Məhkəmə qərarları › İş №2-1(103)-667/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-667/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-667/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10908/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.1986cı il tarixindən xx.xx.1991-ci il tarixinədək Bakı Biskvit Fabrikində işlədiyi müddət və xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" MMC-nin direktor vəsifəsində işlədiyi müddət əmək stajına əlavə edilməklə, əmək stajının yenidən hesablanaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasına çıxma haqqının yaranan gündən ödənilməyən əmək pensiyanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “X3 xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək Bakı Biskvit Fabrikində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müraciət etmişdir. Müraciət edərkən əmək kitabçasını təqdim etmişdir. Cavabdeh iddiaçının ümumi əmək stajını hesablayaraq ona yaşa görə əmək pensiyasının düşmədiyini hesab etmişdir. Bu səbəbdən də ona 220 manat sosial müavinət təyin olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli cavabında ona 17 il, 18 gün iş stajı hesablamışdır. O, təkrar olaraq cavabdehə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, ikinci müraciətinə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-1- 103186/2024 saylı cavabla cavabdehin hesablamasına görə əmək kitabçasındakı iş stajı cəmi 20 il, 10 ay, 10 gün təşkil etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli cavabını iddiaçı poçtla xx.xx.2024-cü il tarixində əldə etmişdir. Lakin işlədiyi xx.xx.1986-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək Bakı Biskvit Fabrikində işlədiyi iş stajını cavabdeh qeydə almamışdır. Səbəb olaraq əməkhaqqı cədvəlində adının olmamasını bildirmişdir. Bundan əlavə, xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" MMC-nin direktor vəsifəsində işlədiyi müddət də iş stajına cavabdeh tərəfindən qəbul edilməmiş və səbəb kimi işə daxil olma tarixinin qeyri-iş gününə təsadüf etməsi göstərilmişdir və bunu əsas götürərək həmin müddətlər üçün işlədiyi vaxtı iş stajına hesablamamışdır. Cavabdehin isə onun əmək stajı kimi qəbul etdiyi müddət 20 il, 10 ay, 10 gün təşkil etmişdir. Beləliklə, 20 il, 10 ay, 10 gün (hərbi xidmət daxil olmaqla cavabdeh tərəfindən hesablanan) + 5 il, 2 ay, 25 gün (Əməkhaqqı cədvəlinin olmamasına görə hesablanmayan) + 0 il, 10 ay, 1 gün (İşə daxil olma vaxtı qeyri-iş gününə düşən və cavabdeh tərəfindən hesablanmayan) = 26 il, 11 ay, 6 gün təşkil edir. Bu da onun “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən əmək pensiyasına çıxmağına əsas verir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət etmiş, xx.xx.2024-cü il tarixli 3-17- 1/2-1-103186/2024 nömrəli məktub ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan sonra, iddiaçı Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sığorta stajının qanuni sənədlər, əmək kitabçası əsasında təsdiq edildiyini və həmin sənədlərin mötəbərliyinin mübahisəsiz olduğunu iddia edir. İş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı müraciəti araşdırılarkən onun təqdim etdiyi əmək kitabçasının surətinə əsasən ümumi sığorta stajının 20 il 10 ay 10 gün təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən mübahisələndirilməyən sığorta stajı, ümumilikdə, 20 il 10 ay 10 gün təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Bakı Biskivit Fabriki”ndə, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" MMC-də işlədiyini iddia edir və həmin dövrlərin sığorta stajına daxil edilməsini xahiş edir. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Bakı Biskivit Fabriki”ndə olan mübahisələndirilən əmək fəaliyyəti dövləri aşağıdakı səbəbdən sığorta stajına daxil edilməmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-48-2F/2-İ-12xx-xx- 1906/2024 nömrəli arxiv arayışı ilə xx.xx.1986-cı il tarixdən 203 saylı əmrlə işə qəbul edilib, xx.xx.1995-ci il tarixdən işdən azad edildiyi qeyd edilsə də, arxiv arayışına əlavə edilmiş əməkhaqqı cədvəli ilə iddiaçıya yalnız 1992-ci il tarixdən 1995-ci il tarixədək əməkhaqqı ödənildiyi müəyyən olunur ki, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10908/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim C.Quliyev) iddia təmin edilərək, X3 xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək Bakı Biskvit Fabrikində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək haqqı almasını müəyyən etmək mümkün olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10908/2024 nömrəli, 04 oktyabr 2024cü il qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki; -İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1959-cu il təvəllüdlür. -İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək orduda xidmət etmişdir (02 il 06 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək “Azərneftmaşremont” İstehsalat Birliyində qazanxana-çilingər-yığma sahəsinə 2-ci dərəcəli fəhlə (08 ay 02 gün); - xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Maştağa tikinti materialları kombinatı M.P.S.M. Azərbaycan SSR Nardaran sexinə 1-ci dərəcəli fəhlə (07 ay 25 gün); - xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Petrov adına Bakı maşınqayırma zavodu 1 saylı KSS-a 1-ci dərəcəli çilingər peşəsində (01 il 01 ay 16 gün); - xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək 37 saylı mağazada kiçik satıcı daha sonra satıcı (02 il 10 ay 17 gün); - xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Petrov adına Bakı maşınqayırma zavodu 1 saylı sexdə 2-ci dərəcəli çilingər vəzifəsində (01 il 11 ay 06 gün); - xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Biskvit Fabriki Tədarük şöbəsi 3-cü dərəcəli qəbuledici-təhvilverici, daha sonra əmtəəşünas vəzifəsində (09 il 07 gün); - xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək X8 Fabrikində aparıcı əmtəəşünas, daha sonra fabrikin lojistik müdürlüyünə yardımçı vəzifəsində (06 il 08 ay 28 gün); - xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-də F/s R.Rəşidovun (VÖEN **********) satıcı vəzifəsində (01 ay) işləmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzii Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanan imtina məktubunda bildirilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ümumi sığorta stajınız (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 20 il 10 ay 10 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18 il 4 ay 10 gün sığorta stajına uyğun olaraq 18501,76 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 3996,94 manat olmaqla, ümumilikdə 22498,70 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma tarixi qeyri-iş gününə təsadüf edir) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Eyni zamanda bildiririk ki, təqdim etdiyiniz Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-İ-12xx-xx- 1906/2024 saylı arayışında Bakı Biskivit Fabrikinin 1986-1991-ci illərə dair arxiv sənədləri və əməkhaqqı cədvəllərində adınıza rast gəlinmədiyi qeyd olunduğu üçün sözügedən dövrlərin də sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, pensiya yaşı tamam olmuş iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, kişilərin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş); -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. İddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz qəbul edilmiş stajı 20 il 10 ay 10 gündür. Mübahisəli dövr iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Bakı Biskivit Fabriki”ndə işlədiyi dövrlərdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1986-cı il tarixdə Bakı Biskvit Fabriki Tədarük şöbəsinə 203 nömrəli əmrlə 3-cü dərəcəli qəbuledici-təhvilverici işinə qəbul edilmiş, 60 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən 3-cü dərəcəli qəbuledici-təhvilverici işi təsdiq edilmiş, 300 nömrəli əmrlə xx.xx.1991-ci il tarixdən Tədarük şöbəsinə əmtəəşünas keçirilmiş, 309 nömrəli əmrlə xx.xx.1993-cü il tarixdən 9-cu əmtəəşünas dərəcəsi müəyyən edilmiş, 116 nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarında göstərilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Biskvit Fabrikinin arxiv sənədlərinin şəxsi vərəqlərində xx.xx.1959-cu il təvəllüdlü vət. İddiaçı xx.xx.1986-cı il tarixli 203 saylı əmrlə xx.xx.1986-cı il tarixdən satış şöbəsinə 3-cü dərəcəli qəbuledicitəhvilverən vəzifəsinə işə qəbul olunması, xx.xx.1995-cu il tarixli 116 saylı əmrlə xx.xx.1995-ci il tarixdən öz xahişi ilə işdən azad olunması barədə məlumatlar mövcuddur. Bakı Biskvit Fabrikinin 1986-1992-ci illərə dair arxiv sənədləri əmək haqqı cədvəllərində vət. İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Sorğuya şəxsi vərəqin təsdiq edilmiş kserosurəti 2 (iki) vərəqdən ibarət əlavə edilir. Əlavə olaraq bildirilmişdir ki, Bakı Biskvit Fabrikinin arxiv sənədləri əmək haqqı cədvəlləri 67 (altmış yeddi) saxlanma vahidi 2506 (iki min beş yüz altı) vərəqdən ibarət olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərin həcmi iri olduğundan təqdim edilməsi imkan xaricindədir. Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubları ilə məhkəməyə təqdim edilmiş iddiaçının şəxsi vərəqinin İİİ hissəsində işə qəbul və yerdəyişmə ilə bağlı aşağıdakılar göstərilmişdir: - xx.xx.1986-cı il tarixdə Bakı Biskvit Fabriki Tədarük şöbəsinə 3-cü dərəcəli qəbuledici-təhvilverici işinə qəbul edilmiş (əmr № 203, xx.xx.1986), - xx.xx.1989-cu il tarixdən 3-cü dərəcəli qəbuledici-təhvilverici işi təsdiq edilmiş (əmr № 60, xx.xx.1989), - xx.xx.1991-ci il tarixdən Tədarük şöbəsinə əmtəəşünas keçirilmiş (əmr № 300, xx.xx.1991), - xx.xx.1993-cü il tarixdən 9-cu əmtəəşünas dərəcəsi müəyyən edilmiş (əmr № 309, xx.xx.1993), xx.xx.1995-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 116, xx.xx.1995). İddiaçının şəxsi vərəqinin İV hissəsində məzuniyyətlə bağlı aşağıdakılar göstərilmişdir: - 1986/1987 dövr üçün xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə, - 1987/1988 dövr üçün 01.09xx.xx.1988-ci il tarixlərdə, - 1988/1989 dövr üçün 17.08-xx.xx.1989-cu il tarixlərdə, - 1989/1990 dövr üçün 20.08-xx.xx.1990-cı il tarixlərdə, - 1990/1991 dövr üçün xx.xx.1991xx.xx.1991-ci il tarixlərdə, - 1991/1992 dövr üçün 07.06-xx.xx.1993-cü il tarixlərdə, - 1992/1993 dövr üçün xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə, -1993/1994 dövr üçün xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə növbəti məzuniyyətdə olmuşdur. İddiaçının şəxsi vərəqinin V hissəsində əlavə məlumatlarla bağlı aşağıdakılar göstərilmişdir: - xx.xx.1992-xx.xx.1992-ci il tarixədək anbar rəisi, - xx.xx.1992-xx.xx.1992ci il tarixədək Tədarük şöbəsinin müdiri vəzifələrini icra etmişdir. İddiaçının şəxsi vərəqində onun 116 nömrəli xx.xx.1995-ci il tarixli əmrlə xx.xx.1995ci il tarixdən öz xahişi ilə işdən azad edilməsi göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubla Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Biskvit Fabrikinin arxiv sənədlərinin 1986-1991-ci illərə dair arxiv sənədləri əmək haqqı cədvəllərində vət. İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumatın olmaması bildirilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında Bakı Biskvit Fabrikində iş stajı ilə bağlı olan məlumatlar iddiaçının şəxsi vərəqində qeyd edilən məlumatlarla öz təsdiqini tapır. Belə ki, əmək kitabçasında həmin dövrlə bağlı olan məlumatlar olduğu kimi, yəni işə qəbul, yerdəyişmə və işdən azad olunma ilə bağlı əmrlər (tarixləri və nömrələri) iddiaçının şəxsi vərəqində də qeyd edilmişdir. Cavabdeh iddiaya etirazda, o cümlədən apelyasiya şikayətində iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Bakı Biskivit Fabriki”ndə olan iş stajının mübahisələndirilməsinə dair mövqeyini əməkhaqqı cədvəli ilə iddiaçıya yalnız 1992-ci il tarixdən 1995-ci il tarixədək əməkhaqqı ödənilməsi ilə əsaslandırmışdır. Məhz bu məqamı əsas götürərək cavabdeh iddiaçıya 25 il əmək stajının tamam olmamasını əsas gətirərək əmək pensiyasının təyin olunmasından imtinanın əsaslılığını sübut etməyə çalışmışdır. Halbuki, iddiaçının məhz 1986-1991-ci illərə dair arxiv sənədləri əmək haqqı cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə məlumat olmasa da, iddiaçının xx.xx.1986-cı il tarixdə Bakı Biskvit Fabriki Tədarük şöbəsinə 3-cü dərəcəli qəbuledicitəhvilverici işinə qəbul edilməsi, (əmr № 203, xx.xx.1986), xx.xx.1989-cu il tarixdən 3-cü dərəcəli qəbuledici-təhvilverici işi təsdiq edilməsi (əmr № 60, xx.xx.1989), xx.xx.1991-ci il tarixdən Tədarük şöbəsinə əmtəəşünas keçirilməsi (əmr № 300, xx.xx.1991), xx.xx.1993cü il tarixdən 9-cu əmtəəşünas dərəcəsi müəyyən edilməsi (əmr № 309, xx.xx.1993), xx.xx.1995-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsi (əmr № 116, xx.xx.1995); həmçinin mübahisələndirilən dövrlərdə, yəni 1986-1991-ci illər ərzində hər il növbəti məzuniyyətə getməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən dövrdə işdən çıxması və sonradan həmin müəssisəyə qayıtması, həmçinin həmin müddətdə öz hesabına məzuniyyətdə olması barədə inzibati orqan tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğundan ona yaşa görə əmək pensiyasının təyin olunmasına hüquq verən yaş həddinə xx.xx.2024-cü il tarixdə çatmışdır. Başqa sözlə, iddiaçının yaşla bağlı tələbi ödənilmişdir. Həmçinin, onun tələb olunan 25 il sığorta stajı mövcuddur. Belə ki, iddiaçının hərbi bilet və əmək kitabçasında olan məlumatları əsasında hərbi xidmət müddəti 02 il 06 gün, “Azərneftmaşremont” İstehsalat Birliyində işlədiyi müddət (08 ay 02 gün), Maştağa tikinti materialları kombinatı M.P.S.M. Azərbaycan SSR Nardaran sexində işlədiyi müddət (07 ay 25 gün), Petrov adına Bakı maşınqayırma zavodu 1 saylı KSS-da işlədiyi müddət (01 il 01 ay 16 gün), 37 saylı mağazada işlədiyi müddət (02 il 10 ay 17 gün), Petrov adına Bakı maşınqayırma zavodu 1 saylı sexdə işlədiyi müddət (01 il 11 ay 06 gün), Bakı Biskvit Babrikində işlədiyi müddət (09 il 07 gün), X8 Fabrikində işlədiyi müddət (06 il 08 ay 28 gün), "xxxx" ASC-də F/s R.Rəşidovun satıcısı işlədiyi müddət (01 ay) nəzərə alınmaqla, ümumilikdə 25 il 01 ay 18 gün təşkil edir ki, bu da pensiya hüququnun təsdiq edilməsi üçün yetərlidir. Beləliklə, cavabdeh tərəfindən mübahisələndirilən və məhkəmə tərəfindən mötəbərliyi müəyyən edilən 5 il 2 ay 25 gün də nəzərə alındıqda, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu təsdiq edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında olan qeydlərlə bağlı hər hansı şübhəli məqamlar olmadığından oradakı məlumatlar əmək stajının hesablanması zamanı əsas götürülməlidir. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən dövrlər üzrə (xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək) iddiaçıya aid əmək kitbaçasındakı qeydlər ilə ona aid arxiv məlumatları arasında hər hansı bir uyğunsuzluq yoxdur. Əmək kitbaçasındakı qeydlər arxiv məlumatları ilə öz təsdiqini tapır. İddiaçının işlədiyi dövrlər üzrə əmək haqqı ödənişləri barədə müvafiq sənədlərin tərtib edilməsi, onların aidiyyəti orqana verilməsi kimi bir vəzifəsi olmamış və onların hər hansı bir səbəbdən mövcud olmamasından doğan nəticə onun sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Analoji mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1535/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-2226/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarlarında kassasiya instansiyası məhkəməsinin eyni mövqeyi mövcuddur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, X3 xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək Bakı Biskvit Fabrikində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10908/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10908/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar