Məhkəmə qərarları › İş №2-1(103)-666/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-666/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-666/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı X1, İddiaçının vəkili Vəkil (Bakı şəhəri 7 saylı Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili X2 (fərdi vəkil) iştirakları ilə, İddiaçı X1 (01.12.1971-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumatların təkzib edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(103)-4159/2021 saylı, 06.10.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 05.02.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işgüzar nüfuzunu ləkələyən Daxili Tədqiqatlar İdarəsinin rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatları təkzib etmək üçün cavabdehin üzərinə qoyulması və Ə-746 №-li, 09 sentyabr 2014-cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərin növündə intizam tənbehinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sentyabr 2014-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin rəyi əsasında onu daxili işlər orqanlarından Ə - 746 № -li, 09 sentyabr 2014-cü il tarixli əmrlə intizam nizamnaməsinin 3.2, 3.4, 3.8, 3.9 və 65- ci bəndlərinin tələblərini pozaraq mütamadi olaraq üzərinə düşən vəzifələrin icrasından yayınaraq katibliyin işinə müdaxilə etdiyinə görə və attestasiyadan keçmədiyi üçün xaric etmişlər. 12 sentyabr 1990-cı il tarixdən o, yəni X4, AR Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin dəftərxana rəisi vəzifəsində işləmişdir. 1998-ci ilin iyul ayında analıq məzuniyyətinə çıxmışdır. 2001-ci ildə onun xəbəri olmadan onu həmin idarənin katibliyinin operatoru vəzifəsinə təyin etmişlər. 2003-cü ildə analıq məzuniyyətindən döndükdən sonra idarənin rəisi ona başqa idarəyə keçməyi təklif etmişdir. O, bununla razılaşmayıb həmin idarədə qalmış ki, onu vəzifəsinə qaytarsınlar. Lakin ona daktiloskopik kartotekasını səliqəyə salmağa vermişlər. Saxlama müddəti daimi olan jurnal olmadığından o, məcbur olub yeni jurnala işlər daxil edib və kartotekaya yerləşlədirmişdir. 2009-cu ildən İdarənin yeni rəisi onu katibliyə keçirmişdir. 2011-ci ildə onu Kriminalistik şöbəsinə kiçik inspektor vəzifəsinə təyin etmişlər. Bu vəzifələrin dəyişdirilməsi nə razılığı, nə də ərizələri olmamışdır. 10.09.2014-cü il tarixində Daxili Tədqiqatlar İdarəsinin əməkdaşları yazdığı raporta aydınlıq gətirmək üçün ondan izahat almışlar. AR DİN-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş AR DİN DTİ rəyində qeyd edildiyi AR DİN KTİ-nin əməkdaşları izahatlarında ona iftira, şər, heç bir əsası olmayan böhtanlar atıb və bunu əsas tutaraq onu orqandan xaric ediblər. Göstərilən məlumatlar həqiqətə uyğun deyil, çünki o, 1990-cı ildə dəftərxana rəisi vəzifəsinə qəbul olunmuşdur. Cavabdehin hərəkətləri nəticəsində onun işgüzar nüfuzuma ziyan vurulmuşdur. Bundan başqa, cavabdeh tərəfindən onun işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində hazırkı vaxtadək özünə iş tapa bilmir və peşəkar fəaliyyətini bu günə kimi davam etdirilməsi mümkün deyil. 16.04.2021-ci il tarixində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə (dəqiqləşdirilmə) barədə ərizə məhkəməyə daxil olmuş, ərizədə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi və bu illər ərzində iddiaçıya dəymiş maddi ziyanın hesablanaraq ödənilməsi xahiş olunmuşdur. 16.04.2021-ci il tarixli məhkəmə iclası protokoluna əsasən ərizə icraata qəbul edilmişdir, eyni zamanda protokolda sədrlik edənin sualına cavab olaraq iddiaçı tərəfindən məhkəməyə ərizənin təqdim olunduğunu, lakin həmin ərizədə heç bir tələb irəli sürmədiyini və əlavə məlumatlar göstərildiyini bildirmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(103)-4159/2021 saylı, 06.10.2021-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumatların təkzib edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı 26.11.2021-ci il tarixdə qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi, nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, hazırkı işin hallarından göründüyü kimi iddiaçı “iddiaçı onun işgüzar nüfuzunu ləkələyən Daxili Tədqiqatlar İdarəsinin rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatları təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və Ə-746 №-li, 09 sentyabr 2014- cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərin növündə intizam tənbehinin ləğv olunmasını xahiş edir” Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə qərardadında “iddiaçı ilə cavabdeh inzibati orqan arasında yaranmış hazırkı mübahisəli hüquq münasibətləri dövlət qulluğu ilə bağlı olmadığından (iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən sonuncu dövlət qulluqçusu və ya hərbi qulluqçu olmadığından) və iddiaçının barəsində həqiqətə uyğun olmayan məlumatları təkzib etmək barədə cavabdehə qarşı irəli sürdüyü iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin (Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) tələblərinə uyğun olaraq baxılmalı olduğundan, hazırkı iddiaya inzibati icraat qaydasında baxıla bilməz və bu zaman iddiaçıya izah olunmalıdır ki, hazırkı iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır” qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə nəticəyə gəlsə də, iddiaçıya Azərbaycan Respublikası İPMnin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd edilməlidir ki, hər hansı iddianın ümumi və ya xüsusi mümkünlük şərtlərinə cavab verib-verməməsinə qiymət verilməsi üçün ilk növbədə iddianın hansı cavabdehə qarşı qaldırılmalı olduğu məsələsinə aydınlıq gətirilməlidir. Çünki, konkret iş üzrə cavabdehin kim olması aydınlaşdırılmadığı halda cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulub-pozulmamasına və ya cavabdehə ilkin müraciət edilib-edilməməsinə qiymət verilməsi mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət vermədən qərar qəbul etməklə, İPM-in 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipini pozduğundan, işin birinci instansiya icraatı zamanı iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq, qeyd edir ki, işin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən 28.12.2021-ci il tarixdə ərizə, 23.12.2021-ci il tarixdə ərizə, 23.12.2021ci il tarixdə şikayət, 12.01.2022-ci il tarixdə apellyasiya şikayətinə əlavə,13.01.2022-ci il tarixdə apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş göstərilən sənədlərdən iddia tələbinin konkret olaraq nədən ibarət olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(103)- 4159/2021 saylı, 06.10.2021-ci il tarixli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(103)-4159/2021 saylı, 06.10.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “onun işgüzar nüfuzunu ləkələyən Daxili Tədqiqatlar İdarəsinin rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatları təkzib etmək üçün cavabdehin üzərinə qoyulması və Ə-746 №-li, 09 sentyabr 2014-cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65ci bəndlərin növündə intizam tənbehinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar