Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-665/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X38 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, üçüncü şəxslər X14, X13, X3, X4, X5, X1, X12 və onların vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı (işə zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər: X39, X18, X30, X19, X46, X9, X6, X16, X20, X17, X28, X21, X22, X40, X36, X31, X41, X23, X32, X15, X42, X44, X33, X24, X34, X35, X25, X26, X10) “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6518/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.34). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Həmin yaşayış sahəsində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatı formal xarakter daşıyır. Belə ki, həmin şəxslər hazırda yaşayış sahəsində yaşamırlar. Hazırkı vəziyyətdə qeyd olunan şəxslərin qeydiyyatda qalması onun hüquqlarının pozulmasına səbəb olur ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və həmin şəxslərin qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Ərizə ilə cavabdehə müraciət edərək üçüncü şəxslərin həmin ünvana qeydiyyatlarına xitam verilməsini xahiş etmiş, lakin sonuncunun xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina edilərək, üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğunu bildirərək onun məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin aşağıdakı nəticə ilə 2-1(112)-6518/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmişdir: “ İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatda olan - X39, X18, X30, X19, X46, X9, X6, X16, X20, X17, X28, X21, X22, X36, X31, X41, X23, X32, X15, X42, X44, X33, X34, X35, X26, X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. İddia tələbi - X40, X24 və X7 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması hissəsində təmin edilməsin.” Qeydiyyatdan çıxarılması qərara alınan həmin üçüncü şəxslər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin həmin qərarı əsassız və qanunsuzdur. Məhkəmə bu iş üzrə iddianı təmin edərkən şəxsin yaşayış sahəsinə istifadə hüququnun xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında həll edilməli olmasını nəzərə almamış, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə iddia tələbinə dair işə baxarkən qeydiyyatdan çıxardığı 26 nəfər şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığını müəyyən etməmişdir. Qeydiyyatdan çıxarılan şəxslərin heç birinin məhkəmədə iştirakı təmin edilməmiş, halbuki çıxarılan məhkəmə aktı onların qanunla qorunan maraqlarına və mənafelərinə toxunur, (pensiya təminatı,səsvermə,poçt ödənişləri, koorespondensiya və.s.). Həmin evə dair tərtib olunmuş texniki pasportdan görünür ki, bu ünvandakı tikililər: -yaşayış evi 1935-ci ildə, daş pilləkən-1960-cı ildə, basseyn-1900-cu ildə və.s. inşa edilmişdir. Həmin sənəddə evin sahibi kimi X29 qeyd olunmuşdur. Həmin tikiliyə dair ev dəftərində pasport qeydiyyatından çıxarılan şəxslərin bu ünvanda pasport qeydiyyatında olmaqları, onların mübahisəli evə münasibətdə iddiaçı ilə eyni hüquqa malik olduqları müəyyən edilir, əksinə ev inşa edilən zaman iddiaçı anadan olmamışdır. İddiaçı evə dair sənədləri aldatma yolu ilə əldə edib bir il özündə saxlamış, evə dair mübahisəli çıxarışı əldə etdikdən sonra həmin sənədləri geri qaytarmışdır. Həmçinin qeyd edilir ki, qeydiyyatdan çıxarılma üçün əsas olmuş sənədlər və məlumatlar həqiqətə uyğun deyildir, evə dair çıxarış verilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verilmişdir. Qeydiyyatdan çıxarılan şəxslərin yaşayış sahəsinə əmlak hüquqları vardır. İddiaçı bilərəkdən məhkəmədə qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslərin bu ünvanda yaşamadıqlarını, onların qeydiyyatının formal xarakter daşıması barədə həqiqətə uyğun olmayan məlumat vermişdir, halbuki bu şəxslərin pasport qeydiyyatına düşməyə və yaşamağa başqa yerləri yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. İnzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə yalnız bundan sonra şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüquqlarına malik olub- olmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur.” Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən apelyator üçüncü şəxslər bir-biri ilə qohümluq əlaqələrində olduqlarını, ev dəftərinə və evin texniki pasportuna əsasən onların dədə-babadan həmin ünvanda yaşadıqlarını bildirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı üçüncü şəxslərlə razılaşmamış, üçüncü şəxslərin qeydiyyatda olmasının onun mülkiyyət hüququnu məhdudlaşdırıdığını vurğulayaraq birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh isə məhkəməyə ünvanladığı məktubunda onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxslərin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi qərarında iş materiallarına əsasən aşağıdakıları müəyyən etmişdir: “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak İddiaçı xüsusi mülkiyyətindədir. ASAN 5 tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X39, X18, X30, X19, X46, X9, X6, X16, X20, X17, X28, X21, X22, X40, X36, X31, X41, X23, X32, X15, X42, X44, X33, X24, X34, X35, X25, X26, X10 - ünvan 2 ünvanında qeydiyyatdadır. Daha sonra, məhkəmə araşdırmasının nəticəsi olaraq şikayətçi üçüncü şəxslərə münasibətdə məşkəmə hesab etmişdir ki, yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. Üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxslərin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxslərin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxslərin (X40, X24 və X25 istisna olmaqla) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə, qeyd edilən üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılması qənaətinə gəlməsi üçün, demək olar ki, heç bir araşdırma aparmamış, onların məhkəmə iclasında iştirakını təmin edib dinləməmiş, hansı əsaslarla qeyd olunan ünvanda qeydiyyatda olduqlarını, habelə, iddiaçı ilə aralarında mülki mübahisə mövcud olub-olmadığını aydınlaşdırmamış, yerli icra hakimiyyəti qurumlarına müvafiq sorğular verməklə, onların nə vaxtdan həmin ünvanda yaşadıqları və qeydiyyatda olduqlarına dair hər hansı sənəd-sübut əldə etməmiş və prosessual qanunvericiliyin tələblərini nəzərə almadan öz mülahizəsini irəli sürməklə, həmin üçüncü şəxsələrə münasibətdə iddianın təmin olunmasını əsaslı hesab etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi,cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinadetdiyi normativ aktlar və onların qiymətləndirilməsi göstərilməlidir… Məhkəmənin qərarında isə üçüncü şəxslərə münasibətdə onların mübahisəli ünvana dair faktiki vəziyyətini ehtiva edən heç bir araşdırma faktı təsbit olunmamış, qanunvericiliyin tələbləri sadalanmaqla, nəzəri baxımdan onlara şərh verilərək, iddiaçının sözügedən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə tələbi təmin olunmuşdur. Lakin işin hazırkı apellyasiya mərhələsində məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, qeydiyyatdan çıxarılan üçüncü şəxslər bir-biri ilə qohumluq əlaqələrində olan «İbrahimov»lar ailəsinin üzvləri olan şəxslərdir (bunu onların daşıdıqları soyadlarından da aydın görmək mümkündür). Onların hazırkı mərhələdə məhkəməyə təqdim etdikləri mübahisəli ünvana dair «Ev Dəftəri»ndən və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Vİİ 1963cü il tarixdə tərtib olunmuş «Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid Pasport»dan görünür ki, üçüncü şəxslər («İbrahimov»lar) ailəsi hələ, dədə-bababadan, yəni, 1950-60-cı ci illərdən Şüvəlan qəsəbəsi, Proletarskaya (indiki Vəlixan Orucov) küçəsi, ev 18 ünvanında yaşamış, qeydiyyatda olmuşlar. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinin tələbinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndindən görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlakın üzərində hüququn əmələ gəlməsi üçün əsas olan sənədlərə aid ediilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, üçüncü şəxslərin malik olduqları mübahisəli ünvana dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən «Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid Pasport» mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas olan sənəd sayılır. Ümumiyətlə üçüncü şəxslərin yaşadıqları evin, iddiaçının ünvanı ilə eyni bir ünvanda hər kəsin ayrı-ayrı evlərdə faktiki olaraq yaşadıqları işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcələnin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinin 1-ci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Məcəllənin qeyd oluunan tələləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslər yaşadıqları evin faktiki sahibi olmaqla, həmin evdən istifadə edən şəxslər kimi, yaşadıqları mövcud ünvandan da istifadə etmək onların hüququdur. Belə olan halda onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları mülki qanunvericiliyin qeyd olunan tələblərinin pozulmasıdır. Xüsusi qanunvericiliyə diqqət yetirildikdə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları dəqiq müəyyən edilmişdir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında qanunun 9-cu maddəsinin birinci hissəsinin tələbindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Göründüyü kimi, üçüncü şəxslərin yaşadıqları ünvandan qeydiyyatdan çıxarılmaları üçün Qanunun qeyd olunan müddəalarında göstərilən əsaslardan hər hansı biri mövcud deyildir. Onlara məxsus olan fərdi yaşayış evləri mübahisəli ünvanda yerləşən onların sahibliyində və istifadəsində olan daşınmaz əmlaka dair ən azından Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş «Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid Pasport» mövcuddur. Bundan əlavə, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, hazırkı iş üzrə üçüncü şəxslər X27 və qeyriləri iddiaçılar qismində cavabdehlər X11 (hazırkı iş üzrə iddiaçı) Bakı şəhər 7 saylı Dövlət Notariat Kontoruna, və DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair” - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin 2(003)-3908/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixli qərarında verilən şərhə gəldikdə həmin qərarın nəticə hissəsinin 2-ci bəndi nəzərədə tutur ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konkret halda isə qeyd olunanlardan görründüyü kimi, iddiaçının istinad etdiyi, mübahisəli ünvanda yerləşən daşınmaz əmlakla bağlı üçüncü şəxslərlə iddiaçı arasında mülki mübahisə mövcuddur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh polis orqanı tərəfindən iddiaçıya apellyator üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qanuni imtina isə iddiaçının hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Beləliklə də, işin sübutlarla tədqiq olunan halları və qanunvericiliyin qeyd olunan tələbləri baxımından, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilən hissəsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan əsassız nəticə kimi qiymətləndirir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyator üçüncü şəxslərin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6518/2023 saylı xx.xx.2023-cü il tarixli qərarınnın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6518/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması bğarədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6518/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə, yəni, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatda olan - X39, X18, X30, X19, X46, X9, X6, X16, X20, X17, X28, X21, X22, X36, X31, X41, X23, X32, X15, X42, X44, X33, X34, X35, X26, X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilməsi hissəsində, iddia rədd edilsin. Hazırkı qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-665/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-665/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver