Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-665/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “məhdudiyyətin aradan qaldırılması və birinci sinifə getmənin təmin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9712/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən X1 yaşının 14 gün çatmaması ilə bağlı tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasının və X1 XXİ Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 2022- 2023-cü il tədris ilində birinci sinifə getməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmişdir. İddianın əsaslarına görə iddiaçının xx.xx.2017-ci il tarixdə anadan olmuş qızı Bahar İsgəndərova XXİ Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 2021-2022-ci tədris ilində “Kipina” proqramı üzrə məktəbəqədər hazırlıq bölməsində təhsil alır. xx.xx.2022-ci il tarixdə hazırlıq kursunu bitirəcək. Qeyd olunan hazırlıq kursundan sonrakı mərhələdə XXİ Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 2022-2023-cü il tədris ilində 1-ci sinifə qəbul edilməlidir. Lakin, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qızı Bahar İsgəndərovanın yaşının 14 gün çatmadığı qeyd olunaraq məktəbə qəbuldan imtina edilmişdir. Belə ki, məktəbə qəbulla bağlı elektron imtinada uşağın doğum tarixi xx.xx.2007-xx.xx.2016-cı illər arası olması göstərilmişdir və problem kimi 14 gün göstərilmişdir. İddiaçı qeyd olunan imtinanı hüquqi cəhətdən əsaslandırılmadığı üçün düzgün hesab etmir və Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş hüquqlarının məhdudlaşdırılması kimi qəbul edir. X3 istedadlı uşaqdır və hazırlıq bölməsində təhsilini əla qiymətlərlə başa vurmaqdadır. Baharın sağlamlığı tam yerindədir, yaşıdlarından fərqli olaraq tez təhsilə başlaması ona hər-hansı bir narahatlıq yaratmır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz, təhsil qanunvericiliyinə istinadən onunla əsaslandırılmışdır ki,iddia tamamilə əsassızdır. Belə ki, müvafiq normativ hüquqi aktların tələbinə görə Azərbaycan Respublikasında ibtidai təhsil 6 yaşdan başlayır və bu səbəbdən (mektebeqebul.edu.az) portalı həmin yaş tələbi nəzərə alınmaqla qeydiyyatın həyat keçirilməsini mümkün edir. Bahar İsgəndərovanın xx.xx.2017-ci il tarixdə anadan olması və hazırda 5 yaşında olması onu sistem üzərindən qeydiyyatdan keçirməyə imkan vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9712/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməməklə maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuş, iş üzrə tətbiq edilməli olan hüquq normaları tətbiq olunmamaqla Azərbaycan Respublikasının Konstitusiyası, "Uşaq hüququları haqqında" Azərbaycan Respublikası qanununu və Uşaq Hüquqları haqqında Konvensiyas ıyanı ilə təsbit olumuş hüquqları pozulmuşdur . Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında , "Uşaq hüququları haqqında" Qanunda və “Uşaq Hüquqları haqqında” Konvensiyada uşaqların təhsil alması ilə bağlı yaş məhdudiyyəti qeyd olunmamışdır. Əksinə, uşaqların hüquqularının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmaları qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi T.Quliyev isə onunla razılaşmamış və birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəlyin icrası haqqında iddia vasitəsilə xx.xx.2017-ci il təvəllüdlü övladı X1, 14 gün, 6 yaşına çatmaması ilə bağlı ona tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasının və onun 2022-2023-cü il tədris ilində qeyd olunan təhsil məktəbində birinci sinifə getməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı, 11784999 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, iddiaçının övladı - Bahar İsgəndərova xx.xx.2017-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdən görünür ki, XXİ Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin arayışlarına, o cümlədən, “Kipina uşaq bağçası və məktəbəqər uşaq bağçasının “dövrün sonuna olan hesabat”ında xx.xx.2017-ci il təvəllüdlü - Bahar İsgəndərova sinfin ən istedadlı, intizamlı və çalışqan, həmişə punktual və məsuliyyətli, təkcə özünü deyil, digər qrup yoldaşlarını da motivasiya edən, sinifdə fəal, müəllimləri tərəfindən böyük həvəs və maraqla dərslərini öyrəndiyini görən, təbiətə və fikirlərə açıq olan, həmişə inkişaf edən və təsiredici gücə malik - şagirdlərdən biri kimi xarakterizə edilmişdir. Bununla əlaqədar, birincisi, məhkəmə kollegiyası onu qeyd edir ki, “Hesabat” da göstərilələr, 5 yaşından məktəbin birinci sinfinə qəbul olunması üçün uşaq kifayət qədər mənəvi-psixoloji keyfiyyətlərə və qeyd olunan fitri istedada malikdir. Sadlanan keyfiyyətlə həmin uşaq bacçasının subyektiv bir fikrinin göstəricisidir. İkincisi, qeyd olunan göstəricilərə görə Azəraycan Respublikasının Təhsil qanunvericiliyi ilə uşağın 5 yaşından məktəbin birinci sinfinə qəbul olunması nəzərdə tutulmur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlət maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Həmin Qanunun: 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 19.1-ci maddəsinə əsasən ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. 19.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraicəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Eyni zamanda, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.4cü maddəsi nəzərədə tutur ki, Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.5-ci bəndinə əsasən ümumtəhsil məktəbinin İ sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən ümumtəhsil məktəbinin İ sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar qəbul edilirlər. Beləliklə də qanunvericiliyin sadalanan tələblərindən birmənalı olaraq göründüyü kimi, Azərbaycan Respublikasında 5 yaşından məktəbəqədər hazırlıq mərhələsi, 6 yaşından isə ibtidai təhsil mərəhləsi başlayır və bu qanunvericiliyin imperativ tələbidir. Hər hansı bir arayış və ya hesabat əsasında qanunvericiliyin qeyd olunan tələblərinin pozulmasına yol verilə bilməz. İddiaçının həm Azərbaygan Respublikasının Konstitusiyası, həm də “Uşaq Hüquqları haqqında” Konvensiyaya istinadən, uşağın hüquqularının məhdudlaşdırılmasının yolverilməzliyin əsas gətirən dəlillərinə gəldikdə, istinad olunan hallarda söhbət qanunvericiliklə müəyyən olunan hüquqların məhdudlaşdırılmasının yolverilməzliyindən söhbət gedə bilər ki, konkret halda da, cavabdeh inzibati orqanın tərəfindən qanunvericiliyin tələblərinə zidd, uşağın istər 5 yaşından məhkəməqədər hazırlıq mərəhələsində, istərsə də onun 6 yaşından ibtidai təhsil məktəbinin 1-ci sinfinə getməsinin qarşısını alan və ya hər hansı başqa formada qanunla qorunan hüquqlarını məhdudlaşdıran hərəkətlərinin mövcudluğu müəyyən olunmur. Beləliklə də sübuta yetirilir ki, cavabdeh iddiaçının müraciətinə imtina cavabı verərkən, qanunvericiliklə üzərinə düşən öhdəliyinə uyğun hərəkət etmiş, uşağın hüquqlarını pozmamış, onun hüquqlarını məhdudlaşdırmamışdır. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmə inzibati orqanın üzərinə o halda inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmaması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. İşin qeyd olunan hallarından isə göründüyü kimi, cavabdeh tərəfindən belə pozuntuya yol verilməmişdir. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin, həmin qərarın maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9712/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9712/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-665/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-665/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver