Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-669/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1954-cü il tarixində Bərdə rayonunun Mustafaağalı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)- 8740/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 31.05.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1971-ci il tarixdən 1998-ci il tarixə kimi Bərdə rayon Qaratəpə adına kolxozda AİM-də işləməyi faktının təsdiq edilib, əmək stajının iş stajına daxil edilməsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1954-cü il tarixdə Bərdə rayon Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayon Mustafaağalı kəndində yaşayır. Belə ki o, 1971-ci il tarixdən 1998-ci il tarixə qədər Bərdə rayon sabiq Boyəhmədli, Qaratəpə kolxozunda müxtəlif sahələrdə işləmişdir. 1971-ci ildən 1972-ci ilə qədər Briqada №-8 Boyəhmədli kolxozunda, 1986-cı ildən 1992-ci ilə qədər İnzibati Qaratəpə kolxozunda, 1992-ci il tarixdən 1993-cü il tarixədək Briqada №-12 Boyəhmədli kolxozunda, 1994-cü ildən 1998-ci ilə qədər inzibatidə işləmişdir. Hal-hazırda o, heç bir yerdə işləmir. O, işlədiyi dövrlərdə əmək stajının iş stajına əlavə olunaraq ona əmək pensiyasının verilməsi ilə əlaqədar hazırkı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin 13 aprel 2021-ci il tarixli №-**********2 saylı məktub ilə qeyd olunan əsaslara görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməsindən imtina etmişlər. Onun Qaratəpə adına olan kolxozda 1971-ci il tarixdən 1998-ci il tarixə qədər işləməsi faktını təsdiq edib, əmək stajını iş stajına əlavə etməkdən imtina etmişlər. Halbuki o, 1971-ci ildən 1998-ci il tarixə qədər Qaratəpə adına kolxozda işləmişdir. Həmçinin Bərdə “ASAN XİDMƏT” Mərkəzi tərəfindən verilmiş 37 saylı 11.02.2021-ci il tarixli Arxiv Arayışında onun 1971-1998-ci illərdə Qaratəpə adına AİM-də kolxozda işləməsi öz təsdiqini tapsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində) DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı bunu nəzərə almamışdır. Bunun üçün də Qaratəpə adına kolxozda işləməsinə dair əmək stajının iş stajına müəyyən edilməsini istəyir. Onun 27 illik iş stajı var. Odur ki, onun Bərdə rayon Qaratəpə adına olan kolxozda 1971-ci il tarixdən 1998-ci il tarixə qədər işləməsi faktını təsdiq edib, əmək stajını iş stajına əlavə edilməsinə görə məhkəmə qərarına ehtiyacı var. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1293/2021 saylı, 14.06.2021-ci il tarixli qərardadı ilə (hakim U.Osmanov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən 06.10.2021-ci il tarixində Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-8740/2021 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan iddiaçı 29.11.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-8740/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq Bakı İnzibati Məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxıldığı qeyd edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayətində “iddia tələbinin ona münasibətdə rədd edilməsini” qeyd edilməsini texniki xəta kimi qəbul edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan: - İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş (15.02.2021-ci il tarixində Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir, reyestrdə 1S-8315 № ilə qeyd edilmişdir) surətinə əsasən əmək kitabçası 14.06.1982-ci il tarixində doldurulmuşdur, ilk qeyd 08.11.1979-cu il tarixində doldurulmuşdur, 19.02.1993cü il tarixində işsizlik statusu veilmişdir, 19.08.1993-cü il tarixində işsizlik statusu ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbini “iddiaçının 1971-ci il tarixdən 1998-ci il tarixə kimi Bərdə rayon Qaratəpə adına kolxozda AİM-də işləməyi faktının təsdiq edilib, əmək stajının iş stajına daxil edilməsinin cavabdehin üzərinə həvalə edilməsi” təşkil edir. Göründüyü kimi iddiaçının tələbi iki hissədən 1) iddiaçının 1971-ci il tarixdən 1998-ci il tarixə kimi Bərdə rayon Qaratəpə adına kolxozda AİM-də işləməyi faktının təsdiq edilməsi və 2) həmin dövr üzrə əmək stajının iş stajına daxil edilməsinin cavabdehin üzərinə həvalə edilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbinin ikinci hissəsi (əmək stajının iş stajına daxil edilməsi), birinci hissəsindən (işləməsi faktının təsdiqi) birbaşa asılıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə kollegiyası hesab edir ki, “hüquqi faktın təsdiq edilməsi” tələbi Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmadığından və mülki məhkəmə icraatı qaydasında baxılması qanunvericiliklə birbaşa olaraq təsbit olunduğundan hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüququ yardım göstərilsə də, iddiaçı tərəfindən hüquqi yardımla bağlı hər hansı yazılı münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 06.10.2021-ci il tarixli və 03.11.2021-ci il tarixli teleqramlardan görünür ki, iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı işin birinci instansiya icraatı zamanı təyin edilmiş məhkəmə iclasları barədə məlumatlı olduğundan və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən apellyasiya şikayətinin bu dəlili əsassızdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-8740/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-669/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-669/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver