Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-667/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6933/2021 saylı 28.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayət inə 25-28 yanvar 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğunu nəzərə almaqla dayandırılmış əmək pensiyasının bərpa olunması və ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, 21.11.1979-cu ildən 13.12.1981-ci ilədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1981-1984-cü illərdə Ağcabədi rayonunun Nizami kolxozunda kolxozçu işləmişdir. 03.04.1984-cü ildən hal-hazıradək Gəmi Təmiri Zavodunda (indiki X3 QSC «Bibiheybət Gəmi Təmiri Zavodu») çilingər vəzifəsində işləyir. 14.05.2018-ci ildə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən ümumi və xüsusi stajı olduğu üçün 57 yaşında iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı Fondun Səbail rayon şöbəsinə müraciət etmiş və əmək pensiyası təyin olunaraq ödənilməyə başlanmışdır. Lakin 2020-ci ilin avqust ayından iddiaçıya məlum olmayan səbəbdən pensiya ödənişi dayandırılmışdır. 2020-ci ilin noyabr ayında Fonda yazdığı məktuba Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17.03.2021-ci il tarixli **********4 saylı məktubu ilə iddiaçının Qanunun 9.8-ci maddəsinə əsasən guya 25 il stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı, pensiya ödənişinin dayandırıldığı və ödənilmiş məbləği geri qaytarmağı bildirilmişdir. Halbuki, məktubda göstərildiyi kimi ümumi iş stajı 23 il 9 ay deyil, 25 il 9 aydır. Belə ki, hərbi xidmətdən qayıtdıqdan sonra 1981-1984-cü illərdə Ağcabədi rayonunun Nizami adına kolxozdakı 2 ildən çox iş stajı cavabdeh tərəfindən nəzərə alınmamış və nə səbəbdən nəzərə alınmadığı barədə cavab məktubunda heç bir fikir bəyan olunmamışdır. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya verilən pensiyanın 01.08.2018-ci il tarixdən dayandırılması barədə hərəkətinin qanunsuz hesab olunması, cavabdehin üzərinə iddiaçıya 01.08.2018-ci il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6933/2021 saylı 28.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.(hakim: M.Qarayeva ) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 27.10.2020-ci il və 27.11.2020-ci il tarixlərində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı asaslı şübhələr yarandıqda, hamçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən asas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı vaxtilə ona pensiya təyin edilərkən təqdim olunan sənədlərində qeyd olunan məlumatlara əsasən 21.11.1979-13.12.1981-ci il tarixləri arasındaki dövr ərzində hərbi xidmətdə olduğu, 03.04.1984-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “Bibiheybət” Gəmi Təmiri Zavodunda işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 9 ay 20 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq iddiaçıya 14.05.2018-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən, İnzibati organ tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasan qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər, 67.8-ci maddəsinə əsasən isə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçıya 14.05.2018- 31.07.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5056,72 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Tərəflərindən 17.03.2021-ci il tarixli **********4 nömrəli məktubla həmin artıq ödənilmiş 5056,72 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin ona verilən pensiyanın 01.08.2018-ci il tarixdən dayandırılması barədə hərəkətinin qanunsuz hesab olunması və cavabdehin üzərinə iddiaçıya 01.08.2018-ci il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iddiaçı işlədiyi 23.07.1984-cu il tarixdən 01.01.2006-cı il tarixə qədər dövr ərzində gəmi təmiri sahəsində çilingər peşələrində ümumilikdə 21 il 5 ay 9 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajı toplamışdır. Ümumiyyətlə, isə güzəştli iş stajı cavabdeh tərəfindən iddiaçıya pensiya ödənilməsinin dayanadırılmasının əsası kimi göstərilməmiş və işin mübahisə edilməyən halıdır. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajının guya 25 ildən (23 il 09 ay 20 gün) az olmasını əsas gətirməsini məhkəmə qanunsuz və əsassız hesab etmişdir. Belə ki, iş materiallarında olan sənədlərə (hərbi bilet, əmək kitabçası, güzəştli arayış) əsasən iddiaçının: 21.11.1979-13.12.1981-ci il tarixlərdə həqiqi hərbi xidmət müddəti (2 il 23 gün) 03.04.1984-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində isə gəmi təmiri sahəsində (21 il 8 ay 29 gün) işlədiyi dövr hesablanaraq ümumilikdə 23 il 09 ay 22 gün ümumi iş stajı toplanır. Bundan başqa, məhkəmə araşdırması zamanı alınmış Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağcabədi rayon Dövlət Arxivinin 486 saylı 27.11.2018-ci il tarixli arxiv arayışı və 63 saylı 12.08.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı 240 adam günü illik norması qarşılığında 1982-ci ildə qarşılığında 245 adam günü, 1983-cü ildə 238 adam günü, 1984cü il tarixdə 24 adam günü Ağcabədi rayon Nizami Kolxozunda işləmişdir. Buna görə də, onun kolxozda işlədiyi iş stajı da iddiaçının ümumi iş stajına hesablanmalıdır. Məhkəmə qeyd etmişdir ki, əmək kitabçası, hərbi bilet, diplom və arxiv arayışlarına əsasən iddiaçının ümumi iş stajı qanunvericiliklə 01.01.2006-cı il tarixədək tələb olunan 25 ildən artıqdır. Beləliklə, məhkəmə iddiaçının Ağcabədi rayon Nizami Kolxozunda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla hesab etmişdir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının kolxozda işlədiyi dövrlə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Ağcabədi rayon Nizami kolxozunda işlədiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağcabədi filialının arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr üzrə hesablanan sıgorta stajı müddəti iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, 21.11.1979-cu il tarixdən 13.12.1981-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında iddiaçıya məxsus ИТ-İ № ******* saylı 09.04.1984-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənərək tərcümə edilmiş surətindən görünür ki, iddiaçı Gəmi Təmiri Zavodunda 03.04.1984-cü il tarixdən 23.07.1984-cü il tarixə qədər birinci dərəcəli fəhlə, 23.07.1984-cü il tarixdən (Əmr № 124 23.07.1984-cü il) 27.12.1990-cı il tarixə qədər çilingər-gəmi təmirçisi, 27.12.1990-cı il tarixdən (Əmr № 167 27.12.1990-cı il) körpü kranı maşinisti, 30.05.1992-ci il tarixdən (Əmr № 73 04.06.1992-ci il) stropçu kimi işləmiş, 01.08.1997-ci il tarixdə ( əmr 05.08.1997-ci il № 114) işdən azad edilmişdir. İş materiallarında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 27.12.2018-ci il tarixli **********8 saylı qərarından görünür ki, iddiaçıya 14.05.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında iddiaçının pensiya işində olan sənədlərdən görünür ki, iddiaçı 27.08.1997-ci il tarixdən 01.01.2006-cı il tarixə qədər "xxxx" MMC-də çilingər vəzifəsində işləmişdir. İş materiallarında iddiaçıya məxsus pensiya işində olan iş stajının hesablanmasından görünür ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 il 08 ay 22 gün ümumi, 12 il xüsusi iş stajının olması qeyd edilmişdir. İş materiallarında iddiaçının pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nun Bakı şəhəri üzrə X5 İdarəsi tərəfindən DSMF Səbail rayon Şöbəsinə ünvanlanmış məktubundan görünür ki, 01.08.1997-ci il tarixdən 01.01.2006-cı il tarixə qədər iddiaçının adına sosial sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 486 saylı 27.11.2018-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 240 adam günü illik norması qarşılığında 1982-ci ildə qarşılığında 245 adam günü, 1983-cü ildə 238 adam günü, 1984-cü il tarixdə 24 adam günü Ağcabədi rayon Nizami Kolxozunda işləmişdir. İş materiallarında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 63 saylı 12.08.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş arxiv sənədlərindən görünür ki, 1982-ci ildə qarşılığında 245 adam günü, 1983-cü ildə 238 adam günü, 1984-cü il tarixdə 24 adam günü Ağcabədi rayon Nizami Kolxozunda işləmişdir. İş materiallarında “Azərbaycan X3” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodunun 09 saylı 09.01.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı 03.04.1984-cü il tarixdən 01.08.1997-ci il tarixədək, 09.01.2018-ci il tarixdən hal-hazıradək (09.01.2019-cu il ) 1-ci dərəcəli fəhlə, gəmi təmiri çilingəri, körpülü kran maşinisti, yonucu peşələrində işləmişdir. İş materiallarında “Azərbaycan X3” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodunun 120 saylı 16.08.2021-ci il tarixli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçı həmin zavodda 23.07.1984-cü il tarixdən 01.08.1997-ci il tarixə qədər, 09.01.2018-ci il tarixdən hal-hazıradək (16.08.2021-ci il) gəmi çilingəri vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bəndində / 11.6a) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 15.12.2020-ci il tarixli **********0 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar bildiririk ki, sizə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu hüquqi müstəvidə araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyası hüququnuza yenidən baxılacaqdır”. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17.03.2021-ci il tarixli **********4 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş ərizələrinizə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı vaxtilə sizə pensiya təyin edilərkən təqdim olunan sənədlərinizdə qeyd olunan məlumatlara əsasən 21.11.1979- 13.12.1981-ci il tarixləri arasındakı dövr ərzində hərbi xidmətdə olduğunuz, 03.04.1984- 01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “Bibiheybət” Gəmi Təmiri Zavodunda işlədiyiniz müəyyən olunmuşdur. Göründüyü kimi, sizin 01.01.2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (23 il 9 ay 20 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq sizə 14.05.2018-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən sizə 14.05.2018- 31.07.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5056,72 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir”. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 21 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 14.05.2018-ci il tarixdə tamam olmuşdur və o, 21.11.1979-cu il tarixdən 13.12.1981-cü il tarixədək (2 il 22 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, arxiv arayışına əsasən iddiaçı 1982-ci ildə qarşılığında 245 adam günü, 1983-cü ildə 238 adam günü, 1984-cü il tarixdə 24 adam günü Ağcabədi rayon Nizami Kolxozunda (2 il 1 ay 1 gün) işləmiş, əmək kitabçasına əsasən iddiaçı 03.04.1984-cü il tarixdən 01.08.1997-ci il tarixə qədər Gəmi Təmiri Zavodunda birinci dərəcəli fəhlə, çilingər-gəmi təmirçisi, körpü kranı maşinisti, stropçu kimi işləmiş (13 il 3 ay 28 gün), pensiya işində olan sənədlərə əsasən ki, iddiaçı 27.08.1997-ci il tarixdən 01.01.2006-cı il tarixə qədər "xxxx" MMC-də çilingər vəzifəsində işləmiş (8 il 4 ay 4 gün), “Azərbaycan X3” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilmiş arayışa əsasən, 09.01.2018-ci il tarixdən hal-hazıradək (09.01.2019-cu il ) 1-ci dərəcəli fəhlə, gəmi təmiri çilingəri, körpülü kran maşinisti, yonucu peşələrində işləmişdir. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı 23.07.1984-cü il tarixdən 01.08.1997-ci il tarixə qədər, 09.01.2018-ci il tarixdən hal-hazıradək (16.08.2021-ci il) “Azərbaycan X3” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodunda gəmi çilingəri vəzifəsində işləmişdir (01.01.2006-cı il tarixədək 13 il 8 ay). İşlədiyi vəzifənin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bəndində / 11.6a) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21500000 XİV. Metal emalı bölməsində 21503000 3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri 2150300a fəhlələr yarımbölməsində 2150300a—18451 saylı şifrlərlə çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşələri təsbit olunmuşdur. İddiaçıya 14.05.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 31.07.2020-ci il tarixdən etibarən iddiaçıya təyin edilmiş pensiya məbləginin ödənilməsi dayandırılmışdır. Pensiyanın bərpa edilməsi barədə iddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, 21.11.1979-13.12.1981-ci il tarixləri arasındakı dövr ərzində hərbi xidmətdə olduğu, 03.04.1984-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “Bibiheybət” Gəmi Təmiri Zavodunda işlədiyi müəyyən olunmuşdur. Buna görə onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (23 il 9 ay 20 gün) təşkil etməsi müəyyən edilmiş və pensiyanın təyinatı ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması qanunsuz və əsassız olmuşdur. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin fadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006- cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, iddiaçı 240 adam günü illik norması qarşılığında 1982-ci ildə qarşılığında 245 adam günü, 1983-cü ildə 238 adam günü, 1984-cü il tarixdə 24 adam günü Ağcabədi rayon Nizami Kolxozunda işləmişdir. İddiaçının Ağcabədi rayon Nizami Kolxozunda 1982, 1983, 1984-cü illərdə ümumlikdə 507 adam günü işləmişdir. İllik normanın 240 adam günü olduğunu nəzərə alaraq, 1 adam gününün 1.5 təqvim gününə bərabər olduğu müəyyən edilir (365 : 240 = 1.5). İddiaçının işlədiyi 509 adam günü 764 təqvim günü edir (509x 1.5 = 763.5). 764 gün isə 2 il 1 ay 4 günə bərabərdir Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olması işin materialları ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə baglı hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, iddiaçı ona təyin olunmuş və sonradan dayandırılmış əmək pensiyasının 01.08.2018-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiyasının dayandırılması ilə bağlı aparılmış inzibati icraat zamanı, eləcə də, məhkəmə icraatı zamanı pensiyanın dayandırılmasına əsas olmuş hallar barədə mötəbər əsaslar aşkar edilməmiş, pensiyanın dayandırılmasının əsaslı olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6933/2021 saylı 28.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-667/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-667/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver