Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-67/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1995-ci il tarixində Şəki rayonunda anadan olmuş, Şəki rayonu, Şəki şəhəri ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- Şəki rayonu, D.Bünyadzadə küçəsi, ev 15) cavabdehTəhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020- ci il tarixli, 2-1(112)-2220/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən “V.N.Karazin adına Xarkov Milli Universiteti”-nin hüquq ixtisası üzrə əyani şöbəsini bitirməyinə dair 12 iyul (mətnə uyğun) 2016-cı il tarixdə verilmiş “B16” seriyalı 242467 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 fevral 1995-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. 2012-ci ildə Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən “V.N.Karazin adına Xarkov Milli Universitetinin Hüquq ixtisası üzrə əyani şöbəsinə daxil olmuşdur. 2016-cı ildə universiteti hüquq üzrə bakalavr dərəcəsi ilə bitirərək 12 iyul 2016cı il tarixdə “B16” seriyalı 242467 qeydiyyat nömrəli bakalavr dərəcəsi üzrə diplomunu almışdır. O cavabdehə müraciət edərək “V.N.Karazin adına Xarkov Milli Universiteti” tərəfindən 12 iyul 2016-cı il tarixdə “B16” seriyalı 242467 qeydiyyat nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir. Lakin cavabdeh L-798/03-ANİ saylı məktubu ilə xahişini təmin etməyərək bildirmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən olmuşdur. Cavabdehin imtinaya əsas olan səbəbləri əsassızdır. Belə ki, aldığı ixtisas üzrə tədris dilinin səviyyəsinin qənaətbəxş olmaması, başqa sözlə rus dilini yüksək səviyyədə bilməməyi o demək deyil ki, o, həmin ixtisas üzrə zəruri bilikləri mənimsəməmişdir. Əslində rus dilini yaxşı səviyyədə bilməklə eyni dərəcədə də ixtisas biliklərini almışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsi ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarında tədris dilini ekspert qrupunu qane edəcək yüksək səviyyədə bilməmək imtina üçün əsas hesab edilmir. Əlavə olaraq ekspert qrupu nəzərə almamışdır ki, o, adı çəkilən universiteti əla qiymətlərlə deyil, qənaətbəxş qiymətlərlə bitirmiş və ixtisasına uyğun zəruri biliklər almaqla ali təhsilli hüquqşunas ixtisasına yiyələnmişdir. Bu isə o deməkdir ki, o, orta səviyyəli ali təhsilli hüquqşunasdır və buna görə də ona universitet tərəfindən diplom verilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdehlikdən xaric edərək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-2220/2020 saylı qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilmiş, Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən İddiaçı verilmiş qeydiyyat nömrəsi B16 № 242467 olan, xx.xx.2016-cı il tarixli diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyi cavabdeh Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-2220/2020 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin müddəalarından göründüyü kimi iddiaçının xarici ali təhsil ixtisasının tanınmasına dair ekspertiza aparılması, o cümlədən tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması cavabdeh orqanın səlahiyyətində olan məsələdir və bu əsasla da iş üçün əhəmiyyət kəsb edən hal mütəxəssis rəyi deyil, cavabdeh tərəfindən yaradılan Ekspert qrupunun rəyidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və onun vəkili Vəkil (Bakı şəhəri 14 saylı Vəkil Bürosu) lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - -Azərbaycan Respublikası vətəndaşının P4506946 №-li xarici pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci ildə doğulmuşdur. - Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş qeydiyyat nömrəsi B16 № 242467 olan, xx.xx.2016-cı il tarixli diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təhsil forması əyani, təhsil müddəti 4 il, tədris dili rus dili olmaqla 2016-cı ildə V.N.Karazin adına Xarkov Milli Universitetinın hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsinin tam kursunu tamamlamış və hüquqşünaslıq üzrə bakalavr dərəcəsini əldə etmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış L-798/03-ANİ №-li, xx.xx.2019-cu il tarixli məktubdan və ona əlavə olunmuş sənəddən görünür ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, 119C3CF0D81 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - Bakı Slavyan Universiteti Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov tərəfindən məhkəməyə unvanlanan xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xarici dillərin tədrisinə dair normativ sənədlərdə istənilən xarici dildə, o cümlədən rus dilində nitq fəaliyyətinin müxtəlif səviyyələri fərqləndirilir: reseptiv, reprodiktiv və produktiv. Nitqin reseptiv səviyyəsi dedikdə danışan şəxsin yalnız xarici dildə nitqi dinləyib anlama, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməməsi nəzərdə tutulur. Reproduktiv nitq səviyyəsinə malik olan şəxs dinlədiyi, eləcə də oxuduğu mətni yenidən canlandırır, ona mətnlə bağlı verilən sadə sualları anlaşıqlı şəkildə, dilin fonetik, leksik və qrammatik qaydalarına uyğun olaraq cavablandırır. Produktiv nitq səviyyəsində danışan şəxs nəinki xarici dildə danışanı dinləyib başa düşür, onunla üsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olur. Produktiv səviyyə məhsuldar səviyyədir. Bu səviyyə özünü mövcud iki yazılı və şifahi - formada büruzə verir İddiaçı özü və aldığı “hüquqşünas” ixtisası haqqında ona verilən ən müxtəlif suallara şifahi və yazılı formada cavab verir. Nitqində bəzi fonetik, orfoqrafik və qrammatik səhvlərə yol versə də demək olar ki, fikrini tam və düzgün ifadə edir. İddiaçı rus dilində lüğət ehtiyatı xeyli zəngindir. “Hüquqşünas” ixtisasına dair müxtəlif nitq situasiyalarını əks suallara məntiqi və dolğun cavablar onun bakalavr səviyyəsində yaxşı ali təhsil aldığına, rus dilində sərbəst surətdə dinləyib anlama, danışma, oxu və yazı bacarıqlarına, hüquqşünaslığa dair produktiv nitq səviyyəsinə malik olmasına əyani sübutdur. İddiaçı aldığı ixtisasına dair elmi və terminoloji söz və ifadələrdən yerində və düzgün istifadə etməyi bacarır, peşəyönümlü anlayışların izahını verə bilir, asanlıqla ünsiyyət qurur. Qeyd olunanları ümumiləşdirərək hesab etmişdir ki, İddiaçı rus dilini bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən tələblərə tam cavab verir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-1-ci maddəsinə əsasən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (İB Diploma Programme (X4 Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır). Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: • təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; • təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; • Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: • xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; • təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); • xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İş materiallarından müəyyən edildiyi kimi İddiaçı 2012-ci ildə təhsil forması əyani, təhsil müddəti 4 il, tədris dili rus dili olmaqla Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universitetinə “Hüquqşunaslıq” ixtisası üzrə müsahibə əsasında daxil olaraq təhsil almış, 2016-cı ildə həmin universiteti bitirmişdir. Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən İddiaçı həmin universitetin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsinin tam kursunu tamamlaması və hüquqşünaslıq üzrə bakalavr dərəcəsini əldə etməsi barədə qeydiyyat nömrəsi B16 № 242467 olan xx.xx.2016-cı il tarixli diplom verilmişdir. Həmin diplom xx.xx.2016-cı ildə Ukrayna Respublikası səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. İddiaçı diplom üzrə ixtisasının tanınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasını əsas gətirərək müraciətini təmin etməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə Kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin 2-1(103)-736/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “B16” seriyalı 242467 qeydiyyat nömrəli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üzrə müraciəti ilə əlaqədar yenidən müsahibənin keçirilməsi və əsaslandırılmış cavabın verilməsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X3 həvalə edilmiş, iddiaçının müraciətinə əsaslandırılmış cavab verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X3 1 (bir) ay müddət təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən cavabdehə məktub ünvanlanaraq, qeyd edilmişdir ki, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2220/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə baxılması ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli qərardadı ilə (aralıq qərardadı) İddiaçı “B16” seriyalı 242467 qeydiyyat nömrəli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üzrə müraciəti ilə əlaqədar yenidən müsahibənin keçirilməsi və əsaslandırılmış cavabın verilməsi cavabdeh Təhsildə X3 həvalə edilməsi qərara alınmışdır. Qərardadın icrasının nəticələri barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.” Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 00-05- 128/TKTA saylı məktubda qeyd edilmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2- 1(103)-67/2022 saylı qərardadının icrası məqsədilə İddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, B16 seriyalı 242467 nömrəli diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Aparılan ekspertiza zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır.Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər.Beləliklə, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir.Sözügedən məhkəmə qərardadının icra edildiyinin nəzərə alınması xahiş olunur.” Məhkəməyə təqdim edilmiş Ukraynanın Xarkov şəhərində yerləşən V.N.Karazin adına Xarkov Milli Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi almış İddiaçı rus dilini bilməsi səviyyəsi haqqında xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “Xarici dillərdə, o cümlədən rus dilində nitq fəaliyyətinin müxtəlif səviyyələri fərqləndirilir reseptiv, reproduktiv və produktiv. Nitqin reseptiv səviyyəsi dedikdə danışan şəxsin yalnız xarici dildə nitqi dinləyib anlama, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməməsi nəzərdə tutulur. Reproduktiv nitq səviyyəsində bacarıqlara yiyələnmiş şəxs dinlədiyi, eləcə də oxuduğu mətni yenidən canlandırır, ona mətnlə bağlı verilən sadə sualları anlaşıqlı şəkildə, dilin fonetik, leksik və qrammatik qaydalarına uyğun olaraq cavablandırır. Produktiv nitq səviyyəsində danışan şəxs nəinki xarici dildə danışanı dinləyib başa düşür, onunla ünsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olur. Produktiv səviyyə məhsuldar səviyyədir. Bu səviyyə özünü mövcud iki - yazılı və şifahi - formada büruzə verir. İddiaçı ona şifahi və yazılı qaydada cavablandırılması üçün verilən müxtəlif suallara cavab verərkən fikrini qısa və natamam şəkildə ifadə edir, bir sıra sualları anlamaqda çətinlik çəkir, fikrini sadə cümlələrlə ifadə etməyə üstünlük verir. Nitqində mövzunun məzmununa təsir edəcək bir sıra fonetik, orfoqrafik və qrammatik səhvlərə yol verir. İddiaçı şifahi qaydada tərcümə etməsi üçün aşağıdakı mətn təqdim edilmişdir (dəqiqə 04:45-09:15): “Bayramlardan sonra ilk iş günü insanlarda apatiya, yuxululuq, ümidsizlik və qıcıqlanma yaradır ki, bu da iş fəaliyyətinə köklənməyi çətinləşdirir. Psixoloqlar bu vəziyyəti "tətil sonrası sindrom" adlandırırlar. Buna təkcə tətili bitirmək istəməməyi deyil, həm də Yeni il şənliklərindən sonra pis fiziki vəziyyət və pozulmuş gündəlik rejim səbəb olur. Daha çox yatın.. Əgər ilk iş gününə gümrah və yaxşı dincəlmiş gəlsəniz, o zaman adaptasiya prosesi asanlaşacaq. Ən yaxşısı bir gün əvvəl saat 22:00-23:00 arasında yatmaqdır. Dərhal yuxuya gedə bilməsəniz də, heç olmasa dincələcəksiniz və beyniniz bu anda yatmağınız lazım olduğuna köklənəcək.” İddiaçı ona təqdim olunmuş mətni tərcümə etməyə çalışarkən bitmiş fikri tam ifadə edə bilməmiş, daha çox ayrı-ayrı sözlərin tərcüməsini səsləndirmişdir. İddiaçı yazılı qaydada tərcümə etməsi üçün aşağıdakı mətn təqdim edilmişdir (dəqiqə 09:20-10:10): Является ли для Вас семья Ваших родителей хорошим примером для подражания? Напишите подробно. İddiaçı ona yazılı cavablandırılması üçün təqdim olunmuş sualı cavablandıra bilməmişdir. İddiaçı rus dilində lüğət ehtiyatının məhdud olması, ona verilən sualları həm şifahi, həm də yazılı şəkildə natamam və məhdud şəkildə cavablandırması, onun xarici dildə nitqi yalnız dinləyib anlaması, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməməsi sonuncunun tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş olmamasına, aldığı kvalifikasiyaya dair produktiv deyil, reseptiv nitq səviyyəsinə malik olmasına əyani sübutdur. Yuxarıda göstərilənlərə əsasən İddiaçı əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunsuzluq təşkil etməsi müəyyən edilmişdir. Belə ki, bakalavr dərəcəsinə malik şəxs fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, nəzəriyyə, qayda və metodları təhlil etməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı yeni problemləri aşkar etməyi və onların müxtəlif həll yollarını təhlil etməyi və qiymətləndirməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah etməyi, həmçinin peşəkar müzakirələrdə iştirak etməyi bacarmalıdır ki, bunun üçün də şəxsin əldə etdiyi kvalifikasiyaya dair produktiv nitq səviyyəsinə malik olması zəruridir. Yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı tədris dilini bilməsi reseptiv səviyyəyə uyğun gəlir ki, bu da ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə dair tələblərə cavab vermir.” (Kvalifikasiyaların tanınması departamentinin Kvalifikasiyaların tanınması şöbəsinin böyük məsləhətçisi Lalə Məmmədova tərəfindən imzalanmışdır) Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı ilə keçirilmiş müsahibənin audio-video diski də təqdim edilmişdir. Göründüyü kimi həm Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən, həm də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçıya verilmiş, Ukraynanın Xarkov Milli Universiteti tərəfindən verilmiş B16 № 242467 olan, xx.xx.2016-cı il tarixli diplom üzrə ixtisasın tanınması məsələsinə baxılmış və hər iki inzibati orqan tərəfindən ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçının cavabdeh orqanda aparılmış müvafiq müsahibəsinin audio-video yazısına baxış keçirilmiş və iddiaçının müsahibə zamanı verilən suallara tədris dilində cavab verə bilməməsi açıq-aydın görünür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020- ci il tarixli, 2-1(112)-2220/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020- ci il tarixli, 2-1(112)-2220/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Təhsildə X2rşı “Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən “V.N.Karazin adına Xarkov Milli Universiteti”-nin hüquq ixtisası üzrə əyani şöbəsini bitirməyinə dair 15 iyul 2016-cı il tarixdə verilmiş “B16” seriyalı 242467 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-67/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-67/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver