Məhkəmə qərarları › İş №2-1(103)-666/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-666/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-666/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X7 və X8 cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: “qeydiyyatdan çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs qismində X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2131/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, 160 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı3, İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən “ASAN-3” Xidmət Mərkəzi vasitəsilə alınmış ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X7 və X8 ünvan 2 ünvanında qeydiyyatdadırlar.

3. Bakı şəhəri Yasamal RPİ-nin İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanlanmış 5 avqust 2022-ci il tarixli məktubunda bildirilir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yasamal rayonu, X11 küçəsi, ev 160 ünvanından X2 və X3 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət oluna bilər.

4. Bakı şəhəri Yasamal Rayon MKTB-nin iddiaıçının nümayəndəsinə ünvanlanmış məktubu ilə təqdi olunmuş Birliyin 60 saylı MKİS-in 11 iyul 2023-cü il tarixli 80 saylı arayışında qeyd olunur ki, X7 M.Fətəli küçəsi, ev 160 ünvanında MKİS-də olan məlumatlara əsasən qeydiyyatdadır, lakin yaşamır.

5. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 9 yanvar 2023-cü il tarixli məktubunda bildirilir ki, X2 və X3 Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 160 saylı fərdi yaşayış evinə istifadı hüquqlarının dövlət reyestrində qeydiyyat alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin fərdi yaşayış evinin 6/8 hissəsi İddiaçı3, 2/8 hissəsinin 2 otağı İddiaçı1 və 2 otağı İddiaçı2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər.

7. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 160 saylı ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 məxsusdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. X7 və X1 ünvanda qeydiyyatda olsalar da, faktiki olaraq orada yaşamamışlar, onların həmin ünvana qeydiyyatı formal xarakter daşıyır, yaşadıqları ünvan məlum deyil. X7 və X3 Bakı şəhəri, tasamal rayonu, M.Fətəli küçəsi, 160 saylı evdə qeydiyyatda qalması iddiaçıların mülkiyyət və istifadə hüquqlarını həyata keçirməsinə maneələr yaradır, artıq kommunal və sair ödənişlərə səbəb olur. İddiaçılar həmin şəxslərin sözügedən ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri yasamal RPİ-yə müraciət etmişlər. Lakin cavabdehin 5 avqust 2022-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuş və məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İddiaçılar cavabdeh inzibati orqanın mövqeyi (imtinası) ilə razılaşmırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlrına dair beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və syasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Mülkiyyət hüququ «İnsan hüquqlarının və X5 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarının 63 – 64-cü bəndlərində qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində hər kəsin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun təsbit edilməsi, mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat vermiş olur.Göstərilənlərə və və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə İPM-in 2.2.2, 14.3, 33, 38.2, 45, 46, 68.2, 73.1-ci maddələrinə əsaslanaraq, X2 və X3 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2131/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin müvafiq fərdi yaşayış evinə istifadə hüquqlarının olubolmaması müəyyən edilməlidir. Bu xüsusat isə, inzibati məhkəmə icraatında müəyyən edilə bilməz, lakin mülki məhkəmə icraatının predmeti kimi çıxış edə bilər və həmin şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarının mövcudluğunu müəyyənləşdirməyə mülki məhkəmə icraatı imkanlıdır. Bununla da məhkəmə hesab edir ki, nə qədər ki. üçüncü şəxslər X2 və X3 Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 160 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud deyil, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 inzibati məhkəmə icraatı qaydasında üçüncü şəxslər X2 və X3 həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı sayıla bilməz. Odur ki, cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hərəkət sayılmamalıdır.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 60-cı maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 9-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Qərardan iddiaçılar apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2131/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

c) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi öz qərarını məlumatlar əldə edilmədən, ətraflı və obyektiv araşdırma aparılmadan, hakimin öz mülahizəsi əsasında çıxarmışdır. Məhkəmə öz əsassız qərarında qeyd etmişdir ki, üçüncü şəxslər X7 və X8 hazırda Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, 160 saylı fərdi yaşayış evində yaşamasalar da, onların həmin ünvana qeydiyyata alınması 2000-ci ildən sonrakı dövrə təsadüf etməsi hazırkı məhkəmə icraatında müəyyən edlir.Üçüncü şəxslərin əvvəlki dövrdə qeydiyyata alınması ilə bağlı dəlillərini iddiaçı tərəf, eləcə də cavabdeh inzibati orqan inkar etməmişdir.Məhkəmənin qeyd etdiyi bu məsələyə münasibətdə qeyd edirlər ki, Yasamal rayonu, X11 küçəsi, 160 saylı fərdi yaşayış evinə məxsus mülkiyyət hüququnu İddiaçı1 1998-ci il tarixdə, İddiaçı2 2013-cü il tarixdə, İddiaçı3 isə 2011-ci il tarixdə əldə etmişdir.Göründüyü kimi, iddiaçı tərəf olaraq onların Rübabə Səlimovanın və Ağaverdi Adilovun həmin mənzilə qeydiyyata salınmalarına dair razılığı olmadığı kimi, həmin mənzil üzərində sərəncamvermə hüquqları da müxtəlif vaxtlarda yaranmışdır.Üçüncü şəxslərin həmin mənzilə qeydiyyata alındıqları tarix 2000-ci ildən sonra olmamışdır ki, Məhkəmə bu halı da araşdırmamış və tərəflərdən bununla bağlı sübut təqdim etməsini də tələb etməmişdir. İnzibati iş tamamilə səthi araşdırma aparılmaqla işin halları dəqiq müəyyən edilmədən yekunlaşdırılmışdır. Bakı İnzibati Məhkəməsi son olaraq qeyd etmişdir ki, üçüncü şəxslərin müvafiq fərdi yaşayış evinə istifadə hüquqlarının olub-olmaması müəyyən edilməlidir. Bu xüsusat isə, inzibati məhkəmə icraatında müəyyən edilə bilməz, lakin mülki məhkəmə icraatının predmeti kimi çıxış edə bilər və həmin şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarının mövcudluğunu müəyyənləşdirməyə mülki məhkəmə icraatı imkanlıdır. Bununla da məhkəmə hesab edir ki, nə qədər ki, üçüncü şəxslər X2 və X3 Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 160 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud deyil, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 inzibati məhkəmə icraatı qaydasında üçüncü şəxslər X2 və X3 həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı sayıla bilməz.Odur ki, cavabdeh Bakı səhəri Yasamal RPİ-nin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hərəkət sayılmamalıdır.Qeyd edirlər ki, üçüncü şəxslərin müvafiq fərdi yaşayış evinə istifadə hüquqlarının olmaması iş materiallarında mövcud olan Bakı şəhəri Yasamal Rayon MKTB-nin 60 saylı MKİS-in 11 iyul 2023-cü il tarixli 80 saylı arayışı və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 9 yanvar 2023-cü il tarixli məktubu ilə sübuta yetirilmişdir.Həmin sənədlərdə qeyd edilmişdir ki, X2 və X3 Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 160 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir və həmin şəxslər mənzildə faktiki yaşamırlar.Bununla da məhkəmənin mübahisələndirilməyən məsələyə dair fikir bildirərək o əsaslada iddia tələbi əsassız hesab etməklə təmin etməməsinə dair qərarı tamamilə əsassız və ədalətsiz olmuşdur və ləğv edilməsi zəruridir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, həmçinin, ərizə təqdim edərək Yasamal rayon məhkəməsinin icraatında olan İddiaçı1 cavabdeh X6 və digər şəxslərə qarşı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 160 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi tələbinə dair mülki mübahisəyə baxılıb qurtarana kimi hazırkı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

15. Üçüncü şəxs X7 apellyasiya şikayətinə və ərizənin təmin olunmasına etiraz etmişdir.Əlavə olaraq bildirmişdir ki, faktiki olaraq həmin ünvanda yaşamasa da, sözügedən ünvandan onun istifadə hüququ mövcuddur.Hesab edir ki, iddiaçıların inzibati məhkəmə icraatında iddia qaldırması qanunvericiliyin tələbləri baxımından düzgün deyil.

16. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası işə baxılmasını İPM-in 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyasının:

26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

24. Həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

25. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi əsaslı olaraq təmin edilməmişdir.

27. Kollegiya qeyd edir ki, işin hallarından müəyyən olunur ki, üçüncü şəxslər X7 və X8 Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 160 saylı evə həmin evin hazırkı mülkiyyətçiləri kimi çıxış edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iradəsi (razılığı) ilə qeydiyyata alınmamışlar. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, üçüncü şəxslər X2 və X3 müvafiq ünvandan qeydiyyatdan çıxarılması məsələsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərarının (nəticə hissəsinin) 2-ci və 3-cü bəndlərinin təsiri altına düşmür.

28. Həmçinin, üçüncü şəxslər X7 və X8 hazırda Bakı şəhəri,Yasamal rayonu, X11 küçəsi, 160 saylı fərdi yaşayış evində yaşamasalar da, onların həmin ünvana qeydiyyata alınması 2000-ci ildən əvvəlki dövrə təsadüf etməsi hazırkı məhkəmə icraatında müəyyən edlir. Üçüncü şəxslərin bu dəlillərini iddiaçı tərəf, eləcə də cavabdeh inzibati orqan inkar etməmişdir.

29. Belə olan halda, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, üçüncü şəxslərin müvafiq fərdi yaşayış evinə istifadə hüquqlarının olub-olmaması müəyyən edilməlidir. Bu xüsusat isə, inzibati məhkəmə icraatında müəyyən edilə bilməz, lakin mülki məhkəmə icraatının predmeti kimi çıxış edə bilər və həmin şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarının mövcudluğunu müəyyənləşdirməyə mülki məhkəmə icraatı imkanlıdır.Nə qədər ki, üçüncü şəxslər X2 və X3 Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 160 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud deyil, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 inzibati məhkəmə icraatı qaydasında üçüncü şəxslər X2 və X3 həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı sayıla bilməz. Odur ki, cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hərəkət sayılmamalıdır.

30. Məhz məhkəmə Kollegiyası tətbiq edilən qanunvericilik normalarından (bu qərarın 19-cu bəndi) və işin qeyd edilən hallarından çıxış edərək iddiaçıların vəkilinin (nümayəndəsinin) Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan İddiaçı1 cavabdeh X6 və digər şəxslərə qarşı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 160 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi tələbinə dair mülki mübahisəyə baxılıb qurtarana kimi hazırkı iş üzrə icraatın dayandırılması barədə ərizəsini təmin etməmişdir. 31.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki,.... “eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”.

32. Beləliklə, nəzərə alınmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan İddiaçı1 cavabdeh X6 və digər şəxslərə qarşı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 160 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi tələbi təmin olunarsa qətnamə şəxslərin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.

33. Odur ki, hazırkı işə baxılıb qərar qəbul edilməsi Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan İddiaçı1 cavabdeh X6 və digər şəxslərə qarşı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 160 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi tələbi üzrə yekun məhkəmə qərarından birbaşa asılı deyildir.(İPM-in 7-ci maddəsinin tələblərinin təsiri altına düşmür) 34.Beləliklə, tətbiq edilən hüquq normalarından göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarında həmçinin, göstərilmişdir ki, Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.

36. Qərarda daha sonra qeyd edilmişdir ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır.

37. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

38. Qeyd olunan mövqedən çıxış edərək Məhkəmə Kollegiyası hesab edilir ki, hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin mübahisəli fərdi yaşayış evinə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olub-olmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsləri fərdi yaşayış evinə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onları iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir.

39. Cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanuniliyini yoxlayan inzibati məhkəmə isə inzibati məhkəmə icraatında üçüncü şəxsin fərdi yaşayış evi ilə bağlı istifadə hüququna dair və yaxud üçüncü şəxsin həmin evdən çıxarılma ilə bağlı qətnamə qəbul etməyə səlahiyyətli məhkəmə deyildir.

40. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2131/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2131/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar