Məhkəmə qərarları › İş №2-1(103)-666/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-666/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-666/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə “nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7860/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan "X7 LC200" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, "X7 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X8 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin qadağan edilməsinin cavabdeh Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyətində olan ’’X7 LC200” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, "X7 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X8 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini özgəninkiləşdirmək üçün Daxili İşlər Nazirliyi Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh nəqliyyat vasitələri üzərində alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsindən imtina etmişdir. Sonradan cavabdehə rəsmi qaydada müraciət olunaraq bu barədə məlumat verilməsi və maneənin aradan qaldırılması xahiş olunmuşdur. Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixli 016-28326-2222 nömrəli məktubu ilə müraciətə cavab verilərək göstərilib ki, DİN Cavabdeh informasiya sistemində həmin avtomobillərin üzərində Vergi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubu əsasında qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən hüquqi şəxsin xüsusi mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə qanunsuz olaraq məhdudiyyət qoyulduğu üçün, mülkiyyətçi mülkiyyətində olan əmlak üzərində sərəncam verə bilmir. Məhkəmənin qərarı olmadan mülkiyyətçi öz əmlakları üzərində DİN Cavabdeh tərəfindən sərəncam vermək hüququ qanunsuz olaraq məhdudlaşdırılıb. Cavabdehin xx.xx.2022-ci il tarixli iddiaya yazılı münasibətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar rəsmi müraciət əsasında "X8 LC200" markalı **- AA-***, "X8 LC150" markalı **-PS-*** və "X8 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2-1(112)-7860/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərardadı (hakim S.Salahova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, iddia tələbinin əsası cavabdeh inzibati orqanın hansısa inzibati aktı qəbul etməsi ilə əlaqədar olmayan, müəyyən hərəkətlərin edilməsinə dair, yəni iddiaçının mülkiyyətində olan daşınar əmlaklar üzərində iddiaçı tərəfindən sərəncam vermək hüququna cavabdeh tərəfindən yaranmış maneənin qadağan edilməsi təşkil edir. Məhkəmə qərardadının əsaslandırıcı hissəsində göstərilən hallar, yəni, hazırki iş üzrə iddiaçı hüquqi şəxsin faktiki rəhbəri kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində başlanılış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 özünün və yaxın qohumlarının əmlakları üzərinə həbs qoyulması barədə müvafiq qərarın olması işin faktiki halları ilə, o cümlədən iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Xüsusilə qeyd etməyi zəruri hesab edirik ki, iş materiallarına əlavə edilmiş müvafiq məhkəmə qərarlarından göründüyü kimi, qeyd edilən cinayət işinin başlanılmasına əsas verən qərarlar, yəni Vergi Ərazi İdarəsi tərəfindən tərtib edilmiş qərarlar, inzibati qaydada məhkəmədə mübahisələndirilərək ləğv edilmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə qəbul etdiyi qərardadın əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarına istinad edərək göstərir ki, iddiaçının hazırkı tələbi cinayət prosesini həyata keçirən orqanın bilavasitə həyata keçirdiyi cinayət-prosessual fəaliyyəti ilə bağlı olduğundan cinayət prosesini həyata keçirən orqanın onun hüquqlarına və qanuni maraqlarına toxunduğunu iddia etdiyi qərar və hərəkətlərindən CPM-nin 67.3, 122.2 və 449-cu maddələrinin tələblərinə əsasən müvafiq qaydada cinayət prosesini həyata keçirən orqanlara şikayət etmək və ya ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır. Tərəflərin izahatları: Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi iclasa gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən görünür ki, "X8 LC 150" minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı, "X8 LC 150" minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı, "X8 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X8 LC200" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri "xxxx" MMC-nin mülkiyyətindədir. İşdə olan “AK X3” MMC-nin xx.xx.2019-cu il tarixli yeni redaksiyada nizamnaməsindən görünür ki, həmin nizamnamə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adının və hüquqi ünvanının dəyşdirilərək “AK X3” MMC-nin yeni redaksiyada nizamnaməsidir. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2017-ci il tarixdə VÖEN **********1 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “AK X3” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN Cavabdeh mərkəzi informasiya sistemində "X8 LC200" markalı **-AA-***, "X8 LC150" markalı **-PR-*** və "X8 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində Vergi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubu əsasında qeydiyyatla bağlı məhdudiyyət mövcuddur. Cavabdeh iddiaçıya bildirmişdir ki, nəqliyyat vasitələrinin üzərindən məhdudiyyətin götürülməsi barədə DİN-in Baş X9i darəsinə hər hansı məktub daxil olmadığından həmin məhdudiyyətin götürülməsi üçün Vergi Nazirliyinin müvafiq məktubu təqdim edilməlidir. İddiaçı hazırda onun mülkiyyətində olan nəqliyyat vasitələri üzərinə qoyulmuş bu məhdudiyyətin qadağan edilməsini, yəni məhdudiyyətin götürülməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq (publik hüquq) sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Hazırkı iddiadan görünür ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələri üzərinə qoyulan məhdudiyyət onunla inzibati orqan arasında yaranmış hər hansı inzibati hüquq sahəsinə aid münasibətlə bağlı deyil, başlanmış cinayət işi ilə bağlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 və yaxın qohumlarının adına rəsmiləşdirilmiş, həmçinin faktiki olaraq rəhbərlik etdiyi müəssisələrin balansında olan daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulması haqqında müvafiq istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir. Göründüyü kimi, iddiaçının əmlaklarına müvafiq məhdudiyyət başlanmış ********* nömrəli cinayət işi çərçivəsində tətbiq edilmişdir. Deməli, hazırkı mübahisənin faktiki əsası həmin cinayət işinə əsaslanır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: -122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. -122.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə. -449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. -449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, “..Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ olan şəxslərin dairəsi Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu Məcəllənin 449.2.3-cü maddəsinə əsasən, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər də təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayətprosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Beləliklə, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. O da qeyd olunmalıdır ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir. Həmin Məcəllənin 7.0.5-ci maddəsində cinayət prosesini həyata keçirən orqan kimi həm icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları, həm də məhkəmələr göstərilmişdir. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir.” Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbi cinayət prosesini həyata keçirən orqanın bilavasitə həyata keçirdiyi cinayətprosessual fəaliyyəti ilə bağlı olduğundan cinayət prosesini həyata keçirən orqanın onun hüquqlarına və qanuni maraqlarına toxunduğunu iddia etdiyi qərar və hərəkətlərindən CPM-nin 67.3, 122.2 və 449-cu maddələrinin tələblərinə əsasən müvafiq qaydada cinayət prosesini həyata keçirən orqanlara şikayət etmək və ya ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7860/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar