Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-667/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının həqiqi hərbi xidmətə çağırılmasının ləğv edilməsi və onun həqiqi hərbi xidmətdən geri çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9417/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının hərbi xidmətə çağırışının ləğv edilməsi və ali təhsil alanlar üçün nəzərdə tutulmuş hərbi çağırışa möhlətinin bərpa edilməsi məqsədilə həqiqi hərbi xidmətdən geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) e-2-1(112)-9417/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının həqiqi hərbi xidmətə çağırılmasının ləğv edilməsi və onun həqiqi hərbi xidmətdən geri çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürməklə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin 411/4 nömrəli 5 iyul 2022-ci il tarixli əmri ilə həmin Universitetdən 6 ay müddətinə xaric olunmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsi 11 yanvar 2023-cü il tarixdə Universitetdən aldığı məktuba əsasən 24 yanvar 2023-cü il tarixdə İddiaçı N saylı hərbi hissəyə hərbi xidmətə yola salınmışdır. Məktubun məzmununda sadəcə 11 yanvar 2023-cü il tarixədək mövcud olan məlumat verilmişdir, onun ümumi nəticə olaraq Universitetin tələbələri sırasına bərpa olunub-olunmaması haqqında məlumat əks etdirilməmişdir. Məmmədov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri sırasına bərpa olunmağı barədə ərizə ilə müraciət etdiyini bildirmişdir və həmin məsələ ilə bağlı Universitetin qərarını gözlədiyini də bildirmişdir, İdarə isə öz növbəsində həmin qərarı almaq üçün iddiaçıya vaxt verəcəyini söz vermişdir, lakin 24 yanvar 2023-cü il tarixdə “komissiyadan keçmək” adı ilə çağırılaraq müvafiq hərbi hissəyə göndərilmişdir. Bu səbəbdən onun çalışdığı şirkətlə əmək müqaviləsinə də xitam verməmişdir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək möhlət verilir. İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin 127/4 nömrəli 15 fevral 2023-cü il tarixli əmri ilə tələbələr sırasına bərpa olunmuşdur və beləliklə təhsilini bitirməmiş sayılır. Həmin qanunun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. İddiaçı isə tələbələr sırasına bərpa olunub-olunmadığı hərbi xidmətə çağırıldığı və cəlb olduğu zaman Universitet tərəfindən heç bir rəsmi sənədlə təsdiq edilməmişdir. 15 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar»ın 1.4-cü bəndinə əsasən ali təhsilin bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. Onun xaric olma müddəti 2023-cü ilin yanvar ayında bitdiyinə görə ali təhsil müəssisəsinə tələbələr sırasına bərpa olması haqqında qərarın verilməsi qış tətilində nəzərdə tutulmuşdur. Qış tətili isə fevralın 1-dən 15-dək davam edir. 11 yanvar 2023-cü il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetindən alınan məktubda sadəcə 11 yanvar 2023-cü il tarixədək mövcud olan məlumat verilmişdir. Əgər yuxarıda qeyd olunan Qaydaların 1.4-cü bəndinə əsasən ali təhsil müəssisələrinə tələbələrin bərpa işləri qış tətili zamanı həyata keçirilirsə (1-15 fevral) Azərbaycan Dövlət İqtisad Universiteti 11 yanvar 2023-cü il tarixdə İddiaçı tələbələr sırasına bərpa etməsi sual doğurur. Nəzərə alınmalıdır ki, İddiaçı 24 yanvar 2023-cü il tarixdə hərbi xidmətə aparılacağı haqqında nə yazılı, nə şifahi heç bir məlumat verilməmişdir. Hətta Hərbi Komissarlıqdan 24 yanvar 2023-cü il tarixdə İddiaçı hərbi xidmətə aparılması ilə bağlı çağırış vərəqəsi və ya başqa sənəd təqdim olunması xahiş edilsə də, qurumdan belə məlumat əks etdirən heç bir sənədin mövcud olmadığı bildirilmişdir. O, hərbi xidmətə aparılarkən ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi doldurulmamışdır. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin saytından “Vətəndaşın hərbi qeydiyyatda olması barədə” və “Vətəndaşın hərbi xidmət keçməsi barədə” elektron arayışlarda İddiaçı hərbi xidmətdə olması ilə bağlı heç bir məlumat yoxdur. Bu səbəbdən də Universitetə onun hərbi xidmətdə olması ilə bağlı hər hansı sənəd təqdim edilməsi mümkün deyil. Göstərilənlərə və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 38.1.1-ci maddəsinə əsaslanaraq, İddiaçı hərbi xidmətə çağırışını ləğv edərək, təhsil alanlar üçün nəzərdə tutulmuş hərbi çağırışa möhlətini bərpa edilməsi məqsədilə cavabdehin üzərinə həqiqi hərbi xidmətdən geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-9417/2023 nömrəli xx.xx.2023-cü il qərarı ilə iddiaçının həqiqi hərbi xidmətə çağırılmasının ləğv edilməsi və onun həqiqi hərbi xidmətdən geri çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Qərar qanunsuz və əsassızdır. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı 24 yanvar 2023-cü il tarixində hərbi xidmətə qanunsuz şəkildə (çağırış vərəqi təqdim edilmədən, şifahi belə aparılacağını bildirmədən, “qeydiyyata almaq” adı ilə çağırılaraq həmin gün işində əmək müqaviləsinə xitam vermədən, telefonla, qulaqcıqla, cuzdanla avtobusa mindirilib) aparılarkən bərpa prosesində idi. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində açıq-aydın 6 ay müddətində “bərpa olunmadığı halda” qeyd edilmişdir və 15 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar»ın 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasında heç bir şəxsin 24 yanvar tarixində ali təhsil müəssələrinə tələbələr sırasına bərpa olması mümkün deyildir. Hərbi komissarlıq iddiaçının hərbi xidmətə aparılmasını məhz bərpa olacağını bildiyi səbəbindən 2-ci sərəncama saxlamışdır. Əlavə olaraq, hərbi komissarlıq iddiaçıya hərbi xidmətə aparacağı tarix haqqında şifahi forma da belə məlumat versəydi, o, Universitetdən bərpa prosesində olması haqqında sənəd təqdim edə bilərdi. İddiaçının tələbələr sırasına bərpa olması gözlənildiyi halda o, ali təhsilini bitirib 1 il xidmət etmək hüququnu qazanacaqdı. Yuxarıda verilən qanunsuzluq ücbatından isə iddiaçı 1 il 6 ay müddətində xidmət etməyə məcburdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının nümayəndəsi A.Məmmədovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alması ilə əlaqədar 2020-ci ilin aprel çağırışı zamanı Səbail rayon çağırış komissiyasının qərarı ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Lakin İddiaçı xx.xx.2022-ci il tarixdə universitetdən xaric olmasına dair Xidmətin Səbail rayon idarəsinə xx.xx.2022-ci il tarixli 1/153 nömrəli məktub daxil olmuş və həmin məktuba əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinin tələbləri ilə xaric olunduğu təhsil müəssisəsinə bərpa olunması üçün 6 ay müddət gözlənilmişdir. Həmin müddətin başa çatması ilə əlaqədar çağırışçının təhsil alıb-almaması məsələsinin dəqiqləşdirilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinə sorğu məktubu göndərilmişdir. Universitetdən Xidmətin Səbail rayon idarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli 1/13 nömrəli cavab məktubundan çağırışçının təhsil müəssisəsinə bərpa olunmadığı məlum olmuşdur. Bundan sonra İddiaçı 2023-cü ilin yanvar çağırışına cəlb olunmuş, rayon çağırış komissiyasında tibbi şəhadətləndirilmiş, barəsində «hərbi xidmətə yararlı» qərarı verilmiş və xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin «ğ» bəndinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mülki ali və orta ixtisas müəssisələrində təhsil almasına icazə verilmədiyinə görə İddiaçı hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirməsi mümkündür. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli 538/4/2019 nömrəli əmrlə Azərbaycan Dövlət İqtisad Universitetinə «Maliyyə» ixtisası üzrə əyani təhsilin İ ilinə qəbul edilmişdir. İddiaçı «Təhsilalanların universitetdaxili intizam Qaydaları»nın şərtlərini pozduğuna görə xx.xx.2022-ci il tarixli 411/4/2022 nömrəli əmrlə xx.xx.2022-ci il tarixindən universitetin tələbələri sırasından xaric edilmiş, xx.xx.2023-cü il tarixli 127/4/2023 nömrəli əmrlə müraciəti nəzərə alınaraq bərpa edilmişdir. İddiaçı həqiqi hərbi xidmətə çağırıldığı üçün xx.xx.2023-cü il tarixli 521/4/2023 nömrəli əmrlə 2022/2023cü tədris ilinin İİ semestrinin əvvəlindən hərbi xidməti başa çatanadək akademik məzuniyyət verilmişdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu: 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: 21.1.4. əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək. 21.2. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 29.1. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər. Hərbi andın mətnini Azərbaycan Respublikasının Milli Məclisi təsdiq edir. 29.2. Hərbi andiçmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə müəyyən edilmiş qaydada həyata keçirilir. 38.1. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: 38.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay. Məhkəmənin hökmünə əsasən hərbi qulluqçunun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinə «Maliyyə» ixtisası üzrə əyani təhsilin İ ilinə qəbul edilmişdir və təhsil alması ilə əlaqədar xx.xx.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. İddiaçı «Təhsilalanların universitetdaxili intizam Qaydaları»nın şərtlərini pozduğuna görə xx.xx.2022-ci il tarixindən Universitetin tələbələri sırasından xaric edilmişdir. Bundan sonra iddiaçı hərbi çağırışa cəlb olunaraq xx.xx.2023cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Universitetə tələbələrin sırasına bərpa edilmişdir, ona həqiqi hərbi xidmətə çağırıldığı üçün 2022/2023-cü tədris ilinin İİ semestrinin əvvəlindən hərbi xidməti başa çatanadək akademik məzuniyyət verilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən görünür ki, əyani təhsil alma formasında bakalavriatda təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilməsi nəzərdə tutulur, lakin ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetində bir müddət əyani təhsil alsa da, xx.xx.2022-ci il tarixdə Universtet rəhbərliyinin müvafiq əmri ilə tələblər sırasından xaric olunmuşdur. 2023-cü ilin yanvar ayında isə həqiqi hərbi xidmətə çağırılmışdır. Onun Universitetə (tələbə heyətinə) bərpası isə 15 fevral 2023-cü il tarixə təsadüf edir. Yəni iddiaçı Universitetdən xaric olunduqdan sonra onun tələbə sıralarına bərpası 6 aydan artıq vaxt keçdikdən sonra baş vermişdir. Göründüyü kimi, iddiaçı ali təhsil müəssisəsindən xaric edilmiş şəxs kimi 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadığı üçün çağırışa möhlət hüququnu itirmişdir və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İddiaçının müddətli həqiqi hərbi xidmətə çağırılması və bu xidməti yerinə yetrmək üçün müvafiq yerə göndərilməsi qanunsuz olmamışdır. İddiaçı həqiqi hərbi xidmətə çağırış üzrə möhlət hüququnu itirdikdən sonra hərbi xidmətə çağırılmışdır, daha sonra Universitetə tələbələrin sırasına bərpa edilmişdir, bununla əlaqədar ona həqiqi hərbi xidmətə çağırıldığı üçün hərbi xidməti başa çatanadək akademik məzuniyyət verilmişdir. İddiaçı həqiqi hərbi xidmətə çağırış üzrə möhlət hüququ olmadığı zaman hərbi xidmətə çağırıldığı üçün onun hazırda hərbi xidmətdən geri çağırılması və təhsilini başa vurduğu halda 1 illik xidməti tamamlamaq üçün yenidən müddətli həqiqi hərbi xidmətə çağırılması qanunvericiliyin tələblərinə zidd olardı. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9417/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-667/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-667/2024
14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver