Məhkəmə qərarları › İş №2-1(103)-663/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-663/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-663/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X7 cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən bələdiyyə ünvanlanmış 27 iyul 2022-ci il tarixli məktubdan görünür ki, müvafiq təkliflə bələdiyyə qarşısında çıxış edərək qərarın adıçəkilən hissədə ləğv edilməsini təklif etmişdir.

2. Nizami Bələdiyyəsinin 28 iyul 2020-ci il tarixli protokolundan görünür ki, məhkəmə qərarına uyğun olaraq 145 kv.m torpaq sahəsinin S.Mirzəyevaya satılması təklifi səsə qoyulmuş və 12 nəfərin leyhinə səs verməsi yolu ilə satılma barədə qərar qəbul edilmişdir.

3. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş Bələdiyyənin 04 avqust 2022-ci il tarixli protokolundan görünür ki, iddiaçının təklifinə baxılmış və qərarın ləğvi məsələsinə Bakı İnzibati Məhkəməsində həmin şəxsin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair məhkəmə işi üzrə yekun qərar qəbul edildikdən sonra baxılması müəyyən edilmişdir.Eyni zamanda adıçəkilən imtinada Konstitusiya Məhkəməsinin müvafiq qərarına da istinad edilərək bildirilmişdir ki, razılaşmaların aparılmaması, rəylərin alınmaması inzibati aktın qüvvəsinə təsir etmədiyindən, inzibati akt öz qüvvəsini saxlamaqdadır. Torpaq sahəsinin qiyməti ilə bağlı da cavabdeh qeyd etmişdir ki, nə qədər ki, Bakı şəhərində hərrac və müsabiqə komissiyası yaradılmamışdır Nazirlər Kabinetinin 145 saylı, 1996-cı il tarixli 17 oktyabr tarixli Qərarına uyğun olaraq qiymət müəyyən edilərək alqı-satqı həyata keçirilmişdir.

4. Torpağın alqı-satqısına dair aktdan görünür ki, tərəflər arasında alqı-satqıya dair akt tərtib edilmiş, akt imzalanaraq möhürlə təsdiq edilmişdir.

5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərarından görünür ki, 145 kv.m ölçüdə torpaq sahəsinin S.Mirzəyevanın mülkiyyətinə verilməsinə dair ilkin torpaqayırma sənədlərinin verilməsi vəzifəsi Nizami Bələdiyyəsinə həvalə edilmişdir.Qərar onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı üçün ilkin torpaqayırma sənədlərinin mövcud olması zəruridir. İşin faktiki hallarından isə görünür ki, adıçəkilən torpaq sahəsi 2007-ci il tarixdən iddiaçının istifadəsindədir.

6. Bələdiyyənin 29 iyul tarixli Protokoldan çıxarış formasında qərarın icrası ilə əlaqədar olan “qərar” formasında adlandırılan aralıq inzibati aktından görünür ki, alqı-satqı müqaviləsi bağlanılmaqla adıçəkilən mübahisəli torpaq sahəsinin S.Mirzəyeva satılmasına yönələn tədbirlərin həyata keçirilməsinin təmin edilməsi qərara alınmışdır.

7. Müqavilədən görünür ki, tərəflər arasında 29 iyul 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Nizami Bələdiyyəsinə qarşı “torpaq sahəsinin X2 barədə qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmənin qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami Bələdiyyəsinin 20 iyul 2000-ci il tarixli iclas protokoluna inzibati nəzarət qaydasında baxılarkən müəyyən edilmişdir ki, B.Nuriyev küçəsi 32 saylı evin yaxınlığında yerləşən torpaq sahəsi 6-cı qiymət zonasına uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmaqla X6 satılmışdır. Bu zaman bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd və rəylər alınmamışdır. Bələdiyyə orqanı tərəfindən məhkəmə qərarına istinad edlmiş, qərarda torpaq sahəsinin hansı qaydada şəxsin adına sənədləşdirilməsi göstərilməmiş, torpaq sahəsinin təyinatı və sərəncam vermək hüququnu olub-olmaması bələdiyyə tərəfindən müəyyən edilməmişdir. Bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Torpaq sahəsinin dəyərinin hansı qaydada müəyyən edilməsi məsələsi də qərarda öz əksini tapmamışdır.

11. İddia ərizəsinə etiraz onunla əsaslandırılır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında ayrıc aktına əsasən Nizami Bələdiyyəsinə 330 ha torpaq sahəsi ayrılmışdır ki, üçüncü şəxsin istifadəsində olan torpaq sahəsi bələdiyyəyə ayrılan torpaq sahəsi hüdudları daxilində yerləşir. Həmçinin, qeyd edilmişdir ki, müvafiq rəylər və razılaşmalar maraqlı şəxs üçün hüquqi nəticə yaratmadığından inzibati akt xüsusiyyətinə malik deyil və inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Torpaq sahəsinin qiyməti ilə bağlı da iddiaçının mövqeyinə dair cavabdeh qeyd etmişdir ki, qanunvericiliklə qiymət müəyyən edilərkən son hərrac və müsabiqə ilə müəyyən edilmiş qiymətlərin tətbiq olunması göstərilmişdir. Lakin, Bakı şəhərində hərrac və müsabiqə komissiyası yaradılmadığından Nazirlər Kabinetinin 145 saylı, 1996-cı il tarixli 17 oktyabr tarixli Qərarına uyğun olaraq qiymət müəyyən edilərək alqı-satqı həyata keçirilmişdir. Bundan əlavə, cavabdeh qeyd edir ki, əgər 28 iyul 2020-ci il tarixli qərar iddiaçıya təqdim edilməmiş, həmin il üzrə digər protokollar, o cümlədən 12 saylı protokol təqdim edilmişdirsə iddiaçı sıra ardıcıllığı ilə bağlı uyğunsuzluğu müəyyən edə bilərdi. Halbuki belə uyğunsuzluq olmamış, bütün protokollar iddiaçıya təqdim edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, Nizami Bələdiyyəsinin 28 iyul 2020-ci il tarixli iclas protokoluna inzibati nəzarət icraatı qaydasında baxılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 32 saylı evin yaxınlığında yerləşən 145 kv.m. torpaq sahəsi 6-cı qiymət zonasına uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmaqla X1. Bu zaman bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd və rəylər alınmamışdır. Bələdiyyə orqanı tərəfindən məhkəmə qərarına istinad edilmiş, məhkəmə qərarında torpaq sahəsinin hansı qaydada şəxsin adına sənədləşdirilməsi göstərilməmiş, torpaq sahəsinin təyinatı və onun üzərində bələdiyyənin sərəncam vermək hüququnun olub-olmaması bələdiyyə tərəfindən müəyyən edilməmişdir. Bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq torpaqların alqı-satqına dair akt tərtib edilmişdir. Torpaq sahəsinin dəyərinin hansı qaydada müəyyən edilməsi məsələsi də qərarda öz əksini tapmamışdır. Hazırda bələdiyyə torpaqları hərrac və ya müsabiqə ilə satılır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Yəni ilk öncə bələdiyyə torpaq sahəsi ayırmadan qabaq müvafiq qurumlardan rəylər almalıdır. Ona görə də həmin vaxtdan hazıradək Bakı şəhərində torpaq satışı həyata keçirilmir. Həmin torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin qərarında olan qanunsuzluqlar aşağıdakılardan ibarətdir. 1. Həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olması barədə sübut yoxdur. Yəni torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququ təsdiq olunmur. 2.Torpaq sahəsi ayrılarkən müvafiq qurumlardan rəylər alınmamışdır. 3. Torpaq sahəsinin dəyəri bələdiyyə iclasında müəyyən olunmamışdır. 4. Məhkəmə qərarında həmin torpaq sahəsinin sənədləşdirilməsi bələdiyyəyə həvalə edilsə də, bu sənədləşdirilmənin hansı qaydada aparılması göstərilməmişdir. Sözügedən torpaq sahəsi “torpaqların alqı-satqısına dair akt” tərtib edilməklə satılıb. Halbuki bu qayda ləğv edilmişdir. Belə ki, “torpaqların alqı-satqısına dair akt”la bağlı tələb Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanına əsasən qanunvericilikdən (Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 8-ci bəndinin iyirmi dördüncü abzası) çıxarılmış, həmçinin həmin aktda adı qeyd olunan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanına əsasən ləğv edilmişdir. Göründüyü kimi işə baxan məhkəmə qeyd olunan halları və sübutları araşdırıb hüquqi qiymət vermədən iddia ərizəsinin rədd olunması barədə qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti əsaslı hesab edilərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

e) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.

23. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

24. Eyni zamanda, hazırkı növ iddia üzrə məhkəmə araşdırması zamanı da müəyyən edilir ki, 15 günlük iddia müddətinə dair tələbdə iddiaçı tərəfindən yerinə yetirilmiş, iddiaçı bələdiyyə tərəfindən təklifinə dair imtina alındığı vaxtdan 15 gün müddətində məhkəməyə müraciət etmişdir.

25. İş materiallarından da görünür ki, iddiaçıya bələdiyyə orqanı tərəfindən təklifin təminindən imtina barədə sənədlər 10 avqust 2022-ci il tarixli məktubla göndərilmiş, iddiaçının iddia ərizəsi 23 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olsa da, 19 avqust 2022-ci il (beşinci gün) tarixdə iddia ərizəsi məhkəməyə göndərilmişdir. Cavabdeh məktubun 10 avqust 2022-ci il tarixli olduğunu göstərsə də həmin məktubun konkret olaraq hansı tarixdə iddiaçıya rəsmi qaydada təqdim edildiyini sübut edə bilməsə də, iddiaçı tərəfindən müvafiq qeyddən görünür ki, 17 avqust 2022-ci il tarixdə həmin məktub təqdim edilmişdir. Göründüyü kimi 15 günlük iddia müddəti ötürülməmişdir.

26. Eyni zamanda, məhkəmə hüquqi yardım xarakterli məktubla iddiaçıya müraciət edərək bələdiyyə qərarının bütünlükdə ləğv edilməli olmaması, qərarın bir hissədə mübahisələndirilməli olması diqqətinə çatdırılmış, eyni zamanda 29 iyul 2020-ici il tarixli 24 nömrəli qərarı ilə torpaq sahəsinin üçüncü şəxsə satılması barədə qərar qəbul edildiyi həmin qərarın ləğv edilməli olub-olmaması qeyd edilmişdir.

27. İddiaçı isə Bakı İnzibati Məhkəməsinə məlumat verərək iddia tələbində məhz qərarın üçüncü şəxsə torpaq sahəsinin satılması hissəsində ləğv edilməsinin xahiş edildiyi, digər 29 iyul 2020-ci il tarixli 24 nömrəli qərarın protokoldan çıxarış xarakterli, bələdiyyənin icra aparatının rəhbəri tərəfindən təsdiq edilmiş çıxarışın üzərində göstərilən 24 rəqəmi onun qeydiyyata alınması nömrəsi olduğu qeyd edilmişdir.

28. Göründüyü kimi iddia tələbinin formasından asılı olmayaraq müəyyən edilir ki, 28 iyul 2020-ci il tarixli qərar bir hissədə məhz üçüncü şəxsə torpaq sahəsinin satılması hissəsində mübahisələndirilmişdir. 29 iyul 2020-ci il tarixli qərar isə hüquqi nəticə yaratmayan 28 iyul 2020-ci il tarixli qərarın icrası məqsədi ilə qəbul edilmiş qeydiyyat nömrəsi 24 alan “qərar” formasında adlandırılsa da, mahiyyət etibarı ilə aralıq inzibati aktdır. Odur ki, iddiaçı əsaslı olaraq məhz hüquqi nəticə yaradan 28 iyul 2020-ci il tarixli protokoldan çıxarış (qərar)-ı torpaq sahəsinin üçüncü şəxsə satılması hissəsində mübahisələndirmişdir ki, hazırda da məhkəmə məhz qərarın həmin hissədə ləğv edilibedilməməsi məsələsinə baxır.

29. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

30. İşin faktiki hallarından da görünür ki, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə satılması hissəsində qərarın ləğvi tələbinin dəlillərinin məzmunu ondan ibarətdir ki:

1. Məhkəmənin qərarına istinad olunsa da torpaq sahəsinin üçüncü şəxsin adına hansı qaydada sənədləşdirilməsi, göstərilməmiş, torpaq sahəsinin təyinatı, sərəncam verilmə hüququnun olub-olmaması məsələsi bələdiyyə tərəfindən müəyyən edilməmişdir.

2. Torpaq sahəsinin satılması barədə qərar qəbul edilərkən bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, o cümlədən müvafiq icra hakimiyyəti orqanının rəyləri alınmamışdır. Torpaq sahəsinin alqı-satqısının tərtibi ilə bağlı tələb pozulmuşdur.

3. Satılan torpaq sahəsini dəyəri konkret olaraq düzgün müəyyən edilməmişdir. Məhkəmə, iddiaçının ilkin dəlili ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

31. Azərbaycan Respublikası Konstitusiyasının 129–cu maddəsinə əsasən İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 75.4. Bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflərin şikayətin geri götürülməsi haqqında bəyanatı yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir.

33. Qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrasına yönələn tədbirlərin həyata keçirilməsi məcburidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın təmin edilərək ilkin torpaqayırma sənədlərinin verilməsi ilə bağlı cavabdehə öhdəlik qoyulması barədə qərar qəbul etmişdir ki, həmin qərar qanuni qüvvəsini aldığından və icra edilməli olduğundan da cavabdeh həmin qərarın icrası ilə bağlı 28 iyul 2020-ci il tarixli qərar qəbul etmişdir. İddiaçı isə adıçəkilən iş üzrə qərarın ləğv edilməsi ilə nəticələnə biləcək üçüncü şəxs qismində qoşulma barədə ərizə ilə müraciət etmək hüququndan istifadə etmədən həmin qərarın icrasına yönəlmiş nəticələrin aradan qaldırılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir ki, məhkəmə hesab edir ki, nə qədər ki məhkəmə qərarı qüvvədədir, bələdiyyə orqanı tərəfindən adıçəkilən qərarın icrasına yönəlmiş mübahisələndirilən hissədə qərar da qanuni və əsaslı hesab edilməlidir.

34. Məhkəmə Kollegiyası Bu Qərarın 18-ci bəndində göstərilən hüquq normalarını təhlil edərək iddianın 2-ci dəlilinə münasibətdə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, orpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

36. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir.Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

37. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

38. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

39. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi).

40. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

41. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

42. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.

43. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

44. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

45. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

46. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

47. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

49. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.

50. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri).

51. Konstitusiya Məhkəməsinin hazırkı növ işlər üzrə formalaşdırdığı mövqeyə uyğun olaraq məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, rəylərin olmaması mübahisələndirilən hissədə qərarın ləğvi əsası qismində çıxış edə bilməz.

52. Məhkəmə Kollegiyası, eyni zamanda onun da qeyd edilməsini zəruri hesab edir ki, ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşməsini istisna edən heç bir hal iddiaçı tərəfindən sübut edilməmişdir ki, mövcud məhkəmə qərarı, eləcə də bələdiyyə tərəfindən təqdim edilmiş yerli icra hakimiyyəti orqanının sərəncamı, eləcə də xəritədən də müəyyən edilir ki, adıçəkilən torpaq sahəsinin məhz bələdiyyə mülkiyyətinə verilmiş ərazidə yerləşməsi istisna edilmir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərarından görünür ki, 145 kv.m ölçüdə torpaq sahəsinin S.Mirzəyevanın mülkiyyətinə verilməsinə dair ilkin torpaqayırma sənədlərinin verilməsi vəzifəsi Nizami Bələdiyyəsinə həvalə edilmişdir.Qərar onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı üçün ilkin torpaqayırma sənədlərinin mövcud olması zəruridir. İşin faktiki hallarından isə görünür ki, adıçəkilən torpaq sahəsi 2007-ci il tarixdən iddiaçının istifadəsindədir.

53. Göründüyü kimi, Məhkəmə qərarı da adıçəkilən əsaslardan çıxış edilməklə qəbul edilmiş, qərardan iddiaçı məlumatlı olsa da, həmin qərarı mübahisəndirilməsi ilə bağlı heç bir tədbir görməmiş, müvafiq ərizə ilə müraciət edilmək əvəzinə (İPM-in 28.1-ci maddəsində nəzərdə tutulan hüquqlardan istifadə etməklə) məhkəmə qərarının icrasına yönəlmiş tədbirlərin aradan qaldırılmasına yönələn iddia ilə müraciət edilmişdir.

54. İddia tələbinin 3-cü dəlili ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5., 9.1 və 10.1-ci maddələri)

55. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə”nin 23-cü bəndinə əsasən Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.

56. Lakin, iddiaçı nəzərə almamışdır ki, Bakı şəhəri üzrə bələdiyyə torpaqlarının hərrac və müsabiqələrinin təşkili həyata keçirilmədiyindən hazırkı torpaq sahəsinə dair inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan az ola bilməmə barədə şərtin müəyyən edilməsi mümkün deyildir. Bu səbəbdən də bələdiyyə orqanı haqlı olaraq Nizami rayonu üzrə müvafiq əmsal nəzərə alınmaqla qiymət müəyyən etmişdir.

57. Yuxarıda adıçəkilən Qanuna əsasən: 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək.

58. Beləliklə məhkəmə Kollegiyası iddiaçının qərarın mübahisələndirilən hissədə ləğv edilməsinə dair bütün dəlillərin araşdırılaraq müəyyən edir ki, qərarın adıçəkilən hissədə ləğvi əsası mövcud deyildir.

59. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinin iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olduğunu və həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyini nəzərə alaraq prosessual qənaət prinsipindən çıxış etməklə həmin dəlillər üzrə təkrar qiymətləndirmə aparmağa lüzum görmür.

60. Bununla bərabər məhkəmə Kollegiyası xüsusilə vurğulayır ki, nə qədər ki, iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərarını mübahisələndirməmiş, həmin qərarın icrası ilə bağlı qəbul edilmiş bələdiyyə qərarı da adıçəkilən formal əsaslar səbəbindən ləğv edilə bilməz. Belə ki, məhkəmə qərarında torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi üçün ilkin torpaqayırma sənədlərinin verilməsi ilə bağlı məsələyə münasibət bildirilmiş, müvafiq öhdəlik cavabdehə həvalə edilmişdir ki, cavabdeh də qüvvədə olan qərarın tələblərinin yerinə yetirilməsi üçün torpağın alqı-satqı məsələsini gündəliyə çıxarmış və müvafiq səsvermə ilə qiymət müəyyən etməklə satılması barədə qərar qəbul etmişdir ki, bu zaman pozulması ehtimal olunan formal pozuntular belə mahiyyəti baxımdan cavabdehin gəlmiş olduğu nəticəyə təsir etmir. Əks halda, məhkəmə qərarının icrasına formal əsaslarla maneə yaranacaqdır ki, iddiaçının dəlilləri də formal qiymətləndirilməli və məzmun baxımından qanuni və əsaslı olan qərarın mübahisələndirilən hissədə ləğvinə səbəb olmamalıdır.

61. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə Kollegiyası hеsаb еdir ki, iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.

62. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar