Məhkəmə qərarları › İş №2-1(103)-663/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-663/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-663/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020ci il tarixli, 2-1(112)-391/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlliliyə görə aldığı pensiyanın bərpa edilməsi, ödənilməyən aylara görə pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilə əvəz edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 01.07.2019-cu il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.07.2019-cu il tarixli, **********46 saylı məktubla iddiaçının əlilliyi Tibbi Sosial Ekspertiza və X4 etibarsız hesab edildiyindən, 02.06.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək almış olduğu 38748,97 manat vəsaitin Nazirlik yanında DSMF-nin Nizami Rayon Şöbəsinin hesabına geri qaytarılması xahiş edilmişdir. İddiaçının xəstəliyi ilə bağlı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya 02.06.2017-ci il tarixdən (forma 88 nömrə: 4083003AACC7) ikinci dərəcə əlillik verilmişdir. Əlilliyinin səbəbi olaraq ürəyin xroniki işemik xəstəliyi, ÜİX, stabil gərginlik stenokardiyası, sakitlik stenokardiyası, ürək çatmamazlığı, miokardiodistrofiya diaqnozu qoyulmuşdur. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti 02.06.2022-ci il tarixədək müəyyən edilmişdir. Əlillik müddətinin yuxarıda göstərilən tarixdə bitməsini və yenidən Tibbi Sosial Ekspert Komissiyasında keçməli olduğunu nəzərə alsaq, bu hal qeyrihüquqi, ədalətsiz və qanunsuz hərəkət və ya hərəkətsizlikdir. Artıq bir neçə aydır ki, iddiaçının əlilliklə bağlı aldığı pensiya dayandırılmışdır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmçinin, 2.2.9-cu bəndinə əsasən, qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20, G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9) olduqda ikinci dərəcə əlillik təyin edilir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti Bakı Dəmiryol xəstəxanasının 4083003AACC7 saylı göndərişi əsasında 02.06.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi-Sanitar Xidmətinin 15.02.2019-cu ıl tarixli NVS-46 saylı məktubu ilə, xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə İddiaçı rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir. Bununla əlaqədar İddiaçı əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Bakı Dəmiryol xəstəxanasının 4083003AACC7 saylı göndərişi əsasında 02.06.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4083003AACC7 saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-391/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, DSMF-nin Bakı şəhər Nizami şöbəsi tərəfindən İddiaçı ünvanlanan 19.07.2019-cu il tarixli, **********6 saylı məktubda əlilliyin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sistemində etibarsız olduğu bildirilmişdir. Bu halın tamamilə hüquqazidd, qanunsuz və inzibati icraat çərçivəsindən kənara çıxan bir hərəkət (hərəkətsizlik) olduğu tərəflərin birinci instansiya məhkəməsinə bildirilmişdir, lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və adekvat hüquqi qiymət verməmişdir. Belə ki, şəxsin əlilliyi barədə inzibati akt qəbul edilə bilərdi ki, bu öz növbəsində “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsinin tələblərini gərəkdirir. Lakin qanunun 28-ci maddəsinin tələbləri üzrə hər hansı inzibati icraat başlanılmamış və heç bir araşdırma aparılmamışdır. 19.07.2019-cu il tarixli, **********6 saylı məktubda əlilliyin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sistemində etibarsız olması göstərilsə də, etibarsızlıqla bağlı hər hansı hüquqmüəyyənedici sənəd və akt yoxdur. Halbuki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti inzibati orqandır və inzibati akt qəbul etmək hüququ vardır. Lakin, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 57-58-ci maddələrinin tələbləri yerinə yetirilməmiş və özbaşına kobud hüquq pozuntusu ilə müşayiət olunan hərəkət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İddiaçı apellyasiya şikayətində dəlil olaraq qeyd etmişdir ki, 19.07.2019-cu il tarixli, **********6 saylı məktubda əlilliyin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sistemində etibarsız olması göstərilsə də, etibarsızlıqla bağlı hər hansı hüquqmüəyyənedici sənəd və akt yoxdur. Halbuki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti inzibati orqandır və inzibati akt qəbul etmək hüququ vardır. Lakin, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 57-58-ci maddələrinin tələbləri yerinə yetirilməmiş və özbaşına kobud hüquq pozuntusu ilə müşayiət olunan hərəkət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindəki qeyd etdiyi həmin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 02.06.2017-ci il tarixdə 02.06.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik, diaqnoz - ürəyin xroniki işemik xəstəliyi, ÜİX, stabil gərginlik stenokardiyası f.s.İİİ, sakitlik stenokardiyası tez-tez tutmalarla. Ürək çatmamazlığı, ÜÇ İİ, QDÇ İİ, miokardiodistrofiya (forma 88 № 4083003AACC7). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Bakı şəhər Nizami rayon Şöbəsinin iddiaçı İddiaçı ünvanladığı məktubda qeyd edilir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi bildirir ki, Sizin əlilliyinizin Tibbi Sosial Ekspertiza və X4 etibarsız edildiyi üçün, 02.06.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək almış olduğunuz 38748,97 manat vəsaitin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi hesabına geri qaytararaq bərpa edəsiniz. Artıq alınmış vəsaitin geri bərpa edilməyəcəyi təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəkdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim Sanitar Xidməti Bakı Dəmir Yolu X1 Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 98 saylı 06.07.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Bakı dəmir yolu xəstəxanası tərəfindən verilmiş göndərişin tərtib edilməsi üçün əsas olmuş sənədlər müəyyən edilmədiyindən, göndərişin etibarsız hesab edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndiriliməsinin əsasını təşkil edən göndərişin tərtib edilməsi üçün əsas olmuş sənədlər müəyyən edilməmişdir, ona görə də həmin göndəriş əsasında həyata keçirilmiş iddiaçının əlillik vəziyyəti barədə qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Bu baxımdan iddia əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İPM-nin 12.1, 58.7, 68.2, 82-ci maddələrinin tələblərini pozaraq, işin hallarının araşdırmasına formal və səthi yanaşmış, onları tam və hərtərəfli təhqiq etməmişdir. Halbuki İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məlum olduğu kimi, iddiaçının əlillik vəziyyəti Bakı Dəmir Yolu Xəstəxanasının 4083003AACC7 saylı göndərişi (forma 088) əsasında 02.06.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi-Sanitar Xidmətinin məlumatına əsasən iddiaçının xəstəliyinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə iddiaçıya rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir və bununla əlaqədar iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsinin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.1-ci bəndinə müvafiq olaraq Əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: - 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; - 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə görə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Lakin birinci instansiya məhkəməsi cavabdehin iddiaçının hazırkı tələbi üzrə yuxarıda göstərilmiş maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edib-etməməsini araşdırmamış, iddiaçıya 02.06.2017-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə olan inzibati aktın ləğv edilib-edilməməsini yoxlamamış, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata keçirilməsini və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilib-keçirilməməsini araşdırmamış, nəticə etibarı ilə də iş üzrə əsaslı olmayan məhkəmə qərarı qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Hazırkı işin hallarından isə aydın olur ki, 19.07.2019-cu il tarixində iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilərkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmişdir. İddiaçının əlilliyinə dair qiymətləndirmə inzibati icraatın aparılması qaydalarının tələbləri pozulmaqla, hər hansı qərar qəbul edilmədən etibarsız hesab edildiyindən, iddiaçının tələbi, artıq formal-hüquqi baxımdan əsaslı olmuşdur. Beləliklə, iddiaçının hüquqi vəziyyətinə müdaxilə inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq əsaslandırılmış inzbati akt qəbul edilmədən həyata keçirilmişdir. Bu hal isə həm inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə səbəb olmuş, həm də iddiaçının hüquqlarının müdafiəsi imkanlarını məhdudlaşdırmışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-391/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı 01.07.2019-cu il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-391/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 01.07.2019-cu il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar