Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-667/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1978-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 837/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 06.12.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçının azadlığına və işgüzar nüfuzuna dəymiş mənəvi zərəri ödəməyin bir vəzifə olaraq üzərinə qoyulması və onun xeyrinə 5330 AZN (5000 mənəvi, 300 maddi və 30 dövlət rüsumu) miqdarında dəymiş zərərin əvəzinin tutulub verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan DTX zabitidir. 2002- 2015-ci illərdə ləğv edilmiş MTN-də xidmət etmişdir. 18.10.2015-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 19.10.2015-ci il tarixində isə təqsirləndirilən şəxs qismində cəlb olunaraq AR CM-in 302.2, 308.2 və 309.1-ci maddələri ilə ittiham edilmişdir. Bakı Hərbi Məhkəməsinin 23.04.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 302.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. 18.10.2018-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar həbsdən azad olunmuşdur. 17.05.2019-cu il tarixində o, yaxın qohumu (qaynı) X2 və onun yaxın dostu ilə birgə poliqrafiya sahəsində Türkiyədəki mümkün partnyorlarla iş birliyi qurmaq və həbsxana həyatından sonra tibbi müayinə olunmaq məqsədilə “Gürsoylar” şirkəti vasitəsilə Bakı-İstanbul istiqamətində hərəkət edərkən "Qırmızı körpü" SKM-də DSX-nın rəsmi nümayəndəsi DTX tərəfindən ölkədən çıxışına "STOP" qoyulmasını bildirmişdir. DTX-nın qaynar xətti ilə əlaqə saxladıqda "STOP"un Baş Prokurorluğun sifarişi ilə DTX tərəfindən icra olunması məlum olmuşdur. Baş Prokurorluğun qaynar xətti ilə əlaqə saxladıqda "STOP"un 2015-ci ildə barəsində gedən cinayət təqibinə görə qoyulması bəlli olmuşdur. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-837/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 14.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərarında məhkəmə iclasının açıq və bağlı keçirilməsi qeyd olunsa da, məhkəmə iclas protokolunda açıq məhkəmə iclasında baxılması qeyd edilmişdir. Eyni zamanda işin apellyasiya icraatı zamanı da nə iddiaçı, nə də cavabdeh tərəfindən məhkəmə iclasının qapalı keçirilməsi barədə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-837/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: İş materiallarında olan Dövlət Sərhəd Xidməti məhkəmənin sorğusuna cavab olaraq 06.03.2020-ci il tarixli, 23/20-756 nömrəli məktubla bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxışına “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat axtarış sistemində "ölkədən çıxışı qadağandır” statusu 01 avqust 2019-cu il tarixdə qeyri-aktiv edilmişdir İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 18.03.2020-ci il tarixli, 33/1514 nömrəli məktubuna (məktub Sərhəd Nəzarəti rəisinin müavini A.Qasımov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)-92/2019 nömrəli, 06 avqust 2019-cu il tarixli qərarı ilə (hakim A.Tanrıverdiyev) İddiaçı tərəfindən ölkə hüdudlarından hərəkətinə qoyulan “Stop” qadağasına qeyri-qanuni hesab edilməsi və bu məhdudiyyətin üzərindən götürülməsi barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətinin icraata qəbul edilməsindən imtina olunması qərara alınmışdır. İş materiallarında olan “Gürsoylar” şirkətindən əldə olunmuş rezerve biletinin kserosurətinə əsasən qeyd olunmuşdur ki, gedilən yer-Bakı-İstanbul; tarix-17.05.2019; gediş vaxtı-10:00; qiyməti-260, TL. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 15.11.2019-cu il tarixli, 20/Ş-4591 nömrəli məktubuna (məktub idarə rəisi v.i. R.Ramazanov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, iddiaçının Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş maddi və mənəvi zərərin ödənilməsinə dair ərizəsinə baxılmışdır, müraciətdə qeyd edilən xüsusatlar Dövlət Təhlükəsizliyi Xidmətinə aid olmadığından qüvvədə olan müvafiq qanunvericiliyə uyğun həll edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçının ölkədən çıxışına qadağan qoyulması 01.08.2019-cu il tarixdən qeyri-aktiv olduğundan, onun 17.05.2019-cu il tarixində Türkiyəyə gedərkən "Qırmızı körpü" SKM-də "STOP" qoyulması ilə bağlı dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 5000 manat vurulmuş mənəvi zərərin və 300 manat maddi zərərin dəyməsinin iş materialları ilə sübut olunmadığından, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandıra bilmədiyindən, sübutlar təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-837/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-837/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-667/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-667/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver