Məhkəmə qərarları › İş №2-1(103)-665/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-665/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-665/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X15 göstərilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2021 saylı, 17.09.2021-ci il tarixli qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evinin X4 mülkiyyətində olan ¼ hissəsinin naturada ayrılaraq ayrıca ünvan 1 ünvanı kimi ********** qeydiyyat nömrəsi və **********-10301 reyestr nömrəsi ilə 11.02.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi, bundan sonra həmin hissəyə dair ********** qeydiyyat nömrəsi və **********32- 10301 reyestr nömrəsi ilə 07.03.2017-ci il tarixdə 0,0644 ha torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi aparılmış qeydiyyatın ləğv edilməsi və tərəflərin əvvəlki hüquqi vəziyyətə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsi paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Digər paylardan ¼ hissə X4 mülkiyyətindədir. ½ hissə isə iddiaçının mərhum atası Məmmədov Səvdumun mülkiyyətində qalmışdır. 2019-cu ilin noyabr ayında iddiaçı Suraxanı rayon Məhkəməsinin 2(010)-5888/2019 saylı mülki işi üzrə bildirişini almışdır. O zaman ona məlum olmuşdur ki, X15 fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsində yerləşən pəncərənin bağlanılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin baxış iclasında iştirak etdikdə, iddiaçı, ona məxsus olan pay hissəsinin ayrılaraq A.Şadlinski küçəsi 4C ünvanı verilmiş olduğunu, eyni zamanda, özünə məxsus olan hissədə torpaq sahəsinin də mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olduğunu bildirmişdir. Belə olduqda, hazırkı iş üzrə iddiaçı vəsatətlə, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatla bağlı məlumat alınmasını məhkəmədən xahiş etmişdir. Vəsatət təmin edilmişdir və müvafiq qeydiyyat orqanına sorğu göndərilməsi qərara alınmışdır. Eyni zamanda, Suraxanı rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(010)-5888/2019 nömrəli qərardadı ilə sorğunun cavablandırılmasına qədər iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı 11 mart 2020-ci il tarixdə poçt vasitəsi ilə Suraxanı rayon Məhkəməsindən 2(010)405/2020 nömrəli, 07 yanvar 2020-ci il tarixli qərardadı almışdır. Qərardadla tanış olduqda məlum olmuşdur ki, iddiaçı X15 yazılı qaydada müraciət edərək, vermiş olduğu iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Buna qədər həmin mülki iş üzrə iddiaçı tərəfindən verilmiş vəsatətin cavabı olaraq qeydiyyat orqanı tərəfindən məhkəməyə göndərilməli olan sənədlərin surətinin alınıb-alınmaması, eləcə də iddiaçı Ç.Məmmədovanın nə üçün belə bir ərizə vermiş olduğunu öyrənmək üçün Suraxanı rayon məhkəməsinə müraciət etmiş, məlum olmuşdur ki, həqiqətən də iddiaçı Ç.Məmmədova tərəfindən sənədlərin geri qaytarılmasına dair ərizə verilmiş, ərizədə hər hansı bir səbəb göstərilməmişdir. Məhkəmə tərəfindən qeydiyyat orqanına verilmiş sorğunun cavabı olaraq gəlmiş sənədlərin surətini alaraq tanış olduqda, hər şey aydın olmuşdur. Sənədlərdən məlum olmuşdur ki, paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmış fərdi yaşayış evinin naturada bölgüsünün aparılması üçün X15 tərəfindən qeydiyyat orqanına təqdim edilmiş bölgü sxemi mövcuddur. Həmin bölgü sxemi bir tərəfdən X15, bir tərəfdən guya İddiaçı tərəfindən, bir tərəfdən isə, guya 22 noyabr 1992-ci ildə vəfat etmiş İddiaçı mərhum atası tərəfindən imzalanmışdır. Bu saxtalaşdırılmış bölgü sxemi əsasında qeydiyyat orqanında mübahisəli fərdi yaşayış evi naturada bölünmüş, üstəlik torpaq sahəsinin hüquqmüəyyənedici sənədi yalnız X4 mülkiyyətinə verilən hissəyə tətbiq edilməklə, evin İddiaçı mülkiyyətində olan hissəsinə aid olan torpaq sahəsinin mülkiyyət hüququ üzrə qeydiyyata alınması faktiki olaraq mümkünsüz edilmişdir. Belə ki, torpaq sahəsinə dair hüquq müəyyən edən sənəddən yalnız bir dəfə istifadə edilə bilər. Bununla da İddiaçı hüquqları pozulmuşdur. Torpaq sahəsinin hal-hazırki istifadə qaydasına uyğun bölünməsinə İddiaçı ümumiyyətlə razı deyildir və hesab edir ki, X15 ona düşən ¼ pay hissəsinə mütənasib olmayan, yəni daha çox həcmdə torpaq sahəsindən istifadə edir. Paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmış mübahisəli fərdi yaşayış evinin payçılar arasında ya ümumi razılıqla, bu olmadıqda məhkəmə qaydasında bölünməsi mümkündür. 3-cü şəxs tərəfindən bu qaydaya əməl edilməmiş, tərtib edilmiş bölgü sxeminə saxta yolla həm iddiaçının, həm də iddiaçının atasının imzası çəkilərək sənədlərlə birlikdə cavabdeh təşkilata təqdim edilmiş, cavabdeh təşkilat isə notarial qaydada təsdiq edilməmiş bölgü sxemini əsas tutularaq bölgü aparmışdır. Paylı mülkiyyətdə olan əşyanın fiziki bölgüsü ilə bağlı bütün hallar qanunvericilikdə nəzərdə tutulmuşdur. Bölgünün payçıların ümumi razılığı ilə aparılmış olmasını təsdiq edəcək sənəd, həmin bölgünün notarial qaydada təsdiq edilməsi olmalıdır. Adətən yalnız notarial təsdiqli bölgü sxemi ilə kifayətlənməyərək tərəflər arasında notarial təsdiq edilmiş Saziş tələb edən iş üzrə cavabdeh təşkilatın, hal-hazırda mübahisələndirdiyi fərdi yaşayış evinin qeydiyyatının aparılması zamanı bölgünün təsdiqini belə tələb etməməsi, cavabdeh tərəfindən korrupsiya faktına yol verilmiş olmasını göstərir. Bu sənədləşmə haqda iddiaçı yalnız 11 mart 2020-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 2(010)-405/2020 nömrəli, 07 yanvar 2020-ci il tarixli qərardadını aldıqdan sonra, Suraxanı rayon Məhkəməsinə müraciət edərək, verilmiş sorğunun cavabı olaraq göndərilmiş sənədlərlə tanış olduqda məlumat almışdır. Həmin vaxtdan sonra isə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli, 19 mart 2020-ci il tarixli və 6 nömrəli, 2 aprel 2020-ci il tarixli qərarları ilə məhkəmələrdə işlərin təxirə salınmış olması ilə əlaqədar məhkəməyə müraciət etmək imkanı olmamışdır. Bu baxımdan iddiaçı mübahisələndirməyə dair iddia ərizəsinin verilməsində inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətin pozulmadığı qənaətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2021 saylı, 17.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2021 saylı, 17.09.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad və ya iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən (keçmiş adı-Serebrovski qəsəbəsi, Podqornaya küçəsi) fərdi yaşayış evi 1954-cü ildə tikilməklə mülkiyyətçisi X31 olmuş, həmin şəxs Bakı şəhəri 10 saylı Dövlət Notariat kontorunda bağladığı 24 aprel 1970-ci il tarixli “mülkdən payın bağışlama müqaviləsi” əsasında 4 saylı yaşayış evini ¼ hissəsini oğlu Bəhlul Məmmədova, ¼ hissəsini isə digər oğlu İddiaçı bağışlamış, hər iki oğlu ayrı-ayrı həyat yoldaşından olduqları üçün gələcəkdə mübahisə yaranmamasına görə 1970-ci ildən Bəhlul Məmmədova məxsus payı daş hasarla faktiki olaraq ayırmış, hər iki övlad ata payını böyük məmuniyyətlə qəbul etmişlər. Bəhlul Məmmədovun payının ayrılmasının da əsas səbəbi, digər övladların doğma bacı-qardaş, tək Bəhlulun isə digərlərinə münasibətdə ögey olmasıdır. Bəhlul Məmmədov ayrıca hasar daxilində olmaqla özünə məxsus torpaq sahəsində sonradan əlavə tikililər inşa etmiş, “Fərdi yaşayış evlərinin (evin hissəsinin), fərdi inşaatçılar mənzil-tikinti kooperativinin evindəki mənzillərin özgəninkiləşdirlməsinin mümkünlüyü haqqında” 25 may 1976-cı il tarixli təlimatın 3-cü bəndinə və ”keçmiş Orconikidze rayon X36 İcraiyyə Komitəsinin 27 may 1988-ci il tarixli 8 saylı qərarına əsasən Komissiyanın Serebrovski qəsəbəsi, Podqornaya küçəsi, 4 ünvanda yerləşən yaşayş evinin özünə məxsus olan hissəsinin bağışlanması zamanı hüququn qeydiyyatına dair təklifi qəbul edilmiş, Bəhlul Məmmədova yaşayış evinin sahəsi 13,3 kv.m olan 1 yaşayış otağından, yardımçı 14,4 kv.m sahədən, sahəsi 1627 kv.m torpaq sahəsində yerləşən özünə məxsus olan hissəsini qızı - X24 bağışlamasına icazə verilmiş, bağışlama zamanı yaşayış evinin sahəsi 13,3 kv.m olan 1 yaşayış otağından, yardımçı 14,4 kv.m sahədən ibarət Bəhlul Məmmədova məxsus hissənin müvafiq özgəninkiləşdirlməsinə icazə verilmiş, həmin sənədlər əsasında 1962-ci ilin 7-ci ayında tərtib edilmiş yaşayış evinin texniki pasportunda 20.08.1988-ci ildə yenidən müvafiq düzəlişlər edilmişdir. Bəhlul Məmmədov 01 iyul 1988-ci il tarixli bağışlama müqaviləsi ilə öz mülkiyyətində olan əmlakı qızı X24 bağışlamış, X32 isə öz mülkiyyətində olan yaşayış evini Bakı şəhəri 24 saylı notariat kontorunda 15 iyul 1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən bacısı Çimnaz Məmmədovaya bağışlamış, hətta 20.07.1988-ci ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda da hər iki bölünmüş sahənin sxemi və ölçüləri konkret qeyd olunmuşdur. Məlumdur ki, keçmiş sovet dövründə bütün torpaqlar yalnız dövlət mülkiyyətində olmuş, dövlətimiz müstəqillik əldə etdikdən sonra mülkiyyətin 3 növü, dövlət, bələdiyyə və şəxsi mülkiyyət növləri yaranmışdır. Məhz buna görə də, həmin dövrdə yaşayış sahələri ilə birlikdə torpaq sahələrinin də müqavilələrdə göstərilməsi qeyrimümkün olmuşdur. İş üzrə iddiaçının hər hansı hüquqlarının pozulması halı müəyyən olunmur. 1970-ci ildən üçüncü şəxsə ayrılmış torpaq sahəsi və tikililər faktiki ayrılmış, 1962-ci ildə tərtib edilmiş texniki pasportda da bu fakt öz təsdiqini tapmış, iddiaçının torpaq sahəsi və tikililərlə bağlı üçüncü şəxsə qarşı hər hansı iradı və məhkəmə qaydasında tələbi olmayıb. Məhkəmə nəzərə almamışdır ki, texniki sənəd olan bölgü sxemi əsasında daşınmaz əmlaka çıxarış verilmir. Bu çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutlmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Bu əsas keçmiş Orconikidze rayon X36 İcraiyyə Komitəsinin 27 may 1988-ci il tarixli 8 saylı qərarı olmuşdur ki, həmin sənədin tərcümə və təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2021 saylı, 17.09.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad və ya iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2021 saylı, 17.09.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 979/2021 saylı, 17.09.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən 22.05.1970-ci il tarixli (kitab № 4, səhifə № 415) çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin çıxarış İddiaçı verilmişdir və çıxarışda göstərilmişdir ki, Serebrovski qəsəbəsi, Podqornaya küçədə yerləşən 4 nömrəli evin ¼ hissəsi İddiaçı, ¼ hissəsi X8, ½ hissəsi isə X25 məxsusdur. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 175913 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, A.Şadlinski küçəsindəki 4 nömrəli yaşayış evinin ¼ hissəsi X4, ¼ hissəsi İddiaçı Sövdum oğlunun, 2/4 hissəsi isə X16 adına 06.08.1998-ci il tarixdə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - İV-ЖГ №304798 nömrəli Ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətinə əsasən X33 22.11.1991-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Suraxanı rayon Məhkəməsinə ünvanlanmış 06.01.2020-ci il tarixli, **********61 nömrəli məktubunda göstərilmişdir: “Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Dağaltı küçəsi, ev 4 ilkin olaraq 19.01.1970-ci il tarixdə X26 (sənəddə olduğu kimi) adına qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evinin ¼ hissəsi 10 nömrəli DNK-nın 2133 reyestr nömrəli, 24.04.1970-ci il tarixli bağışlama müqaviləsinə əsasən X9 və X10 adına 22.05.1970-ci il tarixdə qeydə alınmışdır. Fərdi yaşayış evinin ¼ hissəsi (1 otaq, y/s-13,3 kv.m, k/s-14,4 kv.m) 10 nömrəli DNK-nın K-8-1658 reyestr nömrəli 01.07.1988-ci il tarixli bağışlama müqaviləsinə əsasən X17 adına 27.07.1988-ci il tarixdə rəsmiləşdirilmişdir. 24 nömrəli DNK-nın 3M/-1-99 reyestr nömrəli, 15.07.1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən mülkün ¼ hissəsi X4 adına 15.07.1998-ci il tarixdə qeydiyyata alınmışdır və sözügedən evin ona aid hissəsi 11.02.2017-ci il tarixdə yeni poçt ünvanı alaraq MH 175913 seriya nömrəli 06.08.1998-ci il tarixli qeydiyyat vəsiqəsi və bölgü sxeminə əsasən X4 adına qeydiyyata alınmışdır və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsi, ev 4C olmuşdur. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abasqulubəy Şadlinski küçəsi, ev 4C hazırda X4 mülkiyyətindədir və sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0,0644 ha torpaq sahəsi 07.03.2017-ci il tarixdə rəsmiləşdirilmişdir.” - Cavabdehin birinci instansiya məhkəməsinin 09.10.2020-ci il tarixli sorğusuna cavab olaraq verdiyi 11.11.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 2 nömrəli fərdi yaşayış evinin ¼ hissəsi X4 adına qeydiyyatdan keçmişdir, Ç.B.Məmmədovanın hissəsi ayrılmışdır və yeni ünvan verilməklə (ünvan 5 11.02.2017-ci il tarixdə çıxarış verilmişdir. Daha sonra 1962-ci ilin texniki pasportuna əsasən evin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir və vahid əmlak kimi dövlət reyestrində qeydiyyata alınaraq 07.03.2017-ci ildə Ç.B.Məmmədovaya çıxarış verilmişdir. Qeyd edilən məktuba əlavə edilmiş 1998-ci ildə notariusda təsdqi edilmiş bağışlama müqaviləsinə əsasən X32 ünvan 6 ünvanında yerləşən 7 otaqlı evin ona məxsus olan ¼ hissəni bacısına – X6 bağışlamışdır, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventartarlaşmasına və qiymətləndirilməsinə aid texniki pasportu”na əsasən X27 və X24 məxsus olan Qara-Çuxur qəsəbəsi, Podqornaya küçəsi, ev 4 ünvanında yerləşən torpaq sahəsinin planı və ölçüsü, həmçinin torpaq sahəsində yerləşən tikililərin planı və texniki göstəriciləri göstərilmişdir. - Orconikidze rayonu X36 İcraiyyə Komitəsinin 8 nömrəli 27.05.1988-ci il tarixli qərarının tərcüməsinin notariat qaydasında təsdiq edilmiş surətinə və həmin qərarın Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının 19.05.2021ci il tarixli məktubu ilə təsdiq edilmiş surətinə əsasən Serebrovski qəs., Podqornaya küç., 4 ünvanda yerləşən yaşayış evinin özünə məxsus olan hissəsinin bağışlanması zamanı hüququn qeydiyyatına dair təklifin qəbul edilməsi, X11 yaşayış evinin sahəsi 13,3 kv.m. olan 1 yaşayış otağından, yardımçı 14,4 kv.m. sahədən, sahəsi 1627 kv.m. olan torpaq sahəsində yerləşən (torpaq sahəsinin sahəsi Az.SSR TM 133 maddəsinə əsasən qoyulmuş normadan artıq olan, ancaq alınması mümkün olmayan) özünə məxsus olan hissəsinin Günəşli qəs., məh. 3940, ev 74 ünvanında yaşayan, 2 nəfərdən ibarət ailə tərkibi olan vət. X24 bağışlamasına icazə verilməsi, bağışlama zamanı sahəsi Serebrovski qəs. Podroqnaya küç., 4 ünvanında yerləşən 1627 kv.m. olan torpaq sahəsində yerləşən yaşayış evinin sahəsi 13,3 kv.m. olan 1 yaşayış otağından, yardımçı 14,4 kv.m. sahədən ibarət olan, şəxsi mülkiyyət hüququ 6 nəfərdən ibarət ailəsi tərkibi ilə vət. Məmmədov B.S. məxsus olan hissəsinin müvafiq özgəninkiləşdirilməsinə icazə verilməsi, tikilinin köhnəliyini, onun köçürülməsinin mümkün olmadığını nəzərə alaraq, həmçinin yaşayanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə BŞİK TİB akt-rəyində qeyd edilmiş tikilinin sahənin tikililərin yuxarıda qeyd edilmiş ölçülər üzrə faktiki dəyişiklikləri istifadə üçün saxlanılması qərara alınmışdır, qərarın 6-cı bəndində hazırki qərara əsasən BŞİK TİB-nin müvafiq dəyişikliklər aparması, bağışlamadan sonra vət. Məmmədov B.S. özünə heç nə saxlamadığı göstərilmişdir. - 02 noyabr 2016-cı il tarixdə notariat qaydada təsdiq olunmuş Suraxanı rayonu, QaraÇuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev 4-ün bölgü sxeminin surətinə əsasən X4, İddiaçı Sovdum oğlunun və X16 imzaları ilə həmin ünvandakı torpaq sahəsinin qeyd edilən şəxslər arasında bölgüsünün sxemi təsdiq edilmişdir. Sənədin arxasında 4 saylı Bakı ASAN Xidmət Mərkəzində notarius X22 tərəfindən edilmiş qeyddə göstərilmişdir ki, notarius Sidqi Yaqub oğlu X1, İddiaçı Sovdum oğlunun və X16 notariusun iştirakı ilə etdikləri imzaların həqiqiliyini təsdiq edir. - Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş ünvan 2C nömrəli evə dair arxiv qovluğunda olan: 24 nömrəli, 28 oktyabr 1953-cü il tarixli Kaqanoviç rayon icra hakimiyyətində keçirilmiş iclasın protokolundan çıxarışın surətinə əsasən X28 fərdi yaşayış evinin tikintisi üçün Kaqanoviç qəsəbəsində yerləşən 25 nömrəli sahəsində ümumi sahəsi 300 kv. metr olan torpaq sahəsinin ayrılması qərara alınmışdır; 24.04.1970-ci il tarixli bağışlama müqaviləsinə əsasən X3 qəsəbəsi, Podqornaya küçəsi, ev 4 ünvanında yerləşən ona məxsus olan evin ¼ hissəsini X12 və ¼ hissəsi X18 bağışlamışdır; 01.07.1988-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 qəsəbəsi, Podqornaya küçəsi, ev 4 ünvanında yerləşən evin ona məxsus olan ¼ hissəsini (13.3 kv.m olan 1 otaqdan və 14.4 kv.m. olan köməkçi hissədən ibarət) qızın – X24 bağışlamışdır. - Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsi tərəfindən verilmiş 10.02.2017-ci il tarixli **********22-10301 reyestr nömrəli texniki pasportuna əsasən X6 məxsus olan ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin planı və ölçüsü, həmçinin torpaq sahəsində yerləşən tikililərin planı və texniki göstəriciləri göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə 11.02.2017-ci il tarixdə X15 adına qeydiyyata alınmışdır, 0.00902 ha torpaq sahəsinin mülkiyyəti dövlət mülkiyyəti olmaqla X4 istifadəsində olması göstərilmişdir; - ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0644 ha torpaq sahəsi mülkiyyət hüququ ilə 07.03.2017-ci il tarixdə X15 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5888/2019 nömrəli 11 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı qanunsuz açılmış pəncərənin bağlanması və mülkiyyət hüquqlarına qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)- 5888/2019 nömrəli iş üzrə icraat dayandırılmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-405/2020 nömrəli 07 yanvar 2020-ci il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı qanunsuz açılmış pəncərənin bağlanması və mülkiyyət hüquqlarına qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15.09.2021-ci il tarixli, **********44 nömrəli iddiaçının nümayəndəsinə ünvanlanmış məktubunda göstərilmişdir: “Bakı şəhəri, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə ********** daxil olma nömrəli, 27.07.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.” Birinci instansiya məhkəməsi işin hallarına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.2, 8.0.5-ci maddələrini, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 220.1, 220.2, 220.3, 221-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nin 2.1-ci bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları”nın 3.7, 5.1, 5.2-ci bəndlərini, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.6, 19.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evinin X4 mülkiyyətində olan ¼ hissəsinin naturada ayrılaraq ayrıca ünvan 1 ünvanı kimi ********** qeydiyyat nömrəsi və **********-10301 reyestr nömrəsi ilə 11.02.2017-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi, bundan sonra həmin hissəyə dair ********** qeydiyyat nömrəsi və **********32-10301 reyestr nömrəsi ilə 07.03.2017-ci il tarixdə 0,0644 ha torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi aparılmış qeydiyyatın ləğv edilməsi və tərəflərin əvvəlki hüquqi vəziyyətə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iş materiallarına əsasən müəyyən etmişdir ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Dağaltı küçəsi, ev 4 X19 mülkiyyətində olmuşdur, həmin şəxs 24.04.1970-ci ildə həmin evin ¼ hissəsini X8 və ¼ hissəsini isə X20 bağışlamışdır. Nəticədə qeyd edilən şəxslərin mülkiyyət hüququ Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikililərin reyestrində ½ hissə X21, 1/4 hissə İddiaçı və ¼ hissə X7 adına qeydə alınmışdır, 01.07.1988-ci ildə X30 həmin evdə olan ¼ hissə payını (1 otaq, y/s-13,3 kv.m, k/s-14,4 kv.m) qızı X24 hədiyyə etmişdir, sonuncu isə 1998-ci ildə həmin əmlakı X6 bağışlamışdır. Bundan sonra Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X4 adına 06.08.1998-ci ildə 175913 nömrəli qeydiyyat vəsiqəsi verilmiş və həmin qeydiyyat vəsiqəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsindəki 4 nömrəli yaşayış evi ¼ pay ilə X4, ¼ pay ilə İddiaçı, 2/4 hissə pay ilə isə X19 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır, bundan sonra X6 aid hissəyə cavabdeh tərəfindən ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin çıxarışda X4 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsi, ev 4C üzərində tam mülkiyyət hüququ olması, evin yerləşdiyi torpaq sahəsinin isə dövlət mülkiyyətində olmaqla həmin şəxsin istifadəsində olması göstərilmişdir, daha sonra isə həmin yaşayış evi və əvvəlki çıxarışda 0,00902 ha kimi göstərilən torpaq sahəsinin 0,0644 ha ölçüdə üçüncü şəxsin xüsusi mülkiyyəti kimi 07.03.2017-ci ildə qeydə alınmaqla ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh məhkəməyə ünvanlanmış məktublarında çıxarışda göstərilən torpaq sahəsinin iddiaçı və iddiaçının atası X33, üçüncü şəxs X15 arasında həmin şəxslər tərəfindən imzalanmış bölgü sxemi əsasında mülkiyyət hüququ ilə X4 adına qeydə alınmasını bildirmişdir. İddiaçı bölgü sxeminin saxta olması əsası ilə paylı mülkiyyətdə olan əmlakın bir hissəsinin üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının qanunsuz olmasını göstərməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə 2.1-ci bənddə qeyd edilmişdir ki, nümunəsi bu sənədin 1 nömrəli əlavəsində göstərilən dövlət reyestrindən çıxarışda aşağıdakılar göstərilir: 2.1.4. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs haqqında məlumat; 2.1.15. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda - hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq, hər bir hüquq sahibinin payı... Həmçinin 2.7-ci bəndə görə daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda, çıxarış hər bir mülkiyyətçiyə verilir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.3-cü bəndinə əsasən təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, 3.0.4-cü bəndinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, 3.0.7-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları”nın 3.7-ci bəndinə əsasən ərazi idarəsinin daşınmaz əmlaka dair qeydiyyat və hüquq şöbələrində ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla sənədlərin ekspertizası həyata keçirilir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş ekspertiza zamanı sənədlərin həqiqiliyinə ciddi şübhə yaranarsa, hüquqların dövlət qeydiyyatı 1 (bir) ay müddətinə dayandırılır. Bu barədə qeydiyyat şöbəsi ərizəçiyə 48 saat ərzində qeydiyyatın dayandırılmasını əsaslandırmaqla, yazılı və ya elektron formada (müraciətin daxilolma formasından asılı olaraq) məlumat verir. Bu halda Qanunun 14-cü maddəsinə uyğun olaraq, hüquqların dövlət qeydiyyatının dayandırılması ilə bağlı müxtəlif dövlət orqanlarına hazırlanmış sorğular (2 nömrəli əlavə) həmin şöbə tərəfindən imzalanmaq üçün ərazi idarəsinin rəhbərliyinə təqdim edilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən sənədlərin saxta olması təsdiqlənərsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir, bu barədə daxili işlər orqanlarına məlumat verilir və bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş qaydada ərizəçiyə bildiriş göndərilir. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilir. İşin faktiki hallarına əsasən üçüncü şəxs X4 mülkiyyəti kimi qeydiyyata alınmış yaşayış evi və torpaq sahəsi iddiaçının, üçüncü şəxsin və vəfat etmiş X19 paylı mülkiyyətində olmuş yaşayış evinin və paylı mülkiyyətdə olan yaşayış evinin həyətyanı torpaq sahəsinin bir hissəsidir, həmin yaşayış evi paylı mülkiyyətdə olduğu üçün həm yaşayış evi, həm də yaşayış evinin həyətyanı torpaq sahəsi yalnız paylı mülkiyyətçilərin razılığı ilə tərtib edilmiş bölgü sxemi, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəllənin 220.1-ci maddəsinə uyğun olaraq razılaşma (müqavilə və ya saziş) əsasında bölünməklə mülkiyyətçilərin hər birinin ayrıca mülkiyyəti kimi qeydə alına bilərdi. Lakin iş materiallarından göründüyü kimi paylı mülkiyyətdə olan yaşayış evinin və yaşayış evinin həyətyanı torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsin xüsusi mülkiyyəti kimi qeydə alınması zamanı cavabdeh tərəfindən əsas götürülmüş Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev 4-ün həyətyanı torpaq sahəsinin bölgü sxemində olan iddiaçını, üçüncü şəxsin və X19 imzalarının həqiqiliyinin 02 noyabr 2016-cı il tarixdə Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X22 tərəfindən təsdiq olunması göstərilsə də notarius tərəfindən imzasının həqiqiliyi təsdiq edilən şəxslərdən biri X33 artıq 22.11.1991-ci il tarixdə vəfat etmişdi. Yəni, 02.11.2016-cı il tarixdə həmin şəxs tərəfindən bölgü sxemi imzalana bilməzdi və onun imzası da notarius tərəfindən 02.11.2016-cı ildə təsdiqlənə bilməzdi. Eyni zamanda, iddiaçı da həmin bölgü sxeminə imza etmədiyini bildirmişdir. İddiaçının başqa sənədlərdə (məsələn 06.12.2019cu il tarixli etibarnamədə) edilən imzası ilə həmin bölgü sxemində iddiaçının soyadının qarşısında edilmiş imza müqayisə edildikdə həmin imzaların eyni olmadığı, yəni bölgü sxemindəki imzanın iddiaçıya məxsus olmaması da aşkar müəyyən olunur. Beləliklə, inzibati məhkəmə araşdırılması zamanı üçüncü şəxsin mülkiyyət hüququnun (evə və torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı əsas kimi cavabdeh tərəfindən qəbul edilmiş bölgü sxeminin saxta olması müəyyən olunmuşdur ki, belə olan halda həmin saxta bölgü sxemi əsasında paylı mülkiyyətdə olan əmlakın bir hissəsinin ayrıca olaraq üçüncü şəxsin adına mülkiyyət hüququ ilə qeydə alınması ilə bağlı cavabdehi hərəkətləri qanuna uyğun olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Lakin iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklər icra edilməmiş, təqdim edilmiş sənədlərin tam ekspertizasını aparmadan saxta sənəd (saxta bölgü sxemi) əsasında, yəni paylı mülkiyyət hüququ ilə üç şəxsə məxsus olan əmlakın bir hissəsi üzrərində mülkiyyət hüququnu qalan mülkiyyətçilərin razılığı olmadan bir mülkiyyətçinin adına qeydiyyata almışdır ki, bununla da paylı mülkiyyətçilərdən biri olan iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qərarına gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2021 saylı, 17.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar