Məhkəmə qərarları › İş №2-1(103)-666/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-666/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-666/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil ("Hümbətov və partnyorları" Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1948-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X9, X13 Tağıyevna (28.10.1951-ci il tarixdə Krasnoyarsk Diyarında anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) sərəncamın və onunla bağlı hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 3895/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 06.03.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X9, X13 Tağıyevna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb edilməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı Bakı şəhəri Cavabdeh başçısının 09.05.1994-cü il tarixli, 359/59 saylı sərəncamının və onunla bağlı hüquqi nəticələrin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137, mənzil 68 ünvanda yerləşən yaşayış sahəsində 1991-ci ildən yaşayır. Ona aid yaşayış (ayrılaraq təcrid edilməyən və edilməsi də mümkün olmayan evdən 13.6 kv.m sahə) sahənin bir hissəsini Azərbaycan Respublikasının vətəndaşı olmamış, ölkədə yaşamamış, şəxsiyyətini müəyyən etmək belə mümkün olmayan X9 adlı şəxs tərəfindən qanunsuz olaraq özəlləşdirilərək mülkiyyət hüququ əldə edilmişdir. Belə ki, əldə etdikləri sənədlərdən müəyyən olunur ki, Cavabdeh Başçısının 09.05.1994-cü il tarixli, 359/59 saylı sərəncamı və 03 iyun 1994-cü il tarixli Cavabdeh nümayəndəsi ilə X9 adlı şəxs arasında bağlanmış 3M-248 reyestr nömrəli vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqaviləyə əsasən iddiaçının yaşadığı və pasport qeydiyyatında olan mənzilinin bir otağı X6 verilmiş və bu otaq 1994-cü ildə Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınmışdır. Bu otağ X9 adından etibarnamə əsasında 1997-ci ildə X13 Tağıyevnaya satılmış və sonuncuda, həmin yaşayış sahəsi üzrə qeydiyyat çıxarışı almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.05.2011-ci il tarixli, 2(006)-202/2011 saylı qətnaməsi ilə X13 Tağıyevnanın İddiaçı və başqalarına qarşı mübahisəli yaşayış yeri olan sahənin “özgənin qanunsuz istifadəsindən yaşayış mənzilinin geri tələb olunması haqqında” ilkin iddiası rədd edilmiş, İddiaçı və başqalarının X1rşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunaraq, Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş ünvan 6 ünvanda yerləşən yaşayış sahəsinə dair X4 X13 Tağıyevna arasında bağlanmış 02.04.1997-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin ünvanda yerləşən yaşayış sahəsinə dair verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.11.2012-ci il tarixli qərarı ilə bu qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bu işə məhkəmələrdə baxılarkən mübahisəli yaşayış sahəsinin mülkiyətçisi olan X7 nəinki tapmaq, habelə onun şəxsiyyətini müəyyən etmək, hətta onu tanıyan belə bir şahid olmamışdır. Bundan sonra iddiaçı X5 axtarışına başlamış və bu nəticə vermədiyi üçün məhkəməyə müraciət edilmişdir. X5 itkin düşməsi faktının araşdırılması ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.02.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, bu şəxs ümumiyyətlə Azərbaycan Respublikasında qeydiyyatda olmamış və onun ölkədə yaşaması da müəyyən edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli bildiriş məktubuna və ona əlavə edilmiş iddia ərizəsinə əsasən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi ilə bağlı “X10” MMC-də keçirilmiş hərrac nəticəsində bu mənzil 55000 manata hərracla satılmış və 27.09.2019-cu ildə həmin yaşayış sahəsinə X13 Tağıyevnanın adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Dövlət Notariat Arxivindən verilmiş 06.11.2019-cu il tarixli, 05/01-1539/14 saylı məktubdan görsənir ki, Bakı şəhəri 1 saylı Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 1994-cü ildə aparılmış daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin qeydə alındığı reyestr kitablarına baxış keçirilərkən X9 barəsində müqavilənin rəsmiləşdirilməsinə dair qeydiyyat aparılmadığı müəyyən edilmişdir. Bunun əsasında hesab edirlər ki, 03 iyun 1994-cü il tarixli Cavabdeh Nümayəndəsi ilə X9 adlı şəxs arasında bağlanmış 3M-248 reyestr nömrəli vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqavilə qeydiyyata alınmamışdır. Digər bir tərəfdən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən və Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyindən aldıqları sorğu məktublarına cavab olaraq bildirilmişdir ki, X6 aid mühafizə (bron) şəhadətnaməsinin olması haqqında onlarda məlumat yoxdur və aşkar edilməmişdir. Yəni X6 aid mühafizə (bron) şəhadətnaməsi də qeydiyyata alınmamışdır. 1994-cü ildə iddiaçıdan xəbərsiz olaraq Cavabdeh Başçısı olmuş T.M.Quliyev adlı şəxs tərəfindən imzalanmış 09.05.1994cü il tarixli, 359/59 nömrəli sərəncama əsasən 1991-ci ildən iddiaçının və onun ailəsinin yaşadığı mənzilin ayrılmaz bir hissəsi Azərbaycan Respubliksının vətəndaşı olmayan, burada yaşamayan X9 adlı şəxsə qanunsuz və əsassız olaraq verilmişdir. Bu qanunsuz sərəncamın ləğv olunması üçün Cavabdehnə müraciət edilsə də, cavab verilməmişdir. Belə olan halda hesab edir ki, iş üzrə sərəncamın ləğvi məhkəmə qaydasında həll edilməlidir. 02.05.2020-ci il tarixdə üçüncü şəxs X2 iddia ərizəsinə dair mülahizə təqdim edərək, iddianın mümkün sayılmaması xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3895/2020 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 01.12.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3895/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Əlavə olaraq, o, sədrlik edənin sualına cavab olaraq, Sərəncamla bağlı Arxiv İdarəsinə sorğu verdiyini, sərəncamın ona təqdim edildiyini, 2017-ci ildən sərəncam barədə məlumatı olduğunu bildirdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Üçüncü şəxs X5 iş materiallarında şəxsiyyət vəsiqəsinin surəti, əlaqə vasitələri olmadığından, eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemində onun barəsində hər hansı məlumat aşkar edilmədiyindən, üçüncü şəxs X6 məhkəmə iclası barədə məlumat verilməsi mümkün olmamışdır. Eyni zamanda iş materillarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli, 2(006)-637/2017 saylı qətnaməsi ilə (hakim X.Mərdanova) ərizəçi İddiaçı X5 itkin düşmüş hesab edilməsinə dair ərizəsi təmin edilməmişdir. Əvvəlki məhkəmə kollegiyasında üçüncü şəxs X13 Tağıyevnanın nümayəndəsi qismində iştirak etmək məqsədilə gəlmiş X3 iş materiallarında səlahiyyətlərini təsdiq edən etibarnamənin surət olması səbəbindən ona növbəti məhkəmə iclasında etibarnamənin əslinin təqdim edilməsi təklif edilsə də, X8 növbəti məhkəmə iclasına gəlməmiş və etibarnamənin əslini təqdim etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Göründüyü kimi inzibati məhkəmə icraatında iddianın mümkün hesab edilməsi üçün şərtlərdən biri də onun qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsidir. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materialları ilə tərəflər arasında mübahisəli mənzillə bağlı məhkəmə mübahisələrinin uzun illər (2012-ci ildən) davam etməsi, mənzillə bağlı sənədlərdən iddiaçının məlumatlı olması (işdə olan məhkəmə qərarlarına əsasən) müəyyən edilir. Həmçinin, iş materiallarına əlavə edilmiş mübahisəli sərəncamın surətində Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən 11.12.2017-ci il tarixdə, 3602 nömrəsi ilə qeydiyyata alınaraq təqdim edilməsi barədə müvafiq qeydlər olduğundan, iddiaçının məhkəməyə illər sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli, 2(006)-637/2017 saylı qətnaməsi ilə (hakim X.Mərdanova) ərizəçi İddiaçı X5 itkin düşmüş hesab edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, ərizəçinin ünvan 7 ünvanında yerləşən 1 otağa sahiblik, ondan istifadə etmək faktı müəyyən edilmişdir. Həmin fərdi yaşayış evi 30 avqust 1994-cü il tarixdə X5 adına ilkin qeydiyyatdan keçmişdir.Hazırda ərizəçi A.Rabinoviçun mülkiyyətində qalan əmlakının onun tərəfindən idarə olunması məqsədini göstərməklə, X5 itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Yuxarıda qeyd edilən qətnamədən göründüyü kimi , hazırkı iş üzrə iddiaçının mübahisəli sərəncamın mövcudluğu, həmin fərdi yaşayış evinin 30 avqust 1994-cü il tarixdə X5 adına ilkin qeydiyyatdan keçməsi barədə daha əvvəldən məlumatı olmuşdur. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən sərəncamla ilə onun hüquqlarının məhdudlaşdırıldığını uzun illərdir bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra - İPM) bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (35.1.). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3895/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3895/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar