Məhkəmə qərarları › İş №2-1(103)-668/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-668/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-668/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinə qarşı torpaq sahəsinin özəlləşdirilməsi təbəbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4941/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4941/2020 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə İddiaçı Kiçik Müəsisəsinə məxsus sahəsi 0,48 ha (0,3+1800 kv.metr) olan torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarına uyğun norma və tariflər əsasında, 0,48 ha torpaq sahəsinin hər 100 kv.metr sahəsini 400 bazis qiymətinin 1.0 əmsalına vurulmaqla əldə edilən məbləğin özəlləşmə qiyməti kimi müəyyən edilməklə özəlləşdirilməsinin vəzifə kimi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon İcra Hakimiyyətinin 1992- ci il 2 mart tarixli, 5/307 saylı məktubuna əsasən və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1993-cü il 9 noyabr tarixli Sərəncamı ilə Qaradağ rayon, Sahil qəsəbəsinin şimal-şərq hissəsində İddiaçı istifadəçi üçün 3000 (üç min) kv.metr torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsində İddiaçı inzibati binası və s. yardımçı tikililər inşa edilmişdir. 0,12469 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 387,2 kv.metr təşkil edən, 86,9 kv.metr əsas, 300,3 kv.metr metr köməkçi sahəsi olan inzibati bina xx.xx.2009 saylı «Şəhadətnamə» və xx.xx.2009 tarixli ******* saylı «Çıxarışa» əsasən mülkiyyət kimi İddiaçı mülkiyyətindədir. 2003-cü il 2 mart tarixdən İddiaçı Kiçik Müəsisəsinin təsisçisi və direktoru X4r. Bundan sonra Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 2008-ci il 16 oktyabr tarixli, 505 saylı sərəncamı ilə daha 1800 kv.metr torpaq sahəsi İddiaçı Kiçik Müəsisəsinin istifadəsinə verilmişdir. Hazırda İddiaçı Kiçik Müəsisəsinin sərəncamında 0,48 ha torpaq sahəsi vardır. Müəsisə hazırkı vaxta qədər fəaliyyət göstərir. Lakin müəssisənin sərəncamında olan və 30 ildir istifadə olunan dövlət mülkiyyətində sayılan sərbəst torpaq sahələri (3000 kv.metr və 1800 kv.metr) hələ də özəlləşdirilməmişdir. Daha doğrusu cavabdeh təşkilat bunu həyata keçirməkdən imtina edir. Baxmayaraq ki, onlar 2011-ci ildə rəsmi müraciət etmişlər. İddiaçı təsisçi olduğu İddiaçı Kiçik Müəsisəsinin istifadəsində olan 0,3 ha və 1800 kv.metr torpaq sahələrinin həmin müəsissəyə təhkim olunmaqla özəlləşdirilməsi məqsədilə dəfələrlə cavabdehə müraciət etsə də, onun müraciətinə heç bir cavab verilməmişdir. Müəssisə belə müraciətləri 2011-ci ildən başlayaraq 2015-ci ilin son ayına kimi davam etmişdir. Bu tarixdə cavabdeh təşkilata müraciət olunarkən müəssisənin rəhbərliyi mübahisəli torpaq sahələrinin məhz həmin zaman qüvvədə olan normativ aktlar və normalar əsasında, daha doğrusu qüvvədə olan Nazirlər Kabinetinin 1998-ci il tarixli 93 saylı qərarına və müvafiq Əsasnaməyə uyğun özəlləşdirilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçı müəssisəyə heç bir cavab verməmişdir. Bununla da cavabdeh orqan iddiaçının əsaslı müraciətini təmin etməməklə hərəkətsizlik etmişdir. Bu müraciətlərə də cavab gəlmədiyi üçün 2016-cı ilin yanvar ayında müəssisə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində iddiaçı tərəf cavabdeh tərəfə özəlləşdirmənin həyata keçirilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Bu barədə məhkəmə prosesi keçirilmiş, lakin cavabdeh təşkilat məhkəmə prosesinə billə-bilə gəlməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehlər torpaq sahələrinin özəlləşdirilməsinə dair yeni normativ norma gözlədiklərinə görə işi qəsdən uzadırlar. Növbəti məhkəmə prosesi zamanı cavabdeh təşkilatın nümayəndəsi ƏMDK tərəfindən məhkəməyə «özəlləşməyə razı olmaqlarına dair» 2 bildiriş təqdim etmişlər. Həmin bildirişlərdə onlar guya özəlləşdirməyə razı olduqlarını qeyd etmiş, lakin elə bir yeni qiymət göstərmişlər ki, həmin qiymət iddiaçının vəziyyətini qat-qat pisləşdirmiş olur. Cavabdeh təşkilatın proses zamanı məhkəməyə təqdim etdikləri xx xxxx 2017-ci il tarixli **********3 nömrəli bildirişdə heç bir normaya əsaslanmadan və hesablama aparılmadan müəssisə üçün formal və şişirdilmiş qiymətlər müəyyən edilmişdir. Guya yeni qiymətlərə görə İddiaçınə məxsus sahəsi 0,48 ha təşkil edən torpaqlar 216.000 manata özəlləşdirməyə təklif olunurdu. Həmin bildirişdə Nazirlər Kabinetinin yeni qəbul etdiyi xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarına və Əsəsnaməyə istinad olunurdu. Buna görə də həmin zaman məhkəmə belə hesab etmişdir ki, cavabdeh təşkilat artıq özəlləşdirməyə razılıq vermiş sayılır. Buna görə həmin mübahisə üzrə işin icraatına xitam verilmişdir. Bu isə iddiaçının mənafeyinə tam ziddir. Buna görə də iddiaçı bu qiymətlə razı olmadığı və qiymətləndirmənin torpağın əldə edildiyi zamanda qüvvədə olan normativ aktlar əsasında qiymətləndirməsinə dair ayrıca mübahisə qaldırmaq qərarına gəlmişdir. Buna görə də iddiaçı həmin qiymətləndirmə ilə razılaşmayaraq cavabdeh orqana yenidən müraciət etmiş və müsbət cavab almadığına görə ayrıca bir iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin iddianı icraata qəbul edərək işə mahiyəti üzrə baxmışdır. Həmin iş bütün məhkəmə instansiyalarını keçərək Ali Məhkəmənin inzibati kollegiyası tərəfindən ləğv edilərək yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə hər iki müəssisənin cavabdehə qarşı iddiaları ayrı-ayrılıqda verilməlidir. Hazırkı iddia buna görə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarına əsasən Əsasnamə qəbul edilmişdir. Həmin əsasnamə və əsasnaməyə əlavə edilmiş qrafikdən məlum olur ki, Azərbaycan Respublikasında dövlətə məxsus torpaq sahələrinin özəlləşdirilməsi və yaxud icarəyə götürülməsinin həyata keçirmək üçün ərazidən asılı olaraq torpaq sahələri zonalara bölünür. Bu torpaq sahələrinin zonaları, əmsalları və bazis qiymətləri həmin torpaqın hansı qiymətlə özəllşdirilməsinə şərait yaratmalı idi. Məsələn, Bakı şəhərində 12 torpaq zonası var. Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri 12-ci zonaya aid edilir. Bu zonada yerləşən yerləşən həmin torpaqın hər 100 kv.metr bazis qiyməti 400 manat, əmsalı isə 0,1 təşkil edir. Belə halda bazis qiyməti olan 400-u 0,1 əmsala vurulur. Alınan məbləğ 100 kv.metr torpaq sahəsinin özəlləşmə qiyməti hesab olunur. Bu qayda İddiaçınə məxsus torpaq sahələrinin özəlləşməsi üçün əsas normadır. Bu torpaqlar məhz bu qaydalarla özəlləşdirilməlidir. Cavabdeh orqanın Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarına və Əsəsnaməsinə istinad edərək iddiaçıya məxsus 0.48 ha torpağın yeni qaydalarla özəlləşdirməsi tələbi onların vəziyyətini pisləşdirir. Onların vəziyyətini pisləşdirən əsas norma odur ki, 377 saylı qərarda belə bir yeni dəyişiklik var: 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qərara edilmiş həmin bu 6-1 bəndindəki şərtlər onların vəziyyətini ağırlaşdırır. Qərarın ilkin variantında bu tip torpaq sahələrini özəlləşdirilməsi başqa qaydada həyata keçirilirdi. Təqribən aşağıdakı kimi: Məsələn cavabdeh iddiaçıya həmin torpaq sahələrini özəlləşdirmək istəməsi ilə əlaqədar rəsmi müraciət edən zaman, yəni 2011 və 2015-ci illərdə torpaq sahələrinin özəlləşdirilməsi norması və qiymətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarı və həmin qərarda olan norma və tariflər qüvvədə idi. İddiaçının tələbi həmin torpaq sahələrinin məhz həmin normalar daxilində özəlləşməsi idi. Lakin iddiaçının tələbi həmin zaman vaxtında təmin edilməmiş və hüququ pozulmuşdur. Yalnız xx xxxxxxx 2016-cı il tarixindən sonra vəziyyəti pisləşdirən norma qəbul ediləndən sonra iddiaçıya məxsus torpaq sahələrini konkret qiymət göstərməklə özəlləşdirməyə «müsbət» cavab verildi. Qanunun normalarına görə hər bir normativ aktın zamana görə qüvvəsi var. İddiaçı torpaq bazarına hələ 1992-ci ildə daxil olmuşdur. O vaxtdan da torpaqları özəlləşdirmək barəsində müraciətlər etmişdir. Lakin qəsdən cavabdeh orqan qiymətlərin sonradan qalxmasını gözləmiş, bu barədə Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarını çıxaran kimi onu tətbiq etmişdir. Halbuki bu son norma iddiaçıya aid edilə bilməz. Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarı və yeni özəlləşmə tarifləri İddiaçı vəziyyətini 10 qat dərəcədə pisləşdirir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçı verdiyi apellyasiya şikayətində İnzibati Prosessual Məcəllənin 62.2-ci, 62.3cü, 64.1-ci maddələrinə istinad edərək, göstərmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosaessual hüququ normalarını pozaraq qərar qəbul etmişdir. Ona görə də birinci instansiya məhkməsinin qərarının ləvv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi məhkəmə bildirişində şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunduğundan ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1835 saylı sərəncamdan görünür ki, Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 5/307 saylı məktubunu nəzərə alaraq Qaradağ rayonunun Sahil qəsəbəsinin şimalşərq hissəsində “Azərqaznəqliyyat” İstehsalat Birliyinin 1 saylı MSD-nin sahəsinin yanında İddiaçınə torpaq sahəsi ayrılması qərara alınmışdır. X1 görünür ki, ayrılan torpaq sahəsinin sahəsi 0,3 ha təşkil edir. İşdə olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 505 saylı, xx xxxxxxx 2008-ci il tarixli sərəncamından görünür ki, İddiaçı rəhbərliyi Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci il tarixli 1835 saylı sərəncamına və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx xxxx 1993- cü il tarixli texniki pasporta əsasən Sahil qəsəbəsi Salyan şossesində müəssisəyə məxsus ərazinin içərisində uzun müddətdən bəri istifadələrində olan əlavə 1800 kv.metr torpaq sahəsinin onlara təhkim edilməsini xahiş etmişdir. Qeyd edilənləri və İddiaçı öz vəsaitləri hesabına abadlaşdırılaraq istifadələrində olan əlavə 1800 kv.metr torpaq sahəsinin başqa yerə çıxışı olmadığını nəzərə alaraq, uzun illərdən bəri İddiaçı tərəfindən abadlaşdırılaraq istifadələrində olan 1800 kv.metr torpaq sahəsi əsaslı tikinti işləri aparılmamaq şərti ilə onların istifadəsinə verilməsi qərar alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesində istifadədə olan 0.12469 ha torpaq sahəsində yerləşən 387,2 kv.metr ümumi, 86,9 kv.metr əsas, 300,3 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı X6 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 1954 nömrəli vərəqində **********12-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli, **********92 saylı məktubdan görünür ki, iddiaçının istifadəsində olan torpaq sahələrinin özəlləşdirilməsi barədə xx xxxxxxx 2017-ci il tarixli müraciətinə baxılmış və bununla əlaqədar olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 377 nömrəli Qərarına əsasən torpaq sahəsinin normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq ona ünvanlanmış bildiriş məktublarında torpaq sahəsinin dəyəri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq hesablanmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2017-ci il tarixli, **********03 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci ii tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq X7 Komitəsi özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılır.Bununla əlaqədar bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 24-cü km 10 ünvanında tərəfindən özəlləşdirilmiş qeyriyaşayış binasının yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 216.000 manat təşkil edən 4800.0 kv.metr torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün müəssisəyə təklif olunur. Torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirdiyi halda onun satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəkdir. Bildiriş təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq sahəsinin satın alınmasından və ya icarəyə götürülməsindən imtina edildikdə, habelə bu təkliflərə göstərilən müddətdə münasibət bildirilmədikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılacaqdır. İşin hallarından görünür ki, iddiaçı qanuni istifadəsində olan 0,48 ha torpaq sahəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarına uyğun norma və tarifləri əsasında torpaq sahəsinin hər 100 kv.metr sahəsini 400 bazis qiymətininin 1.0 əmsalına vurulmaqla əldə edilən məbləğin özəlləşmə qiyməti kimi müəyyən edilməklə özəlləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının aşağıda göstərilənlərə əsasən öz tələbində haqlı hesab etməmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0-cı maddəsinə əsasən bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır; 1.0.3. özəlləşdirmənin obyekti özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir; 1.0.4. (müəssisənin, obyektin) start qiyməti - qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir. Həmin Qanunun 8.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun 24-cü bəndinə əsasən özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Özəlləşdirmə prosesində qiymətləndirmənin beynəlxalq praktikada qəbul olunmuş üsullarından da istifadə edilə bilər. Həmin Qanunun 29.1-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan RespublikasıPrezidentinin xx xxxxxx 1997-ci iltarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir. Əsasnamənin 4-cü bəndinə əsasən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. Həmin Əsasnamənin 10-cu bəndinə əsasən özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının X7 Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Həmin Əsasnamənin 13-cü bəndinə əsasən X7 Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Eyni zamanda İqtisadi İnkişaf Nazirliyi imzalanmış müqavilənin surətini yerli icra hakimiyyəti orqanına göndərir. Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 377 nömrəli Qərarına əsasən aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin: “6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”. Lakin iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 377 nömrəli Qərarının onun hüquqi vəziyyətini pisləşdirən normativ hüquqi akt olduğu, həmçinin onun torpaq sahəsinə hüququnun daha əvvəl yarandığına istinad edərək, qeyd olunan qərarın ona münasibətdə tətbiq edilməli olmadığı əsası ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi, həmin aktın qəbul edilməsindən qabaq yaranmış hüquq münasibətinə tətbiq edilməsidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının istifadəsində olan ümumilikdə 0,48 ha torpaq sahəsinin 0,3 ha hissəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1835 saylı sərəncamına əsasən, 0,18 ha hissəsi isə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 505 saylı, xx xxxxxxx 2008-ci il tarixli sərəncamına əsasən İddiaçı istifadəsinə verilmişdir. Torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun daha əvvəl yarandığı müəyyən edilsə də, lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2011-ci il tarixdə torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilməmiş, müvafiq sənədlər təqdim edildikdən sonra müraciətinə baxıla biləcəyi göstərilmişdir. Bundan sonra tərəflər arasında torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin mübahisəyə mahiyyəti üzrə baxılmasına dair məhkəmə qərarı mövcud deyildir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə yenidən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciət olunmuş, cavabdeh tərəfindən özəlləşdirilmənin aparılmasından imtina edilməmiş, hazırki qanunvericiliyin tələbləri nəzərinə çatdırılmaqla, iddiaçıya torpaq sahəsinin satın alınmasının təklif edilməsi barədə xx xxxx 2017-ci il tarixdə bildiriş göndərilmiş və dəyəri 216.000 manat təşkil edən 4800.0 kv.metr torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün müəssisəyə təklif olunmuşdur. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə əsas və səbəb cavabdeh tərəfindən ona xx xxxx 2017-ci il tarixdə ünvanlanmış **********03 saylı bildirişdə torpaq sahəsinin satın alınmasına dair təklif edilmiş məbləğlə bağlı yaranmış narazılıq əsas olmuşdur. Bununla da tərəflər arasında hazırki mübahisə üzrə özəlləşdirilmənin aparılması ilə bağlı deyil, torpaq sahəsinin satış qiyməti ilə bağlı mübahisə mövcud olması müəyyən edilir. Yuxarıda qeyd edilən sərəncamlardan göründüyü kimi iddiaçının torpaq sahəsinin bir hissəsinə dair 1992-ci il tarixdə, bir hissəsinə dair isə 2008-ci il tarixdə istifadə hüququ yaransa da, lakin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sonuncu müraciət 2017-ci il tarixdə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin özəlləşdirilməsindən imtina edilməmişdir. xx.xx.2016-cı il tarixdən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və torpaq sahəsinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiymətinin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşkül tapan bazar dəyərindən aşağı olduqda həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir. Hazırki mübahisəyə münasibətdə isə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən qanunun geriyə qüvvəsi şamil edilə bilməz. Belə ki, hüquq münasibəti həmin aktın qəbul edilməsindən qabaq yarandığı halda normativ hüquqi akt qüvvəsi geriyə şamil edilə bilər. İddiaçı torpaq sahəsinə dair istifadə hüququnun onun vəziyyətini ağırlaşdıran normativ hüquqi akt qəbul edildikdən əvvəl yarandığına istinad edərək, qanunun geriyə qüvvəsinin ona şamil edilməsini tələb edir. İddiaçı qanunvericiliyə dəyişiklik edilməzdən əvvəl torpaq sahəsinə dair qanuni istifadə hüququ əldə etmişdir. Lakin torpaq sahəsinə dair istifadə hüququnun əldə edilməsi özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ verir və bu hüquqdan istifadə edilməsi iddiaçının səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsinin özəlləşdirilməsi aparılan zaman isə torpaq sahəsinə istifadə hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin normaları deyil, daşınmaz əmlakın satın alınması ilə bağlı təkliflər irəli sürülərkən, yəni iddiaçıya bildiriş göndərilərkən cavabdeh tərəfindən qüvvədə olan qanunvericilik normalarını istinad edilməsi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi həmin mövqeyi düzgün hesab etmişdir. Belə ki, “Z.S.Quliyev və G.Q.Cəbrayılovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə X10 Məhkəmə Kollegiyasının 2003cü il 20 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir: “Hüquqi müəyyənlik ən vacib hesab olunan ümumi hüquq prinsiplərindən biridir. Məzmun etibarilə şəxslərin hüquqi vəziyyətinin ağırlaşdırılmasına yönələn qanunvericilik aktlarının qüvvəsinin geriyə şamil olunmamasını nəzərdə tutan bu prinsip Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində də öz əksini tapmışdır. Həmin normaya əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhz Konstitusiyanın bu müddəasına əsaslanaraq, qanunverici MM-də müəyyənləşdirmişdir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz (MM-in 7-ci maddəsi). Bu qayda, həmçinin MM ilə tənzimlənən iddia müddətlərinin tətbiqi ilə bağlı münasibətlərə də şamil edilir...«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2001 -ci il 27 dekabr tarixli qərarında göstərilmişdir ki, qanunverici eyni məzmunlu mülki hüquq münasibətlərini tənzimləyən yeni normativ hüquqi akt qəbul etdikdə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək, düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4941/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar