Məhkəmə qərarları › İş №2-1(103)-664/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-664/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-664/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-859/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı “xxxx” MMC-yə hesablanmış 1.550.24 (bir min beş yüz əlli manat, iyirmi dörd qəpik) manat vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı “xxxx” MMC-nin direktoru X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********251300 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və artıq ödənilmiş verginin “xxxx” MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kimi oxunması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin avqust-sentyabr aylarında bir neçə hüquqi şəxs təsis edib ticarət fəaliyyətinə başlamışdır. Həmin hüquqi şəxslərdən biri də, “xxxx” MMC olmuşdur. Təsis etdiyi zaman dövlət təşkilatlarında (xüsusən gömrük və vergi orqanlarında) dövlət üçün zərərli hallar müşahidə etmişdir. xx.xx.2018-ci il tarixdən Türkiyədən ilk və son dəfə idxal etdiyi mebel materiallarından olan yükü Gömrük İdarəsindən keçirib satışa çıxartdıqdan sonra qərara gəlmişdir ki, şirkətin fəaliyyətini dayandırmışdır. xx.xx.2018-ci il tarixdə şirkətin fəaliyyətini dayandırmışdır. xx.xx.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa 5.997.39 manat artıq ödəniş etmişdir. 2019-cu ilin iyun ayının 17-də və 31-də Prezidentə və Vitse Prezidentə müraciət edərək, mebel yükünü idxal etdiyi vaxt yaranan artıq ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Bundan 15 gün sonra” Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarında dəyişiklik edilməsi sahibkarların işinə daha da müsbət təsir etməli idi. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə cavabdehə ərizə yazıb artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmişdir. Bununla yanaşı xx.xx.2019-cu il tarixdə bir daha Prezidentə və Vitse Prezidentə məktub yazaraq köməklik etməsini istəmişdir. Həmin məktuba əsasən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş X7 Yoxlamaları İdarəsinin rəisi Akif Allahverdiyev və şöbə müdiri Zeynəb Məmmədova onu qəbul etmişlər. Lakin, buna baxmayaraq müxtəlif bəhanələr gətirərək artıq ödənilmiş vergini verməkdən imtina etmişlər. Bundan 1 ay sonra artıq ödəmələr silinmiş, bununla yanaşı 1546.79 manat borc bildirişi göndərilmişdir. Bildirir ki, xx.xx.2019-cu il tarixdə həmin səbəblərlə artıq ödəmədən 1.150.22 manat pul silinmişdir. Təqdim etdiyi sənədlər sübut edir ki, cavabdeh eyni əsaslarla 2 dəfə artıq ödəmədən vəsait silib. Göründüyü kimi, onun qurumlarla əməkdaşlıq etməsi və Prezident Administrasiyasına müraciət etməsi, vergi xidmətini qəzəbləndirib və ona qarşı qərəzli mövqedədir. Buna görə də, cavabdeh tərəfindən 1550.24 manaat vergi borcunun hesablanması qanunsuz və əsassız hesab edilərək həmin vergi borcu silinməli və artıq ödənilmiş vergi qaytarılmalıdır. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-859/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-859/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 859/2020 saylı qərarının ləğv olunması, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-859/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən araşdırma zamanı baza məlumatlarına əsasən 2018-ci il üzrə əldə edilmiş elektron vergi hesab fakturalarının (EVHF) 40.00 manat, əldə edilmiş E-qaimələrin 110.00 manat olmasına, eyni zamanda iddiaçı tərəfindən 28755.5 manat məbləğində idxal əməliyyatlarının aparılmasına baxmayaraq, mənfəət vergi bəyannaməsinin vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçının hazırda mübahisələndirdiyi Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən araşdırma zamanı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********378700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi olan ididaçı tərəfindən uyğunsuzluq məktublarına qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2018-ci il mənfəət vergisi üzrə 1150.22 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********702800 nömrəli “Vergilərin, sosial sığorta və işsizik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmin qərara əsasən hesablamanın əsası kimi qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 28755.5 manat məbləğində idxal əməliyyatları həyata keçirildiyindən, xərclər əsasında “Vergi ödəyicisinin əldə etdiyi mənfəət (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarına əsasən vergi ödəyicisinin mənfəəti müəyyən edilmiş və ona 2018-ci il üzrə 1550.22 manat mənfəət vergisi hesablanmışdır. Eləcə də, məhkəmə iclasında iddiaçı MMC-nin direktoru özü də təsdiq edərək bildirmişdir ki, tərəflərindən idxal əməliyyatları aparılmış, lakin aparılan əməliyyatlar rəsmiləşdirilmədiyindən, təsdiqedici sənədlərin təqdim edilməsi qeyri-mümkün olmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23, 37.1, 67.1-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, vergi ödəyicisinin 2018-ci il üzrə vergiyə cəlb edilən əməliyyatlarının olmasına baxmayaraq həmin dövr üzrə bəyannamə təqdim edilmədiyindən və vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktublarındakı hallar aradan qaldırılmadığından vergi orqanı həmin dövrə münasibətdə əsaslı olaraq hesablama həyata keçirərək, hazırki iş üzrə mübahisəli qərarı qəbul etmişdir. Odur ki, cavabdeh tərəfindən mübahisəli qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edildiyindən hazırki iddia tələbi əsassızdır. Həmçinin qeyd olunmuşdur ki, iddiaçıya vergi borcu hesablanması barədə qərar qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ləğv olunduqa və iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəməsi yarandığı halda, iddiaçının artıq ödənilmiş verginin geri qaytarılması barədə rəy verilməsi tələbi əsaslı ola bilərdi. Lakin, hazırda həmin hallar iş üzrə müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də, əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-859/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar