Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-666/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1144/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən 1000 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli **********14 saylı məktubu ilə (xx.xx.2023-cü ildə alınmışdır) ünvan 1 ünvanda yerləşən 1000 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 sayı Bakı Ərazi İdarəsinin hərəkəti qanunsuzdur. Belə ki, Bilgəh Bələdiyyəsinin 56 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə ünvan 1 ünvanda yerləşən 1000 kv.m. toqpaq sahəsi əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. Bilgəh Bələdiyyəsinin 56 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən xx.xx.2007-ci ildə Bilgəh Bələdiyyəsi ilə İddiaçı. Gğlu arasında ünvan 1 ünvanda yerləşən 1000 kv.m. toqpaq sahəsinin dəyəri 2720 manat müəyyən edilməklə alqı-satqısı barədə akt (müqavilə) imzalanmışdır. Bilgəh Bələdiyyəsinin BEB 220240 saylı xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, iddiaçı X7 ünvan 1 ünvanda yerləşən 1000 kv.m. torpaq sahəsinin dəyərini ödəmək üçün Bilgəh Bələdiyyəsinə 2720 manat ödəmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı İddiaçı Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron ərazi İdarəsinə Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Yeni Yaşayış massivində yerləşən 1000 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsinə dair müraciətinin aşkarlanmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsi, istifadəsi və ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə, öhdəliklərin icrası və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən iddianın mümkünsüz sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1144/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, mübahisəli torpaq sahəsi keçmiş Bilgəh Zəfəran sovxozunun hüdudları daxilində yerləşir. Bundan başqa, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, AR Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 saylı sərəncamı ilə mübahisəli torpaq sahəsi inzibati olaraq Bakı şəhərinin Sabunçu rayonuna aid edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən zaman inzibati olaraq Bakı şəhərinin Sabunçu rayonunda yerləşməklə Bilgəh bələdiyyəsinə aid olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Sabunçu rayonu Bilgəh Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Cavabdeh 4 saylı Abşeron ərazi İdarəsi iddiaçının Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Yeni Yaşayış massivində yerləşən 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsinə dair müraciətinin aşkarlanmadığına istinad edərək, iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etsə də, məhkəmə sorğularına əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin verdiyi məlumatda da hazırda naturada göstərilən iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair səlahiyyətli qurumun Cavabdeh olduğu müəyyən edildiyindən, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yerində müayinə keçirilməklə, torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilərək qeydiyyatla bağlı müvafiq imtina cavabı verildiyindən və həmin koordinatlar əsasında verilmiş sorğu ilə 4 saylı Abşeron Ərazi İdarəsi torpaq sahəsi ilə bağlı müvafiq kadastr məlumatlarını məhkəməyə təqdim etdiyindən prosessual qənaət prinsipindən çıxış edərək 1 saylı Bakı Ərazi İdarəsinin vermiş olduğu xx.xx.2023-cü il tarixli cavab məktubu əsl cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinin müraciətin təminindən imtinası kimi qəbul edilməlidir, odur ki, əlavə olaraq hazırkı halda eyni tələblə bağlı bilavasitə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməməsi iddianın mümkünsüzlük əsası kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlər sırasında qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: -Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 056 nömrəli Qərarı ilə Bilgəh qəsəbəsi ərazisində Az. Qadını küçəsində Yeni yaşayış massivində yerləşən 1000 m² torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) Bakı şəh., Nəsimi r-nu, 7-ci Binəqədi küç.,ev.9.m.25 ünvanda yaşayan İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı torpağın satın alınmasına dair müvafiq qaydada 2. akt tərtib olunsun və torpağın dəyəri (pulla) Torpaq Məcəlləsinin 96-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq vətəndaş tərəfindən bələdiyyənin xüsusi hesabına keçirilməsi təmin olunmuşdur. -Torpaqların alqı-satqısında dair akta əsasən Bilgəh Bələdiyyə ərazisində 1000 kv.m torpaq sahəsi satılması barədə 2007-ci il 25 avqust tarixli 056 saylı Qərar qəbul edilmişdir. Bu akt Sabunçu rayon Bələdiyyə orqanının nümayəndəsinin Sədr: X4 torpaq alanın İddiaçı iştirakı ilə imza və möhürlə təsdiq edilmişdir. -Vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin eskiz sxemi Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 25 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Sxeme əsasən torpaqsahəsinin ölçüsü 1000 kv.m-dir və X5, Mühəndisi tərəfindən imzalanmışdır. -Məhkəmə sorğusuna cavab olaraq Bilgəh Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 59 saylı məktubunda bildirilmişdir ki, Bilgəh bələdiyyəsinin 2000-2008 ci illərə aid sənədlərin Arxiv İdarəsinin 18 fevral 2009 cu il tarixli akta əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir. Ona görə də, hər hansı bir məlumatların verilməsi mümkünsüzdür. -Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-03911/2023 nömrəli məktubunda bildirilmişdir ki, Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin arxiv sənədləri o, cümlədən xx.xx.2007-ci il tarixli, 056 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2- 1335/2023 nömrəli məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Sabunçu rayonu Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 056 nömrəli qərarı ilə İddiaçı 1000 kv.m torpaq sahəsinin ayrılmasına dair hər-hansı məlumat aşkar edilməmişdir. -Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-9/2-25579-3-128/2023 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan qərar Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Həmçinin qeyd olunan məktubunuz Bələdiyyələrlə iş mərkəzinə xx.xx.2023cü il tarixdə daxil olmuşdur. -Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********51 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsinin qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. -Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-35-1/2-1684/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. -Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********41 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşdiyindən müraciətdə qeyd olunan məsələ ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədəuyğundur. -xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha, faktiki olaraq 0.10 ha təşkil edir. Torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. İcazəsiz tikililər 1 mərtəbəli f/yaşayış evi və həyət tikilisi mövcddur. Yol tərəfdən hasar boyu 6 kv YGEX keçir. Göstərilən torpaq sahəsinin koordinat cədvəli əlavə edilir. Kadastr: Sahə bütövlükdə Abşeron rayon inzibati sərhədləri daxilində yerləşdiyindən aidiyyatı üzrə müraciət edilməsi məqsədəuyğundur. -Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2- 15015/2023 nömrəli məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin yaxın qonşuluğunda 4 saylı Abşeron ərazi idarəsində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkarlanmamışdır. -Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2- 15276/2023 nömrəli məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin TEKUİS (X3 X10) məlumatlarında dövlət mülkiyyəti olaraq qeyd olurmuşdur. -Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-15022/2023 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. -Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-2902/2023 nömrəli məktubunda bildirilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonunun istifadəçiliyində olan keçmiş Bilgəh Zəfəran sovxozunun hüdudları daxilində olduğundan sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair səlahiyyətli qurum Cavabdehdir. -Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2- 9133/24 nömrəli məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Maştağa subtropik sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Sabunçu rayonu) aid edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 056 nömrəli Qərarı ilə Bilgəh qəsəbəsi ərazisində Az. Qadını küçəsində Yeni yaşayış massivində yerləşən 1000 m² torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) Bakı şəh., Nəsimi r-nu, 7-ci Binəqədi küç.,ev.9.m.25 ünvanda yaşayan İddiaçı mülkiyyətinə verilmişdir. Bu barədə Bələdiyyə ilə aralarında "Torpaqların alqı-satqısına dair" Akt bağlanmış və torpaq sahəsinin dəyərini təşkil edən 2720 manat məbləğində pul tərəfindən bələdiyyənin hesabına keçirilmişdir. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədlərə istinad edərək, ünvan 1 ünvanda yerləşən 1000 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edən birinci instansiya məhkəməsini iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi nə Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 056 nömrəli Qərarı, nə də torpaq sahəsinin yerləşmə cizgisi Bilgəh Bələdiyyəsinin arxivində, eləcə də dövlət arxivində aşkar olunmamışdır, iddiaçıya torpaq sahəsi ayrılarkən həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı təsdiq edilməmiş və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin cavablarında qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə Abşeron rayonunun istifadəçiliyində olan keçmiş Bilgəh Zəfəran sovxozunun hüdudları daxilində olmaqla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir və X3 X10 məlumatlarında dövlət mülkiyyəti olaraq qeyd olunmuşdur. torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Beləliklə, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Mübahisəli torpaq sahəsinin Bilgəh bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası cavabdehin imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 056 nömrəli Qərarı, alqı-satqı aktıtorpaq sahəsinin sxemi və ödəniş qəbzinin əsilləri mövcuddur və həmin sənədlər bələdiyyə tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmə sorğu verməklə yanaşı iddiaçıdan sənədlərin əslini tələb edə və həmin sənədlərə baxış keçirə bilərdi. Lakin məhkəmə tərəfindən dövlət arxivində olmamasına istinad edilən sənədlərin əsilləri tələb edilməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 056 nömrəli Qərarı, alqı-satqı müqaviləsi, cizgi və ödəniş qəbzinin əsilləri məhkəməyə təqdim edilmiş, həmin sənədlərə baxış keçirilərək iş materiallarına əlavə edilmişdir. Qeyd olunan sənədlərin Bilgəh Bələdiyyəsinin arxivində, eləcə də dövlət arxivində aşkar olunmaması ilə bağlı kollegiya qeyd edir ki, sənədlərinin arxivə verilməməsi vətəndaşın məsuliyyət sferasına aid edilə və hüquqlarını məhdudlaşdıra bilməz və sənədin mövcud olub-olmamasını şərtləndirə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). Müvafiq sənədlərin arxivə təhvil verilməməsi və arxivdə aşkar edilməməsi ümumiyyətlə həmin sənədlərin mövcud olmamasına əsas verən hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin .sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş X2 16 yanvar 2025-ci il tarixli, 08 nömrəli ekspert rəyinin nəticə hissəsində də qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 056 nömrəli Qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Az. Qadını küçəsində Yeni yaşayış massivində yerləşən 1000 m² torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən edilir. Sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyin tədqiqat hissəsində göstərilmişdir. Mütəxəssis rəyinin tədiqat hissəsindən də göründüyü kimi torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 31 avqust 2000-ci il tarixli, 817 saylı Sərəncamı ilə, AR Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” AR Qanununun tətbiq edilməsi barədə 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən, Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin 689.46 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bilgəh qəsəbə Bələdiyyəsinə təhvil verilmiş sahə daxilində yerləşir. Bundan əlavə iş materiallarında olan **********8336 seriya nömrəli tədiyə bildirişindən həmçinin, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ünvan 4 ünvanlı vergi ödəyicisi İddiaçı AR Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən torpaq vergisi hesablanmış və bələdiyyə torpaq vergisi ödənilmişdir. Qeyd edilənlərin əksinə olaraq isə məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırki iş üzrə torpaq sahəsinin bələdiyyə ərazisi olmaması ilə bağlı cavabdeh hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, qeyd olunan əsasla da iddiaçının müraciətinin təmin edilməsindən imtina edilə bilməz. Həmçinin o da qeyd olunmalıdır ki, qanunvericilik normalarından aydın olduğu kimi torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Məhkəmə kollegiyası torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilibedilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formalhüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. İş materiallardan görünür ki, iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün ona torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 056 nömrəli Qərarı və eləcə də həmin qərar əsasında tərtib edilmiş alqı satqı aktını cavabdehə təqdim etmişdir, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 056 nömrəli Qərarı və eləcə də həmin qərar əsasında tərtib edilmiş alqı satqı aktı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Həmçinin iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10154/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, eyni hüquqmüəyyənedici sənədlərə malik olan X6 iddiası qismən təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 19-cu dalanda yerləşən 0,0446 ha torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10154/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı icra edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 19-cu dalanda yerləşən 0,0446 ha torpaq sahəsinə X6 mülkiyyət hüququ (daşınmaz əmlakın reyestr nömrəsi **********31) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı çıxarış verilməsinə baxmayaraq, iddiaçının həmin sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Bununla da məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10154/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin “X1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə” 048 №-li xx.xx.2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” 7 dekabr 1999-cu il tarixli 771-İQ və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-11Q saylı Qanunu ilə təsdiq olunmuş Əsasnaməni rəhbər tutaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 817 saylı Sərəncamına istinad olunaraq, Bilgəh qəsəbəsi ərazisində 19-cu dalanda bağ massivində yerləşən 509 kv. metr torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı satqı yolu ilə) Bakı şəh., Nərimanov ray., X14 96, mən. 6 ünvanda yaşayan X6 mülkiyyətinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsi (“Satıcı”) X11 (“Alıcı”) arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” aktın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 torpaq sahəsini almaq barədə ərizəsinə bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmiş, bələdiyyə ərazisində 1200 kv. m. torpaq sahəsi satılması barədə 2005-ci il 22 aprel tarixli 048 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X11 oğlu tərəfindən ******* manat haqq ödənilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında inzibati icraat qaydasında yuxarıda adı qeyd olunan şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaq sahələri olduğu qeyd edilmişdir. Beləliklə, eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq İddiaçı müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır. Bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli qərardadında da qeyd edilmiş hüquqi mövqe bu cür olmuşdur ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanda yerləşən 1000 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1144/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən 1000 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-666/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-666/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver