Məhkəmə qərarları › İş №2-1(103)-663/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-663/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-663/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “azalma məbləğinin şəxsi hesab vərəqəsindən silinməs tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8715/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəxsi hesab vərəqəsində mövcud olan 60983,84 manat təsdiqlənməmiş azalma məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Fiziki şəxs qismində ********** VÖEN-lə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə o, riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Onun şəxsi hesab vərəqəsində təsdiqlənməmiş 60983,84 manat azalma məbləği göstərilmişdir. xx.xx.2024-cü il tarixdə şəxsi hesab vərəqəsində təsdiqlənməmiş həmin azalma məbləğinin silinməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən ərizəyə cavab olaraq ona ünvanlanmış məktubda aşağıdakılar göstərmişdir: - “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.2-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi olduğunuz müəyyən edilmişdir. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalı, gəlirlərin və xərclərin hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vegi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların “Meyarları”na əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq tərəfinizdən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar tərəfinizdən 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilərək, yaranmış kənarlaşmanın aradan qaldırılması Sizə bildirilir.” Cavabdeh həmin məktubunda iddiaçının riskli əməliyyatlar apardığını və bu səbəbdən uyğunsuzluqlar yarandığını bildirsə də qeyd olunanların təsdiqlənməmiş azalma ilə hansı bağlılığının olduğuna aydınlıq gətirməmişdir. Göründüyü kimi, cavabdeh heç bir qanuni əsası olmayan və mövcud mübahisəyə aidiyyəti olmayan hala istinad edərək iddiaçıya yaratdığı süni borc məbləğini azaltmaqdan imtina etmişdir...” Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların “Meyarlar”ın müddəalarına əsasən iddiaçının fəaliyyətinin təhlili zamanı xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 46924 manat dəyərində təqdim edilmiş qaiməfakturalar üzrə “Əməliyyatçı masası (90x55x90), Moyka (180x55), işçi masası (90x55x90) və.s” adlı malların qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaiməfaktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 74.6 min manat dəyərində “Leo banka dolabçaların yığılması, nəzarətçi podiumların alınması (yeni leo filialı/Ə.Rəcəbli küçəsinə 2-ci paralel küçə) (250x160x110), Divarların üzlənməsi və.s” adlı xidmətlər göstərilmiş, təhlil zamanı qeyd edilən işlərin görülməsi üçün zəruri iqtisadi göstəricilərinin (maşın, avadanlıq, nəqliyyat vasitəsi və.s) olmaması müəyyən edilmişdir və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********723700 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Meyarlan”n 2.1.1,-ci və 3.1.1-ci bəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********345200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 60983,84 manat məbləğ 2022-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğlərin ləğv edilməsinin təsdiq edilməməsi nəticəsində yaranmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8715/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı şəxsi vərəqəsində göstərilən 60983,84 manat məbləğində təsdiqlənməmiş azalmanın silinməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 60983,84 manat məbləğ 2022-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğlərin ləğv edilməsinin təsdiq edilməməsi nəticəsində yaranmışdır. Əlavə olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarına əsasən iddiaçının fəaliyyəti təhlil olunmuş, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 46924 manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə " Əməliyyatçı masası(90x55x90) , Moyka ( 180x55 ), İşçi masası (90x55x90) və.s” adlı malların qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 74.6 min mana t dəyərində “Leo banka dolabçaların yığılması, Nəzarətçi podiumların alınması ( yeni leo filialı/ Ə.Rəcəbli küçəsinə 2-ci paralel küçə ) ( 250x160x110 ), Divarların üzlənməsi və.s” adlı xidmətlər göstərilmişdir. Təhlil zamanı qeyd edilən işlərin görülməsi üçün zəruri iqtisadi göstəricilərinin (maşın, avadanlıq, nəqliyyat vasitəsi və.s) olmaması müəyyən edilmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********723700 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 .-ci və 3.1.1 .-ci bəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023- cü il tarixli **********345200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. “Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 60983,84 manat məbləğ 2022-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğlərin ləğv edilməsinin təsdiq edilməməsi nəticəsində yaranmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən riskli hesab edilən xx.xx.2022-xx.xx.2022-ci il tarixli elekton qaimə-fakturalar ləğv edilməmiş və təqdim edilmiş elektron qaiməfakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlər vergi orqanına təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiypası onun iştirkı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi kameral yoxlanılmalı məbləğ adı ilə iddiaçının həxsi hesab vərəqində təsbit olunan 60983,84 manat məbləğin hüquqi əsasının mövcud olmadığını bildirərək, apellyasiya şikayəti ilə razılaşmamış və birinci instansia məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının cavabdehə qarşı tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə şəxsi hesab vərəqəsində mövcud olan 60983,84 manat təsdiqlənməmiş azalma məbləğinin silinməsini tələb etmişdir (İPM m.34.1). İş materialları üzrə iddiaçının “İnternet Vergi İdarəsi” vasitəsilə əldə etdiyi şəxsi hesab vərəqəsinin sonunda, sahibkarlıq fəaliyyətinin yekun nəticələrini əks etdirən - “Çap kreteriyası” cədvəlində “Təsdiqlənməmiş azalmalar” sətrində, eləcə də cavabdeh vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş şəxsi hesab vərəqəsinin sonunda, sözügedən “Çap kriteriayası” sütununda “Kameral yoxlanılmalı məbləğ” adlı sətrində iddiaçının 60.983,84 manat dövlət büdcəsinə vergi borcu təsbit olunmuşdur. Lakin şəxsi hesab vərəqəsinin əsas hissəsi başdan-ayağa sətir-sətir tədqiq olunduqda, nə vergi ödəyicisinin bəyan etdiyi hesabatlarında, nə də ki, vergi orqanı tərəfindən həmin məbləğdə hesablanmış olan vergi borcunun mövcudluğu müəyyən olunmur. Cavabdeh iddia ərizəsinə etirazında, habelə, apellyasiya şikayətində bildirir ki, “Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan mübahisəli 60983,84 manat məbləğ 2022-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğlərin ləğv edilməsinin təsdiq edilməməsi nəticəsində yaranmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən riskli hesab edilən xx.xx.2022xx.xx.2022-ci il tarixli elekton qaimə-fakturalar ləğv edilməmiş və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlər vergi orqanına təqdim edilməmişdir. Sual olunur ki, görəsən, cavabdeh orqan özü həmin cümləni formalaşdırarkən, vergi qanunvericiliinin tələblərinə varmışdırmı? Konkret halda, iş materiallarından görünən odur ki, burada cavabdeh vergi qanunvericiliyinə deyil, öz mülahiəzələrinə əsaslanaraq iddiaçya əlavə vergi hesablamışdır. Belə ki, əgər, riskli hesab edilən əməliyyatları üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixli elekton qaimə-fakturalar ləğv edilməməsinin və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlər vergi orqanına təqdim edilməməsinin nəticəsi olaraq iddiaçıya kameral yoxlamanının nəticələri üzrə iddiaçıya əlavə vergi hesablanmışdırsa, bu yoxlamanın nəticələrini əks etdirən qərar qəbul edilməli olduğu halda, belə qərar qəbul olunmadan iddiaçının şəxsi hesab vərəqəsinə sözügedən borc məbləğinin daxil edilməsi aşkar surətdə vergi qanunvnriciliyinin tələblərinin pozulmasıdır. Belə ki, vergi ödəyicisinə əlavə vergilər vergi orqanının yalnız kameral və səyyar vergi yoxlamalarının, habelə, operativ vergi nəzarətinin nəticələrinə dair qəbul olunmuş qərarları əsasında hesablana bilər ki, bütün bu qaydalar Vegi Məcəlləsnin 37, 38, 39, 49, 50, 67-ci (və s.) maddələrinin tələbləri çərçivəsində həyata keçirilir. Cavabdeh vergi orqanı isə konkret halda nəzərə almamışdır ki, həmin Məcəllənin 3.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsi isə nəzərdə tutur ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçının şəxsi hesab vərəqində təsbit olunan “Kameral yoxlanılmalı məbləğ” (“Təsdiqlənməmiş azalmalar” ) sətrindəki mövcud olan 60983,84 manat vergi borcu məbləği, hüquqi əsası olmayan məbləğ kimi, iddiaçının vergi məsuliyyətini yarada bilməz. Başqa sözlə, iddiaçının sözügedən məbləğdə əlavə vergi məsuliyyətinə cəlb edilməsi üçün əsasın mövcudluğu sübuta yetirilmədiyi halda, Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinin tələbinə müvafiq olaaq onun vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsiri istisna edilir. Birinci instansiya məhkəməsi də məhz, iddianı təmin edərək düzgün olaaq qeyd etmişdir ki, vergi qanunvericiliyində şəxsi hesab vərəqəsində aparılacaq əməliyyatlara münasibətdə “təsdiqlənməmiş azalma” və ya “kameral yoxlanılmalı məbləğ” kimi hüquq institutları nəzərdə tutulmamışdır. Belə olan halda, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə əksini tapan göstəricilərə şəxsi hesab vərəqəsində bu şəkildə müdaxilə edilməsinin məqsədi və mahiyyəti təhlil olunmaqla, iddiaçıya münasibətdə doğurduğu nəticələrdən çıxış edilməlidir. Bu mənada, sözügedən hərəkətlər iddiaçının vergi öhdəliyinə təsir edən xarakterlidir, həmin hərəkətlər ona münasibətdə bəyannamə məlumatlarının nəzərə alınmamasını, həmçinin əlavə vergi öhdəliyinin yaranmasına gətirib çıxarır. Bu qaydada davrana bilmək üçün isə cavabdeh konkret hüquqi əsaslara malik olmalıdır. Yuxarıda göstərildiyi kimi cavabdeh belə bir hüquqi əsas sahib olmamışdır. Ona görə də, cavabdehin sözügedən faktiki xarakterli hərəkətləri qanunsuz sayılmalıdır. İnzibati aktlar kimi, faktiki xarakterli hərəkətlər də qanunun tələblərinə uyğun olmalıdır, əks hal, qanunçuluq prinsipinə zidd hərəkət kimi qiymətləndirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin - məhkəmə tərəfindən mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatların nəzərdən qaçırıldığını, qanunvericiliyin tələblərini tam araşdırmadan, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə, iddia tələbinin təmin olunmasının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8715/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8715/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar