöl işlərində işlədiyi dövr)) təşkil edir. İddiaçının 1992-ci il tarixdən 2001-ci il tarixədək olan iş stajı onun ümumi iş stajı kimi qəbul edilərək sosial sığorta stajına əlavə edilmişdir. İşin mübahisəli tərəfi isə bu stajın yalnız 877 gününün çöl iş stajı kimi müəyyən edilərək güzəştli iş stajına əlavə edilməsi olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən ərizəçiyə verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həmin müəssisədə çöl iş günlərinin 877 gün təşkil etdiyi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı iddiası təmin olunmamalıdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, şikayətin təmin edilmədən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir (2 il, 8 gün). xx.xx.1983-xx.xx.1988-ci illərdə Azərbaycan mühəndis inşaat institutunda Tətbiqi geologiya ixtisası üzrə təhsil almışdır (4 il 10 ay 1 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1979-xx.xx.1980-ci illərdə “Azselstroy” trestində fəhlə işləmişdir (10 ay 7 gün). 6.09.1982-xx.xx.1983-cü illərdə SMU “Bərdəmeliovodostroy”da fəhlə işləmişdir (11 ay 24 gün). xx.xx.1984-xx.xx.1987-ci illərdə 26 Bakı komissarı adına MİK-4 usta kimi işləmişdir (2 il 1 ay 16 gün). xx.xx.1988xx.xx.1991-ci illərdə Azərbaycanaerogeodeziya istehsalat birliyi SSRİ Nazirlər soveti yanında GKBİ “Azərbaycanaerogeodeziya” 321 saylı OKЭ-yə gənc mütəxəssislərin şəxsi sərəncamı ilə çöl işləri üzrə mühəndis işləmişdir (2 il, 4 ay, 26 gün). xx.xx.1991xx.xx.2001-ci illərdə Lənbürosunun müdiri işləmişdir (10 il 10 ay) Azərbaycan Respublikası prezidentinin 28 dekabr 1991-ci il tarixli № 525 əmri ilə “Azərbaycanaerogeodeziya” İB Azərbaycan Respublikası Dövlət Geodeziya və xəritəçəkmə Komitəsinə çevrilmişdir. xx.xx.2002-xx.xx.2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Geodeziya və xəritəçəkmə Komitəsi X3 Geodeziya və Kartoqrafiya fondunun rəisi vəzifəsində işləmişdir (9 ay, 11 gün). xx.xx.2002-xx.xx.2003-cü illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xəritəçəkmə şöbəsinin rəisi işləmişdir (10 ay 23 gün). xx.xx.2003-xx.xx.2003-cü illərdə Topoqrafiya, Geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini-xəritəçəkmə sektorunun müdiri işləmişdir (2 ay). xx.xx.2003-xx.xx.2009-cu illərdə Topoqrafiya sektorunun müdiri, topoqrafiya geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini işləmişdir (5 il, 2 ay, 2 gün). xx.xx.2009-xx.xx.2015-ci illərdə Topoqrafiya, geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini- topogeodeziya sektorunun müdiri işləmişdir (6 il 10 ay 29 gün). xx.xx.2015xx.xx.2015-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının Yerquruluşu, torpaqların monitorinqi və geodeziya şöbəsinin aparıcı məsləhətçisi işləmişdir (4 ay 25 gün). İddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 7 ay 10 gün (xx.xx.1984-xx.xx.1987-ci il və 1988-2001-ci il tarixləri arasındakı dövr ərzində 877 gün çöl işlərində işlədiyiniz dövr (3 il 5 ay 25 gün) dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Hazırki işdən görünür ki, iddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün lazım olan əmək stajı xx.xx.2006-cı il tarixə qədər toplanmış olduqda, pensiya təyin edilməsi əvələr qüvvədə olmuş qanunvericiliklə yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun təyin edilməlidir. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 3 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixə 25 illik ümumi və 3)12,6 illik xüsusi iş stajının toplanması. İşdən aydındır ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olub və 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik olduğunu iddia edir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 57 yaşı tamam olmuşdur. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən çox ümumi stajının olduğu müəyyən edilir. Həmçinin iddiaçının ümumi stajı cavabdeh tərəfindən də mübahisələndirilmir. İşin mübahisəli halı iddiaçının güzəştli stajı ilə bağlıdır. Belə ki, cavabdeh hesab edir ki, iddiaçı tərəfindən yuxarda sadalanan qanunvericilik normalarında göstərilən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 12,6 illik xüsusi iş stajının toplanmamışdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etməklə kifayətlənmiş və işçinin həmin fəaliyyət sahəsi üzrə məşğul olan şəxs kimi çalışdığı ümumi dövrü nəzərə alır. Həmin dövr də xx.xx.1988ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrü əhatə etməklə 13 il 02 ay 24 gün təşkil edir”. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş materiallarında olan iddiaçının iş yeri tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 10 gün (xx.xx.1984—xx.xx.1987-ci il tarixləri arasındakı dövr və 1988-2001-ci illər ərzində 877 gün (3 il 5 ay 25 gün) çöl işlərində işlədiyi dövr) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan ümumi əmək stajı tamamlansada, xüsusi əmək stajı 3 il 5 ay 25 gün olmuş, bununlada tələb olunan 12 il 6 ay müddət tamamlanmamışdır İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə iddia tələbinin təmin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapmış, iddiaçı isə bunun əksini iddia etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin . Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9715/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar