Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-67/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndələri X3, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “pul təminatının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(112)-1852/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Gözətçi Gəmilərində xidmət etdiyi müddətdə ona verilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı - gəmi pulu xx.xx.1997-ci il tarixdən 2015-ci il iyul ayı tarixinədək, «Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə» - 14 cü maaş pul təminatının isə 2019-cu il aprel ayına qədər (tərxis olunduğu günədək) bu günün ehtiyyac meyarı nəzərə alınmaqla indeksləşdirilməklə hal-hazırki vəzifə və rütbə maaşı ilə hesablanaraq birdəfəlik ödənilməsi və ödənilmə həyata keçirilərkən məbləğin hesablanma qaydası, ödənilən məbləğin miqdarı və hansı illərin ödənilməsi haqqında ona və məhkəməyə məlumatın verilməsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X4 Gözətçi Gəmilərində xidmət etdiyi müddətdə ona verilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı – gəmi pulu xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayı tarixinədək, “Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatının isə 2019-cu ilin aprel ayına qədər (tərxis olunduğu günədək) ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci ildən 2019-cu il aprel ayına qədər Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin zabiti olmuş, 26 il 10 ay güzəştli, 33 il 9 ay xidmət etmişdir. 15 aprel 2019-cu il tarixdə Silahlı qüvvələrin ehtiyyatına buraxılmışdır. xx.xx.1997-ci il tarixli 785 saylı əmrə əsasən Dövlət Sərhəd Xidmətinin X5 kimyaçısı (Kütləvi Qırğın Silahlarından Mühafizə xidmətinin rəisi) vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəyə təyinat aldıqdan sonra xx.xx.1997-ci il tarixdə hərbi hissə komandirinin daxili əmri ilə hərbi gəmilərdə dənizçi mütəxəssislərin çatışmamazlığı ilə əlaqədar olaraq X11 gəmi komandirinin baş köməkçi vəzifəsinə təyin olunmuşdur. Uzun müddət xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayına qədər gəmi komandirinin baş köməkçi (bəzi hallarda Gəmi komandiri) vəzifəsini icra etdiyi halda ona gəmi ekipajına aid olan pul təminatı (Gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı - gəmi pulu və Dövlət Sərhəd Xidməti rəisinin 0216 saylı əmrinə əsasən «Hərbi Gəmilərdə, onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə» 14-cü maaş pul təminatı) şamil edilməmişdir. Səbəb isə onun gəmidə (xx.xx.1997-ci il tarixdən 2015-ci il iyul ayınadək) vəzifəsinin icrasının hərbi hissə komandirinin daxili əmri ilə və gəmidə xidmətə görə staj üzrə 1 ilin, 1 il 6 ay hesablanmaması göstərilmişdir. 2019-cu ilin aprel ayında təxris olunan zaman Dövlət Sərhəd Xidmətinə raportla müraciəti əsasında xidməti araşdırılma aparılmış və güzəştli xidmət illəri hesablanaraq onun xeyrinə qərar qəbul edilərək, xidməti illərinə əlavə edilmiş və bununla ona gəmi ekipajına aid olan bütün təminatların şamil olunması Dövlət Sərhəd Xidməti tərəfindən təsdiq edilmişdir. Lakin təxris olunduqda ona heç bir pul təminatı ödənilməmişdir. xx.xx.2019-cu ildə onun tərəfindən məktub vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət olunmuş və xx.xx.2019-cu il tarixində Dövlət Sərhəd Xidməti tərəfindən məktub vasitəsi ilə ona bildirilmişdir ki, gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının - gəmi pulunun 2019-cu ilin sonunadək hesabına köçürülməsi təmin ediləcəkdir. «Hərbi Gəmilərdə, onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə» 14-cü maaş pul təminatının ödənilməsi isə Sahil Mühafizə rəsinin müvafiq əmri olmadığı üçün imkan xaricindədir. Gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı - gəmi pulu hər ay gəmidə xidmət edilən müddət ərzində vəzifə maaşının 15%-i həcmində hesablanır, «Hərbi Gəmilərdə, onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə» 14-cü maaş pul təminatı isə gəmidə fasiləsiz 4 il xidmət etdikdən sonra, xidmətin 5-ci ilindən başlayaraq ildə bir dəfə vəzifə maaşı və rütbə pulu həcmində verilir. 2019-cu ilin sonunda ona məktubda qeyd edildiyi kimi Dövlət Sərhəd Xidməti tərəfindən pul keçirilməmiş, 2020-ci ilin may aylarında DSX-nin Maliyyə İdarəsi ilə əlaqə saxlanılmış və bildirilmişdir ki, pulun köçürülməsi üçün bank hesab nömrəsini Dövlət Sərhəd Xidmətinin Maliyyə İdarəsinə təqdim etsin. Onun tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020 ci il tarixlərində bank hesab nömrəsi DSX-in qəbul şöbəsinə təqdim edilmiş, xx.xx.2020-ci il tarixdə o, bir daha məktubla Dövlət Sərhəd Xidmətinin Maliyyə İdarəsinə ona veriləcək məbləğin hesablanma qaydası, ödəniləcək məbləğin miqdarı, hansı illərin ödənilməsi barədə məlumatın verilməsi və bank hesab nömrəsi əlavə edərək məktubla müraciət etmişdir. Lakin məktubun göndərilməsindən 30 gündən artıq vaxt keçməsinə baxmayaraq ona heç bir cavab verilməmiş və Gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının-gəmi pulunun 2019-cu ilin sonunadək ödənilməsinə söz verilsə də 2020-ci ilin bu tarixinədək ödəmə təmin edilməmişdir. Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə 14-cü əmək haqqını verməməkdə isə hərbi hissə komandirinin əmrinin olmaması bəhanə edilir. Göstərilən səbəbin isə heç bir hüquqi əsası yoxdur və bununla onun Dövlət Sərhəd Xidməti tərəfindən əmək hüququ pozulmuşdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı müraciəti ilə bağlı N nömrəli hərbi hissəyə sorğu verilmiş və sorğu nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı 1997-ci ildən qoşunların hazırlığı bölməsi flaqman kimyaçısı vəzifəsində xidmətə başlamış 06 oktyabr 2009-cu ildən Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən dəniz şöbəsinin kütləvi qırğın silahlarından mühafizə üzrə flaqmanı vəzifəsinə təyin edilmişdir. Gəmi birləşmələrinin idarələrində uzunmüddətli və fasiləsiz xidmətə görə pul mükafatı verilə bilən DSX Sahil Mühafizəsində vəzifələrin siyahısında sonuncu tutduğu vəzifə 14 noyabr 2013-cü il tarixədək Dövlət Sərhəd Xidmətinin rəisi X2 müvafiq əmrində öz əksini tapmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı gəmilərə ezam olduğu üçün və tam beş il fasiləsiz xidmət təşkil etmədiyi üçün bu baxımdan hərbi gəmilərdə və onların birləşmələrində idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə hərbi hissə komandirinin pul mükafatının verilməsi əmrində sabiq hərbi qulluqçunun adı qeyd edilməmişdir. İddiaçı xüsusi qulluq şəraitinə görə (15%) faiz əlavəsi xidmət etdiyi dövrlərdə «naviqasiya vaxta» kitabına əsasən nizami hissə tərəfindən maliyyə bölməsinə təqdim olunmuş əmrdən çıxarışlara əsasən hesablamalar aparılaraq ödənişlər olunmuşdur. (Ödənişlər barədə cədvəl əlavə olunur). DSX rəisinin müvafiq əmrinə əsasən 1997-2014-cü illər üzrə «naviqasiya vaxta» kitablarının saxlanma müddəti bitdiyi üçün və İddiaçılə bağlı nizami hissə tərəfindən maliyyə bölməsinə həmin dövrlər ərzində çıxarışlar daxil olmaması səbəbindən hər hansı bir hesablamanın aparılması imkan xaricindədir. Əlavə olaraq “Dövlət Sərhəd Xidmətinin Hərbi Qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.9-cu bəndini nəzərə alaraq hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(112)-1852/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı X4 Gözətçi Gəmilərində xidmət etdiyi xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayınadək olan müddət üzrə (ödənilmiş 3477,92 manat məbləğ nəzərə alınmaqla) ona ödənilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsiqərara alınmışdır. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın qismən təmin olunmuş (ödənilmiş 3477.92 manat məbləğ nəzərə alınmaq) hissəsində ləğv edilərək dəyişdirilməsi və iddianın qalan rədd edilən hissəsində tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 1997-ci il tarixdə Bakı Ali Hərbi Dənizçilik Məktəbini bitirmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək N saylı hərbi hissəyə flaqman-kimyaçı, xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək N saylı hərbi hissədə flaqman-kimyaçı, xx.xx.2011-ci il tarixdən KQSM üzrə flaqman, xx.xx.2018-ci il tarixdən N saylı hərbi hissədə KQSM üzrə flaqman vəzifəsində xidmət etmişdir. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 41 ş/h saylı əmrinə əsasə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 01 iyul 2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı X10 xx.xx.1997-ci il tarixdən 2015-ci il may ayı tarixinədək xidməti dövründə verilməyən gəmi ekipajına aid olan pul təminatının (gəmi pulu və 14-cü maaş pul mükafatı) hesablanaraq ona ödənilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 15 iyul 2019-cu il tarixli, 10/99 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə Maliyyə- Plan İdarəsində baxılmış və bildirilmişdir ki, həqiqi hərbi xidmətdə olduğu dövrdə X6 ekipajı tərkibində səfərdə olduğu dövr (dəniz pul təminatı 30% aldığı dövr) üçün ona xüsusi qulluq şəraitinə görə ödənilməmiş faiz əlavəsi araşdırılaraq hesablanıb 2019-cu ilin sonunadək hesabına köçürülməsi təmin ediləcəkdir. Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə təsdiq edilmiş “Hərbi gəmilərdə və onların birliklərinin idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə pul mükafatı verilə bilən vəzifələrin sıyahısına uyğun olaraq Sahil Mühafizəsi rəisinin müvafiq əmri əsasında Hərbi və mülki gəmilərdə (katerlərdə) və onların birləşmələri idarələrində zabit, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (vəzifə və rütbə) həcmində pul mükafatı ödənilir. Mükafatın ödənilməsinə dair Sahil Mühafizəsi rəisinin müvafiq əmri olmadığı üçün ona mükafatın ödənilməsinin imkan xaricində olduğu bildirilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçının tələbi iki hissədən ibarətdir. 1) X4 Gözətçi Gəmilərində xidmət etdiyi müddətdə ona verilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı – gəmi pulunun xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayı tarixinədək ödənilməsi; 2) “Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatının isə 2019-cu ilin aprel ayına qədər (tərxis olunduğu günədək) ödənilməsi. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 saylı qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir. Həmin siyahı üzrə - Bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə həmin pul təminatına aiddir. Hazırkı iş üzrə məhkəmə qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən apellyasiya baxışının həddini iddiaçının mübahisələndirdiyi hissədə birinci instansiya məhkəməsinin qərarının (ödənilmiş 3477,92 manat məbləğ nəzərə alınmaqla) və iddianın təmin edilməmiş hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşdə olan sənədlərdən görünür ki, cavabdeh həqiqi hərbi xidmətdə olduğu dövrdə X7 tərkibində səfərdə olduğu dövr (dəniz pul təminatı 30%) üçün iddiaçıya xüsusi qulluq şəraitinə görə ödənilməmiş faiz əlavəsinin araşdırılaraq hesabanıb 2019-cu ilin sonunadək hesabına köçürülməsinin təmin ediləcəyini bildirmişdir. Lakin cavabdeh tərəfindən iddiaya dair verilmiş yazılı etiraza əlavə edilmiş arayışdan görünür ki, 1998-ci il tarixdən 2019-cu il tarixədək iddiaçıya DSX Sahil Mühafizəsində xidmət etdiyi illər ərzində xüsusi qulluq şəraitinə görə 15% əlavə olaraq ümumilikdə 3477,92 manat məbləğində vəsait ödənilmişdir. Həmin arayış üzrə 1998-ci ildən 2008-ci il tarixədək ümumiyyətlə əlavənin hesablanmadığı, 2009-cu il üzrə 97,21 manat, 2010-cu il üzrə 403,57 manat, 2011-ci il üzrə 655,57 manat, 2012-ci il üzrə 712,01 manat, 2013-cü il üzə 690,52 manat, 2014-cü il üzrə 745,49 manat, 2015-ci il üzrə 173,57 manat olmaqla ümumilikdə 3477,92 manat məbləğində xüsusi qulluq şəraitinə görə 15% əlavə qismində vəsait ödənilmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı İddiaçı ödənilmiş vəsaitlər barədə məlumatın, həmçinin həmin məlumatı təsdiq edən sənədlərin, bundan əlavə mübahisə olunan kompensasiyanın (təyinatı göstərilməklə) nə vaxt, hansı qaydada və hansı məbləğdə ödənilməsi barədə məlumatların təqdim edilməsi barədə sorğuya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 27 mart 023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xidmət etdiyi hərbi hissə 2015-ci ildə Dövlət Sərhəd Xidmətinin Maliyyə-Plan İdarəsinin Təftiş şöbəsi tərəfindən, 2018-ci il tarixdə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən və 2020-ci il tarixdə məhkəmənin qərarı ilə Maliyyə Nazirliyinin Maliyyə Nəzarət Xidməti tərəfindən maliyyə təsərrüfat fəaliyyəti təftiş olunduğu səbəbindən saxlama müddəti bitmiş sənədlər məhv edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının X4 Gözətçi Gəmilərində xidmət etdiyi xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayınadək olan müddət üzrə ödənilmiş 3477,92 manat məbləğ nəzərə alınmaqla, həmin dövr üzrə ona ödənilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi nəticəsinə gəlmişdir. İddiaçı iddia tələbi üzrə həmçinin “Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatının isə 2019-cu ilin aprel ayına qədər (tərxis olunduğu günədək) ödənilməsinin cavabdehdən tələb edir Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatının isə 2019-cu ilin aprel ayına qədər (tərxis olunduğu günədək) ödənilməsi hissəsində iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, pul mükafatının verilməsi inzibati orqanın rəhbərinin diskresion səlahiyyətləri çərçivəsindədir və xidmət etdiyi dövr üzrə iddiaçıya həmin mükafatın verilməsi barədə əsaslar mövcud olmadığından bu barədə verilmiş müvafiq əmrdə onun adı qeyd olunmamışdır. Cavabdeh tərəfindən iddiaçıya həmin əlavənin ödənilməsindən imtina edilməsinə əsas da Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə təsdiq edilmiş “Hərbi gəmilərdə və onların birliklərinin idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə pul mükafatı verilə bilən vəzifələrin sıyahısı”na uyğun olaraq Sahil Mühafizəsi rəisinin müvafiq əmri əsasında Hərbi və mülki gəmilərdə (katerlərdə) və onların birləşmələri idarələrində zabit, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (vəzifə və rütbə) həcmində pul mükafatı ödənildiyi, mükafatın ödənilməsinə dair Sahil Mühafizəsi rəisinin müvafiq əmrində iddiaçının adının olmadığı göstərilmişdir. Müvafiq əmrdə iddiaçının adının olmamasına əsas olaraq isə iddiaçının gəmilərə ezam olduğu üçün və tam beş il fasiləsiz xidmət təşkil etmədiyi üçün bu baxımdan hərbi gəmilərdə və onların birləşmələrində idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə hərbi hissə komandirinin pul mükafatının verilməsi əmrində sabiq hərbi qulluqçunun adının qeyd olunmadığı göstərilmişdir. Göründüyü kimi cavabdehin imtinası həmin hissədə əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(112)-1852/2021 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-67/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-67/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver