Məhkəmə qərarları › İş №2-1(103)-663/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-663/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-663/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8076/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4790/2020 saylı 15.10.2020-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-411/2021 saylı 03.02.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək, 15.10.2020-ci il tarixli qərardadın qismən - mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-832/2021 saylı 27.04.2021-ci il tarixli qərardadı ilə kassasiyanın mümkün sayılmaması və kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Beləliklə, iş yenidən mənəvi ziyanın ödənilməsi tələbinə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh orqanın əməkdaşı tərəfindən zəng olunaraq C.Süleymanovla bağlı fotoşəkillərin qeyd olunan telefona göndərilməsi xahiş edilmişdir. 25 iyun 2020-ci il tarixdə cavabdeh orqanın digər əməkdaşı, müraciətlərə (şikayətlərə) baxan şöbənin müdiri tərəfindən onunla əlaqə yaradaraq qeyd olunan şəkillərin ona təqdim edilməsini xahiş etmiş, o da onunla razılaşmışdır. Onlar görüşmüş və o, 3 ədəd fotoşəkili cavabdeh inzibati orqanın əməkdaşına təqdim etmişdir. Həmin əməkdaş qeyd olunan şəkilləri rəhbərliyə təqdim etməli olduğunu və məsələnin onlar tərəfindən həll edilməli olduğunu bildirmişdir. Süleymanov Cavidin kimə 10.000 manat yığdığını soruşduqda aydın olmayan cavab almışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanlanmış iddiaçının 03.09.2020-ci il tarixli müraciətinə (daxil olma nömrəsi: H-904, daxil olma tarixi: 16.09.2020-ci il) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmış, qeyd olunan idarənin rəisinin 19.09.2020-ci il tarixli 11/4536 məktubunda mənəvi ziyanın əvəzinin ödənilməsi tələbin ziyanın vurulması halını təsdiq edən sənədlərin (sübutların) əlavə edilməməsi bildirilmiş, ərizədə göstərilən məsələlərin aydınlaşdırılmasına zərurət yarandığından, ona “Qızıl şərq” hərbi şəhərciyi, Eldar Ağayev küçəsi, bina 116 ünvanında yerləşən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə gəlmək təklif olunmuşdur. Hüquq İdarəsi rəisinin 19.09.2020-ci il tarixli 11/4536 məktubun aralıq inzibati akt olmasını, habelə “İnzibati icraat haqqında” Qanunun 71.3.1-71.3.4-cü maddələrində göstərilən halların yer almadığını nəzərə alaraq, qeyd olunan aralıq inzibati aktından şikayətin verilməsinin mümkünsüzlüyü barədə bildirir. Lakin iddiaçı, qanunvericiliyin tələblərinə riayət etmək əvəzinə, inzibati orqanı lüzumsuz məhkəmə çəkişməsinə cəlb etmişdir. İddia tələblərinin rədd edilməsi üçün əsaslar: Ən əsası, iddiaçı cavabdeh orqan tərəfindən onun subyektiv hüququna hər hansı bir müdaxilə edildiyini və ya qanunla qorunan hüquq və azadlıqlarının pozulduğunu sübut etmir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Cavabdeh hesab edir ki, iddiaçının iddia predmeti üzrə öz hərəkətlərinə hüquqi ixtiyarı olmamış, yəni Azərbaycan Ordusunun hərbi qulluqçular barədə onun müraciətlərinə baxılmaması əsası ilə 200000 manat məbləğində mənəvi ziyanın ödənilməsinə dair iddia qaldırılması üçün subyektiv hüququna malik deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8076/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı X3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə qəbul edilmiş qərardadlar əsasında iddianın mümkün sayılması düzgün olmuşdur. Bu məsələ hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilmədiyi üçün iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “200000 manat mənəvi zərərin ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, aparılmış araşdırma nəticəsində iddianın əsassız olması müəyyən edildiyindən iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırki işdə cavabdehin qanunsuz hərəkətlər (hərəkətsizlik) etməsi, bunun nəticəsində iddiaçıya mənəvi ziyan vurulması və bu zərərlə cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqə müəyyən edilmir. Başqa sözlə, cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi ziyan vurulması halları məhkəmə araşdırmaları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, bu mənəvi zərərin nədə təzahür etməsini (cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin ləkələndiyini, hansı psixi, mənəvi sarsıntı keçirdiyini) məhkəməyə bildirməmişdir. Bu isə iddiaçının mahiyyət etibarı ilə mənəvi zərərin qarşılığının deyil, maddi zərərin qarşılığının ödənilməsini tələb etməsi mənasına gəlir. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları nə əsaslandıra bilmiş, nə də bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmişdir. Məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməməsi, hansı şəxsi qeyri-əmlak hüquqlarının pozulmasının qeyri-müəyyənliyi birinci instansiya məhkəməsinin ədalətli mövqedə olmasını göstərir. Odur ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri Kollegiya əsassız hesab edir və belə nəticəyə gəlir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin olunması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün bu barədə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8076/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar