Məhkəmə qərarları › İş №2-1(103)-665/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-665/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-665/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxsTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi) iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı statusu və vəsiqə verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7668/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 202-k №-li xx.xx.2020-ci il tarixli əmrinə əsasən hərbi vəziyyətlə əlaqədar 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Şüa diaqnostikası Kabinetinin Şüa diaqnostika üzrə Kabinetinin Şüa diaqnostika üzrə həkimi İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2020 il tarixdən Füzuli rayonu Mərkəzi Rayon Xəstəxanasına ezam edilmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 243 №-li Arayışına əsasən iddiaçı “Qarabağ-Vətən” müharibəsində xx.xx.2020-ci ildən xx.xx.2020ci ilədək Füzuli rayon Mərkəzi Xəstəxanasında yaralı əsgərlərin müayinəsində və müalicəsində aktiv iştirak etmişdir (Əsas: Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 419 nömrəli arayış).

3. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabeh) müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir.

4. İmtina məktununda qeyd edilmişdir ki, “...Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “Müharibə veteranları” hissəsinin onuncu və on birinci absazlarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin birinci hissəsinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-10.11,2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinizə, işləmədiyinizə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığınıza görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir”.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı statusu və vəsiqə verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir).

6. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 17 saylı Birləşmiş Şəhər xəstəxanasında Şüa diaqnostika həkimi vəzifəsində işləyir. O, 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin xx.xx.2020-ci il tarixli, 202-k nömrəli əmri ilə, xx.xx.2020-ci il tarixdən Füzuli Rayon Mərkəzi Xəstəxanasına ezam edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Vətən müharibəsi zamanı cəbhə bölgəsi olan Füzuli rayon Mərkəzi xəstəxanasında işləmişdir. Bununla bağlı həmin xəstəxana tərəfindən müvafiq xasiyyətnamə də, verilmişdir. O, Füzuli Rayon Mərkəzi Xəstəxanasında yaralı əsgərlərin müayinəsində və müalicəsində aktiv iştirak etmişdir. Cavabdehin imtinası əsassızdır.

7. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia ərizəsinin mümkün sayılmamasını xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Çünki iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzə komissiya” tərəfindən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir.

9. Üçüncü şəxs iddia tələbinə yazılı etiraz verərək iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi E.Rəfailovanın xx.xx.2020-ci il tarixli “202-k” nömrəli əmri ilə hərbi vəziyyətlə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdən “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ezam edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi öz vəzifə öhdəliyini sözügedən tibb müəssisəsində icra etmişdir. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, müraciətə Nazirliyin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən xx.xx.2024-cü il tarixdə iclasda baxılaraq barəsində müsbət qərar verilməmişdir. İddiaçının iddia ərizəsinə nəzər yetirdikdə aydın olur ki, o, öz əmək funksiyalarını “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim kimi icra etmişdir. “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi döyüş bölgəsindən kənarda, yəni Füzuli rayonunun işğaldan azad olunmuş bölgəsində yerləşmir. Bu əsasla da iddiaçı döyüş bölgəsində xidmət etməmişdir. Sözügedən münasibətləri tənzimləyən maddi hüquq normalarının yer aldığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Füzuli rayonunun 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. Həmin Əsasnamənin qeyd hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə tibbi təminatda nəzərdə tutulur. Maddi hüquq normasından göründüyü kimi Füzuli rayonu ilə bağlı bilavasitə tarix və ərazi aidiyyəti müəyyən edilmişdir. Belə ki, Füzuli rayonu üzrə 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş döyüş əməliyyatlarının aparıldığı ərazilərdə tibbi təminat üzrə fəaliyyət nəzərdə tutulmaqdadır. Lakin “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin inzibati binalarının hamısı 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmayan və döyüş əməliyyatlarının aparılmadığı ərazilərdə yerləşməkdədir. Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi iddiaçı tərəfindən verilmiş iddia tələbi qanunsuz və əsassızdır. İddiaçının tələbinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə uyğun gəlməməsi barədə: Qeyd edilənlərdən aydın olduğu kimi, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi döyüş bölgəsindən kənarda, yəni Füzuli rayonunun işğaldan azad olunmuş bölgəsində yerləşmədiyindən İddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7668/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, döyüş əməliyyatlarının digər təminat növü, yəni tibbi təminat növü hesab edilməsi üçün, onun döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması zəruridir ki, iddiaçı döyüş tapşırığının aparıldığı əraziyə deyil, Füzuli rayonunun döyüş bölgəsindən kənarda, işğaldan azad olunmuş ərazilərdə yerləşməyən “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ezam olunmuşdur.

b)Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7668/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Üçüncü şəxsin nümayəndəsi şikayətin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.

18. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ..... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 14.3- inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 73.1.İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, lakin həmin məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair işdə hər hansı sübut olmadığından və iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinə riayət edildiyi qənaətinə gəlir.

27. Məhkəmə iddia tələbinə cavab verməli olan şəxsin Müdafiə Nazirliyi olmaması əsası ilə iddianın mümkün sayılmamasına dair cavabdehin etirazının dəlillərini də əsaslı hesab etmir.

28. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçı tibb işçisi kimi Füzuli Rayon Mərkəzi Xəstəxanasına ezam edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə görə isə, döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxlərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir.

29. Cavabdeh hesab edir ki, iddiaçı Nazirliyin hərbi qulluqçusu deyil və döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmamışdır.

30. Məhkəmə qeyd edir ki, bu hal iddianın mümkün sayılması üçün deyil, mahiyyəti üzrə iddianın rədd olunmasına yönəlmiş haldır. Belə ki, nə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşməmiş, nə də ki, iddiaçının çalışdığı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi müharibə veteranı vermək səlahiyyətinə malik deyildir.

31. Belə olan halda, iddia tələbi düzgün olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yönəlmişdir.

32. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına istinad edərək aşağıdakıları qeyd edir:

33. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı Bakı şəhər Baş Səhiyyə İdarəsi 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Şüa diaqnostikası Kabinetinin Şüa diaqnostika üzrə Kabinetinin Şüa diaqnostika üzrə həkimidir.

34. Xəstəxananın 202-k №-li xx.xx.2020-ci il tarixli əmrinə əsasən hərbi vəziyyətlə əlaqədar iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək “Füzuli Rayon Mərkəzi Xəstəxanası”na ezam olunmuş və həmin tarixlərdə yaralı əsgərlərin müayinəsində və müalicəsində aktiv iştirak etmişdir.

35. İddiaçı bu hala istinad edərək ona müharibə veteran adı və vəsiqəsinin verilməsini tələb edir.

36. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçı Nazirliyin hərbi qulluqçusu deyildir, eyni zamanda döyüş əməliyyatlarının aparıldığı əraziyə ezam olunmamışdır.

37. Üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək bildirir ki, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi döyüş bölgəsindən kənarda, yəni Füzuli rayonunun işğaldan azad olunmuş bölgəsində yerləşmir. Bu əsasla da iddiaçı döyüş bölgəsində xidmət etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla, iddia tələbi rədd edilməlidir.

38. Tətbiq olunan hüquq normalarından göründüyü kimi, Veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsi, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimlənməsi, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirilməsi müvafiq olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi ilə tənzimlənir.

39. Məhkəmə Kollegiyası qeyd edir ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 10-cu və 11-ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur.

40. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci bəndinin 10-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur.

41. Əsasnamənin 1-ci bəndinin 10-cu abzasının məzmunundan göründüyü kimi, həmin bəndə əsasən o şəxslərə müharibə veteranı adı verilir ki şəxs: 1) ...Füzuli rayonunun 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olsun; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olsun; 3) və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunsun.

42. İddiaçının hərbi qulluqçu və ya hərbi hissələrin mülki işçisi olmaması, eyni zamanda işin mübahisələndirilməyən halı olduğundan 1-ci və 2-ci bəndləri iddiaçıya aid etmək olmur.

43. 3-cü bəndlə bağlı qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə normanın həmin hissəsinin dispozisiya şərtləri də ödənilmir.

44. Belə ki, iddiaçının Əsasnanənin Qeyd hissəsində təsbit edilmiş döyüş əməliyyatlarının digər təminat növü, yəni tibbi təminat növü hesab edilməsi üçün, onun döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması zəruridir ki, iddiaçı döyüş tapşırığının aparıldığı əraziyə deyil, Füzuli rayonunun döyüş bölgəsindən kənarda, işğaldan azad olunmuş ərazilərdə yerləşməyən “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ezam olunmuşdur.

45. Məhkəmə Kollegiyası qeyd edir ki, şəxsə müharibə veteranı adının verilməsinin mahiyyəti ondan ibarətdir ki, şəxsin bilavasitə döyüş tapşırığını yerinə yetirməsi və ya döyüş əməliyyatlarının aparıldığı ərazidə ezam olunması nəticəsində yaralanma, travma və ya digər xəsarətlər alması, həmçinin onun ölümü ilə nəticələnəcəyi təhlükəsi vardır.

46. Bu səbəbdəndir ki, şəxs müharibə veteranı adının verilməsi üçün onun bu növ təhlükələrlə üz üzə olması, bilavasitə döyüş əməliyyatarında iştirak edən və döyüş tapşırğını icra edən hərbi qulluqçu və ya hərbi orqanların mülki işçisi olması, eyni zamanda hərbi qulluqçu olmasa da, döyüş əməliyyatlarının digər təminatı növü üzrə (hazırkı işdə tibbi təminat) həmin əməliyyaltarın aparıldığı ərazilərdə hərbi qulluqçuların müayinsi və müalicəsində iştirak etməsi və nəticədə yuxaırda qeyd edilən təhlükələrlə üzüzə olması zəruridir.

47. Baxılan işdə isə, iddiaçının xidmət etdiyi Xəstəxana bu əməliyyatların aparıldığı ərazidən, döyüş bölgəsindən kənarda olmuş, iddiaçının hər hansı yaralanma, xəsarət alma və ya ölüm təhlükəsi olmamışdır.

48. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən iddiaçıya müharibə veteranı adının verilməsi üçün nəzərdə tutulmuş dispozitiv şərtlər ödənilmir.

49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

51. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

52. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

53. Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7668/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7668/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar