Məhkəmə qərarları › İş №2-1(103)-668/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-668/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-668/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11141/2023 nömrəli 23 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla ona münasibətdə pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və bununla bağlı qəbul etdiyi qərarın ləğv edilməsi və ona ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-cü il təvəllüdlü olmaqla 1978-1990-cı illərdə Azərbaycan ETMEK və KPİ-də mütəxəssis, ekspert, baş ekspert, kiçik elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmış, 1990-1993-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuş, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsində Plenum katibliyinin müdiri, 2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində hakim, 2007-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışmış və xx.xx.2020-ci ildə pensiyaya çıxmışdır. 2018-ci il mayın 1-dən pensiyaya çıxdığı tarixədək onun vəzifə maaşı 1782 manat (2475 x 90% x 80% = 1782) məbləğində müəyyənləşdirilmiş, bu vəzifə maaşı və onun əsasında müvafiq əlavələr, müavinət, aylıq pul təminatı hesablanaraq aylıq əmək haqqı məbləği 4560,92 manat təşkil etmişdir və ona xx.xx.2020-ci il tarixindən 4061 manat məbləğində pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamına əsasən pensiya məbləğinə 10% aylıq maddi yardım əlavə olunaraq, 2022-ci il yanvarın 1-dən pensiyası 4465 manat məbləğində müəyyən edilmiş və o, həmin pensiya məbləğini 2022-ci ilin sentyabr ayınadək almışdır. «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikasının Qanununda və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 iyun 2022-ci il tarixli Qanunlara əsasən 01 iyul 2022-ci il tarixdən apellyasiya məhkəmələri hakimlərinin vəzifə maaşları artaraq 2556 manat məbləğində müəyyənləşmiş, bu isə vəzifə maaşlarının 43%-dən çox artması deməkdir (2556 : 1782 = 1,4343). Qanunvericiliyin «Əmək haqqındakı sonrakı artımların da nəzərə alınması» normasına əsasən, ona təyin olunan 4.061 manat pensiya məbləği 43% artmaqla 5.807,2 manat məbləğində müəyyən olunmalı və Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında pensiya məbləğinə 10% aylıq maddi yardım nəzərə alınaraq pensiyası 6.387 manat məbləğini təşkil etməli idi. Lakin əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyənləşən pensiyanı 01 iyul 2022-ci il tarixdən almalı olduğu halda, ona iyul, avqust, sentyabr aylarında 4.465 manat məbləğində pensiya verilmiş, xx.xx.2022-ci il tarixində isə pensiya kartına 5.511,86 manat pul köçürülmüşdür ki, bu məbləğin nəyi ifadə etdiyi ona aydın deyil. Belə ki, bu məbləğ həm 01 iyul 2022-ci il tarixdən almalı olduğu pensiya məbləğindən aşağıdır, həm də iyul, avqust, sentyabr ayları üzrə pensiya artımı hissəsinin ona verilmədiyini göstərir və bunun səbəbləri barədə ona hər hansı məlumat verilməmişdir. O, bununla əlaqədar 03 noyabr 2022-ci il tarixli məktubla Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, bu məsələlərə aydınlıq gətirilməsini xahiş etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 24 noyabr 2022-ci il tarixli məktubu ilə ona bildirmişlər ki, müraciəti ilə əlaqədar müvafiq sorğu verilmişdir və sorğuya cavab verildikdən sonra onun göstərdiyi məsələyə baxılacaqdır. Lakin müraciətindən sonra 3 ay müddət keçməsinə baxmayaraq ona cavab verilməmiş və eyni zamanda mütəmadi olaraq hər ay pensiya kartına azaldılmış hesab etdiyi 5.541,86 manat pul vəsaiti köçürülmüşdür. Bu isə onu göstərir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmaqla ona münasibətdə qanunsuz qərar qəbul etmiş və qəbul etdiyi həmin qanunsuz qararla pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı qanunsuz hərəkətlərə yol vermişdir. Məlum olduğu kimi, veriməli olan pensiya məbləğində hər hansısa dəyişiklik (pensiyanın azaldılması, pensiya məbləğindən tutulmalar və s.) edilməsi qaydaları «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi ilə müəyyən edilmişdir və həmin normaya əsasən «artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur». Qanunun sözügedən tələbinə baxmayaraq, ona pensiya məbləğinin azaldılması və pensiya məbləğindən tutulmalar barədə hər hansı məlumatlar verilməmiş, bu barədə onun razılığı olmamış, bu məsələ ilə bağlı hər hansı bir məhkəmə qərarı yoxdur. Ona görə də, hesab edir ki, onun xəbəri olmadan və bu məsələ ilə bağlı hər hansı bir məhkəmə qərarı olmadan pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı cavabdeh inzibati orqanın qərarı və etdiyi hərəkətlər qanuna ziddir. Yaranmış mübahisənin qanunamüvafıq həll olunması üçün isə hesab edir ki, bunun üçün tərəflər ilkin vəziyyətə gətirilməli, yəni ona ilkin təyin olunmuş pensiya məbləği bərpa olunmalı, bundan sonra ona müraciət olunmalı, razılığı olarsa artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutulmalı, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulması üçün müvafiq iddia qaldırılmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-11141/2023 nömrəli 23 avqust 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərar ləğv edilmiş, iddiaçının əvvəlki pensiya məbləği bərpa edilməklə ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 20 iyul 2020-ci il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi tarixdən nəzərə alınmaqla pensiya işinin araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, iddiaçının 20 iyul 2020-ci il tarixində vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1781,00 manat, hakimlik stajına görə əlavəsi 801,45 manat, digər növ əlavəsi 1810,69 manat olmaqla orta aylıq əmək haqqı 4393,14 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 11 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (4393,13 manat) 80 faizi - 3514,51 manat məbləğində hesablanmalı olduğu halda, 4059,41 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də ona həmin dövr üzrə ümumilikdə 12743,62 manat artıq pul vəsaiti ödənilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə əlavəsi 1150,20 manat, digər növ əlavəsi 2598,60 manat olmaqla orta aylıq əmək haqqı 6304,80 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 11 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (6304,80 manat) 80 faizi - 5043,84 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin iyul, avqust və sentyabr aylarında ona hər ay 4059,41 manat pul vəsaiti ödənilib. Bu səbəbdən də həmin aylar üzrə iddiaçıya ödənilməli olan 2953,29 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 5548,22 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 6363,81 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 815,58 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 8974,75 (12743,62-2953,29-815,58) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əlavə olaraq, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində maddi yardım üzrə ona 31,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 31,61 manat vəsait 2022-ci ilin oktyabr ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui- istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib- ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir.Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 29 noyabr 2022-ci il tarixli **********5 nömrəli məktuba əsasən iddiaçıya bildirilmişdir ki, müraciəti ilə əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilib. Sorğuya cavab verildikdən sonra müraciətdə göstərdiyi məsələyə baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya aid pensiya işində olan sənədlərin təsdiq edilmiş surətlərinə əsasən: - İddiaçıya Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi tərəfindən 01 aprel 2010-cu il tarixli qərarı ilə İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdən ərizəsinə əsasən hakim kimi pensiyaya çıxması nəzərə alınaraq aldığı pensiyasının müvafiq pensiya növü ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərarla xx.xx.2020-ci ildən iddiaçıya sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq onun pensiyası 5043.84 manat müəyyən edilmiş, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə əvəzləşdirmə aparılması nəticəsində 8974.75 manat məbləğində artıq pul vəsaiti ödənilməsi müəyyən edilmişdir. Həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində maddi yardım üzrə ona 31.61 manat artıq pul vəsaitinin də ödənilməsi müəyyən edildiyi üçün əmək pensiyasından hər ay 31.61 manat məbləğində tutulma aparılmışdır. Artıq ödənilmiş pensiya məbləğinin tutulması və əvəzləşdirilmənin aparılmasına dair iddiaçının razılığının olması barədə pensiya işində hər hansı bir sübut aşkar edilməmişdir. Bundan əlavə, iddiaçının inzibati icraat zamanı maraqlı şəxs qismində iştirakı təmin edilməmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciəti ilə əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilməsi və sorğuya cavab verildikdən sonra müraciətində göstərilən məsələyə baxılacağı bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçıya xx.xx.2020-ci ildən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edildiyi tarixdən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq onun pensiyası 5043.84 manat müəyyən edilmiş, müəyyən əvəzləşdirmə aparılmaqla artıq pul vəsaitinin ödənilməsi müəyyən edilmişdir. Lakin əmək pensiyasının yenidən hesablanması, artıq ödənilmiş pensiya məbləğinin tutulması və əvəzləşdirilmənin aparılmasına dair iddiaçının razılığı alınmamışdır. Göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün qanunvericilikdə iki mühüm şərt müəyyən edilmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir. 2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, lakin buna baxmayaraq, iddiaçıya ödənilməli olan pul vəsaiti artıq ödənilmiş məbləğlə əvəzləşdirmişdir. İddiaçıya ödənilməli olan fərq məbləğinin ona ödənilməyərək artıq hesablandığı hesab edilən məbləğlə əvəzləşdirilməklə büdcəyə bərpa edilməsi dolayısı ilə artıq hesablanan məbləğin bir hissəsinin tutulması ilə bağlı qanunvericiliyin şərtlərinə əməl edilmədən icra edilməsinə yönəlmiş hərəkətdir. Hazırkı halda əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh tərəfindən də bu barədə heç bir dəlil təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11141/2023 nömrəli 23 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar