Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-669/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X8 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X10 və üçüncü şəxs X1 iştirakları ilə İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “mənzildən qeydiyyatdan çıxarılması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8809/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 ünvan 1 ünvanından qeydiyyata alınmasının ləvğ edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 dövlət mənzil fonduna məxsus olmaqla, Suraxanı rayon MKTB-nin balansındadır. Suraxanı rayon Pİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan və bundan sonra qüvvəyə minmiş Mənzil Məcəllərin tələbinə əməl etməyərək 34-35 ildən sonra əsassız olaraq X2 dövlətə məxsus mənzilə qeydiyyata almışdır.Cavabdeh X4 06 oktyabr 2018-ci ildə həmin mənzilə qeydiyyata düşüb. Dövlət Mənzil fondu mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olmaqla müvafiq icra orqanı tərəfindən qorunur. Cavabdehin hansısa yolla və necə həmin mənzilə qeydiyyata alınması, həmin mənzilə köçürülmə hüququ alması qeyri-qanuni və əsassızdır. B.Babayevanın Suraxanı rayonu Qaraçuxur qəs. 4048-49-ci məhəllə ev 10 m.3 guya istifadə hüququ Orjenikidze (indiki Suraxanı rayon) Məhkəməsinin 19 dekabr 1988-ci il tarixli qətnaməsi ilə tanınmışdır. Əgər belədirsə, hanı onun sərəncamı, orderi, və yaxud sosial kirayə müqaviləsi bağlamaq haqqında rəsmi sənədi? Mənzil həmişə dövlətin balansında olub, bu gündə dövlətin balansındadır və toxunulmazdır. 3-cü şəxs lə digər X9, X5 arasında qeyri-qanuni mübahisələr, məhkəmə çəkişmələri olmuşdur və bu günədək davam edir. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə üçüncü şəxs yaşayış yeri üzrə qeydiyyata alınma və yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilir. Cavabdeh iddiaçının müvafiq müraciətinə xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlayaraq, vətəndaşların qeydiyyatdan çıxarılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndini tələbinə zidd olduğundan iddiaçının müraciətinin müsbət həlli mümkün olmadığını bildirərək aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8809/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Cavabdeh balanssaxlayıcı qurumun müvafiq razılığı və ya hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan üçüncü şəxsi dövlət mənzil fonduna məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədəki 10 saylı evin 3 saylı mənzilinə qeydiyyata almış, bununla da yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9-cu və 10-cu maddələrinin tələblərini pozulmağına baxmayaraq məhkəmə buna hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Məhkəmə, prosessual hüquq normalarına və digər normativ hüquqi aktlara əsasən qərar qəbul etmədiyindən qərardad ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunması, həmçinin, bu Əsasnamənin 3.9.8-ci bəndinə əsasən müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti yerli İcra Hakimiyyətləri həyata keçirir. Həmçinin, məhkəmədə inzibati işə baxan hakim (Günel Sevdimalıyeva) məhkəmə araşdırması aparmadan, subutlar və dəlillər tələb etmədən, xx.xx.2022-ci il tarixə təyin etdiyi şifahi məhkəmə baxışını keçirmədən və tərəflərin mövqeyini nəzərə almadan xx.xx.2022-ci il tarixdə iddianın mümkünsüz sayılmasına dair qərardad çıxarmışdır. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 2.2-ci bəndinə əsasən İşin araşdırılması prinsipi bu hallara da şamil olunur, bu qərarın 3.5-ci bəndində Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər...» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında işçtirak edən üçüncü şəxs B.Babayeva iddiaçı ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla müəyyən edilən cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Çünki, iş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxs B.Babayevanın ünvan 1 ünvanına qeydiyyatı, cavabdeh tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən həyata keçirilmişdir. Birincisi, Ordjonikidze (indiki Suraxanı) Xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli 2- 79/1988 saylı qətnaməsi ilə Ordjonikidze rayonu 63 saylı MİK-nın X3 qarşı Serebrovski qəsəbəsi 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunan hallara görə “cavabdeh X4 mübahisələndirilən mənzildə muzdlu tutan tərəfindən yerləşdirilmişdir və onlar birlikdə 1987-ci ilin yanvar ayından avqust ayına kimi, yəni muzdlu tutanın vəfat etməsinə kimi yaşamışdır. Həyatda olduğu dövrdə birgə təsərrüfat aparmışlar və onların münasibəti ailə xarakteri daşıyıb. Mənzil 16.59 kv.m sahəli, bütün kommunal şəraiti olan bir otaqdan ibarətdir ki, cavabdeh ondan istifadə hüququna malikdir. Məhkəmə hesab etmişdir ki, B.Ə.Babayeva Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq mübahisələndirilən mənzilin yaşayış sahəsinə hüquq qazanmışdır və buna görə də iddia rədd edilməlidir.” (i.v.48-49) . Göründüyü kimi, iddiaçının hüquq sələfi Ordjonikidze rayonu XDS İK-nin tabeçiliyində olan, Ordjonikidze rayonu 63 saylı MİK-ın məhkəmədə qaldırdığı X1 mübahisəli mənzildən çıxarılması barədə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Bundan əlavə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X6 cavabdeh X3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia tələbi təmin olunaraq cavabdeh X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmiş, həmin qətnamədən cavabdeh B.Babayeva bu qətnamədən apellyasiya şikayəti versə də, müddət ötürüldüyündən geri qaytarılmış, bu qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə, sonuncu qərardad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qəraradadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin işdən aydın olur ki, daha sonra, X1 cavabdeh X7 qarşı onun mübahisəli «mənzilə köçürülməsi» barədə iddia tələbi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən, 10 nömrəli evin mübahisəli 3 nömrəli mənzilinə köçürülməsi qət edilmiş və həmin qətnamə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, qətnaməsi, bu qətnamə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarının 186-cı vərəqində olan “Forma B» kartından görünür ki, üçüncü şəxs B.Babayevanın mübahisəli mənzilə köçürülməsi barədə Suraxanı rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi qərarı qanuni qüvvəsini aldıqdan sonra o, cavabdeh tərəfindən 06.10.218-ci il tarixdə mənzilə qeydiyyata alınmışdır. MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göründüyü kimi, iddiaçının məhkəmənin qanuni qüvvəsini almış qərarının icrası qaydasında qeydiyyata alınmışdır. Beləliklə də qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilən hallar, iddiaçının bir daha cavabdehə qarşı hazırkı iddianı qaldırmasının mümkünlüyünü istisna edir. Bundan əlavə, tərəflərin subyektiv tərkibindən görundüyü kimi, hazırkı mübahisənin mübahisəsinin tərəfləri: iddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi dövlət qürumlarıdır, inzibati orqanlardır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 №-li qərarı ilə təsdiq olunmuş «İnzibati orqanların Təsnifatının: İİİ hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları, İİ hissəsinin 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri - inzibati orqanlar sırasına aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 4.3-cü maddəsindən isə görünür ki, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göründüyü kimi, iki inzibati orqan arasındakı hazırkı mübahisəyə baxılmasının qanunla, başqa icraat qaydası müəyyən edilmişdir ki, belə olan halda da, bu iddianın İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddialara (o cümlədən, 2.2.3-ci maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddialara) aid edilməsi və inzibati məhkəmə icraatının mümkün sayılması istisna edilir. Beləliklə də qeyd ediləndəri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadında iddianın mümkün sayılmaması işin hallarına və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutların araşdırılmadığını, onlara düzgün qiymət verilmədiyini və maddi və prosessual hüquq normalarının pzulması ilə qanunsuz və əsassız qərardad qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8809/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8809/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-669/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-669/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver