Məhkəmə qərarları › İş №2-1(103)-669/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-669/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-669/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (07.02.1997-ci il tarixdə Sabirabad ray., Şıxsalahlı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı müsahibənin keçirilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4663/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 22.05.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yenidən müsahibə keçirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci il 7 fevral tarixində Sabirabad rayonunun Şıxsalahlı kəndində anadan olmuşdur. 2014-cü ildə Şıxsalahlı kənd orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra Gürcüstan Respublikasında yerləşən X8 İnstitutu MMC-yə daxil olmuşdur. Ali məktəbi 2019-cu ilin mart ayında bitirərək X8 İnstitutu MMC-nin AUS № 000242 saylı Bakalavr diplomunu almışdır. Mövcud qanunvericiliyə uyğun olaraq xaricdə təhsil alan vətəndaşlara verilən diplomlar Azərbaycan Respublikası Təhsil Nazirliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyində müsahibə keçirilərək tanınmalıdır. Bu məqsədlə İddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edərək, 24.10.2019-cu il tarixdə saat 11:00-da müsahibədə iştirak etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkrediyasiya və Nostrifikasiya İdarəsi tərəfindən mənfi rəy alaraq X8 İnstitutu MMC tərəfindən ona verilən AUS № 000242 saylı Bakalavr diplomu tanınmamışdır. Gürcüstan Respublikasında gürcü dilində təhsil almışdır. Gürcü dilini yaxşı bilmədiyi üçün Gürcüstanda yaşayan milliyyətcə azərbaycanlı olan müəllimlərin köməkliyi ilə gürcü dilindən azərbaycan dilinə tərcümə etməklə təhsilini başa vurmuşdur. Müsahibə zamanı o, Qusar rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. Təhsil Nazirliyinin rəsmi müraciəti əsasında hərbi xidmətdən müsahibə keçmək üçün onu qanuni olaraq Bakı şəhərinə müsahibəyə göndərmişlər. Müsahibə zamanı həyacanlı olmuş, gürcü dilində ona verilən suallara gürcü dilində cavab verməkdə çətinlik çəkmişdir. Nəticədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 06.03.2020-ci il tarixli 71-103/03-TKTA saylı rəsmi məktubu ilə müsahibədən keçə bilmədiyi barədə ona məlumat vermişlər. 21.08.2020-ci il tarixdə cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4663/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı 15.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-3154/2020 nömrəli qərarın ləğv edilməsini,iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. 22.02.2020-ci il tarixdə X4 məhkəməyə teleqram ünvanlamış, oğlu İddiaçı, məhkəmə prosessində səhhəti ilə bağlı , yüksək temperaturu olduğu üçün üzrlü səbəbdən iştirak edə bilməyəciyini, məhkəmənin başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, teleqramda iddiaçının səhhəti ilə bağlı problemi olduğu bu səbəbdən məhkəmə iclasının təxirə salınması xahiş edilsə də, iddiaçının səhhətində olan problemlə bağlı hər hansı sənədsübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarında olan: - X8 İnstitutu MMC tərəfindən verilmiş AUS № 000242 saylı, 25.03.2019-cu il tarixli, 000242 saylı bakalavr diplomunun surətindən görünür ki, Biznes, hüquq və sosial elmlər fakültəsi şurasının 28 fevral 2019-cu il tarixli 3 saylı qərarına əsasən İddiaçı Beynəlxalq münasibətlər üzrə Sosial elmlər bakalavr akademik dərəcəsi verilmişdir. Diplom Gürcüstan Ədliyyə Nazirliyinin LEPL Dövlət Xidməti İnkişaf Agentliyi tərəfindən 04.09.2019-cu il tarixdə **********18244 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. - X8 İnstitutu MMC tərəfindən verilmiş AUS № 000242-242 saylı bakalavr diplomuna əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı İnstitutda Beynəlxalq Münasibətlər sahəsində Sosial Elmlər üzrə bakalavr dərəcəsi üzrə 8 semestr əyani təhsil almışdır. Oxuduğu müddət ərzində qənaətbəxş və kafi qiymətlər almışdır. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17.12.2019-cu il tarixli elektron cavab məktubundan görünür ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Gürcüstan “Yeni Ali Təhsil İnstitutu LTD”nin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Eyni zamanda nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7ci bəndinə əsasən, A78D582ACD84628 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə iddiaçının iddia tələbi yenidən müsahibə keçirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi olmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtinaedici məktubdan göründüyü kimi, iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olması və nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbindən aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Göründüyü kimi iddiaçının yenidən müsahibə keçirilməsi tələbi - cavabdeh inzibati orqanın müvafiq imtinaedici məktubu ilə birbaşa bağlı olmuş və iddiaçının çatmaq istədiyi məqsədi isə aldığı ixtisas üzrə diplomun ölkə ərazisində tanınmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının aldığı ixtisas üzrə diplomun ölkə ərazisində tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi təklif edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə cavabdeh orqana etdiyi müraciət ərizəsi də iş materiallarında mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddia tələbinin mümkünlük şərtləri yoxlanılmalı, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi təklif edilməli, həmçinin, iddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət ərizəsi tələb edilməlidir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-4663/2020 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4663/2020 nömrəli qərarı ləğv edilsin. İnzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar